Azərbaycana qarşı çoxcəbhəli hücum və “osminoq”un Bakıya uzanan qolları - TƏHLİL
Bizi izləyin

Nida Təhlil

Azərbaycana qarşı çoxcəbhəli hücum və “osminoq”un Bakıya uzanan qolları - TƏHLİL

“Ermənistanda hakimiyyət artıq çoxdandır ölkənin təhlükəsizliyi məsələsini diasporun çiyinlərinə yükləyib. Diaspor Azərbaycana qarşı demokratiya çağırışları ilə dünyanın diqqətini bura cəlb edəcək və rəsmi Bakının qollarını qandallayacaqdılar. Bizə söz verdilər ki, Bakıya qarşı ən sərt sanksiyalar tətbiq olunacaq”.

Bu etiraf 2016-cı ildə “aprel müharibəsi”ndən sonra məğlub vəziyyətə düşmüş Ermənistan mətbuatında açıq şəkildə dərc olunmuşdu. Və burada Azərbaycana qarşı böyük oyunların şifrələri aydın görünür. Mexanizm sadədir: Azərbaycanda insan haqlarının pozulduğu, “siyasi məhbusların” mövcudluğu, anti-demokratik vəziyyətin olduğu haqda iddialar tirajlanır, Qərb strukturlarında Bakıya qarşı qətnamələr hazırlanır və təzyiqlər olunur. Bu, indiyə qədər dəfələrlə baş verib, lakin erməni diasporu/lobbisinin son istəyi – rəsmi Bakıya qarşı sanksiyaların tətbiqi baş tutmayıb. 2015-ci ildə konqresmen Kristofer Smitin “Azərbaycanda Demokratiya Aktı” ilə buna cəhd etdilər, hərçənd, nəticə istədikləri kimi olmadı.
Belə çoxşaxəli prosesləri birtərəfli qaydada aparmağın mümkün olmadığı məlumdur, bu baxımdan, erməni diasporu/lobbisi anti-Azərbaycan cəbhəsinin yalnız bir qanadıdır. Osminoqa bənzər bu şəbəkənin digər qolları ölkənin daxilinə qədər uzanır.

Son 15 gündə baş verən hadisələrin xronologiyası Azərbaycanda “siyasi məhbus var” iddiasının yenidən dövriyyəyə salındığını və dənizin dibindən gün üzünə çıxmağa başlayan osminoqun bütün qollarının hərəkətə keçdiyini göstərir.

- 1 sentyabr: Hollandiyada yaşayan Arif və Leyla Yunus erməni “hüquq müdafiəçisi” Süzanna Barseqyanla birlikdə “Azərbaycanda siyasi məhbuslar” adlı siyahı hazırladı və birlikdə yaratdıqları “İctimai dialoq” saytında dərc etdilər. Siyahıya salınanların əksəriyyəti Azərbaycanda şəriət rejimi qurmaq istəyən və bunu həyata keçirmək üçün terror aktına əl atanlardır.

- 4 sentyabr: Milli Şuranın sədri Cəmil Həsənli ABŞ-a səfər etdi. Səfərin elmi fəaliyyətlə bağlı olduğu deyilsə də, Həsənli okeanın o tayında ADR hərəkatının sədri Qubad İbadoğlu və Sevinc Osmanqızı ilə birlikdə Arif Yunusun qardaşı Ramis Yunusla görüşdü. Görüşdə Azərbaycanda hakimiyyətin dəyişdirilməsi məsələləri müzakirə olunub, lakin əsas məqam eyni komandanın bu müzakirələri R.Yunusun vasitəçiliyi ilə ABŞ-dakı ermənilərin “beyin mərkəzləri” ilə qapalı qapılar arxasında aparmasıdır.

- 12 sentyabr: AXCP sədri Əli Kərimli “Azərbaycanda “119 siyasi məhbus var” iddiasını irəli sürdü və Milli Şuranın 28 sentyabr tarixinə təyin etdikləri mitinqində bu tələblə çıxış edəcəklərini bəyan etdi.

- 13 sentyabr: Almaniyada azərbaycanlı “siyasi mühacir”lərin yaratdığı “Demokratik Azərbaycanı seç” (DAS) təşkilatı Gissen şəhərində iki media orqanının – “Giessener Allgemeine Zeitung” və Gießener Anzeiger”in binası önündə Azərbaycanda “siyasi məhbusları” dəstəkləyən aksiya keçirdi. Aksiyada Əli Kərimlinin “119 siyasi məhbus” iddiası təkrarlandı.

Bütün bu hadisələrdə və “siyasi məhbus” iddialarında ortaq nöqtə regiondakı dini-klerikal dairələrə bağlı olan və Azərbaycanda iki dəfə - Nardaran və Gəncədə silahlı terrora əl atanların “vicdan məhbusu” adlandırılması və müdafiəsinin təşkil olunmasıdır. Söhbət Nardaranda dövlətə qarşı silahlı hücuma cəhd edən Tale Bağırzadə və qruplaşmasından, eləcə də Gəncə terrorunu həyata keçirənlərdən gedir.

Sual yaranır: Azərbaycanda şəriət rejimi qurmaq istəyənlər və bunun üçün silahlı terrora əl atanlar niyə “siyasi məhbus” elan edilir?

Burada erməni diasporu/lobbisi - Ermənistan xüsusi xidmət orqanları ilə İranın dini-klerikal dairələrinin Azərbaycana qarşı ortaq planı və hədəfləri aydın görünür.

- Qarabağın Ermənistan tərəfindən işğalının legitiməşdirilməsi;
- Azərbaycanda şəriət rejiminin qurulmasına zəmin yaratmaq;


Ermənistan və İranın uzaq perspektivdəki əsas hədəfi budur. Və Yunusların bu planda osminoqun qollarından biri olması heç də təsadüfi deyil.

Barseqyan, bu erməni soyadına diqqət edin. Yunuslarla birlikdə “ictimai dialoq” adlı platformada Azərbaycana qarşı iştirak edən Süzannanın soyadı Barseqyandır. Leyla Yunusun həbsinə etiraz edən və dünya birliyini rəsmi Bakıya sanksiya tətbiq etməyə çağıran ermənilər də “Leyla Barseqyana azadlıq!” şüarları ilə çıxış edirdilər. Məlumdur, söhbət Arif və Ramis Yunusun sonradan saxta yolla azərbaycanlılaşdırdığı anaları Arsalyus Arsenovna Barseqyandan gedir.

Yunusların sirr kimi saxladıqları tərcümeyi-halı: Arif və Ramis Yunusların atası Seyfulla Əbdüləhəd oğlu Yunusov 1931-ci ildə İsmayıllıda anadan olub. Atasını kiçik yaşlarında itirən Seyfulla Yunusov erməni ailəsində böyüyüb. 1952-ci ildə martın 24-də Arsalyus Barseqyanla ailə həyatı qurub. Bu qadın Dağlıq Qarabağda Cartaz kəndində doğulub. Daha sonra Bakıya köçüb və Nərimanov rayonunda yaşayıb. Ermənistanın Azərbaycana qarşı təcavüzkar müharibəsi başlayanda Yunuslar analarının sənədlərini dəyişdirərək, Dağıstan sakini olaraq göstərdilər və Arsalyus Barseqyan Asiyət Əskərova oldu. Onlara bu işdə İrəvanda keçmiş DTK-nın polkovniki olan doğma dayıları kömək edib. Yunusların dayısının Rusiya əsilli olan arvadının dayısı da Moskvada DTK-da yüksək vəzifə tuturmuş. Saxtalaşdırma işi də məhz Moskvadakı DTK zabitinin dəstəyi ilə həyata keçirilir. Yunusların yaxın qohumları indiyə qədər Ermənistanda, işğal altındakı Dağlıq Qarabağda və Rusiyada yaşayırlar. Onların çoxu 1990-cı illərdə müharibə zamanı Qarabağda məskunlaşıb. Məlumatlara görə, Arif və Ramis Yunusun dayısı Suren Barseqyan ömrünün sonuna qədər erməni işğalındakı Şuşada yaşayıb. Suren Barseqyanın oğlanları Arsen, Erik, Armen, həmçinin, qızı və arvadı Kamella da hazırda Şuşada yaşayır. Yunusların xalaları – Nadya Gevorkyan və Siran Barseqyan isə Rusiyanın Krasnodar vilayətində məskunlaşıb. Yunusların indiyə qədər də erməni qohumları ilə sıx əlaqə saxladığı deyilir. AXC-Müsavat hakimiyyəti dövründə strateji postlarda təmsil olunan Yunuslar dövlət sirlərini asanlıqla İrəvana ötürə bilirdilər, sonradan Ermənistanın xeyrinə fəaliyyətlərini vətəndaş cəmiyyəti sektorunda davam etdirdilər. Arif və Leyla Yunusların “Azərbaycanda siyasi məhbuslar” siyahısını birlikdə hazırladıqları Süzanna Barseqyan Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşıdır və soyad bənzərliyi onların bioloji bağlılıqlarına da diqqət çəkir.

Azərbaycanlı hüquq müdafiəçiləri” adı altında fəaliyyət göstərən Yunusların əsas işi “Diaspor Azərbaycana qarşı demokratiya çağırışları ilə dünyanın diqqətini bura cəlb edəcək və rəsmi Bakının qollarını qandallayacaqdılar” missiyasını davam etdirmək, yəni “insan haqları, demokratiya” üzərindən rəsmi Bakıya qarşı sanksiyaların tətbiqinə zəmin yaratmaqdır. Məlumatlara görə, bu prosesdə David Saakyan, Geqam Saakyan, Serop Xaçatryan, Anuş Şahverdiyan, David Unanyan, Artak Kirakosyan, Ara Kazaryan, Narine Rştuni, David Stepanyan, Step Safaryan, Boris Navasardyan və digər ermənilər də aktiv iştirak edirlər.

Buna paralel olaraq, Arif və Leyla Yunusun Avropadakı digər missiyası azərbaycanlı “mühacirlərin” rəsmi Bakıya qarşı bir “dam altında” toplanması və “demokratiya” hücumlarının təşkilidir. Bu proses xüsusilə Hollandiyada fəaliyyət göstərən “Azərbaycanda Demokratiya Komitəsi” - CODA (Committee Outlines of Democracy in Azerbaijan) təşkilatı üzərindən aparılır. CODA 2010-cu ildə erməni xüsusi xidmət orqanları ilə əməkdaşlığını gizlətməyən və əsas fəaliyyətini Azərbaycanı parçalamağa yönəltmiş Əlikram Hümbətov tərəfindən İrəvandakı ağalarının təlimatı əsasında yaradılıb. Təşkilata rəhbərliyi Ə.Hümbətovun oğlu, İrəvan dövlət universitetində təhsil almış Tural Hümbətov edir, rəsmi ünvanı “Talış Azadlıq Hərəkatı” ilə eynidir: Herman Heijermanshof 25.

Hədəf gələcəkdə separatizmin Azərbaycana demokratiya adı altında gətirilməsidir. Və burada sentyabrın 13-də Almaniyada “siyasi məhbuslara dəstək” aksiyası keçirən “Demokratik Azərbaycanı seç” (DAS) təşkilatının CODA ilə eyni missiyanı yerinə yetirməsi faktı diqqət çəkir.

DAS 2018-ci ilin 3 iyun tarixində – diqqət, Gəncə hücumundan düz bir ay öncə – Cavid Cabbarlı (Alışov) tərəfindən yaradılıb. C.Cabbarlı 2018-ci ilin yanvarında Almaniyaya mühacirət edib və 6 ay sonra DAS-ı təsis edib. Bu şəxs Cəlilabad rayonunda doğulub, əslən Yardımlıdandır. Azərbaycan İslam Partiyasının (AİP) aktiv üzvü olub, bir müddət partiyanın mətbuat xidmətinə rəhbərlik edib. 2013-cü ildə Vətəndaş İnkişafı Partiyasına (VİP) keçib. VİP-də olmasına baxmayaraq, daim AİP və VHP-yə simpatiyası ilə seçilib. Nardaran hadisələrini törədən “Müsəlman hərəkatı birliyi”inin rəhbəri Tale Bağırzadənin müdafiəçisi kimi tanınıb. Vaxtilə “Kanal-13”-də aparıcılıq edib, hazırda “xeber.info” saytını idarə edir. Sayt İrandakı dini rejimin alovlu müdafiəçidir. C.Cabbarlı Feysbuk profilində də açıq mətnlə İranın dini rejiminin təbliğatını aparır, hətta İranın dini rəhbərini Şah İsmayıl Xətai ilə eyniləşdirir, Gəncə terrorunun iştirakçılarının “siyasi məhbus” olduğunu iddia edir və s.

DAS Gəncə terrorunu törədən Yunis Səfərovun üzvü olduğu “Hüseyniyyun” təşkilatının Avropa qanadıdır. Əsas məqsədi Avropada “siyasi mühacir” adı altında fəaliyyət göstərən azərbaycanlıları bir çətir altına toplamaqdır. Cabbarlının DAS-ı yaradandan sonra Orduxan Temirxan, Fikrət Hüseynli, Tural Sadıqlı və “söyüş müxalifəti”nin digər üzvləri ilə yaxınlığı müşahidə olunur, hətta bir sıra aksiyalarda birgə iştirak edirlər.

Ermənistan “mühacirləri” CODA altında, İran isə DAS altında birləşdirir və bu prosesdə onların hər birinin öz maraqları var.

Ortaq plan: dini ekstremistləri “siyasi məhbus” siyahısına salmaq və rəsmi Bakıya qarşı “demokratiya” təzyiqini təşkil etmək; Avropadakı azərbaycanlıları bir çatı altına toplayaraq, bu hücumda vasitə olaraq istifadə etmək;

Prosesdə Ermənistanın maraqları kontekstində Yunuslar, Hümbətovlar və digər erməni xislətli separatçılar, dini-klerikal dairələrin maraqları kontekstində isə Cabbarlı və onun yaratdığı DAS kimi təşkilatlar iştirak edir. Azərbaycan dövlətinə qarşı bu sui-qəsd planı “hakimiyyətə qarşı mübarizə” pərdəsi altında həyata keçirilir.

Ermənilərin hədəfi: Azərbaycana siyasi təzyiqlər və mümkünsə sanksiyaların tətbiqinə nail olmaq, nəticədə Bakını Dağlıq Qarabağın işğalı ilə barışmağa məcbur etmək.

Dini-klerikal dairələrin hədəfi: Dövlətə qarşı silahlı terror aktı törətmiş dini ekstremistlərin azad olunması və Azərbaycanda onlara bağlı şəriət rejiminin yaradılması şəraitinin formalaşması.

Gəncə terrorunun ildönümü ərəfəsində “Hüseyniyyun” qruplaşması və onun təbliğat ruporu olan “nur-az.com” səhifəsi ilə erməni kəşfiyyatına bağlı olan Zabil Məhərrəmovun (Madoj) birgə hərəkəti də ortaq planın davamıdır: “Nur-az.com” səhifəsi Gəncə terrorunu törədən Yunis Səfərovu qəhrəman kimi təqdim edir, Madoj isə onu “mənim əsərimin qəhrəmanı” adlandırır, o cümlədən, bu ilin Aşura mərasimi zamanı “Hüseyniyyun”un üzvü Orxan Məmmədov “Azərbaycanda İmam Hüseyn – Yezid” adlı moizələr oxuyur, bunu tirajlayan Z.Məhərrəmov da eyni motivli çıxışlar edirdi.

Arif Yunus da erməni jurnalist David Stepyana son müsahibəsində ortaq planı etiraf edir: “Azərbaycanda “siyasi məhbus”ların yarıdan çoxu inanclı insanlardır. Bizim hüquq müdafiəçiləri terrorçu və İran casusları adlandırılan bu şəxsləri müdafiə etməkdə həvəssizdirlər. Buna görə də biz öz saytımızda “Din azadlığı” adlı xüsusi bölmə yaratdıq”. Bu müsahibə həm də Yunusların Ermənistan sevgisinə ithaf olunub.

Osminoqun sərhədlərimizdən kənardakı qolları: Avropada Arif və Leyla Yunus, Hümbətovlar, Cavid Cabbarlı, CODA, DAS kimi təşkilatlar və “söyüş müxalifəti”, ABŞ-da Ramis Yunus və erməni lobbisinə bağlı olan digərləri, İranda dini-klerikal dairələr, Ermənistanda xüsusi xidmət orqanları, konkret olaraq, erməni kəşfiyyatına bağlı olan İrəvan Dövlət Universitetinin iranşünaslıq kafedrasının müdiri Vardan Voskanyanın rəhbərik etdiyi və Azərbaycanda etnoslararası və məzhəblərarası sülh mühitini pozmaq üzrə ixtisaslaşmış qrup.

Daxilə uzanan qollar Milli Şuraya qədər gedib çıxır. “Hakimiyyətə gedən bütün yollar mübahdır”, Əli Kərimli və komandası üçün prioritet tezis budur. Və belə görünür ki, onlar hakimiyyətə gəlmək naminə Azərbaycanın boynuna dolanmaq üçün fürsət gözləyən “ilanla” eyni yuvanı paylaşmaqdan çəkinmirlər.

Ermənistanın Qarabağ resepti “yuvaya toplaşanların” quyruğunu göstərir. ABŞ-da məskunlaşan Ramis Yunus bildirir ki, “Dağlıq Qarabağ münaqişəsinin yeganə həll yolu Azərbaycanın demokratikləşməsindən keçir”. Eyni tezisi dəfələrlə Əli Kərimli təkrarlayıb, hətta “Bakını alaq, sonra Qarabağı...” çağırışları da səsləndirilir.

Bu tezis Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasında gündəmə gətirildi. AŞPA-da çıxış edən Ermənistanın baş naziri Nikol Paşinyan iddia etdi ki, “Azərbaycan hakimiyyəti Qarabağ münaqişəsinin nizama salınmasına mane olur”. Onunla eyni gündə, AŞPA binasının digər zalında vətəndaş cəmiyyəti institutlarının toplantısında çıxış edən Leyla Yunus bəyan etdi ki, “İlham Əliyev Ermənistanla sülh istəmir”.
Məlumdur, Yunus bu fikirləri İrəvandan gələn tezislər əsasında səsləndirirdi və əsas hədəf Dağlıq Qarabağ məsələsində heç bir güzəştə getməyən Azərbaycan hakimiyyətinin anti-sülh imicini yaratmaq və təzyiqlər etməkdir. Son 1 ildə Bakıya qarşı ittihamları daha çox hakimiyyət üzərində quran İrəvan münaqişənin Ermənistanın maraqları kontekstində yeganə həllinin güzəştsiz mövqeyə malik olan Azərbaycan hakimiyyətinin dəyişilməsində görür. Bu, regional proseslərdən daha az itki ilə çıxmaq istəyidir. Məhz buna görə əsas vurğu Azərbaycan hakimiyyəti üzərində qurulur və Qərbdən iqtidara qarşı “demokratiyaya” bürünmüş hücum dalğası davam etdirilir. Eyni dalğanın daşıyıcısı olan Əli Kərimli və komandasının Paşinyanın səsləndirdiyi iddiaları daxili auditoriyaya ötürməsi isə “Hakimiyyətə gedən bütün yollar mübahdır” tezisi kontekstində anlaşılır.

Bu reseptin həyata keçməsində bu və ya digər formada təmsil olunan Milli Şura həm də Azərbaycanda şəriət rejimi qurmaq istəyən dini ekstremistləri müdafiə edir. Erməni xüsusi xidmət orqanları və regiondakı dini-klerikal dairələrin Azərbaycana qarşı ortaq planının daxili cəbhəsi burada aydın görünür.

Mümkündür ki, Əli Kərimlinin tövsiyəsi ilə ABŞ-a səfər edən və Ramis Yunusun vasitəsilə müxtəlif görüşlər keçirən Cəmil Həsənli ölkəyə yeni tapşırıqlarla qayıdacaq. Bu tapşırıqların bir qisminin məhz “siyasi məhbus” məsələsi ilə bağlı olduğunu təxmin etmək çətin deyil.

Arif və Leyla Yunus əksəriyyəti Azərbaycanda şəriət rejimi qurmaq istəyənlərdən ibarət “siyasi məhbus siyahısı” hazırladı. Əli Kərimli də dini ekstremistləri “119 siyasi məhbus” siyahısına daxil edərək, 28 sentyabra mitinq təyin etdi. Onun iddialarını İranın dini dairələrinə bağlı DAS Almaniyada davam etdirdi. Ardıcıllıq hər şeyi təsdiqləyir.

Hərçənd, hər şey bununla yekunlaşmır və ABŞ-İran qarşıdurması fonunda ortada açıq qalan suallar var:

- Avropa liberalizmini təbliğ edən və Qərb dairələrindən müxtəlif formada dəstək alan Milli Şura niyə İrana bağlı dini ekstremistləri müdafiə edir?
- İranın dini dairələrinin ideoloji xəttini davam etdirən DAS-ın Almaniyada fəaliyyətinə niyə “yaşıl işıq” yandırılır?
- Yunuslar Avropa paytaxtlarında oturub ABŞ-la müharibə həddinə çatmış İranın Azərbaycandakı uzantılarının müdafiəsini niyə təşkil edir?


Qarışıq və müəmmalı görünən prosesi anlamaq üçün Azərbaycanın adının İsrail və İran arasındakı “dron müharibəsi”ndə hallandırılmasını yada salmalıyıq.

Ötən ay İranın İraqda əsas silahlı qruplaşması olan “Həşdi əş Şəəbi”nin hədəfləri bombalandı. Qruplaşma sədrinin müavini Əbu Mehdi Əl-Mühəndis “Həşdi əş Şəəbi”ni bombalayan dronların İsrailə məxsus olduğunu və Azərbaycandan havaya qalxdığını iddia etdi. Bu iddia İran mediası, o cümlədən, Tehrana bağlı İraq nəşrləri tərəfindən tirajlandı. Ardınca Qərbdə erməni lobbisinin təsirində olan nəşrlər – misal üçün, “The Guardian” Mühəndisin açıqlamasını yaydı, daha sonra Ermənistan mediası “Guardian”ın xəbərini “fakt” kimi tirajladı. Hərçənd, “bombalandı” iddiasının “Həşdi əş Şəəbi” daxilindəki qarşıdurma və korrupsiya faktlarının gizlədilməsinə hesablandığına dair məlumatlar var. Lakin bu kampaniyada İran üzərindəki gərginliyin Azərbaycana transfer edilməsi məqsədi də aydın görünür.

Arif və Leyla Yunusun İrana bağlı dini ekstremistlərin adının salındığı “siyasi məhbus” siyahısı hazırlaması, Əli Kərimlinin eyni siyahını tirajlaması, DAS-ın “siyasi məhbus” tələbi ilə aksiya keçirməsi Azərbaycana qarşı “dron kampaniyası”nın davamıdır və Qərb paytaxtlarında əyləşənlərin, eləcə də bu paytaxtların təsirində olan daxili qüvvələrin terrorçuları “siyasi məhbus” elan etməsi nə qədər qəribə olsa da Qərb və İrandakı müəyyən qüvvələrin gizli əlaqələrinin təzahürü kimi görünür.

Bu gün ABŞ və İran arasında “əcəl zəngi” çalınsa da, 1979-cu ildə baş verən İslam İnqilabının elə Qərb qüvvələri tərəfindən həyata keçirildiyi, Tehranın dini rejiminin hələ də “gizli missiyaya” sadiq qaldığı haqda məlumatlar var.

ABŞ 1953-cü ildə İranın seçki yolu ilə seçilmiş ilk baş naziri olan Məhəmməd Mosaddıqı nefti milliləşdirdiyi üçün devirdi və Pəhləvilərin mütləq hakimiyyəti bərpa edildi. Bu çevriliş planını CİA agenti Kermit Ruzvelt (ABŞ-ın 26-cı prezidenti Teodor Ruzveltin nəvəsi) təşkil etmişdi və beləliklə, tarixə ilk “rəngli inqilab” olaraq düşdü. Şah rejimi Qərbin istəyinə uyğun hərəkət etsə də, 1970-ci illərdə vəziyyət dəyişdi. OPEC-in güclənməsi ilə İranın gəlirləri artdı və güclü ordu yaradan Pəhləvi hakimiyyəti regionda müstəqil oyunçu olmaq istiqamətində müəyyən addımlar atdı. Xüsusilə neft qiymətinin Qərbin maraqlarına uyğun müəyyənləşdirilməməsi şahı “dar ağacına” aparan səbəblərdən idi. Başqa bir səbəb isə onun ölkədə sosialyönümlü layihələri sürətləndirməsi və qonşuluqdakı sosializm SSRİ-nin İran üçün alternativ rolunun güclənməsi idi. İranda “rəngli inqilab” təcrübəsinə malik olan ABŞ bu dəfə tam fərqli yol seçdi: hakimiyyətə dini rejim gətirildi.

İmam Xomeyni, Allahın, yoxsa Qərbin göndərdiyi adam?: İranda 1979-cu il İslam İnqilabı ilə vaxtilə Şahın əleyhinə çıxdığı üçün sürgündə olan Ruhullah Xomeyni Fransadan Tehrana qayıtdı. Onun Avropa ölkəsindən İrana inqilab lideri olaraq dönüşü, ardınca Qərbə qarşı düşmən mövqe sərgiləməsi suallar yaradırdı. Hərçənd, dünyanın siyasi sistemində Xomeyninin hansısa məxfi razılaşmalar olmadan, özü də Avropa ölkəsindən İrana lider olaraq dönüşü mümkünsüz idi və burada onun Vaşinqtonla məxfi yazışmaları yada düşür. Konkret sənədlərə əsaslanan bu faktlar Xomeyninin hakimiyyətə gəlişində heç bir ilahi qüvvənin rol oynamadığını, əksinə, sonradan “Böyük şeytan” adlandıracağı Birləşmiş Ştatların əməyi aydın görünür. Tarix Ruhullah Xomeyninin “Allahın elçisi”, yaxud “Yer üzərindəki canişini” ideologiyasının sadəcə İranın insanları önündə diz çökdürmək üçün qurduğu təbliğat olduğunu sübut edir. Doğrudur, inqilabdan sonra İranın ABŞ-a qarşı sərt mövqeyi, xüsusilə amerikalı diplomatların girov alınması Vaşinqtonla Xomeyninin məxfi yazılaşmaları fonunda fikirləri qarışdırır. Bəzi ekspertlər hesab edirlər ki, inqilabdan sonra ABŞ-ın Yaxın Şərqdə atdığı bütün addımlar İranın yolunun açılması ilə nəticələnib və bu əslində məxfi razılaşmaların nəticəsidir, bəzilərinə görə isə, Xomeyni sadəcə olaraq amerikalıları inandırdı, sonra onlarla razılaşmanı pozdu. Həqiqət hələ də tam açılmayıb, lakin o həqiqətdir ki, İran inqilabı dövründə Qərb üçün SSRİ-nin sərhədləri dibində dünyəvi və getdikcə Moskvaya ilıq münasibət sərgiləyən Şah rejimindənsə, kommunizmin yayılmasının qarşısında sədd olacaq radikal dini rejim daha münasib idi. Xomeyninin hakimiyyətə gələndən sonra İranda, xüsusilə Cənubi Azərbaycanda sol hərəkatının məhv edilməsi də diqqəti bu ehtimal üzərinə çəkir.

İslam İnqilabının baş verməsi ilə Qərb istəyinə nail oldu. Şərqşünas Zərdüşt Əlizadə deyir ki, “İslam İnqilabından sonra dünya bazarında neftin qiyməti 7 dollara qədər düşmüşdü”. Bu, teoloji rejimlə Qərbin gizli razılaşmasının nəticəsi idi. Hərçənd, ABŞ diplomatlarının girov götürülməsi və məşhur İrangeyt əməliyyatı, eləcə də sonra baş verənlər gizli əlaqələrin bu gün mövcudluğuna dair şübhələrə yol açır. Buna paralel olaraq, Azərbaycanda dini ekstremistlərin “vicdan məhbusu” elan edilməsi və İrana bağlı qruplarla Qərbə bağlı qrupların ortaq hərəkəti belə şübhələrə kontr-cavabdır.

Qərb İslam İnqilabından sonra İranda etdiyi səhvləri Azərbaycanda təkrarlamaq istəmir?

Proseslərin inkişafı bu sualı önə çıxarır və Azərbaycanda siyasi İslamın tədqiqat mövzusu olmağa başladığı illərdən etibarən hadisələrin inkişafına diqqət çəkir.

Azərbaycanda İslamın siyasiləşməsi mövzusunu araşdıran ilk müəlliflərdən biri Arif Yunus olub. 2004-cü ildə nəşr etdirdiyi “Azərbaycanda İslam” adlı kitabında özünün yazdığı ön sözdə qeyd edir ki, tədqiqatlar Leyla Yunusun direktoru olduğu Sülh və Demokratiya İnstitutu (SDİ) tərəfindən aparılıb və 2002-ci ildə Almaniyanın Fridrix Ebert Fondu bu layihəni maliyyələşdirib. Tədqiqatların nəticəsi haqda 2003-ü ildə ictimaiyyətə məlumat verilib, 2004-cü ildə isə “Azərbaycanda İslam” kitabı dərc olunub. Kitabın nəşrini də Fridrix Ebert Fondu maliyyələşdirib.

Kitabın nəşr olunduğu tarixdən bir il sonra – 2005-ci ildə AXCP dinin siyasiləşməsi istiqamətində ciddi fəaliyyətə başladı. Diqqətçəkən detal odur ki, Azərbaycanda siyasi islamın araşdırılması layihələrini maliyyələşdirən Fridrix Ebert Fondu ölkəmizdəki fəaliyyəti boyunca əsasən AXCP-yə yaxın təşkilatlara maliyyə yardımı edib. Fondun Azərbaycan nümayəndəliyinin rəhbəri olmuş Rəşad Hüseynli AXCP-nin keçmiş üzvü olub və sonradan o, Əli Kərimli və Mehman Əliyevin dəstəyi ilə Soros Fondunun idarə heyətinin üzvü seçilib.

Görünür, Azərbaycanda İslamın tədqiqinin maliyyələşdirilməsi Fridrix Ebert Fondu tərəfindən həyata keçirilirmiş və AXCP-nin 2005-ci ildə inanclı kəsim üzərində siyasi təsir rıçaqlarını genişləndirmək istiqamətində apardığı fəaliyyət də ümumi xəttin davamı olub. Avropada ultra-liberalizmi dəstəkləyən cəbhəçilər həmin illərdə sosial şəbəkələrdə sözün həqiqi mənasında şəbih çıxarırdılar. 2013-cü ildə Milli Şura təsis edilərkən isə Azərbaycan İslam Partiyasının şuraya transferinə cəhd edildi, bununla yanaşı, Nardaran hadisələrinin təşkilatçısı olan “Müsəlman hərəkatı birliyi”nin rəhbəri Tale Bağırzadə şuraya üzv seçildi. 2015-ci ildə Nardaran hadisələrində “Müsəlman hərəkatı birliyi”nə ən çox dəstək verən siyasi təşkilat da AXCP idi. Əli Kərimlinin müavini Fuad Qəhrəmanlı dövlətə qarşı açıq terrora çağırış etdiyi üçün hətta həbs olundu. 2018-ci ildə Gəncədə eyni prosesin davamı olaraq törədilən terror aktında ekstremistləri müdafiə edən yenə Əli Kərimli oldu. Və bu gün də eyni xətti israrla davam etdirən AXCP sədri ekstremistləri “siyasi məhbus” adlandırır. Görünür, Milli Şura Qərbin Azərbaycanda siyasi İslamı nəzarətdə saxlamaq missiyasını həyata keçirir. Bu, ABŞ-ın Beynəlxalq Din Azadlıqları Komissiyasının (USCIRF) özünün sayca 20-ci illik hesabatında Azərbaycanda “şəriət rejimi” qurmaq istəyən “Hizbullah” ideologiyasının daşıyıcılarını “vicdan məhbusu” adlandırmasının məntiqi davamıdır.

Bütün bunlar osminoqu xatırladan anti-Azərbaycan şəbəkəsinin “ecazkar başını” və uzun qollarını ortaya çıxarır.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm