Minlərlə insanı ölümdən xilas edən, addımları ilə hər kəsi heyran qoyan Azərbaycan qadını - - VİDEO
Bizi izləyin

Tarix

Minlərlə insanı ölümdən xilas edən, addımları ilə hər kəsi heyran qoyan Azərbaycan qadını - - VİDEO

Azərbaycanın məşhur pambıq ustası, Sosialist Əməyi Qəhrəmanı, Ali Sovetin deputatı, üç dəfə SSRİ-nin yüksək mükafatı olan “Lenin” ordeni, “Oktyabr İnqilabı” və “Şərəf nişanı” ordenlərinin sahibi...

Söhbət əfsanəvi azərbaycanlı qadın Xuraman Abbasovadan gedir.

Publika.az Xuraman Abbasova ilə bağlı yazını təqdim edir:

Xuraman Zeynal qızı Abbasova 31 dekabr 1927-ci ildə Ağdam rayonunun İsmayılbəyli kəndində anadan olub. Əmək fəaliyyətinə erkən başlayıb, həmçinin təhsilini də davam etdirib, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirərək aqronom ixtisasına yiyələnib.

Xuraman Abbasova yaşını üç il böyüdüb ki, Kommunist Partiyasına üzv ola bilsin. Sessiyaların birində “ermənilərin Qarabağa qonaq gəlməsini” söyləməsindən, Xudu Məmmədovun dəfnində fəal iştirakından dolayı partiya rəhbərliyilə aralarında narazılıq yaranıb.

Xuraman xanımın zəhmətsevərliyi və təşkilatçılıq qabiliyyəti onun rəhbər vəzifələrə təyin olunması ilə nəticələnir. Bir müddət Əli Bayramov adına sovxozun direktoru işləyən Xuraman xanım daha sonra, 1969-cu ildən rayonun ən iri pambıqçılıq təsərrüfatlarından olan Lenin adına kolxozun sədri vəzifəsinə təyin olunur. 20 ilə qədər sədrlik etdiyi müddətdə kolxozçuların rifah halı yüksəlir, ailələrə ev tikdirir, maşın alır, bir sözlə, insanlar heç bir maddi əziyyət çəkmədən yaşayır. Kolxozda mədəniyyət evi, klublar fəaliyyət göstərir, ali təhsilli mütəxəssislərin sayı artır.

O, SSRİ Ali Sovetinin deputatı kimi bir sıra imtiyazlar da qazanır. Təbiət etibarilə mərd, xeyirxah, səxavətli və qorxmaz bir qadın olan Xuraman xanım cəmiyyətdə və dövlət orqanlarında tutduğu yüksək mövqe və mənsəbdən insanlara xeyir vermək üçün istifadə edir, bir çox gəncin ali təhsil almasına, savad qazanıb layiqli vətəndaş kimi yetişməsinə birbaşa səbəbkar olur.

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyinin böyük elmi işçisi Gülzar İbrahimqızının sözlərinə görə, o dövrdə test sistemi olmadığından kasıb balalarının ali təhsil alması böyük problem idi. Amma deputat sözü keçərli idi. Xuraman xanım adətən qızmar yay günlərində başı çalmalı, ayağı brezent çəkməli rektorların qəbuluna gedir, özü ilə kasıb balalarını aparırdı. Onun bir sözü iki ola bilməzdi. Beləcə, onun sayəsində bir çox gənc təhsil almaq imkanı qazanır:

“Qarabağda, xüsusilə Ağdamda az adam tapılardı ki, Xuraman xanımın onun özünə və ailəsinə bu və ya digər şəkildə yaxşılığı keçməsin: maddi yardım, xəstələrin Bakıya müalicəyə göndərilməsi, adamların işlə təminatına kömək və s. Bütün bunlarla yanaşı, Xuraman xanımın bir vəzifəsi də vardı. Bu, dövlətin ona tapşırdığı mənsəbə məsuliyyətlə yanaşmaq, etimaddan sui-istifadə etməmək idi. Elə bir il olmazdı ki, onun rəhbərlik etdiyi Lenin adına kolxoz SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin qalibi olmasın”.

Xuraman xanım Qarabağ müharibəsi illərində əsl vətənpərvərlik nümunəsi göstərərək “Dayaq” cəmiyyətini yaradır və Qarabağın azərbaycanlı əhalisinin hərtərəfli təminatını təşkil etmək üçün çalışır. Onun səyi və təşkilatçılığı ilə Qarabağa yük karvanları yol açır. Xuraman xanım həyatını riskə ataraq SSRİ Ali Sovetinin deputatı kimi toxunulmazlığından istifadə edir, ərzaq və meyvə yeşiklərinin altına silah yığaraq Dağlıq Qarabağın əliyalın azərbaycanlı əhalisinə ötürürdü. Xuraman Abbasova Milli Ordunun yaranmasında fəal iştirak edir, yeni yaranan Azərbaycan Ordusunun fonduna 100 min rus rublu (110 000 dollar) keçirir.

Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyinin əməkdaşlarından İlqar Hacıyevin atası Vaqif Hacıyevin söylədiyi bir əhvalat bu baxımdan maraqlıdır:

“Xuraman xanımın köməyi ilə həmin silahları Qarabağın azərbaycanlılar yaşayan kəndlərinə aparırdıq. Amma son vaxtlar postlarda nəzarət gücləndiyindən bu iş çox təhlükəli olmuşdu. Xuraman xanımın deputat nişanı alma yeşiklərində gizlədilmiş silahları yoxlanmadan keçirməyimizə kömək olurdu. Bir dəfə postların birinə yaxınlaşarkən orada çoxsaylı rus və erməni əsgərlərinin olduğunu gördük. Xuraman xanım iki tapança çıxarıb, birini mənə verdi və dedi: Vaqif, əgər bizi tutsalar, sən məni vur, mən səni, ölək, bunların əlinə düşməyək”.

Xuraman Abbasova Qarabağ savaşı dönəmində də əlindən gələni edir. Qızı, professor Aida Qasımova Teleqraf.com-a müsahibəsində anasının əsgərlərə kömək etdiyini, silah-sursat daşıdığını, hətta anbarlarının silahla dolu olduğunu deyib.

Firudin Məmmədov da Xuraman Abbasovanın yaxşılıqlarını unutmayacağını söyləyir:

“Şirin Mirzəyevin rəhbərliyi ilə ilk milli batalyon yaradıldı. Mən də həmin batalyonda vuruşmuşam. O zaman heç hərbi geyimimiz yox idi. Bizə ilk hərbi geyimi Xuraman xanım alıb. 500 dəst paltarı öz pulu ilə alıb gətirdi. Ondan daha pullu olanlar da vardı, heç nə etmirdilər. Amma Xuraman Abbasova bizə böyük dəstək verirdi”.

Azərbaycan müstəqillik qazandıqdan sonra isə o, hər kəsin yaddaşında öz yaylığı ilə qaldı. Bu yaylıq həm də sanki Qarabağ savaşının simvoluna çevrildi.

1988-ci ilin fevral ayında bir provokasiyanın qurbanı ola biləcək yüzlərlə ağdamlı gənci məhz Xuraman xanım Xankəndindən Əsgəran tərəfə yönələn rus tanklarının altına düşməkdən qoruyur. Erməni-rus siyasətçilərinin hazırladığı bu əməliyyatda Qarabağa azərbaycanlıların hücumu, yeni erməni genosidi kimi planlar həyata keçməli, SSRİ Ali Sovetinin bir qərarı ilə Qarabağ Azərbaycanın tərkbindən çıxarılmalı idi. İlk şəhidlərimizi verdiyimiz həmin qanlı günlərdə Xuraman xanımın, rayon Partiya Komitəsinin birinci katibi Sadıq Murtuzayev, Mərkəzi komitə katibləri Telman Orucov, Həsən Həsənov, Qarabağın mötəbər seyidləri, xüsusilə xalqın çox böyük hörmət etdiyi Seyid Lazım Ağanın səyi ilə ilk qırğının qarşısı alınır.

Belə ki, Xuraman Abbasova yük maşınlarından birinin damına çıxıb örpəyini izdihamın qarşısında yerə atır. Onun bu addımından sonra izdihamın qəzəbi soyuyur, kişilər Xankəndinə hücum etməkdən vaz keçirlər.

Örpəklə bağlı müxtəlif versiyalar var. Belə ki, kimi onun yaylıqdan istifadə etmədiyini, həmin gün başında papaq olduğunu deyir, kimi əksini. Çiynindəki yaylığı çıxarıb, atdığını deyənlər də var...

Ağdam rayon Partiya Komitəsinin birinci katibi işləmiş Sadıq Murtuzayev Asəf Quliyevin ilk şəhidlərlə bağlı filmində Xuraman Abbasovanın həqiqətən də kəlağayını Əsgərana hücum edən gənclərin ayağı altına atdığını deyir:

“Fevralın 22-də şəhər gəncləri meydana yığışdı. Ölkə rəhbərliyi dağılışmağı məsləhət gördü. Ancaq əliyalın camaat evlərinə yox, Xankəndinə üz tutdu. Bunun qarşısını almaq qeyri-mümkün idi. Camaat 11 kilometrə qədər hərəkət etdi.

Əsgərana 2 kilometr qalmışdı. Ordu çıxdı qarşımıza. 366-cı alayın komandiri olan bir general gəldi, dedi ki, qərar var, biz əhaliyə atəş aça bilərik. Xankəndinə üz tutan insanların da sayı-hesabı yox idi. Qonşu rayonlardan da insanlar bayraqlarla gəlib qoşulmuşdular. Mərkəzi Komitənin katibləri Telman Orucovla Həsən Həsənov gəldilər. Onlar da camaatın qarşısını almağa çəhd etdilər. Biz əhalinin qarşısını birtəhər saxlamağa çalışanda 100-150 nəfər Qarqar çayını keçib getdi. Əsgərandan xəbər gəldi ki, hər pəncərədən 2 avtomat lüləsi çıxır, yerdə qalan adamlar da silahlandırılıblar. Ancaq biz o çayı keçib gedən adamların qarşısını ala bilmədik. Onlar da Əsgərana girən kimi atəşə tutulublar. 55 nəfər yaralandı, iki nəfər – Əli və Bəxtiyar öldü.

Ondan sonra əhali məsələnin mahiyyətini başa düşdü və geri qayıtmağa başladı. İndi deyirlər, orda Xuraman yaylıq atıb. Düzdü, orda bir qadından yaylıq aldıq, verdik ona, o da atdı, camaatı saxlamaq üçün bir cəhd etdik. Əgər qarşısını almasaydıq, getsəydilər, o zaman bəlkə də 10 min meyit qalardı. Əsgərlər əmrlə gəlmişdilər. Xocalı faciəsindən dəhşətli faciə olardı”.

Həmin vaxt 18 yaşı olan Qarabağ qazisi Firudin Məmmədov kəlağayı olayından danışarkən deyir ki, Xuraman Abbasovaya qədər ərazidə bir yaylıq “sindiromu” yaşanırdı:

“Əsgərandan gəlib Ağdamın içindən keçməklə Martuniyə gedən avtobuslar daşlanırdı. Həmin vaxt avtobuslardan birinin içərisindən bir ağbirçək qadın yaylığını çıxarıb yellədi, dedi ki, avtobusda erməni yoxdur, daş atmayın. Bundan sonra daha bir neçə maşın keçərkən yaylıq çıxardı. Hətta aksiyaçılardan biri əsəbi şəkildə maşından yaylıq yelləyən qadının əlini itələyib, “bu nədir, hərəniz bir yaylıq çıxarırsız? Rədd elə yaylığı”, - dedi. Adamlar həmin oğlanın üstünə düşdülər ki, yaylığa söz demək olmaz.

Xuraman Abbasova da başında papaq gəlmişdi, amma çiynində o zamanlar qadınlar arasında dəbdə olan bahalı, zərli şal vardı. O, “Jiquli” markalı bir maşının yük yerinin üstünə çıxdı və həmin şalı adamların ayağının altına atdı. Təbii ki, həmin ərazidə olan insanlar o yaylığı tapdalamadılar. Amma Əsgərana yürüş bir neçə istiqamətdən davam etdi”.

Xuraman Abbasovanın sülhpərvər addımı ölkə daxilində daha çox qınansa da (Bu hadisənin əleyhdarları hesab edirlər ki, əgər Xuraman Abbasova hələ münaqişənin yeni qızışan vaxtında örpəyini atmasaydı, kütlə Xankəndinə qədər gedib erməniləri yerində oturdar, bundan sonra müharibə də olmazdı), ölkə xaricində sülh üçün atılmış cəsarətli bir addım kimi qiymətləndirilir. Keçmiş SSRİ-də isə bu hadisə olduqca müsbət qarşılanır. Hətta sovet şairi Yevgeni Yevtuşenko Xuraman Abbasovanın bu addımından ilhamlanaraq ona “Örpək” adlı şeir həsr edir.

Övladları Mahirə həkim, Şəfəq hüquqşünas, Aida şərqşünasdır. Oğlu Mehdi 9 yaşında olarkən avtomobil qəzasında vəfat edib.

Onun bir ana kimi üzləşdiyi faciə zamanı göstərdiyi iradə də Qarabağ camaatı arasında əfsanəyə çevrilir. Belə ki, qızının toy günündə oğlunun ölüm xəbərini alan Xuraman Abbasova keçirdiyi iztirabları gələn qonaqlara hiss etdirmədən övladını ər evinə yola salır. Səhərisi gün isə onun toy mağarını dünyasını dəyişmiş oğlunun yas məclisinə çevirir.

Qızı, Bakı Dövlət Universitetinin professoru Aida Qasımova müsahibələrində anası haqda bunları deyir:

“Anam bir yandan çox qorxmaz, iradəli bir insan idi, fədakar və cəsarətli, o biri tərəfdən inanılması mümkün olmayacaq dərəcədə ürəyi yumşaq və mərhəmətli, zəhmətkeş, uşaqlarının üstündə əsən qadın idi. Birimizin üzündə azacıq kədər görsəydi, rahat olmazdı, o qədər qayğıkeş idi. Evimiz həmişə qonaq-qaralı olurdu, bu qonaqlara vaxt ayırmağa imkanı olmasa da, kababı həmişə özü bişirərdi, yaxşı aş dəmləyərdi”.

Xuraman xanım əsl Azərbaycan qadınına xas səmimiyyəti, nəcibliyi, igidliyi və qorxmazlığı ilə seçilən xanımlardan idi.

Gülzar İbrahimqızının sözlərinə görə, Xuraman xanıma ən böyük zərbəni 1991-ci ilin noyabrında Qarakənd yaxınlığında qəzaya uğrayan təyyarə hadisəsi vurdu:

“Bu hadisənin hər kəsdən artıq Xuraman xanımı sarsıtmasının səbəbləri var idi. Artıq bir aya yaxın idi ki, İsmət Qayıbovla bir otaqda işləyirdilər. O zaman Ayaz Mütəllibov ermənilərin Xankəndində girov götürdüyü Şükür Rzayevi azad etmək üçün İsmət Qayıbovu Ağdama göndərmişdi. O, Ağdamda Xuraman xanımın kabinetində otururdu. Eyni zamanda, Xuraman xanımın jurnalist Alı Mustafayevlə, Vəli Məmmədovla, general Məhəmməd Əsədovla dostluq münasibətləri var idi. Onlar vertolyotda vurularkən Xuraman xanım həyatını təhlükəyə atmaqdan çəkinmir və məhz Xuraman xanım Qarakənd yaxınlığından ermənilərin atəşi altında onların cəsədlərini yığıb gətirir, kimliklərini müəyyənləşdirir, Ağdam məscidində yudurdur, kəfənə tutdurur. Bu zaman Xuraman xanım çox böyük sarsıntı keçirir və onda şəkər xəstəliyi, daha sonra isə mədəaltı vəzinin xərçəngi yaranır”.

Xuraman xanım əsl millət vəkili, el anası idi. Onun barəsində 2 seriyalı sənədli film çəkilib, bu mərd qadına nəğmələr qoşulub.

O, 1998-ci ilin 26 yanvarında dünyasını dəyişib.

Sevinc Xanqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm