Nida Təhlil
Ermənistanın Gədəbəydən Cavaxetiyaya qədər uzanan hücum ssenariləri... - TƏHLİL
Ermənistan hərbi birləşmələri iyunun 12-də Füzuli istiqamətində təlim uçuşları keçirən Azərbaycanın aviasiya vasitələrinə uğursuz hücum etdi. Nəticə sıfırdır, lakin bu, işğalçı ölkənin cəbhədə vəziyyəti kəskinləşdirmək cəhdlərinin davam etdiyini göstərir. Mayın 30-da snayper atəşi ilə Azərbaycan zabiti şəhid edildi, iyunun 9-da daha bir şəhid verdik, 3 gün sonra – 12 iyunda aviasiya vasitələrimizə hücum edildi. Bütün bunlar danışıqların növbəti mərhələsinin başlanmasından öncə prosesi pozmaq cəhdləridir və işğalçı ölkə səbəb qazanmaq üçün Azərbaycanın bu təxribatlara sərt cavab verməsini çox arzulayır.
Lakin Avroliqanın Bakı finalından öncə Azərbaycana qarşı aparılan “təhlükəli ölkə” kampaniyasından tutmuş cəbhədəki təxribatlara qədər baş verənlərə kompleks yanaşdıqda, prosesin çoxtərəfli olduğu aydın olur. Və iyunun 6-da Cavaxetiyada ermənilərin ayağa qalxması da bu kontekstdə təsadüfi deyil.
Məişət hadisəsinin siyasi çalarları: İyunun 6-da Axalkalaki polisi ilə ermənilərin toqquşmasından sonra Cavaxetiyada separatizm dalğası yenidən alovlandı. Hər şey yol hərəkət qaydasının pozulması ilə başlandı: motosikl sürən erməni yol hərəkət qaydasını pozduğu üçün gürcü polisləri tərəfindən saxlanılıb, qaydalara uyğun olaraq sürücü cərimələnməlidir. Polislər cəriməni rəsmiləşdirərkən, yoldan keçən digər erməni “Mercedes” markalı avtomobilini saxlayır və polislərin motosikl sürən ermənini cərimələməsinə mane olmağa çalışır, polislər ona xəbərdarlıq etsə də, sürücü tələbi eşitmir, bildirir ki, dayısı şəhərin bu küçəsində yaşayır və o, buradan getməyə borclu deyil. Polis məcbur olaraq ermənini avtomobilindən çıxarmaq istəyəndə səs-küy düşür, bu zaman “Mersedes” sürücüsünün dayısı Mexak Xaçartyan gəlir və polisə zor tətbiq edir. Bu hay-küyə yerli erməni camaatı toplaşır, onlar polislərə hücum edir, onları təhqir edirlər. Hadisə qarşıdurmaya çevrilir, yalnız Daxili İşlər Nazirliyinin regional şöbəsindən xüsusi təyinatlı qüvvələrin müdaxiləsindən sonra sabitlik bərpa olunur. Gürcüstan mediası yazır ki, şəhərdə ermənilərin yenidən ayağa qalxacağı ehtimalı var.
Bu, məişət zəminində baş vermiş sıradan hadisə kimi görünür, hərçənd hadisənin Cavaxetiya bölgəsində - Tbilisinin başağrısına çevrilən erməni separatizminin yuvasında yaşanması, bir gün sonra – iyunun 7-də Ermənistan mediasının məsələyə münasibəti hadisədə siyasi çalarları önə çıxarır.
“Armenianreport” saytı “Tbilisinin diqqətinə: Cavaxetiyadan əllərini çək – ora qədim erməni torpağıdır!” manşetini atdı. Məqalənin müəllifi Tevos Arşakyan yazır ki, “Cavaxetiyada ermənilər diskriminasiya ilə üz-üzədir”. Regionun “tarixi erməni torpağı” olduğu iddia edilən məqalədə müəllif Cavaxetiya ermənilərinin SSRİ dağılandan sonra təzyiqlərlə üzləşdiyini vurğulayır.
“Gürcüstanın Daxili İşlər Nazirliyi polislərin ermənilərə hücumuna haqq qazandırdı. Bu o qədər də təəccüblü deyil. SSRİ dağılan kimi Qamsaxurdiyanın (Zviad Qamsaxurdiya: Gürcüstan SSR Ali Sovetinin sədri ( 1990-1991), Gürcüstanın birinci prezidenti (14 aprel 1991-6 yanvar 1992) başçılığı ilə azğın şovinist gürcülər hakimiyyətə gəldilər. Onda ermənilər danışırdılar ki, “onlar gürcü torpağında” “yad elementlərdir” və Ermənistana getmək istəyirlər. Cavaxetiya qədim erməni torpağıdır və millətçiliklə sərxoş olmuş gürcülər tarixi həqiqəti xatırlamamağa çalışır. Şevardnadzenin vaxtında da Cavaxetiya ermənilərinin həyatı yaxşılaşmadı. Saakaşvilinin vaxtında isə daha da pisləşdi.... Əgər Cavaxetiyada təzyiqə məruz qalanlar azərbaycanlılar olsaydı Bakı və Ankara təcili hərəkətə keçərdi. Bu gün Cavaxetiya Gürcüstanda ən müdafiəsiz regiondur”, - məqalədə deyilir və Ermənistan hakimiyyəti erməniləri müdafiə etmədiyi üçün ittiham edilir.
Hadisənin baş verməsi və dərhal Ermənistan mediasının bu kontekstdə reaksiyası ermənilərin Gürcüstana qarşı separatizminin hər an alovlana biləcəyini təsdiqləyir.
Burada iki ssenari önə çıxır:
Birinci ssenari: Gürcüstanda stabilliyin pozulması və rəsmi Tbilisiyə diktə etmək;
Ermənistanın Gürcüstana ərazi iddiasının tarixi keçmişə dayanır, lakin Cavaxetiya məsələsi Nikol Paşinyanın hakimiyyətə gəlişindən sonra daha qabarıq görünür.
Paşinyan baş nazir seçiləndən sonra ilk rəsmi səfərini Gürcüstana etdi və Ermənistanın ilk rəhbəri kimi Cavaxetiya bölgəsində yerli ermənilərlə əl tutuşdu. Ona qədər Ermənistanın heç bir rəhbəri Cavaxetiyaya səfər etməmişdi. Rəsmi Tbilisinin erməni separatizmi fonunda Paşinyana belə bir imkan yaratması suallar doğururdu, hərçənd, burada Qərb yarımkürəsindən Ermənistan və Gürcüstana doğru eyni küləklərin əsməsi suallara cavab tapmağa imkan verir. Əslində Paşinyanın ilk rəsmi səfərini Gürcüstana etməsi də yeni siyasətin regiona eyni mərkəzdən ixrac edildiyini təsdiqləyirdi: Gürcülərlə ermənilərin yaxınlaşdırılması. Bu, həm Ermənistanın blokada vəziyyətinin müəyyən qədər düzəldilməsi, həm də Cənubi Qafqazda platformanı gücləndirmək məqsədi daşıyır.
Gürcülərin ermənilərə münasibətdə yumşalması müşahidə olunur, xüsusilə Xocalı soyqırımının törədilməsində iştirak etmiş erməni döyüşçü Mixail Avaqyana heykəlin qoyulması bu kontekstdə diqqət çəkir. Və maraqlıdır ki, erməni qatilinə heykəl Cavaxetiya bölgəsinin Axalkalaki rayonunun Buqaşen qəsəbəsində qoyulub. Bakıya rəğmən Tbilisinin buna icazə verməsi Ermənistana jest etmək, Cavaxetiya bölgəsindəki erməni separatizmini səngitmək, yerli ermənilərin mərkəzi hakimiyyətə etimadını gücləndirmək və ümumilikdə Gürcüstan-Ermənistan yaxınlaşmasını “taclandırmaq” gedişi idi. Hərçənd, bu gün Cavaxetiyada baş verənlər və bu ərazilərin “tarixi erməni torpağı” elan edilməsi ermənilərin Tbilisinin jestini “belə də olmalıdır” kimi qəbul etdiyini göstərir.
Lakin Cavaxetiya kartının yenidən gündəmə gəlməsinin cari planda əsas hədəfi Tbilisiyə diktə etməkdir. Çünki Paşinyanın gürcülərdən əsas istəyi Rusiyadan Abxaziya yolu ilə Ermənistana dəmir yolunun açılmasına icazə verilməsi idi. Gürcüstanda Rusiyaya qarşı münasibət Saakaşvili dövrü ilə müqayisədə loyallaşsa da, Abxaziyadan gələcək yola icazə vermək Tbilisinin öz ərazi bütövlüyünü şübhə altına alması deməkdir. Digər tərəfdən, Gürcüstan qatilə heykəl qoyulması kimi “humanitar” aksiyaya imza atsa da, Bakıya qarşı olacaq belə strateji gedişdən çəkinir. Mümkündür ki, Cavaxetiyada separatizmin alovlandırılması İrəvanın istəklərini qəbul etməyən Tbilisiyə qarşı demarşıdır. Hərçənd, bu demarşda Tbilisiyə qarşı cəbhədə təkcə İrəvanmı yer alır?
Abxaziyadan Ermənistana dəmir yolunun çıxışını ən çox Rusiya istəyir, əslində bu layihə elə Moskvaya məxsusdur. Paşinyanın sələflərinin dövründə olan bu planla Rusiya həm Ermənistanı quru yolla özünə bağlamaq, həm də Gürcüstanda Qərb təsiri ilə mübarizədə yeni imkanlar əldə etmək istəyirdi. Bu yol eyni zamanda, Abxaziyanın regionda qəbul etdirilməsinə xidmət edir. Paşinyan dövründə isə Abxaziyadan keçəcək yol ruslar üçün ikiqat əhəmiyyət daşıyır: birincisi, yelkənlərini Qərbə doğru açan İrəvana nəzarət etmək imkanı güclənəcək və lazım gələrsə, rus ordusu Ermənistandakı hərbi bazalarına dəstək məqsədilə bu yol üzrə Ermənistana daxil olacaq; ikincisi, bu, Rusiya üçün ümumilikdə Cənubi Qafqaz uğrunda döyüşdə əhəmiyyətlidir.
Bu baxımdan, Cavaxetiya üzərindən Tbilisiyə hücum ssenarisində Ermənistanla yanaşı, Rusiyanın da yer aldığı ehtimalı güclənir. Görünür, rəsmi Tbilisi dirəndiyi üçün separatizm kartı dövriyyəyə salınır. 1-10 iyun tarixində Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində separatçı rejimlərin futbol komandaları arasında çempionatın keçirilməsi və Abxaziyanın da turnirdə iştirakı eyni xəttin davamıdır.
İkinci ssenari: Cavaxetiyada separatizmin alovlandırılması, regionda gərginlik və Azərbaycana qarşı köhnə oyunun davamı;
Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz boru xətləri tam olaraq Cavaxetiyadan, Bakı-Supsa neft kəməri isə bu bölgəyə yaxın olan İmereti ərazisindən keçir. Bununla yanaşı, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin Gürcüstan hissəsi də Cavaxetiya bölgəsinə düşür.
Cavaxetiyada qızışacaq separatizm alovu faktiki olaraq Azərbaycanın taleyüklü layihələrini təhlükə altına qoya bilər. Bu ssenariyə son günlərin prosesləri fonunda baxdıqda Cavaxetiyada ermənilərin polislərlə qarşıdurması və erməni mediasının separatizmi qızışdırmağa yönəlik təbliğatı Ermənistanın Azərbaycana qarşı genişmiqyaslı təxribatı olaraq görünür.
1. Ermənistanın rəsmi qurumları ilə məsləhətləşmələrdən sonra “Arsenal”ın erməni əsilli oyunçusu Henrix Mxitaryan Bakıya gəlməkdən imtina etdi və erməni lobbisi bunu “Azərbaycan təhlükəli ölkədir” kampaniyasında geniş istifadə etdi.
2. Azərbaycan 29 mayda Avroliqanın finalını təşkilatçılıq və təhlükəsizlik baxımından yüksək səviyyədə keçirməklə bu kampaniyanı alt-üst etdi. Bir gün sonra – 30 mayda erməni hərbi birləşmələri snayperdən açılan atəşlə Azərbaycan zabitini şəhid etdi. Buna cəbhədə təxribat törədərək, hərbi eskalasiyanı qızışdırmaq və Bakının Avroliqanın finalı ilə əldə etdiyi təhlükəsiz ölkə imicinə zərbə endirmək gedişi olaraq da baxa bilərik. Beynəlxalq əhəmiyyətli tədbirlərin yüksək səviyyədə təşkili həmin ölkənin təhlükəsiz olduğuna dəlalət edən faktordur və bu, ilk növbədə turistlərin və xarici investisiyanın axınını təmin edən başlıca amildir.
3. Ermənistan Azərbaycanın “təhlükəli ölkə” imicini yaratmaq məqsədilə cəbhədə aktiv təxribatlara başladı. Buna paralel olaraq, Azərbaycanın enerji resurslarını Avropaya daşıyan kəmərləri təhlükəyə atmaq üçün Cavaxetiyada separatizm dalğası alovlandırıldı.
Hədəf Azərbaycanın adının “təhlükə” ilə yanaşı gündəmə gəlməsi və Avropanın təhlükəsizliyində oynadığı rolu azalmaqdır. Burada qonşu ölkələrin də öz maraqları var.
Rusiya faktoru: Enerji kəmərlərinə yaradıla biləcək hər-hansı təhlükə Moskvanın da xeyrinədir. Çünki bu, Avropanın Rusiya enerji resurslarından asılılığa qarşı yeganə alternativ kimi seçdiyi xətdir və bu, xəttin sıradan çıxması asılılığı yenidən artıracaq. Azərbaycanla Avropa İttifaqının yaxınlaşma prosesi fonunda da bu amil diqqət çəkir. Mümkündür ki, Cavaxetiya kartı ilə həm Tbilisi “vurulur”, həm də Bakının “yolu” bağlanır. Və bu prosesdə “erməni kartı” silah olaraq seçilib.
Baş verənlər Azərbaycana qarşı iki cəbhədən hücumun davam edəcəyini proqnozlaşdırmağa imkan verir:
İnformasiya hücumu: Daxildə süni problemləri şişirtməyə və prosesi transmilli media korporasiyalarına çıxarmağa çalışacaqlar. Əsas “rupor” kimi Avropada “mühacir” adı altında yaşayanların çıxış edəcəyi ehtimalı güclüdür. Bu, bəhs etdiyimiz “təhlükəli ölkə” imicinə hesablanır.
Hərbi hücum: Cəbhədə ermənilər yeni təxribatlara əl atacaq. Bu gözləntilər fonunda xarici işlər nazirlərinin növbəti görüşünün iyunun 20-də məhz Vaşinqtonda palanlaşdırıldığı diqqət çəkir. Münaqişənin həlli ilə bağlı prosesdə ABŞ-ın təşəbbüsü ələ almaq istəkləri müşahidə olunur və bu, Rusiyanın planlarına ziddir. Cəbhədə təxribatların artması və vəziyyətin kəskinləşməsi həm də Vaşinqtondan gələn sülh təşəbbüslərinin qarşısını almağa və münaqişənin həllində təşəbbüsü əldən verməməyə hesablanıb.
Və bütün bu baş verənlər kontekstində Qazaxıstanın yeni prezidenti Kasım-Comərt Tokayevin ermənilərə “qardaş” deməsi ilə bağlı informasiyanın “Qolos-Armenii” saytı tərəfindən ortaya atılması, ardınca bu informasiya üzərindən Azərbaycan və Qazaxıstanda ictimai müzakirələrin aparılması təsadüfi deyildi. Bu, Ermənistanın hərbi hücumu hansı istiqamətdə edə biləcəyini təxmin etməyə imkan verir.
Tokayevin “qardaşlıq” qalmaqalı: “Qolos-Armenii” Qazaxıstanın yeni prezidentinin dilindən “Bizim Ermənistanla tarix və hətta dil baxımından ortaq nöqtələrimiz çoxdur” fikirləri yayıldı. Bunun doğru, yaxud yalan olması ilə bağlı heç bir rəsmi açıqlama verilmədi, rəsmi Bakıda məsələyə münasibət bildirmədi. Bu baxımdan, Tokayevin belə bir ifadə işlətdiyi versiyası zəif görünür, burada əsas diqqətçəkən məqam bu sözlər üzərindən Qazaxıstan və Azərbaycan arasında münasibətlərin pozulması cəhdidir.
Bu cəhd nəyə hesablanıb?: Hədəf Qazaxıstanla Azərbaycanın münasibətlərinin pisləşməsi və Bakının Ermənistanın əsas dayaq hesab etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) dəstəyinin itirilməsidir. Nazarbayevin dövründə Qazaxıstan KTMT-də Azərbaycanın mövqeyini müdafiə edən əsas ölkə idi və buna görə dəfələrlə İrəvanla Nur-Sultan arasında qalmaqal yaranıb. KTMT-dəki bu vəziyyət ilk öncə Rusiyanı narahat edir, digər tərəfdən, Ermənistan Azərbaycana qarşı hərbi addımlarda heç bir dəstək əldə edə bilmir. Lakin KTMT-nin nizamnaməsinə görə üzv ölkələrin sərhədlərinə təhlükə yaranacağı təqdirdə təşkilat hərəkətə keçə bilər, bu baxımdan, təşkilat Dağlıq Qarabağdakı hərbi əməliyyatlara qarışa bilmir. Məhz “sərhəd” amili və baş verənlər Ermənistanı bölgədə vəziyyəti kəskinləşdirmək üçün Azərbaycanla sərhəddə təxribata əl ata biləcəyi ehtimalını önə çıxarır. Bunun üçün də əvvəlcə Tokayevin “qardaşlıq” bəyanatı ilə Bakı-Nur-Sultan xəttində çatlar yaranmasına cəhd göstərilir, belə bir çat KTMT-də Qazaxıstanın Azərbaycana dəstəyini kəsə, yaxud Azərbaycan-Ermənistan məsələsində ən azı neytrallığını təmin edə bilər. Nəticə olaraq, sərhəddə törədiləcək istənilən təxribatda təşkilatın Azərbaycana qarşı cəbhədə yer alması təmin olunar.
Ermənistan hücum istiqaməti: Bu ilin 30 martında Vyanada keçirilən Qarabağ görüşündə Bakı İrəvanın planlarını diplomatik addımlarla pozdu. Vyanada görüşün keçirildiyi vaxt Ermənistanın müdafiə naziri David Tonoyan ABŞ-da erməni diasporunun önündə “yeni müharibə yeni ərazilərdir” tezisini irəli sürdü. Bu şəxsin “aprel müharibəsi”nin müəllifi olduğunu və bu planın məhz erməni diasporunun önündə təqdim edəndən sonra tətbiq edildiyini nəzərə alsaq, onun “yeni müharibə yeni ərazilərdir” tezisinin təkcə ritorikadan ibarət olmadığını iddia edə bilərik. Və Ermənistana qayıdandan sonra Tonoyanın ilk səfərini aprelin 13-də Azərbaycanın Gədəbəy rayonunun Başkənd qəsəbəsinin əks tərəfinə etməsi təsadüfi deyildi. Ermənilər Başkəndi “Arşaven” olaraq adlandırırlar. Başkənd qəsəbəsi 1920-ci illərdə Sovet rəhbərliyi tərəfindən haqsız olaraq Ermənistana verilmişdi və 1992-ci ilə qədər Azərbaycanın Gədəbəy rayonunun içərində “erməni anklavı” olaraq qalırdı. 1992-ci ilin 6-8 avqust tarixlərində milli ordumuzun keçirdiyi əməliyyat nəticəsində Başkənd ermənilərdən təmizləndi və Qərb regionunda təhlükəsizlik təmin olundu. Ermənilər “Arşaven” adlandırdıqları Başkənd qəsəbəsini “Azərbaycanın işğalı altında” olaraq təqdim etməyə çalışırlar və bildirirlər ki, “Arşaven” (Başkənd) “Şimali Artsax”ın (Şimali Qarabağ) açarıdır”. “Şimali Qarabağ”a Kür çayının cənubunda yerləşən Gürcüstan-Azərbaycan sərhədindəki bütün ərazilər daxildir. Hətta Ermənistan Tonoyanın sərhəddə olan fotosunu “Vətənə həsrətlə baxış” şərhi ilə tirajladılar.
Mümkündür ki, Ermənistan həm “yeni müharibə yeni ərazilərdir” tezisini həyata keçirmək, həm də “Şimali Artsax”ın açarını əldə etmək üçün məhz Başkənd istiqamətində hücum edə bilər. Bu kontekstdə Tokayevin “qardaşlıq” bəyanatının ortaya atılması sərhəddə ediləcək hücumda KTMT-nin dəstəyinin əldə edilməsinə hesablanıb.
Və ən real görünən ehtimallardan biri də Cavaxetiyada erməni separatizminin aktiv mərhələyə keçiriləcəyidir.
Cari planda: regionda stabillik pozulur, Avropaya gedən enerji kəmərlərinə təhlükə yaranır, Azərbaycanın “təhlükəsiz ölkə” imici zərbə alır və Avropa İttifaqı ilə qurulan yeni əlaqələr axsayır.
Uzaq planda: Cəbhə ilə yanaşı, sərhəddə də Azərbaycana qarşı təxribatlar törədilir, buna paralel olaraq, Cavaxetiyada separatizm dalğası ilə Gürcüstan qarışdırılır, enerji kəmərlərinin işlək vəziyyəti sıradan çıxarılır, Ermənistan Azərbaycan-Gürcüstan sərhədləri boyunca ərazilərə iddiasını real mərhələyə keçirir.
Və bunların baş verməsində öz maraqları olan regionun digər ölkələrinin də prosesdə bu və ya digər formada iştirakı şübhəsizdir...
Asif Nərimanlı
-
Sosial14:55
Müdafiə Nazirliyində xidməti müşavirə keçirildi
-
ABŞ13:40
Qlobal maliyyə sistemi risk altındadır: dolların taleyi necə olacaq?
-
Sosial12:40
Əli Əsədov yeni qərar imzaladı
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır