Nida Təhlil
“Siyasi mühacir” biznesində yeni faktlar: Müsavat alman polisinə qarşı - FOTOLAR
Müsavat Partiyası Almaniya federal polisinin “siyasi mühacir” alverçilərinə qarşı keçirdiyi genişmiqyaslı əməliyyat nəticəsində “müsavatçıların” həbs olunmasını təkzib etməyə çalışır.
Partiya başqanı Arif Hacılı məsələ ilə bağlı heç bir rəsmi açıqlama verməyib. Onun əvəzinə başqanın qardaşı, partiyanın mətbuat və informasiya departameninin rəhbəri Mustafa Hacıbəyli və müavini Səxavət Soltan danışır.
M.Hacıbəyli alman polisinin cəmi iki azərbaycanlını saxladığını, Müsavat üzvlərinin adlarının siyahıda olmadığını yazıb.
Səxavət Soltanlı isə “Qanunsuz əməllərdə iştirakı sübut olunmuş heç bir şəxs bizimlə ola bilməz” açıqlamasını verdi.
Almaniya federal polisinin həbs etdiyi şəxslər bunlardır:
- Əlövsət Əliyev - “Legat” İnteqrasiya Mərkəzinin sədri;
- İlham Həsən - Müsavat Partiyasının üzvü, Müsavat Avropa Koordinasiya Mərkəzinin (AKM) sədri;
- Mehdi Xəlilbəyli - Müsavat partiyasının üzvü, Müsavat AKM sədr müavini;
- Abdin Cavadov - Müsavat AKM-in üzvü, Mehdi Xəlilbəylinin qohumu;
- Rəşad Məmmədov - Almaniyanın Koblenz şəhərinə yaxın olan Neuwied adlı şəhərdə yaşayır, Mehdi Xəlilbəylinin sürücüsüdür;
- Elçin Əkbərov - Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrində rəis işləyib.
- Elşən Abdullayev - Almaniyada “siyasi mühacir” adı ilə yaşayır;
Bu siyahını Almaniyada yaşayan “Meydan Tv”-nin rəhbəri Həbib Müntəzir paylaşıb.
Siyahıda adı keçən dörd nəfər – İlham Həsən, Mehdi Xəlilbəyli, Abdin Cavadov, Rəşad Məmmədov – müsavatçıdır.
İsa Qəmbər "siyasi mühacir" şəbəkəsinin üzvləri ilə
Lakin Müsavat funksionerləri – Mustafa Hacıbəyli və Səxavət Soltan bunu təkzib etməyə çalışır.
S.Soltan iddia edir ki, bu fırıldaqçı qruplaşmanın Müsavatla heç bir əlaqəsi yoxdur. Hərçənd, adıçəkilən müsavatçılar Avropada Müsavat partiyasının təmsilçiləri kimi çıxış edir və partiya rəhbərliyinin – İsa Qəmbər və Arif Hacılı - Avropa səfərlərində onları müşahidə edirlər.
M.Hacıbəyli isə İlham Həsənin videogörüntülərini yayaraq, həbs olunmadığını, “işdən qayıdaraq, evdə dincəldiyini” yazıb.
Onların əsas mübahisəsi isə Həbib Müntəzirin yaydığı siyahı ilə bağlı olub.
Səxavət Soltan Həbib Müntəzirin paylaşımına rəy bildirərək, M.Xəlilbəylinin uzun zamandır Avropa Koordinasiya Mərkəzində olmadığını yazıb.
H.Müntəzir isə cavabında qeyd edib ki, “Mehdi bəyi nə tez verdiniz qırğına?”.
S.Soltan israrla dediyinin üzərində dayanıb və H.Müntəzirdən tələb edir ki, İlham Həsənin həbsi ilə bağlı yaydığı məlumatı təkzib etsin.
H.Müntəzir əlində rəsmi sənədlərin olduğunu və həmin adamların adlarının istintaqda olduğunu bildirib.
“Koblenz məhkəməsinin qərarında İlham Həsənin adı “müqəssir” qismində gedir. İstintaq davam edir. Saxlanılması dəqiqdir. Sonradan buraxılması xəbərin yalan olduğu mənasına gəlmir. Ayıbdır media olaraq, yalan tirajlamayın”, - H.Müntəzir bildirib.
Məsələyə qarşan Mustafa Hacıbəyli İlham Həsənin özü və qardaşının danışdığını, məlumatın yalan olduğunu qeyd edib.
H.Müntəzir alman dilində olan və məhkəmə sənədi olduğu deyilən sənəd paylaşıb. Sənədin üzərində bəzi yerlərin qırmızı rənglə örtülməsi Müsavatın “bu saxta sənəddir” deməsinə səbəb olub.
Lakin sosial şəbəkə istifadəçiləri alman dilində olan həmin sənəddə təkcə Müsavat AKM-nin sədr müavini olan Mehdi Xəlilbəylinin “siyasi mühacir” alverindən 300.000 avro pul qazandığı faktının yer aldığını qeyd ediblər.
Almaniyada yaşayan jurnalist Yafəz Əkrəmoğlu isə alman polisinin əldə etdiyi bir sıra informasiyanı sosial şəbəkədə paylaşıb.
Həmin informasiyaları təqdim edirik: “Evlərdə və ofislərdə axtarış Koblenç prokurorluğunun sanksiyası əsasında həyata keçirilib. Sanksiyada insan alveri ilə bağlı açılmış bir cinayət işində təsdiqləndirilən Azərbaycan vətəndaşlarının soyadları göstərilir. Bunlar Xəlilbəyli, Həsən Cavadov və başqalarıdır”.
Cinayət işinə əsaslanmış sanksiyadakı məlumatların qısaldılmış forması isə belədir: “Azərbaycan vətəndaşı, təsdiqləndirilən şəxs Xəlilbəyli ən azı 2015-ci ildən bəri pul müqabilində, saxta sənədlərlə Azərbaycandan Almaniyaya qaçaq adamlar daşıyıb. Onların indiyə qədər məlum olan sayı 60 nəfərdir. Xəlilbəyli minlərlə avro qarşılığında onlara saxta siyasi mühacir sənədləri də verib. Guya həmin şəxslər siyasi səbəblərdən Azərbaycanda təqib olunurmuşlar. O gətirdiyi adamlara özünü Almaniyada sözükeçən biri kimi təqdim edib. Xəlilbəyli qaçaq yolla gətirdiyi adamlara mühacir işi ilə bağlı necə davranmaları haqda təlimatlar verib. Bundan əlavə o, qurbanlarının əlindən həqiqi sənədlərini alıb. O, həmin şəxslərin guya Azərbaycanda siyasi səbəbdən izlənilmələri ilə bağlı saxta sənədləri təqsirləndirilən şəxs Həsən və təqsirləndirilən Cavadovun vasitəsilə əldə edib. İndiyə kimi ən azı 50 belə iş görülüb və bu yolla 300.000 avrodan çox pul əldə olunub. Təqsirləndirilən şəxs Həsən ən azı 7 dəfə dolu paketlə Xəlilbəyliyə saxta sənədlər göndərib”.
Sənəddən də göründüyü kimi, Müsavat AKM-nin rəhbərliyi qızğın “siyasi mühacir” alveri aparırmış. Bütün bu qanunsuz fəaliyyətdən Müsavat rəhbərliyinin də məlumatı olub. Hətta 2015-ci ildən başlayaraq, partiya rəhbərliyi – Arif Hacılı, Gülağa Aslanlı və digərlərinin adı hallanır – pul müqabilində Müsavatın vəsiqələrini satırmışlar.
Partiya üzvü Yadigar Sadıqlı deyir ki, Arif Hacılının komandası tərəfindən ona qarşı hücumlar məhz bu “siyasi alverə” etiraz etdiyi üçün başlayıb.
Y.Əkrəmoğlu isə qeyd edir ki, hələ iki il öncə baş verənlərlə bağlı Müsavat rəhbərliyinə, faktlar və sənədlər təqdim edib.
“Partiyadakı vicdanlı insanlar dərhal buna reaksiya verdilər, Arif Hacılı və ətrafından hesabat tələb olundu. Təbii ki, üzərimizə gəldilər. O vaxt partiya qərargahının “ali kabineti”ndə məsələdən çıxış yolu kimi bizlərin “hökumətin adamı” elan olunmağımız görüldü. Partiya üzvlərinə deyəcək söz, veriləcək cavab yox idi. Ən gözəl çıxış yolu həqiqəti deyənləri damğalamaq idi. O vaxt biz Müsavatda arayış məsələsi ilə bağlı istər qapalı qrupda, istərsə açıq yazanda Arif Hacılının trolları statusların altında İsa Qəmbərin daxili rəqiblərinə hesablanmış məşhur sitatını paylaşırdılar: “İstənilən halda mübarizə Müsavatla hakimiyyət arasında gedir”. İndi sitatı dəyişmənin zamanıdır. Şərləyin alman polisini də, deyin ki, İlham Əliyevə işləyirlər...”, - o bildirib.
Müsavat rəhbərliyi isə hələ də susur, funksionerlərin əlindən həbs olunanların onlarla əlaqəsinin olmadığını iddia etmək gəlir. Lakin bu həbslər və baş verənlər “demokratiya”, “ siyasi mübarizə” adı altında gizlədilən çirkli oyunları ortaya çıxarmağa davam edəcək.
Asif Nərimanlı
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO