Sülhməramlılar Xankəndidə ermənilərin sayını 7 nəfərdən 20 minə necə çatdırdı? - ŞOK FAKTLAR
Bizi izləyin

Nida.az

Sülhməramlılar Xankəndidə ermənilərin sayını 7 nəfərdən 20 minə necə çatdırdı? - ŞOK FAKTLAR

Prezidentin yerli telekanallara müsahibəsindən irəli gələn məqamlar, bir sıra məsələlərin yarımaçıq şifrələri ilə bağlı politoloq Qabil Hüseynlinin fikirlərini öyrənməyə çalışdıq.

Politoloq Publika.az-a müsahibəsində bildirdi ki, Prezidentin çıxışı, onun ermənilərə açıq-aşkar 6 ay vaxt verməsi bir daha onu göstərir ki, Azərbaycan ciddi planların içərisindədir.

- Qabil müəllim, Prezidentin sərt ismarışlarının arxasında nə dayanır? Bu sərt mesajlardan sonra da biz Ermənistan tərəfinin təxribatlarını görəcəyikmi?

- Artıq bir neçə vaxtdır ki, Ermənistan tərəfindən baş verən təxribatlar sözün əsl mənasında hamımızın canını boğaza yığıb. Ermənilər müxtəlif fitnə-fəsadlardan istifadə edərək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını hər vasitə ilə Azərbaycanla Ermənistan arasındakı sərhədlərin delimitasiyasından tutmuş, bir sıra məsələlərə - kommunikasiya xətləri, Zəngəzur dəhlizi ilə bağlı məsələlərə qədər hər şeyə şərik və ya münsif etmək istəyir. Ona görə də Prezidentin çox ürəkli və çox cəsarətli çıxışı hamımızın qəlbinə su səpdi. Qazaxıstan olayları ilə bağlı məsələlər, eləcə də son günlər Ermənistan-Azərbaycan sərhədində baş verən hadisələr təlx olunmuş ovqatımızı yenidən cəsur bir xəttə topladı. Ölkəmiz Türkiyə ilə birlikdə bu və ya digər məsələlərin həllinə ciddi surətdə köklənib. Ölkə Prezidenti dedi ki, Zəngəzur dəhlizi təkcə Mehri rayonunu yox, eyni zamanda Mehridən Gorusa, Qafana qədər böyük bir ərazini əhatə edəcək. Hətta ölkə başçısı bu bölgələrə qaz çəkilməsi məsələsini də xatırlatmaqla bizim Zəngəzura olan iddialarımızı diplomatik tərzdə ifadə etmiş oldu. Bu, doğrudan da çox ürəkli və eyni zamanda ölkə vətəndaşlarını dərin bir hədəfə cəmləyən, onları ruhlandıran, insanlara ruh verən bir çıxış idi. Bu nöqteyi-nəzərdən, fikrimcə, ermənilər də Azərbaycan Prezidentinin bu çıxışından özləri üçün bir nəticə çıxarmalıdır. Nəhayət, ermənilər fitnə-fəsadlara, hiyləgər addımlara son qoyub Azərbaycanla səmimi və şəffaf danışıqlar prosesinin aparılmasına özünü kökləməlidir.

src="/storage/files/upload/d89021f1be1ebf7ab1e55b89c8e752b72a11e339.jpg" style="width: 577px; height: 346.2px;" class="fr-fic fr-dib">

- Bəs bunlar baş verməsə, nə olacaq?

- Bunlar baş verməyəcəksə, o zaman bölgə, xüsusən də Ermənistan çox ciddi bir təhlükə qarşısında qalmış olacaq. Görünür, ölkə başçısı Rusiyanı da öz içərisinə alan böyük bir geostrateji planda Azərbaycanın müəyyən geosiyasi və geostrateji üstünlüklərini görür. Bu üstünlüklərin reallaşdırılması üçün lazım olan şərtləri də yəqin ki, anlayır. Buna görə də həmin şərtlər daxilində Ermənistana özünün sonuncu xəbərdarlığını edir. Zənnimcə, kifayət qədər sərrast və ayıldıcı hədəflərə köklənmiş bu çıxış Ermənistan tərəfindən ciddi şəkildə nəzərə alınmalıdır.

- Prezident öz şəcərəsinin də tarixi Zəngəzur torpaqlarımızdan gəlməsindən danışdı. “Mənim ürəyimdə Zəngəzurla bağlı arzular var və həmin arzuları indi açıqlamaq istəmirəm” – deyəndə ölkə başçısı əslində nəyi nəzərdə tuturdu?

- Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Bu, birmənalıdır. İndiki Ermənistan tarixi Azərbaycan torpaqları üzərində qurulub. Bəlkə də Ermənistan tarixində ilk dəfə öz dövlətini qurub və müqəddəratını da həll edib. 19-cu əsrin bütün xəritələri, bundan başqa, Çar Rusiyası dövründə əhalinin siyahıya alınması ilə bağlı bütün sənədlər aydın surətdə göstərir ki, Qərbi Azərbaycan adlanan indiki Ermənistan ərazisində azərbaycanlıların sayı əhalinin 93 faizini əhatələyib. Ona görə də bu gün Prezident həmin torpaqlardan dəfələrlə departasiya edilmiş, Türkiyədən Cənubi və Şimali Azərbaycana qədər böyük bir arealda məskunlaşmış milyonlarla insanın arzularını ifadə edirdi. Çünki həmin insanların hamısı bu gün öz əzəli torpaqlarına qayıtmaq üçün ayaqdadır. Prezidentin əmrini gözləyirlər. Üstəlik, heç kimə sirr deyil ki, Ulu öndərimiz Heydər Əliyevin doğulduğu yer, ata-anasının yaşadığı məkan Gorus rayonundadır, Comərdli kəndindədir. Cənab Prezidentimizin anası isə qədim İrəvan şəhərinin köklü ailələrindən biridir. Prezidentin həm Gorus, həm də İrəvanla bağlı sözsüz ki, ciddi xatirələri var. O, bunu anasından, atasından eşidib. Bu, onun ürəyində eşitdikləri nisgilli xatirə olaraq yaşayır. Qarabağın azad edilməsi həmin nisgilin bir hissəsini sanki yüngülləşdirdi. Amma bu gün hər dəfə Zəngəzur torpaqlarına, İrəvanın özünə baxanda Azərbaycan Prezidenti valideynlərindən eşitdiyi o köhnə xatirələrin nisgilini yaşamış olur. Sanki o torpaqların bir hissəsinin, məsələn, Zəngəzurun bir hissəsinin geriyə qaytarılmasını, orada azərbaycanlıların məskunlaşmasını təmin etməsini özünün valideynləri qarşısında bir borcu kimi başa düşür. Ölkə başçısının bu borcu çox diplomatik tərzdə dilə gətirməsi onu göstərir ki, Prezidentin ürəyində hələ çox arzuları var. Hələ həyata keçməmiş çox nisgilləri mövcuddur. Bu nisgillər onu danışdırdığı kimi, həm də konkret fəaliyyətə təhrik edir. Bu gün Qarabağda yeni ordu hissələrinin, dağ komando birliklərinin formalaşdırılması, ordunun təchizatı məsələləri onu göstərir ki, Azərbaycan Prezidenti qədim torpaqlarımızın hər biri üzərində yarpaq kimi əsir. Həmin torpaqlara azərbaycanlıların qovuşması üçün əlindən gələni edir və ya etməyə çalışır.

- Prezident sülhməramlıların fəaliyyətini də tənqid etdi...

- Ölkə Prezidenti sülhməramlıların missiyası ilə bağlı çox ciddi fikirlər səsləndirdi. Bütövlükdə sülhməramlıların buradakı missiyasını müsbət səciyyələndirsə də, qeyd etdi ki, bizim özümüz də Laçın dəhlizindən Qarabağın dağlıq hissəsinə gələn avtomobillər, onun içərisindəki adamlar haqqında ən dəqiq məlumatlara malikik. Prezident orada müəyyən rəqəmləri dilə gətirdi. Bildirdi ki, Qarabağa daxil olan maşınların sayı və onların içərisində olan adamların sayı Qarabağdan çıxan avtomobillərin sayı və onların içərisindəki adamların sayından çoxdur. Bu isə o deməkdir ki, sülhməramlılar Qarabağın dağlıq hissəsinə gələn istənilən adamı həmin dəhlizə buraxır və onlara nəzarət etmir. Bu da onların yarıtmaz fəaliyyətinə misal ola bilər. Sülhməramlılar bununla bağlı ciddi şəkildə ölçülər götürməlidir.

- Sülhməramlılar Qarabağdan getmək istəyən ermənilərə niyə süni maneələr yaradır?

- Bu, Rusiyanın ümumi xəttidir. Sülhməramlılar gələnə qədər Xankəndidə cəmi 7 nəfər adam qalmışdı. Bunu separatçıların “mədəniyyət naziri” demişdi. O zaman Xankəndidə qalan 7 nəfər Araik Arutyunyanla birlikdə orada müxtəlif “vəzifələr” tutan insanlar idi. Əhalinin hamısı çıxıb getmişdi. Sülhməramlılar isə Ermənistanın müxtəlif ərazilərindən erməniləri toplayaraq Xankəndiyə, Əsgərana, Ağdərəyə gətirib çıxardılar. O zaman sülhməramlılar qürurla deyirdilər ki, buradan köç etmiş 50 mindən çox insanı geriyə qaytara bilmişik. Amma sonradan dəqiqləşdirilmiş məlumatlar göstərdi ki, bu ərazilərdə 20 min civarında adam yaşayır. Bizim dəqiq müşahidələrimiz də bunu göstərir. Həmin ermənilər bu ərazilərdən köçüb getmək istəyirlər. Amma rusiyalı sülhməramlılar sipər kimi onların qarşısında dayanıblar. Onların həmin ərazilərdən çıxmasına ciddi maneələr törədirlər. Bütün bunlar onu göstərir ki, sülhməramlılar orada sözün həqiqi mənasında demoqrafik vəziyyətin müəyyən həddə qalmasına ciddi şəkildə nəzarət edirlər. Özlərinin əsas funksiyası kimi bu bölgədə ermənilərin, eləcə də müəyyən qədər slavyan əsilli xalqların məskunlaşdırılmasını həyata keçirməyə çalışırlar. Bu, gözdən pərdə asmaq kimi bir şeydir. Onsuz da həmin adamlar belə bir çətin şəraitdə, problemlərin çox olduğu, maddi çətinliklərin aşıb-daşdığı bir vəziyyətdə ya Azərbaycan vətəndaşlığını qəbul etmək istəyirlər, ya da çıxıb getməyi düşünürlər. Onların bir xeylisinin içərisində Azərbaycan vətəndaşlığını qəbul edib burada yaşamaq duyğusu formalaşıb. Separatçılar və radikal millətçilər onların bu istəklərini gözlərində qoyurlar. İmkan vermirlər ki, həmin ermənilər bu duyğularını dilə gətirsinlər. Xankəndi və digər ərazilərdən getmək istəyən ermənilərə qarşı sözün əsl mənasında repressiv addımlar atırlar. Rus sülhməramlıları yolu kəsərək onların gedişinə mane olurlar. Hətta Xankəndini tərk edənlərə əvvəlcədən xəbərdarlıqlar edilir. Beləliklə, sülhməramlılar süni surətdə, zor gücünə bu bölgədə demoqrafik vəziyyəti qoruyub-saxlamağa çalışırlar. Amma bu, alınmır. Onsuz da əhali müxtəlif yollarla sülhməramlıların məsuliyyət zonasındakı əraziləri tərk etməkdədir.

- Prezident İlham Əliyev ermənilərin axırıncı təxribatlarının Qazaxıstanda baş verən hadisələrdən ruhlandığını da istisna etmədi.

- Kəlbəcər istiqamətindəki sərhəd olayları, ermənilərin təxribatları bir daha onu göstərir ki, Ermənistanda müəyyən xülyalar var. Ermənistan siyasilərinin bir qismi hələ də qisasçılıq hissləri ilə yaşayır. Başqa bir hissəsi Rusiyanın, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının hansısa hərəkətlərinə ümid edir. Qazaxıstan olayları zamanı KTMT-yə sədrlik edən Ermənistan və onun baş naziri çox yersiz olaraq Qazaxıstan olayları ilə 44 günlük müharibə arasında bənzətmə yaratmağa çalışırdı. Bildirdi ki, guya 44 günlük müharibə dövründə də bu ərazilərdə radikal islamçı və terrorçu dəstələri fəaliyyət göstərib və çox həyasızcasına iddia etməyə çalışırdılar ki, indi də onların qalıqları bu ərazilərdə mövcud olmaqdadır. Bu, başdan-ayağa ermənilərə xas olan aldatma, yalan danışma, yeri gələndə özlərini yazıq, məşəqqətlər çəkmiş bir obraza kökləmək məsələsini göstərir. Amma onlar bilmirlər ki, artıq Qazaxıstana KTMT-nin daxil olması beynəlxalq bir skandala çevrilib. Onun qeyri-qanuniliyi haqqında beynəlxalq təşkilatlardan tutmuş, iri supergüclərə qədər hər kəs danışır. Ermənistan Azərbaycanla sərhəddə süni surətdə təxribatlar yaratmaqla KTMT-ni buraya cəlb etməyə çalışır. Bu, xəyaldan başqa bir şey deyil. Ermənilər başa düşməlidir ki, bu bölgədə reallıqlar köklü surətdə, birdəfəlik dəyişib. Yeni düzən formalaşıb və Azərbaycan Ordusu bu düzənin formalaşmasında böyük rol oynayıb. Türkiyənin bu bölgə üzərində böyük təsirləri qalmaqda davam edir. Bundan sonra da Türkiyə-Azərbaycan birliyi bu bölgədəki yeni formalaşmış düzəni axıra qədər qoruyub saxlayacaq.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm