Dövlət bizdən təkcə bunu istəyir - Həqiqəti yazaq
Bizi izləyin

Nida Təhlil

Dövlət bizdən təkcə bunu istəyir - Həqiqəti yazaq

“Siz yazın ki, biz nöqsanları düzəldək”, Prezident İlham Əliyev jurnalistlərdən yalnız bir şey istəyir: Yazmağı.

Bu gün Milli Mətbuatımızın 144 yaşı tamam olur. 144 il öncə - 1875-ci il iyulun 22-də dövrünün maarifçilik hərəkatının görkəmli nümayəndələrindən olan Həsən bəy Zərdabi “Əkinçi” qəzetinin nəşrinə başladı. Böyük maarifçinin bir xəyalı var idi, müstəqil Azərbaycanın milli mətbuatı. Bu, milli maraqların keşiyində dayanan azad mətbuat olmalı idi. Onun arzusu illər sonra gerçəkləşdi və bu gün Azərbaycan mətbuatı Prezident İlham Əliyevin dediyi kimi, “Bünövrəsi “Əkinçi” ilə qoyulmuş milli mətbuatımız bu gün Azərbaycanın dünyada eşidilən səsidir”.

“Əkinçi”nin davamı olaraq, “Ziya”, “Kəşkül”, “Şərqi-rus”, “İrşad”, “Molla Nəsrəddin” kimi qəzet və jurnallar meydana çıxdı. Milli mətbuatımızın əsas hədəfi xalqın maariflənməsi və milli kimliyin qorunması idi. Tarixi inkişaf Azərbaycan mətbuatının buna nail olduğunu göstərir.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli mətbuat yenidən dirçləməyə başlasa da, müstəqil dövlətimizin ömrü kimi cəmi 23 ay həyatda qala bildi. Daha sonra bolşevik rejimi mətbuatımızı da “qırmızıya boyadı”. Yalnız Heydər Əliyevin 1969-cu ildə Azərbaycanın rəhbərliyinə gəldiyi dövrdən sonra mətbuatımızda dövrün sərt qaydalarına baxmayaraq, milli kimliyin təbliği istiqamətində addımlar atıldı. Heydər Əliyev həm də mətbuatın inkişafına xüsusi diqqət yetirir, uzaqgörən siyasətçi kimi, müstəqil Azərbaycan üçün milli mətbuat formalaşdırırdı.

Azərbaycan müstəqilliyini yenidən bərpa edəndə dövlətin üzləşdiyi təhlükələr milli mətbuatımızdan da yan keçmədi. Senzura hələ də davam edir, jurnalistlərin təhlükəsizliyi təmin olunmur, maddi-texniki baza sıfıra bərabər idi. Yenidən Heydər Əliyev amili dövləti xilas etdiyi kimi, milli mətbuatımızı da düşdüyü vəziyyətdən qurtardı.

1993-cü ildə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev mətbuatın inkişaf mərhələsinə start verdi. Heydər Əliyevin 1998-ci il 6 avqust tarixli sərəncamı ilə Azərbaycanda senzura ləğv olundu və bununla medianın önündə geniş üfüqlər açıldı. 1999-cu ildə “Kütləvi İnformasiya Vasitələri haqqında” beynəlxalq tələblərə cavab verən qanun qəbul edildi və jurnalistlərin azad fəaliyyəti qanunvericiliklə dəstəkləndi. Heydər Əliyevin qərarı ilə qəzetlərin 2001-ci il dekabrın 31-dək olan “Azərbaycan” nəşriyyatına olan 398 min manat məbləğində borcunun dövlət büdcəsindən ödənilməsi isə mətbuat üçün ikinci nəfəs oldu.

Artıq uzun illər işğal altında qalan milli mətbuatımızın arxasında dövlət dəstəyi var idi.

Ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycan mətbuatının inkişafında yeni cığır açdı. Xüsusilə mətbuatımızın “yad əllər”dən xilası və azad fəaliyyəti istiqamətində tarixi addımlar atdı. Və bu indiki dünya şərtlərində taleyüklü məsələdir.

Çünki mətbuatımız daha yaradıcı və azad şəkildə işləyə bilmək üçün dəstəyə ehtiyac duyur və bu dəstəyi məhz dövlətdən almaq istəyir. Mətbuat dövlətin dəstəyində ona görə maraqlıdır ki, xarici dairələrin “qrant”larının ümidinə qalmaq istəmir. Çünki xarici “qrant”lar maddi dəstəklə yanaşı, öz maraqlarını da diktə edir və bu maraqlar əksər hallarda Azərbaycan dövlətinin maraqları ilə toqquşur. Belə demək mümkünsə, Azərbaycan mətbuatı pula görə dövlətinə düşmən kəsilmək istəmir.

Dövlət mətbuatın inkişaf etməsində və beynəlxalq informasiya bazarına çıxışında maraqlıdır. Dünyanın heç bir qayda tanımayan informasiya müharibəsində medianın güclü olması dövlətin güclü olması deməkdir. Təbii ki, mətbuat dəstəyə ehtiyac duyursa, bunu niyə dövlət deyil də, öz maraqlarını diktə edən xarici dairələr həyata keçirməli, qarşılığında da dövlətin maraqlarına zidd tələblər qoymalıdır?!

Mövcud şərtlər Azərbaycanda dövlət və mətbuatın qarşılıqlı fəaliyyət göstərməsini təbii prosesə çevirir və dünya siyasətinin sərt qaydaları fonunda dövlət və medianın ayrılıqda hərəkət etməsi hər iki tərəfin zəifləməsi ilə nəticələnən perspektiv vəd edir. Bunu Azərbaycan dövləti də, Azərbaycan mətbuatı da anlayır.

Azərbaycanda dövlət mətbuata təmannasız dəstək verir və qarşılığında yalnız bir şey istəyir: Yazmağı.

Jurnalistlər əlbəttə ki, öz fəaliyyətləri ilə bu inkişafa töhfələrini verirlər, cəmiyyəti incidən, narahat edən problemləri üzə çıxarırlar. Mən sizə deyə bilərəm ki, bəzi hallarda hansısa xoşagəlməz hadisə ilə bağlı məlumatı mətbuatdan əldə edirəm. Düzdür, mənə müxtəlif mənbələrdən hər gün müxtəlif məlumatlar gəlir, yəni həm xarici siyasət, həm də daxili siyasətlə və təhlükəsizliklə bağlı əsas məsələlər əlbəttə ki, məruzə edilir. Ancaq elə bir məsələ var ki, bu, çox ciddi məsələ sayılmaya bilər, ancaq insanları narahat edən məsələdir. Bu məlumatlar haqqında mən hərdən mətbuatdan da xəbər tuturam, dərhal reaksiya verirəm. Dövlət məmurları və yaxud digər şəxslər bilirlər ki, Azərbaycanda söz azadlığı, mətbuat azadlığı imkan verməyəcək ki, onlar hansısa işlər görsünlər, qüsurlar buraxsınlar. Ona görə jurnalistlər bəlkə özləri də bilmədən mənim köməkçilərimdir. Buna görə də mən sizə minnətdaram. Əminəm ki, gələcəkdə də siz bütün cəmiyyəti narahat edən, incidən məsələlər haqqında – harada ki, hansısa ədalətsizlik, qanunsuzluq var – dərhal operativ reaksiya verəcəksiniz, cəmiyyətin və dövlət orqanlarının diqqətini bu məsələlərə cəlb edəcəksiniz”.

Prezident İlham Əliyevin bu sözləri də dövlətin mətbuatımızdan nə istədiyinin əyani sübutudur.

Dövlət başçısı jurnalistlərin yalnız həqiqəti yazmağını istəyir, əvəzində mətbuatımızın bütün yükünü dövlət öz üzərinə götürür.

Prezidentin sərəncamları ilə milli mətbuatın yubileylərinin keçirilməsinə start verildi. 2005-ci ildə “Əməkdar jurnalist” adı bərpa olundu, “Azərbaycan mətbuat işçilərinin təltif edilməsi haqqında”, “Azərbaycan mətbuat işçilərinə fəxri adların verilməsi haqqında”, “Kütləvi informasiya vasitələrinə maliyyə yardımı göstərilməsi haqqında” sərəncamlar imzalandı. Prezident İlham Əliyev kütləvi informasiya vasitələrinə birdəfəlik yardımın göstərilməsi haqqında qərar qəbul etdi. Mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı sərəncam ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılandı. Sərəncama uyğun olaraq mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsait ayrıldı.

Prezident İlham Əliyev Milli Mətbuatın 142 illik yubileyində 255 jurnalistə mənzil hədiyyə etdi. 2013-cü ildə isə 155 jurnalist mənzillə təmin olunmuşdu. Bu, son 4 ildə 410 jurnalist ailəsinin mənzil probleminin həll olunmasıdır. Artıq jurnalistlər üçün nəzərdə tutulan növbəti binanın təməli qoyulub. Həmin binada 255 mənzil nəzərdə tutulur ki, bu da 2020-ci ilə qədər ümumilikdə 665 mənzil deməkdir.

Mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi, o cümlədən jurnalistlərin sosial probleminin həll edilməsi məntiqi olaraq iş keyfiyyətinin yaxşılaşmasına, yüksək səviyyəli fəaliyyətin ortaya çıxmasına səbəb olur. Məsələnin ən yaxşı tərəfi həm də odur ki, dövlət jurnalistlərə göstərdiyi dəstəyin qarşılığında onlardan, ümumilikdə mətbuatdan nəsə istəmir, hansısa siyasi məqsəd güdmür. Əksinə, məqsəd jurnalistlərin sosial yüklərdən azad olaraq, daha obyektiv, daha azad şəkildə yaradıcılıq fəaliyyəti göstərməsidir. Digər tərəfdən, sosial problemi olmayan, yaxud daha az olan jurnalist həm fərd, həm də bir yaradıcı şəxs kimi daha azad olur və bu, ifadə azadlığının qorunmasına təsir edir. Dövlətin mətbuata göstərdiyi qayğı ümumilikdə medianın inkişafı və qarşılaşa biləcəyi təhlükələrdən qorunması məqsədi daşıyır.

Nəticə ortadadır. Bu gün ölkədə xarici media orqanlarına informasiya ixrac edən agentliklər mövcuddur. Azərbaycan, rus və ingilis dillərində yayımlanan media orqanları hər saat, hər dəqiqə ölkədə və dünyada baş verən hadisələri işıqlandırır, prosesləri analiz edir, informasiyanın vaxtında və dəqiq çatdırılması istiqamətində çalışır. Medianın bütün bu fəaliyyətində ana xətt dövlət maraqlarının müdafiəsi, informasiya müharibəsində mövqelərimizin qorunması, xüsusilə Dağlıq Qarabağ məsələsində Azərbaycanın ədalətli mübarizəsində dövlətin yanında yer almaqdır.

Dövlət bizdən yalnız bir şeyi istəyir: həqiqəti yazmağı...

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm