Nida.az
Ukrayna savaşının psixoloji xəritəsi: kimin əsəbləri daha dözümlüdür?
Son 2 ay yarım ərzində Ukrayna cəbhəsində baş verənlər bütün dünyanın diqqətindədir. Oxlar atılmasa da, “yaylar tarıma çəkilib”. Elə əsəblər də... Ukrayna və Rusiyada psixoloji durum indi hansı vəziyyətdədir? Söhbət xalqların və hər iki ordunun psixoloji durumundan gedir.
Publika.az-ın bugünkü “Cümə söhbəti”nin mövzusunu da elə bu məsələyə həsr etmişik. Münaqişə bölgəsinin və tərəflərinin psixoloji müqayisəsinə... Rusiya və Ukraynanın savaş subyektləri, ali baş komandanları ilə yanaşı, burada Qərb, ABŞ və Rusiyanın da psixoloji durumunun müqayisəsini aparmışıq.
“Cümə söhbəti”mizin budəfəki qonağı hərbi psixoloq Azad İsazadədir.
Azad İsazadə ilə müsahibəni təqdim edirik:
- Azad müəllim, sizcə, Rusiya və Ukrayna arasındakı gərginliklər fonunda psixoloji üstünlük kimin tərəfindədir?
- Deməli, 2014-cü il idi. O vaxt məni Ukraynaya, oradakı konflikt zonalarında “master class” keçməyə dəvət etmişdilər. Söhbət Krımdan, Donetskdən, Donbasdan gedir. Orada qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyəti institutları üçün münaqişələrlə bağlı seminarlar keçirdim. Beləliklə, baş verənlərə, münaqişəyə ukraynalıların münasibətini elə yerindəcə görmüşəm. Daha sonra məni dəvət etdilər ki, Ukraynada cəbhə zonasında işləyən psixoloqlara “master class” keçim. Bir sözlə, onlarla təcrübə mübadiləsi etməyimi məsləhət gördülər. Razılaşdıq ki, həm münaqişə bölgəsində yaşayan mülki şəxslər, həm də hərbçilərlə bağlı bir sıra rastlaşılan psixoloji məqamlarla bağlı təcrübə mübadiləsi aparaq. Həmin təcrübə mübadiləsinə Bosniya və Herseqovinadan bir professor da dəvət olunmuşdu. Eyni zamanda, Almaniyadan, Gürcüstandan da mütəxəssislər həmin toplantıda iştirak edirdilər. Biz Ukraynanın münaqişə bölgələrində rastlaşılan bir sıra halları müzakirədən keçirirdik. Ona görə də cəbhə bölgəsində işləyən ukraynalı psixoloqlar üçün 4-5 günlük seminarlar gerçəkləşdirmişdik. Bu baxımdan Ukraynada əhalinin müharibə əhval-ruhiyyəsinə hazırlığını, bu istiqamətdə ümumi psixoloji vəziyyətini bir az bilirəm. Hətta həmin zonada işləyən hərbi psixoloqların, hərbçilərin münasibəti haqqında bir az məlumatlıyam. Təbii ki, buna tam məlumatlı olmaq deməzdim. Öz gözümlə gördüklərim və indi fərqli-fərqli ekspertlərin fikirlərini oxuyub sizin sualınızla bağlı müəyyən qənaətə gəlmişəm; mən düşünürəm ki, psixoloji baxımdan böyük mənəvi üstünlük Ukraynanın tərəfindədir. Bu günə olan vəziyyəti xarakterizə edəndə görürük ki, Ukrayna xalqı rusların qarşısında böyük qələbə çalıblar. Onlar qorxmadılar. Böyük rus ordusundan çəkinmədiklərini göstərdilər. Hətta el dilində desək, ukraynalılar ruslara “gəlin, gəlin, görün sizin başınıza nə oyun açacağıq” və ya “gələcəyiniz varsa, görəcəyiniz də var...” – deyirlər. Faktiki olaraq praktiki panika yaranmadı. Panika ancaq Ukraynadakı oliqarxların və varlı təbəqələrin arasında yayılıb. Yalnız onlar ailələrini də götürüb hansısa Avropa ölkəsinə üz tutdular. Amma əhalidəki psixoloji durum tam əksinə idi. Əhali silahlanmağa başladı. Sadə vətəndaşlar canla-başla təlimlər keçməyə başladılar. Bundan savayı, Ukrayna öz ordusundan başqa, yerli özünümüdafiə qüvvələrini də formalaşdırdı. Ukrayna xalqı göstərdi ki, döyüş ruhu çox yüksək səviyyədədir.
src="/storage/files/upload/307a3e7c07265b5325f9318ee8026176b5dbbbaa.jpg" style="width: 390px; height: 219.7px;" class="fr-fic fr-dib">
- Orduların psixoloji üstünlüyündə hansı elementlər xüsusi önəm kəsb edir?
- Aydındır ki, Ukrayna ilə Rusiya orduları müqayisə oluna bilməz. Çünki rus ordusu daha güclüdür. Amma ukraynalılar daha düzgün prinsip seçdilər. Biz müqavimət göstərəcəyik, biz sizin əsgərləri qıracağıq – dedilər. Bunun nəticəsində siz qələbə çalsanız da, bu zəfər sizə çox baha başa gələcək – söylədilər. Bu, faktiki olaraq Ukraynanın, daha dəqiq desək, Ukrayna xalqının mövqeyinə çevrildi. Bu gün mənəvi qələbə Ukrayna xalqınındır. Təbii ki, bu, mənim fikrimdir. Amma biz görürük ki, Ukrayna xalqı rahatlaşmayıb. Qərb mənbələrindən, digər açıq informasiya vasitələrindən aldığım məlumata görə, Rusiya heç də öz ordusunu geri çəkməyib. Rusiya hələ də aldadıcı manevrlər, müxtəlif yerdəyişmələrlə öz ordusunu orada saxlamaqdadır. Bu o deməkdir ki, Rusiya istənilən an hücuma keçə bilər.
- Hücumun dəqiq tarixi ilə bağlı sizin proqnozunuz nədir?
- Bu gün səsləndirilən versiyalara görə, fevralın 20-də Rusiyanın Ukraynaya hücumu gözlənilir. Bəlkə də bir qədər gülməli səslənəcək, amma həmin tarixdəki rəqəmlərə baxın – 20.02.2022... hamısı “iki”lərdir – Ukrayna analitikləri bunu 2008-ci ilin Gürcüstan müharibəsi ilə müqayisə edirlər. Orada da tarix 08.08.2008 idi və “səkkiz”lər çoxluq təşkil edirdi.
- Bu proqnoza qalsa, 22 fevralda da ola bilər... orada da 22.02.2022-dir...
- Belə deyək, bir qədər gülməli gəlsə də, astroloji proqnozlar da bəzən düz çıxır (gülümsəyir). Üstəlik, fevralın 20-də Pekindəki Qış Olimpiya Oyunları da bitir. Ona görə də 20 fevral təhlükəli bir tarix kimi qəbul olunmalıdır. Real faktorlara qalanda bu gün Ukrayna ordusu güclənib. Yəni, bugünkü Ukrayna ordusu 2014-cü ilin ordusu deyil. Son 1 ay ərzində Ukrayna xeyli sayda müasir silah alıb. Bunların əksəriyyəti tank əleyhinədir. Güman edirəm ki, Rusiya müharibəni başlasa, Ukrayna cəbhəsində çox böyük problemlərlə rastlaşacaq. Hətta Rusiyanın hibrid müharibə taktikasını seçəcəyi də istisna olunmur. Biz rus ordusundan cürbəcür təxribatlar da gözləyə bilərik. Çox güman ki, belə olacaq; Donetsk və Luqansk istiqamətində bu cür təxribatların baş verməsi ehtimalı böyükdür. Bütün bunlara baxmayaraq, həmin zonada vəziyyət gərgin olaraq qalır.
- Bəs, ABŞ və Qərb cütlüyü ilə Rusiyanın psixoloji amplitudunda nə kimi fərqlər var? Yəni, Qərb Avropanın göbəyində müharibə olmasını istəmir. Bu kontekstdə psixoloji üstünlük kimin tərəfindədir?
- Birləşmiş Ştatlarda anti-putinçilərlə yanaşı, putinpərəstlər hər halda böyük qüvvə hesab olunurlar. Həmin qüvvələr hesab edirlər ki, Rusiya prezidenti ilə danışmaq, onunla razılaşmaq lazımdır. Hətta Vladimir Putinin bəzi tələblərinin yerinə yetirilməsini düşünənlər də var. Hələlik üstünlük Putinə qarşı çıxan qüvvələrdədir. ABŞ Prezidenti Co Baydenin xalqa müraciəti də onu göstərir ki, Birləşmiş Ştatlar birmənalı olaraq Ukraynaya öz ordusunu yeritməyəcək. Amma Ukraynanı kifayət qədər dəstəkləyəcək. Hətta Vaşinqton Moskvaya qarşı çox ciddi sanksiyaları qəbul etməyə hazırdır.
- Bundan sonra nə olacaq? ABŞ-ın bu cür dəstəyi nələri dəyişəcək?
- İndidən nələrin baş verəcəyini söyləmək bir qədər tezdir, çünki situasiya tez-tez dəyişir. Bu gün vəziyyət belədir ki, ABŞ Ukraynanı dəstəkləməyə davam edir. Hadisələrin axarı hər şeyi müəyyənləşdirəcək.
- Burada əsas məqamlardan biri də Ali Baş Komandanların psixoloji durumudur. Söhbət Ukrayna Prezidenti Vladimir Zelenski ilə onun rusiyalı həmkarı Vladimir Putinin psixikasının müqayisəsindən gedir. Kimin psixologiyası bu cür gərginliklərə daha davamlı olacaq?
- Bilirsiniz, Ukraynada hər şey birinci adamdan asılı deyil. Ukrayna xalqı müqavimət göstərməyə hazırdır və bunun əksinə imkan verməyəcəklər. Yəni, onlar qoymayacaqlar ki, prezident Zelenski təslim olsun. Rusiya Prezidenti Vladimir Putin heç kimdən asılı deyil. O, istədiyini edə bilər. Bəziləri bunu Rusiya rəhbərinin üstünlüyü kimi düşünür. Digər tərəfdən, bu cür durum müəyyən problemlər də yarada bilər. Problem ondadır ki, Ukrayna xalqı müqavimət göstərməyə hazırdır. Amma rus ordusu öz qanını tökməyə heç də hazır deyil. Təsadüfi deyil ki, bəzi konservativ düşüncəli hərbçilər bu müharibəyə qarşı çıxış etdilər. Bu da onu göstərir ki, rus ordusu psixoloji olaraq döyüşə hazır deyil.
- Ukrayna qələbə qazanarsa, Azərbaycanın ardınca Ukrayna xalqının da qələbəsi digər konfliktli xalqların psixologiyasına necə təsir göstərəcək?
- Sözsüz ki, onların düşüncəsini dəyişəcək. Qələbəyə inamı artıracaq. Mən bu məqamda bir rus generalının sözlərini təkrarlamaq istəyirəm; o hesab edir ki, müharibə başlasa, Rusiya bir dövlət kimi parçalana da bilər və onun mövcudluğunun sual altına düşməsi ehtimalı var. Bu, mənim sözlərim deyil. Rus ordusunun general-polkovniki İvarşov belə düşünür. Hətta o, Rusiya prezidentini istefa verməyə çağırmışdı. Bu baxımdan sözsüz ki, Rusiya daxildən zəifləsə, onun daxilindəki muxtar respublikaların arasında da müəyyən problemlər yarana bilər. Beləliklə, Belarus və Orta Asiya ölkələri Rusiyanın təsiri altından uzaqlaşmağa başlayacaq. Mən bunu istisna etmirəm.
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO