Bətnimdəki Jannanın ölümünə birdəfəlik inanmaq ərəfəsindəyəm
Bizi izləyin

Köşə

Bətnimdəki Jannanın ölümünə birdəfəlik inanmaq ərəfəsindəyəm

Leyla Sarabi

Bu qısaqapanmalar uzandıqca, tragikomik məqam yetişir. İçində özündən ibarət könüllü ekip toplayırsan. Biri ilə yol gedirsən, başqası səninlə kofe içir, üçüncü ev yığışdırır... Kitab oxuyanda vərəqləri çevirən kim, bunların hamısını bəsləyən kim... Bədən boyda planetə çevrilirsən Yadplanetli görəndə, əhvalın da pozulur. Bilmirəm... Tənhalığın zəfəridir yəqin...

Bu gün göydələnin 13-cü qatından yerə boylananda, yüksəklik qorxumu yendiyimi anladım. Hələ 3 il öncə Qız Qalasına dırmaşmağa qorxan mən, bu gün pis-yaxşı qadınlığımın ucu görünməyən nərdivanında buludlara qarışıram. Nəfəsimi panika bloklamır, yüngülvari ovuclarım ağlayır. Fərqinə varıram ki, bir müddətdir gözlərimin də su yolunu daş-kəsək tıxayıb. Bu nəyin doymuşluğudur? Duyğularımı çölə axıtmaqda nədən xəsis davranıram? Yəqin bədənimin həyəcan təbilidir. Ya da bəlkə ən təbii durğunluqdur.

Amma qorxuram.

‌Artıq küsə bilməməkdən, inciməyi tərgitməkdən qorxuram.

Mənim cırtdan aləmimdə hakimiyyəti beyinə bənzətsək, ürəyin azadlıq çırpıntısı başı alovlu inqilabçının etiraz şüarıdır. Temp artdıqca, bədən qorxur, özünü fəda etməməkçün azadlığını boğur. Eynən Janna d'Ark tonqalı kimi.

Beyin, külündən kor olduğu azadlığının nakam ehtiras siqnalını bəzən ürəyə yollayıb, ən çox qorxduğu həzzini diriltdiyi kimi əhali də Janna ilə bağlı yeni əfsanələr uydururdu. D'Arkın ölümünü izləmək üçün çörək növbəsinə duranlar, haqq səslərinin batmadığı, üstəlik Jannanın ərə gedib, uşaq doğmağı ilə bağlı mif yayırdı.

Mən bətnimdəki Jannanın ölümünə birdəfəlik inanmaq ərəfəsindəyəm deyəsən. Amma ürəyimin əlini buraxıb məntiqimin quru öskürəyinə kölə olmaq istəmirəm. Bədənimi deşən hadisələrin qaynar ocağından çıxıb, qaça bilməyin cəsarətsizliyini dadmaq bəsitmiş. Sanki birinci sinifə gedən qoca körpəyəm. Çantama özümdən ağır təcrübə yükü toplamışam. Ən çox yaranmaq istədiyimin "sən pissən" yükü, başımı qoyduğum çiyinlərin illüziyadan qeyri heçnəliyi, ən tək günümdə üstümə bir çimdik də tənhalıq tökənlərim adlı çeşid-çeşid fənləri "A"dan "Z"yə əzbərləmişəm. Amma məktəb adlı zəhrimardan ayağımı üzmək qaydalara zidd gəlir. Mən onurğamı çürüdən bu çantanı daşımaq istəmirəm. Razıyam, çantamdakı kitabları bircə-bircə Jannanın ocağına atmağa, içimdəki inqilabı alışdırıb kül etməyə, o küllərdən ən saf mən doğmağa... Qoy yenidən ağrıdana ağlayım, yıxana elə özündən şikayətim tükənməsin. Ayağımı qıranın arxasınca sürünüb, əlimlə sığal çəkim, amma adiləşməsin dünya. İçimdəki Jannaya yeni əfsanələr uydurum. Mən də onun kimi hər gün rahibə günahlarımı yudurdum. Amma od kimi isti yanlışlarım olsun ovcumda, səhvlərim şaqqıldasın cibimdə. Yetər ki, küllərimi ələyib, yeni mən yoğurmağın mümkünsüzlüyünə inanmayım.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm