Mariya Küri və məhəbbət fizikası
Bizi izləyin

Tarix

Mariya Küri və məhəbbət fizikası

Mariya Küri və məhəbbət fizikası

Tarixdə bu gün – 7 noyabr 1867-ci ildə dünyanın gəlmiş-keçmiş ən zəki qadınlarından biri, dahi Mariya Sklodovskaya-Küri Varşava şəhərində anadan olub.

Mariya Sklodovskaya ilə Pyer Küri elmin öz dövrünü qabaqlamış iki parlaq ulduzudur. Onların həyatını bir-birinə bağlayan qarşılıqlı məhəbbət və elmə olan təəşşüqləridir. Bu iki bağ o dərəcədə güclü idi ki, artıq hansının daha önəmli olduğunu müəyyn etmək mümkünsüz idi. Elm Pyerlə Mariya üçün həyatlarının əsas məqsədinə çevrildi, bir-birinə olan sevgiləri isə onlara güc və ilham bəxş edirdi.

Publika.az Nobel mükafatı alan, elm dünyasının bu möhtəşəm cütlüyü haqda dəyərli oxucuları məlumatlandırır.

Mariya Sklodovskaya

Həqiqətən də dahi olan bu qadının həyatı heç zaman asan olmayıb. Atası Vladislav Sklodovski Varşavadafizika müəllimi, anası Bronislava Boquskaya gimnaziya direktoru olub, ailədə isə beş uşaq böyüməkdə idi. Ailənin maddi imkanı ürəkaçan olmasa da, ataları övladlarının elmə olan meylinə hər zaman dəstək verib.

Mariya ilə bacısı Bronya nəyin bahasına olursa-olsun, təhsil almağa qərar verdilər. Vəziyyəti bir az da ağırlaşdıran o zamanlar qadınların ali təhsil ocaqlarına qəbul edilməməsi idi. Daha demokratik olan Parisə getmək lazım gəlirdi. Mariya bacısına növbə ilə təhsil almağı təklif etmiş və birincilik hüququnu ona ötürmüşdü. Bacıların biri təhsil aldığı müddətdə ikincisi onun bütün məsrəflərini qarşılamalıydı.

Beləliklə, Mariya Varşava yaxınlığındakı malikanələrdən birində yaşayan imkanlı bir ailədə mürəbbiyə işləməyə başladı. İlk məhəbbətilə də məhz orada rastlaşdı. Ev sahiblərinin böyük oğlu olan Kazimej göyçək və kifayət qədər ağıllı mürəbbiyə qıza aşiq oldu.

Lakin bütün ailə oğlanın qəlbini məftun edən qızla evlənməsinə qarşı çıxdı. Kazimejin atası ailəsinə kasıb bir ailədən çıxmış, üstəlik qulluqçu olan adamın qatılmasına qətiyyən razı deyildi. Kazimej də atasının sözündən çıxmağa cürət etmədi və itaətlə Mariya ilə əlaqəni kəsdi. Oğlanın xəyanətindən və zəiflik nümayiş etdirməsindən sonra Mariya özünə bir daha kişilərlə heç bir iş qurmayacağına dair söz verdi.

Sorbonna

Xoşbəxtlikdən, bacısı Bronya, nəhayət, universiteti bitirdi və Mariyanı Parisə çağırdı. O, təhsil aldığı müddətdə ailə qurub, sayəsində həkimlik sənətinə yiyələnmiş bacısının bütün məsrəflərini öz üzərinə götürdü.

Mariya Sorbonnaya qəbul oldu və bilikləri bəzən ətraf aləmi unudacaq dərəcədə acgözlüklə mənimsəməyə başladı. Nə geyinilib əldən düşmüş paltarı, nə köhnəlmiş ayaqqabıları, nə də digər xırdalıqlar onun gözünə görünmürdü. Heç qidalandığının belə fərqinə varmırdı. O, varqüvvəsilə elmləri mənimsəyirdi, fizika, riyaziyyat, kimya ilə əlaqədar olan hər şey ona son dərəcə maraqlı idi. Bir gün qız bacısının ərinin gözü önündə acından huşunu itirmişdi.

Amma onun üçün elmdən başqa heç bir şey əhəmiyyət kəsb etmirdi. Elm onun məqsədi, təəşşüqü, məhəbbəti idi. Mariya zahirən zərif bir çiçəyə bənzəsə də, gövdəsi poladkimi möhkəm idi. Qədəm qoyduğu elm yolunda ona əngəl olan heç bir amil yox idi.

Onun cəhdləri və tədqiqatçı istedadı diqqətdən kənarda qalmadı və layiqincə dəyərləndirildi. O, həqqətən də parlaq bir tələbə idi və fizika mütəxəssisi diplomu aldıqdan bir il sonra riyaziyyatçı diplomuna da yiyələndi. Sorbonnanı bitirdikdən sonra ona müstəqil elmi fəaliyyət göstərmək hüququ təqdim olundu.

Pyer Küri

Pyerin uşaqlığını qayğısız adlandırmaq olar. Həkim valideynlər, məktəbdə intizamsızqlıq və s. Gələcək dahinin yaradıcı təbiəti məhdudiyyət tanımırdı. O, kollektiv itaəti qəbul etmək qabiliyyətində deyildi. Onun yaradıcılıq ruhunu sarsıtmaq istəməyən valideynləri onu ev şəraitində təhsil sisteminə keçirdi.

Bunun sayəsində Pyer təhsilə böyük maraq göstərməyə başladı və artıq 16 yaşında Sorbonnanın bakalavrı oldu. 18 yaşında gənc Pyer artıq böyük qardaşı ilə birgə laboratoriyada çalışırdı və pyezoelektrik effekt (təsir) adlanan ilk kəşfini məhz orada etdi.

35 yaşında Pyer Küri artıq məşhur fizika alimi idi. Elmi əsərləri daha çox xaricdə tanınırdı, Fransada onlara münasibət kifayət qədər birmənalı idi. Şəxsi həyatı isə o qədər də ürəkaçan deyildi. Belə ki, Pyer heç də ilk fürsətdə aşiq olanlardan biri deyildi. Onun təbiəti qadınla təkcə cismani deyil, daha çox mənəvi qovuşma tələb edirdi. Pyer sevgilisinin onun elmə və tədqiqatlara olan təəşşüqünə şərik olmasını istəyirdi. Lakin o dövrün xanımları arasında elmi fəaliyyətə meyl göstərənlər çox nadir hal sayılırdı.

“Biz birlikdə yaşamaq üçün yaradılmışdıq və nikahımız qaçılmaz idi”

Mariya ilə Pyerin ilk görüşü 1894-cü ildə Yuzef Kovalskinin evində baş tutdu. Görünür, bu görüş həqiqətən də alın yazısı imiş. Gözünə lap gənc dəyən oğlan Mariyanın diqqətini dərhal çəkdi. Pyerin bir qədər sadəlövh təbəssümü, rəvan və düşüncəli nitqi, aydın baxışı onu cəlb etdi və o, uzun illərdən sonra ilk dəfə əks cinsə maraq göstərdi.

Pyerin diqqətini isə Mariyanın elmi təcrübələr zamanı kimyəvi turşulardan yaralanmış əlləri cəlb etdi. Praqmatik, fizikaçı, elmin arslanı olan Pyer təkcə onun zahiri gözəlliyinə deyil, fikir aydınlığına və elmi bəsirətinə məftun oldu. Pyeri son dərəcə təəccübləndirən Mariyanın dərin elmi bilikləri, Mariyanı mütəəssir edən isə onun ciddi, eyni zamanda da uşağa xas təbəssümü oldu.

Aralarında dərhal hər ikisi üçün maraqlı söhbətlər yarandı. Onlar laboratoriyada birgə çalışır, uzun-uzun bir-birilə söhbət edir və sadəcə elm üzrə məsləkdaş olmalarının mümkünsüz olduğunu dərk edirdilər.

Pyerin Mariyaya evlilik təklifi çox gecikmədi və onu ailəsinə təqdim etdi, amma Mariyadan dərhal rədd cavabı aldı. Mariya əvvəlki kimi həyatına əks cinsin daxil olmasından ehtiyat edir və çoxdan idi ki, özünü sırf elmi tədqiqatlara həsr etməyi düşünürdü. Üstəlik, vətənpərvər olduğundan, çoxdan idi vətəni Polşaya qayıtmağı planlaşdırırdı.

Mariyanın elmi fəaliyyət üçün tamamilə şəraiti olmayan Varşavada çalışmaq arzusu Pyeri son dərəcə təəccübləndirirdi. O, Mariyanı qərarını yenidən gözdən keçirməyi təklif edirdi. Pyerin ailəsi də onu Fransada qalmağa və sevdiyi işlə məşğul olmağa razı salmağa çalışırdı. Nəhayət, Mariya təslim oldu. O, elm və məhəbbət naminə Parisdə qalmaq kimi taleyüklü bir qərar verdi. Pyerlə ailə qurmaq təklifini qəbul etdikdən sonra, 1895-ci ilin 26 iyul tarixində dahi cütlüyün toy mərasimi baş tutdu. Toy sadə oldu. Pyerlə Mariyanın sevincini paylaşmağa yalnız ən yaxın adamları yığışmışdı.

Məhəbbət fizikası

Toydan sonra gənc cütlük yaxın qohumların onların evlənməsi münasibətilə hədiyyə etdikləri velosipedlərdə toy səyahətinə yola düşdü. Onlar İl-de-Frans yollarında olan gözəlliklərdən zövq alaraq, uzun-uzadı elmi söhbətlər edir, səhərlər yollarına davam etmək üçün kiçik mehmanxanalarda gecələyirdilər. Ucsuz-bucaqsız səma, təbiət qoynunda səhər yeməyi və bir-birinə dəlicəsinə aşiq olmuş sevgililər...

Parisə döndükdən sonra cütlük üç otaqdan ibarət kiçik bir mənzildə yerləşdi. Onlar gərəksiz ev əşyalarına ehtiyac duymurdu. Onların ümumiyyətlə, sevdikləri məşğuliyyətdən və bir-birindən savayı, demək olar ki, heç nəyə ehtiyacı yox idi.

Mariya Pyerin saçlarına sığal çəkməyi, gözlərindən öpməyi çox sevirdi. Pyer də əvvəlki kimi onun əllərini oxşayırdı. Onlar bir-birinə aşiq, xoşbəxt və eyni peşəyə sadiq idilər. Qarşıda onları birgə kəşflər, yorulmaq bilmədən birgə fəaliyyət və elmə əbədi sədaqət gözləyirdi.

1897-ci ildə ailənin ilk qız övladı İren dünyaya gəlir. Lakin bu xoşbəxt hadisə Mariyanın tədqiqatlarına davam etməsinə, yeni-yeni təcrübələr keçirməsinə, kəşflər etməsinə mane olmur. Onlar əvvəlki kimi böyük maraqla tədqiqatlarla məşğul olurdular. 1903-cü ildə fizika üzrə birgə Nobel mükafatına layiq görülən cütlüyün 1904-cü ildə ikinci qız övladı Yeva (Həvva) dünyaya gəlir.

Sönən ulduz

Bu ailənin səadəti sonsuz və ölçüyə gəlməz görünürdü. Kəşflər bir-birinin ardınca davam edir, cütlük qazandığını elmə xərcləməyə can atırdı. Pul onlar üçün zənginlik və rahatlıq deyil, irəliyə getmək vasitəsi idi və onlar inadla bunu edir, hər işdə və hər an ayrılmaz idilər.

1906-cı ilin 19 aprel günü Pyer Küri at qoşulmuş arabanın təkərləri altında həlak oldu. Sevgilisinin ölümünə çətinliklə qatlaşan Mariya ruhdan düşməyi və kədərini büruzə verməyi özünə sığışdırmırdı. O, əvvəlki kimi işə gedib-gəlir, tədqiqatlarını davam etdirirdi. Lakin məşğul olduğu hər bir şeyi həyat yoldaşına həsr edirdi. O, apardığı gündəliyində onunla uzun-uzadı söhbətlər edir, ona işə gedərkən, yolda qarşısına çıxan çiçəklərdən, tədqiqatlarından və duyğularından bəhs edirdi. Pyer sadəcə cismani aləmdə onun yanında deyildi, mənəvi aləmdə hər addımda onunla idi. Sorbonnada Pyerin kursuna dərs demək təklifi alan Mariya nitqinə sentimental başlayır və bütün auditoriya bu iradəli qadını dinləyib ağlayırdı.

Mariya Skladovskaya-Küri hər işini dahi həyat yoldaşının əziz xatirəsinə ithaf edirdi. Ərini itirdikdən sonra başqa kişi ilə cismani münasibəti olsa da, heç vaxt ailə qurmadı və bütün enerjisini onunla başladıqları birgə işi davam etdirməyə xərcləyirdi. Valideynlərinin yolunu davam etdirən böyük qızları İren də Nobel mükafatlna layiq görüldü.

Mariya yeni-yeni kəşflər edir, daha bir Nobel mükafatına və çoxlu sayda digər mükafatlara layiq görülür. Sonsuz, misilsiz sevgisi - Pyer Kürisi də əbədi olaraq onunla qalır.

Sevgisini, ülviyyətini bütün həyatı boyunca qoruyub-saxlamaq hər kəsə nəsib olmur, xüsusilə də həyatı müxtəlif cür hadisə və emosiyalarla qaynayan yaradıcı ruhlu şəxslərə...

Zaur H.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm