7 yaşımda yazdığım yazı…
Bizi izləyin

Köşə

7 yaşımda yazdığım yazı…

Qan Turalı

“Balaca şahzadə” oxuyacaq yaşda idim.

7 yaşında..

***

Uşaqlar faciələri ürəklərinin dərinliklərinə qədər hiss edir.

Mahiyyətini anlamasalar, məqsədini bilməsələr də evə, məktəbə, küçəyə çökən o hüzün dumanını böyüklərdən də yaxşı duyurlar.

Balaca şahzadənin dediyi kimi, yalnız ürəklə yaxşı görmək olur.

***

Ötüb-keçən bu onilliklər ərzində liseyi, universiteti bitirmişəm, kitablar oxumuşam və hətta kitablar yazmışam.

Çifayda…

7 yaşlı uşağın həssas qəlbinə toxunan həqiqətlər indi məndən uzaq düşübdür.

Ona görə də bu yazını düşünərək yazmıram.

Sadəcə hissiyyatımın yaddaşından köçürürəm.

***

20 Yanvar qəfil zərbə kimi xalqı silkələmiş, yüz minlərlə insanı şəhidləri dəfn etməyə toplamışdı.

Bu bəşəri cinayət insanların ürəklərində qisas hissi oyatmışdır.

İmperial qorxu onun satrapların planlarının əksinə olaraq uçub-getmişdi.

Dövlətlər saraylar tar-mar olanda deyil, ürəklərdəki yerləri dağılanda məhv olurlar.

“20 Yanvar”dan sonra insanlarda bir əzm, qəribə bir fəxarət və qürur oyanmışdı.

Azadlığa az qalırdı…

Ancaq Xocalı azadlığın bütün arzularını xalqdan qopardıb sərt qayalara çırpmışdı.

Xocalıda xalqın arzuları, ümidləri, bir sözlə, onu o edən, onu var edən hər şey darmadağın edilmişdi.

Birinci Qarabağ müharibəsi Xocalı ilə məğlubiyyətə uğradı.

Şuşa da 26 fevralda işğal edildi.

Ağdam da…

O melanxolik 90-lar Xocalı ilə 1992-ci ildə başladı və 2020-ci ildə başa çatdı.

Bir il həmişə bir il deyil ki.

Kədər illəri qərinələşdirir.

1992-dən sonra gələn o ələmli illərin hər birində Xocalının xəcaləti vardı, çıxılmazlığı vardı, ağrısı vardı…

Ən əsası isə anlaşılmazlığı…

Tanrı hər kəsə çəkə biləcəyi qədər dərd verir.

Bu dərd bütün ağırlığı və dözülməzliyi ilə bir yerdə həm də anlaşılmaz idi.

Nəhəng sual isə beynimizdəki şiş kimi böyüyür, ürəyimizdən daş kimi sallanır, ruhumuzu məngənəyə salırdı: “Axı niyə?”

“Axı niyə?”

“Axı niyə?”

“Axı niyə?”

Bu boyda vəhşiliyin səbəbi nə idi?

Bu qədər nifrət necə toplanmışdı?

Xocalı cəlladı haqlıydı: “Biz Xocalıda azərbaycanlılara göstərdik ki, niyyətimiz ciddidir”.

Niyyətlərinin ciddi olduğunu anlasaq da niyyət bizim üçün məchul qalırdı.

Çalpaşıq hisslərin toranında bizi ən çox bu sual ağrıdırdı: “Axı niyə?”.

7 yaşlı uşaq binaların damından sallanan sırsıralarda, yağış gölməçələrində, bütün qəzetlərdə, anaların ağlamaqdan qızarmış gözlərində, ataların sönməyən siqaret tüstüsünün rəqsində, bütün kitab və romanlarda, paltar dirəklərində və avtobus dayanacaqlarında “Axı niyə?” sualının dəhşətini təkcə öz uşaq qəlbində yox, iliklərinə qədər hiss edirdi.

Biz kimə neyləmişdik?

Onda anlamışdım ki, elnən gələn dərddən böyük faciə yoxdur.

Və anlaşılmaz dərdlər öldürücüdür…

***

Xocalı ilə bağlı heç bir söhbəti, heç bir xəbəri, heç bir cümləni xatırlamıram. Yaddaşıma, ruhuma hopan ancaq bu dəhşətli ümidsizlikdir. Ancaq bu ovqat… Nə bir kadr… Nə bir məqalə… Prezidentin göz yaşları içində verdiyi istefa yadımdadır. Bu istefanın Xocalıya görə olması isə yox.

Hamı susmuşdu…

Sözləri sazaq vurmuşdu…

Qarda qan ilə yazılmışdı: “Axı niyə?”

Balaca şahzadələrin nəsibi yenə də ölüm olmuşdu…

Oxumağa davam et
Reklam
Reklam

Gündəm