Köşə
Ailələr oğullarını niyə faafafine kimi böyüdür?
Leyla Sarabi
Etdiyim səhvləri təkrarlamaq hobbim var. Yəqin yanlışlarımdan öyrənməkdən doymuram. Ümumiyyətlə, biliyimi yaddaşımın tavanına bərkitməyi sevirəm. Qarşıma çıxan, məsumluğuna azca da olsa ümid etdiklərimin eyni yerdə büdrəməyini izləyirəm. İnsanların etinasızlığından, xəyanətindən şikayətlənən bədbinləri sevmirəm. Çünki bir vaxtlar özüm də bu çuxura çox düşmüşəm. Amma etiraf edim, hər dəfə yenidən başa çevirdiyim cır patefon səsi də qulağımda zəhlətökən küy yaradır. Yalan deməyəcəm, artıq püxtələşmiş məsum inanclarım var. Mən hamının payız içindəki həmişəyaşıl yarpağı axtarıram deyəsən. Əlimi ürəyinə qoyub vicdanını birdən yüzə hiss etdiyim çox az adamım qalıb. Maddi komfortu sevsəm də, içimdəki Budda insan seyrəkliyinə çoxdan qane olub.
Hər il yenidən sınayıb, qucaq açmaq istədiklərim də vərdişimin bir parçasıdır məgər. Bəlkə də mənim ali missiyam budur, insan mərhəmətini ölçü şkalasına vurub, araşdırmama növbəti qurbanımı cəlb etmək. Düzü, dəqiq izah tapa bilmirəm.
Və hər şey elə izahsız, elə təkrarsızdır ki, sənin adilərin kimlərinsə gözünə sehir görünür. Əslində, başqasının arzusunu zədələmədikcə, sənin arealına toxunmaq elə həmin yadların da həddini aşan vəzifədir.
Məsələn, hamının heç olmasa bir dəfə getməyi gərəkən Samoa dövlətinin 190 min nəfərlik əhalisinin üçdə biri faafafinedir. Faafafinelər məişətdə, gündəlik həyatda qadın öhdəliklərini mənimsəyir, hətta kişilərlə ailə qururlar. Faafafine olmaq cinsiyyət orqanını fiziki olaraq əməliyyat etdirmək demək deyil. Hətta bəzi faafafinelər deyirlər ki, uşaqlıqdan psixoloji olaraq qadınlıqlarına əmin böyüyüblər. Onların qadın ruhu o qədər güclüdür ki, ölkənin ən gözəl qızlarını kölgədə qoyurlar. Böyüdükcə orqanizmlərindəki kişiləşmənin fərqinə varıb, daha aqressiv və narahat olurlar.
“Biz bilirik ki, qadınıq, kişi kobudluğumuz qabardıqca depressiyaya düşürük”, - deyirlər.
Faafafinelər ölkələrində qeyri-adi, yaxud təhqir dolu baxışlara məruz qalmırlar. Heç kim onlara homoseksual kimi də yanaşmır. Bu, Samoa əhalisi üçün sadəcə üçüncü cinsiyyət bölgüsüdür. Faafafinelər adətən kişilərlə ailə qururlar. Bu isə çox adi hal sayılır. Nadir halda faafafine qadınla ailə qurur. İki faafafinenin nikahına isə doğru baxmırlar. Onların nikahı heç vaxt rəsmiyyətə qovuşmur.
Bəs gəlin, görək, ailələr oğullarını niyə faafafine kimi böyüdüb, onların həyatını kökündən dəyişirlər. Məsələ burasındadır ki, bu adada kişi və qadının öz öhdəlikləri var. Kişi pul qazanır, mal-qara kəsir, qadınlarsa yemək hazırlayıb, uşaq tərbiyə edir, bir sözlə, ailə ocağının keşiyini çəkirlər. Ölkədə qadın qıtlığı olduğu üçün bir sıra ailələr doğulan oğlan körpələrini qız kimi böyüdürlər.
Bu adət tükürpədən və arxaik sayılsa da, çağdaş Samoa ailələri arasında bir çox faafafine valideynləri var.
Yəni bizim cəmiyyətdə utanc sayılan kişi qadınlaşması uzaq Samoada ən təbii cinsiyyət bölgüsüdür. Bizim ailələrin övladlarına bağışlamadığı günahları hansısa samoalı övladına həyat əlifbası kimi mənimsədir. Yad ölkənin ögey insanlarından bizə nə?!
Kaş ki, işimizə qarışıb, səhvlərimizi alnımıza yazanlar da müəyyən məqamda özlərini bizə yad görməyi bacara bilsə. Kaş ki, bir gün ən özlərimizin də yada dönə biləcəyi ehtimalına lap azca da olsa, inansaq. Başqalarının xəyalını bəzədiyimiz enerjimizlə cüzam kəsmiş nöqtələrimizi cücərtsək. Yolumuza tikan düzənləri bağışlamadan uzaqlaşsaq.
İl keçdikcə anladığım bir şey var. Ürəkdən bağışlamadan da günahları silmək olurmuş. Səni yoranların, qıranların ayaq izlərini ürəyindən silib süpürməkçün limitsiz vaxtın varmış kimi davranmağın ən böyük xətandır. Yarımçıq itirdiklərim, yaşamadan öldürdüklərim, sutkamın ovcundan axıb tökülən qum dənələrim amnistiyaya axıb gedən yolumdur.
Səni bəslədiyim enerjim də, sevgim də mənim imiş dediyin anda ürəkdən əfv etmədən amnistiya cəzası kəsirsən. Əslində, kimisə cəzalandırmaq sənin etinasızlığından başlayır. Bütün rəngdə yalanları əyninə yaraşdırıb, hər şeyi gözlədiyin adamlar yaradır palitranı.
Sənin bütün rənglərinin şərəfinə!
-
Magazin122:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
Region21:39
Ermənistanda Azərbaycana işləyən “casus”a bu cəza verildi
-
Art21:27
33 ilin direktoru işdən azad edildi
-
Sağlamlıq20:25
Restoranların təklif etdiyi ucuz setlər təhlükə saçır?
-
Nida Xəbər 19:05
Qazaxın azad olunan dörd kəndi belə qorunur - Foto
-
Magazin218:55
Bu məşhurların fəxri adları əllərindən alındı
-
İdman18:25
Türkiyə klubunun baş məşqçisi öldürüldü
-
Dünya16:54
Türkiyəli müəllimdən Azərbaycanla bağlı təsirli addım: Bayrağımızı... - VİDEO