"Azərkosmos"un ölkəmizə qazandırdığı NÖVBƏTİ UĞUR - 6 mindən çox nümayəndə Bakıya axın edəcək
Bizi izləyin

Nida Təhlil

"Azərkosmos"un ölkəmizə qazandırdığı NÖVBƏTİ UĞUR - 6 mindən çox nümayəndə Bakıya axın edəcək

“Bakı şəhərinin 2022-ci ildə keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququnu qazanmasında Cənubi Qafqazda ilk peyk operatoru olan “Azərkosmos”un böyük əməyi var”.

Bu sözləri Publika.az-a açıqlamasında Bakı Ali Neft Məktəbinin Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi ixtisasının magistrantı, Vaşinqtonda keçirilən Beynəlxalq Astronavtika Konqresinin iştirakçısı Ramil Şükürov deyib.

R.Şükürov bildirib ki, bu konqresin iştirakçısı olduğu üçün çox sevinclidir: “Konqresdə mənimlə yanaşı, dünyanın bir çox universitetlərindən tələbələr qatılmışdı. Konqres boyunca kosmosun gələcəyi ilə bağlı keçirilən müxtəlif texniki sessiyalara qatıldım. Bu konqres biz tələbələrə kosmosun gələcəyi haqqında dəyərli məlumat əldə etmək və kosmos sahəsinə aid çoxlu sayda startaplarla tanış olmaq imkanı verdi.

70-ci Beynəlxalq Astronavtika Konqresinin Vaşinqton şəhərində keçirilməsi əslində heç də təsadüfi hal deyildi. Bu konqres Aya enişin 50-ci il dönümünə həsr olunduğu üçün məhz ABŞ–ın paytaxt şəhərində keçirildi. Tarixə bir qədər nəzər salsaq, görərik ki, düz 46 il bundan əvvəl - 1973-cü il oktyabr ayında keçmiş Sovet İttifaqında yalnız bir dəfə məhz Bakı şəhərində keçirilib. Bu da öz növbəsində Azərbaycan dövlətinin kosmonavtika tarixinin təməlini qoyub. Nəticə etibarilə, növbəti ildə təbii ehtiyatların tədqiqi üzrə kosmik texnologiyaların koməyi ilə elmi mərkəz yaradılıb və kosmik tədqiqatların aparılmasına start verilib. Həmin illərdə tədbirdə dünyanın 17 ölkəsindən 1500-dən çox nümayəndə heyəti iştirak edib. Hazırda isə bu konqres kosmos ictimaiyyətinin 6000-dən çox nümayəndə heyətini bir araya toplamağa nail olub. Bu il Bakı şəhəri hər il keçirilən Beynəlxalq Konqresə ev sahibliyi etmək üçün öz namizədliyini irəli sürüb. Bakı şəhəri ilə yanaşı, namizəd şəhərlər arasında Rio-de-Janeyro, Sinqapur və Nyu Delhi də var idi. Tədbirin sonunda Bakı şəhərinin 2022-ci ildə keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququnu qazanmasında Cənubi Qafqazda ilk peyk operatoru olan “Azərkosmos”un böyük əməyi var. Bu konqres Azərbaycanın turizm sektoruna öz müsbət təsirini göstərməklə yanaşı, ölkəmizin adət ənənələrini, tarixini və həqiqətlərini dünyaya bir daha nümayiş etdirməyə imkan yaradacaq. Müsbət təsirlərə turizm sektoru ilə birlikdə kosmik sahənin sürətli inkişafı və bu sahədə əlaqələrin genişləndirilməsi faktorunu da əlavə etmək olar.

Kosmik texnologiyalar Yer planetindəki həyatımızı daha da yaxşılaşdırmağa, ekoloji problemləri həll etməyə kömək edir. Tələbə olaraq iştirakçısı olduğum bu konqresdə kosmosa aid öyrəndiyim biliklər sayəsində mən də ölkəmizdə kosmik sahənin inkişafına öz töhfəmi vermək istərdim”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm