Köşə
Vətən Müharibəsi Qəhrəmanı yuxuma girib dedi ki...
Tural Turan
Əslində bu köşəni mənə yazdıran elə onun özüdür. Bu gecə yuxuma girmişdi. Qaçaraq gəldi, hərbi formada idi – doğrusu, indiyə qədər onu cəmi bircə dəfə hərbi formada görmüşdüm, o da təsadüfən, Cocuq Mərcanlıda – gəlib dedi ki, şair, heç məni xatırlamırsan, məndən yazmırsan. Dedi və getdi. Səhər ayılanda özümü onun ruhu qarşısında günahkar hiss elədim. Onunla bağlı xatirələr bircə-bircə gəlib gözümün önündən keçdi. Yolboyu, işə gələrkən belə gördüyüm yuxunun təsirindən çıxa bilmirdim, hər dəfə onunla bağlı bir anı kino lenti kimi gözümün önündə canlanırdı.
Vətən Müharibəsi Qəhrəmanı Valeh Bədəlovla qrup yoldaşı olmuşuq. Çox savadlı uşaq idi. Zəngin mütaliəsi vardı. Dərsdə də bədii kitablar oxuyardı. Ümumiyyətlə, bizim filologiya qrupu Qafqaz Universisteti dövrünün ən savadlı, intellektual qruplarından olub.
Yadımdadır, 2010-cu ilin oktyabrın 24-ü idi.
Mənim ilk kitabım çıxmışdı. Valehə və digər qrup yoldaşlarıma dedim ki, gedib Qaraçuxurdan, mətbəədən kitabları götürməliyik. Təkbaşına gücüm çatmayacaqdı. Çünki qalınüz və naziküz olmaqla 1000 ədəd kitab idi. Valeh və digər qrup yoldaşlarımla imkan edərək gedib kitabları götürdük.
Valeh yolda bağlamadan kitabın birinci açdı və elə yoldaca oxuyub bitirdi. Sürətli oxuması var idi. Baxın, biz necə ziyalı, aydın oğullar itirdik bu müharibədə...
Başqa bir xatirə: Günlərin bir günü professor Akif Hüseynli Mirzə Fətəli Axundzadənin komediyalarının hamısını oxuyub gəlməyimizi tapşırdı. Mən müəllimə etiraz etdim ki, növbəti dərsə qədər bunların hamısını oxuyub bitirmək mümkün deyil. Vaxt olaraq da çatdıra bilməyəcəkdik, çünki digər dərslər də var. Valeh isə gülümsədi. Mənə göz vurdu ki, narahat olma, həll edəcəyik. Tənəffüsdə bunu necə edəcəyimizi soruşdum. Bildirdi ki, hərəmiz bir əsəri oxuyub gələrik, məzmununu bir-birimizə danışarıq. Beləcə bütün əsərlərdən məlumatlı olacağıq. Amma hər kəs öz öhdəsinə götürdüyü komediyanı yaxşı oxusun ki, sonra tələbkar Akif müəllimin bu sınağından da alnıaçıq çıxaq. Əslində bu, Valehin ən çətin durumdan çox məharətlə çıxmaq istedadı idi. Sonradan o, bütün bunları hərb sahəsində zabit kimi tətbiq edəcəkdi. Professor Akif Hüseynlinin Axundzadənin komediyaları ilə bağlı müzakirəsindən hamımız uğurla çıxdıq. Bu, Valehin sayəsində mümkün olmuşdu.
Daha çox tarixi romanları oxuyardı. Bir də dedektiv janrına meylli idi. Çingiz Abdullayevi, Elxan Elatlının əsərlərini evdən universitetə, universitetdən evə gedərkən oxuyur, demək olar ki, bir günün içərisində bitirirdi. Sonradan taleyini də filologiyaya yox, hərb sahəsinə bağladı... Bəlkə də biz onun zəkasından elm sahəsində də faydalana bilərdik. Amma seçimi, alın yazısı başqa qərar qəbul etdi...
Valeh Bədəlov azdanışan, sakit uşaq olasa da yaxın çevrəsi ilə intellektual zarafatıarı ilə diqqət çəkərdi. Nitqi, fikirlərini son dərəcə aydın şəkildə çatdırma qabiliyyətinə malik idi. Onu sonuncu dəfə 2017-ci ilin martında Cəbrayılın azad olunan Cocuq Mərcanlı kəndində gördüm. O zaman kənddə hələ təzə - təzə quruculuq işlərinə başlanılmışdı. Təsadüfən görüşdük. Daha doğrusu, məni səsimdən tanıdı. Ayaqüstü söhbətləşdik. Sonra uçuq bir evin yanındakı hərbçilərə doğru addımladı. Nə üçün gəldiyimi soruşdu. Şəkil çəkdirmək istədim, dedi ki, indi olmaz, sonra... Son sözü o oldu ki, qrup yoldaşlarımızdan kiminlə görüşürəm. Mən də əlaqədə olduğum uşaqların adlarını sadaladım və sağollaşdıq.
Valehdən son xəbəri isə oktyabrın 7-də eşitdim. Həmin gün Cəbrayılın dördyol deyilən ərazisində şəhid olmuşdu. Xüsusi təyinatlı qüvvələrin baş leytenantı Valeh Bədəlov ölümündən sonra Azərbaycan Prezidentinin sərəncamı ilə Vətən Müharibəsi qəhrəmanı adına layiq görüldü. İndi görün ki, biz İkinci Qarabağ savaşında Valeh kimi təkcə cəsarətli, qorxmaz yox, həm də bir o qədər intellektual, savadlı adamları itirmişik.
-
Avropa18:00
Orban Trampı razı salmaq üçün Ukraynanı görün nə ilə hədələdi
-
Region17:10
Paşinyan və Tokayev görün nəyi müzakirə edib
-
Rəsmi xronika15:24
Prezident fərman imzaladı
-
Hadisə14:50
Bakının məşhur restoranında ofisiantlar müğənnini bıçaqladı - TƏFƏRRÜAT
-
Yaxın Şərq13:58
"Hizbullah" hədəfi dəyişdi: 1500 erməni bombardman edildi
-
Dünya13:28
Antalya Hava Limanının tualetində şok görüntü - Rus qadın 12 dəqiqəyə...
-
MDB13:10
SON DƏQİQƏ: Rusiya qoşunları bu əraziləri nəzarətə götürdü
-
Magazin112:46
Tatlısəsdən Alim Qasımova qarşı təxribat: “Elə günə qoydu…”