Köşə
Gülməkdən ölən filosof kim idi?!
Leyla Sarabi
Qupquru rəsmiyyətdən uzağam mən. Zənnimcə, "mən xanımam", "sənə cənab deyəcəm", mütləq "siz" səsləyəcəm kimi formallıq, ancaq əzik ölkə insanının özgüvən libasıdır. Hətta bugünlərdə oxudum ki, artıq varlıları baxışlarından təyin etmək mümkündür. Yəni qarşına eyni qara t-şört, sadə cins geyinmiş Stiv Cobsu, Məmməd və Həsəni düz. Stivin qızıl alması gözündən bərq vuracaq. Ətrafdan qaçsan da nə yoqa, nə gözəlim meditasiyalar, Epikürdən Hegelə uzanan fəlsəfə ünsürləri pul kimi insan orqanizmini yallıya düzmür. İzninlə yenə mənəvi zirvəyə qalxmaq üçün kəndir axtarım. Çünki elə əzizim Cobsun da son nəfəsdə dediyi kimi, dünyanın bütün yaşıl almaları xəstəxana palatasında cəm olsa da, bir qurtum artıq nəfəs eləmir. Gərəkdir ki, sevgidən şirələnəsən. Pulla deyil, sənətlə qidalanasan.
Qida dedim yadıma düşdü. Son günlər məni ən çox təndir ətri duruldur. Tərslikdən də blokumuzun lap pəncəsində təndir evi açıblar. Və çəplikdən özgüvəni Everesti süpürən avropalı müdirim məni rəsmi iş görüşünə çağırıb. Hə mən o endə, ölçüdə holdinq rəhbərini Qrequar deyə səsləyirəm. Nə pulu əskilir, nə də sosial rifahı. Amma öz ölkəsində həftəsonu evin pəncərəsindən baş çıxarmağa can çəkişən avropalı da terminalımızı adlayan kimi dönüb bizimki olur. Bir yandan Qrequarın DNT-sinə xəfif jarqonlarla sığal çəkib, digər yandan da rəsmi donumu geyinirəm. Geyimin klassikinə də çox naməhrəməm mən.
Bir anda boyuma 6 sm qatan saxta dabanıma tüpürüb liftə minirəm. Yaxın qonşum cazibədar Pamella xala da üfüqi tabutda yanıma gəlir. Əslində qonşumun adı "Zed"dir, mən onu Pamela Andersonun qocalığına tay tuturam. Zalımın qızı, bütün gün evdə oturub bu qədər qadınsal görünmək olar?!
- Təndir çörəyi almağa gedirsiz, Pamella xala?
- Həri qızım, hər şeyi düzmüşəm süfrəyə. Çayı da dəmləmişəm. Qalıb təndir çörəyi.
Ahh, məncə dünyanın ən sehrli sözü çay dəmləmişəmdir. Bütün kainatın ocaq istisi yatır axı bunun kökündə. Eşqə bürünmüş hipnoz deyilmi bu?
Küsmüşəm. Çay dəmləyirəm gəl.
Darıxmışam. Çay dəmlə gəlirəm.
Camaat həftəsonunu necə xoş keçirir, mən də qaralara bürünüb cənazəyə gedirəm sanki. Liftimiz alman nazı ilə torpağa qonan kimi qapı açıldı. Kaş ki, daha qlobal arzu diləyərdim. Beynimdən armudu stəkanın təzə dəm çayının dumanı qalxdı. Yuxarı mərtəbədən tabutun içində cənazə endirirdilər. Çox demirəm, cəmi 3 il əvvəl belə bir mənzərə ilə qarşılaşsaydım, xofumu da qucağıma alıb uzaqlara qaçardım. Amma indi dərk edirəm, biz əslində ölmək üçün yaşayırıq. Ölüm insanın su kimi, hava kimi, seks kimi ən adi tələbatıdır.
Tabutun içindəki cəsədi ağ kəfənə bürüyüblər. Üstünü də heç nə ilə örtməyiblər. Barmaqları, burnu ağ bezin altından kələ-kötür təpəliyə bənzəyir. 5-6 kişi tabutu maşına uzadır. Yanlarında da təmkinli qarı rusca proseduru bilirsiniz də - deyib geriyə qayıdır. İçimdə bir qadın da ölüb torpağa girir. Məncə, insanı qəbr evinə yola salmağa mütləq bir həmdəmi olmalıdır. Məncə, insan ən çox alaçiy ölü ikən qorxur. Və torpağa girib kitab kimi qapananadək doğma enerjini hiss edir yanında. Əslində mən səninlə gedərdim, amma Qrequara da söz vermişəm.
Taksi sifarişim düz məhlənin başına enib, sürücüdən xəbər gəlir. Dabancıqlarım tıqqıldadıqca ölüm sükutu dolur içimə. Yolun sol çiynində sürücü taksidən mənə əl yelləyir. Qaçıb tələsik qapını açıram. Yerimi təzəcə isidən kimi, arxaya dönüb, əl hərəkətləri ilə eşitmə və nitq məhdudiyyətli olduğunu anlatmağa çapalayır. İndi ən çox ehtiyacım olan məqam da ətalətə qərq olmuş sürücüdür.
Başımı yenə təndirimdə qovurub ocağımda dəmləyirəm. Bəs mən öləndə, kiminlə gedəcəm qəbr evinə. Bəlkə də hüceyrələrimi cücərdib, üstümdə zeytun ağacı əkərlər. Lap yandırıb külümü Sakit okeana tökərlər. Amma altdan beton, üstdən mərmər geyindirməsinlər.
Nəfəsim daraldı lap.
Telefonun saatına baxıram, vaxtım da qapı arxasında qalıb artıq.
Bəs mən sürücüyə tələsdiyimi, kəsə yoldan getməsini necə izah edəcəm.
Ay moment... Axı sifarişdən sonra sürücü ilə telefonda danışmışdım. Bəs o kim idi?
Bəlkə yanında kimsə varmış?! Səsini bir zənglik ödünc alıb.
Pəncərənin şüşəsini endirməkçün gözümü sükunətdən qaldırıram. Tanrım, şəhərin tam başqa nöqtəsindəyəm. İçimdə Mona Lizanı kor qoyan Mister Bin vurnuxur. Neyləyəcəm indi? Yanlış taksiyə minmişəm. Dünyanın hələ bilinməyən bütün dillərində sürücüyə yalvarmağa başlayıram. Saxlayın. Səhv müştəri götürmüsünüz. O, indi məni gözləri ilə eşidir, kirpiklərindən danışır. Yad qayalıqların arasında dilsiz-ağızsız kişiyə əcəl zəngi gəlir. Sən cavab ver - deyir əlləri. Yaşıl düyməni basıram. Hiddətindən inildəyən qadın bağırtısı:
- Eşidirəm.
- Sürücü sənsən az?
- Xeyr, xanım. Nitq qüsurludur. Mən müştəriyəm. Yanlış müştəri.
- Ver dəstəyi o alçağa.
- Ay xanım, danışa bilmir o...
- Ay ifritə o danışa bilmir, sən də korsan? Mənim sifariş etdiyim maşına minib hara getmisən?
- Haqlısınız, amma nəzakətsizlik edirsiniz.
- Ay meyitsifət, sənə görə yarım saatdır donuram soyuqda.
Qeyri- ixtiyari meyit qəhqəhəsinə boğuluram. İndi dəqiq əminəm, elə Əzrayılın da cinsi qadındır.
Zamanımı dondurub əbədiyyətdən bir alma qoparıram. Bir əlim də Qrequarın nömrəsini yığır:
- Mən sizi gözləyirəm, Leyla.
- Siz heç bilirsiniz, Xrisip necə ölüb?
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO