Nida Təhlil
Tarixin rüsvayçı səhifələri: “Qarpız” nazir, flüger, “sındırılmış adam” və qaranlıq günlər
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə çıxışı zamanı 1992-93-cü illərdə Azərbaycanı vətəndaş müharibəsinə sürükləyən və yenicə qazanılmış müstəqilliyi uçuruma aparan AXC-Müsavat hakimiyyəti dövrünün acınacaqlı mənzərəsini ifşa etdi.
“Baxın, bizi kimlər idarə edirdi. İndi bu tarix yaddan çıxır, amma çıxmamalıdır. Baxın, Azərbaycan xalqı hansı rəzil dövrdə yaşayırdı. Baxın, kimlər idi. Mən bir daha deməliyəm ki, yaddan çıxmasın, gənclər də bilsin. Prezident elmi işçi, zəif, iradəsiz bir adam idi. Heç vaxt heç bir idarəyə rəhbərlik etməmişdi. Hətta kiçik bir idarənin rəhbəri olmamışdı. Sadəcə, küçələrdə, orada-burada çığırıb bağırmaqla gəldi prezident oldu və ölkəni rüsvay elədi. Görün, hansı kadrlar seçildi. İndi bunu təsəvvür etmək çətindir ki, - bağışlayın sözümə görə, - belə yaramaz adamlar Azərbaycana rəhbərlik edirdi”, - dövlət başçısı vurğulayıb və AXC-Müsavat hakimiyyətində Azərbaycanı idarə edənlərin, daha doğrusu, ölkəni acınacaqlı vəziyyətə salanların kimliyinə diqqət çəkib.
Onlar kimlər idi, AXC-Müsavat hakimiyyətində ölkə niyə dağılmaq həddinə çatdı və prezident Əbülfəz Elçibəyin kabinetində təmsil olunanların tutduqları postlara adekvatlılığı hansı səviyyədə idi?
Prezidentin çıxışı bu sualları yenidən aktuallaşdırdı. Həm də dövlət başçısının vurğuladığı kimi, o rüsvayçı dövrün təkrarlanmaması üçün tariximizin ən rüsvayçı səhifələrini vərəqləmək zərurəti qaçılmazdır.
Prezident Əbülfəz Elçibəy: “Xalq deyirdi ki, kaş canımız qurtaraydı bu Xalq Cəbhəsinin əlindən”. Onun bu sözləri əslində həmin dövrün real mənzərəsinin etirafıdır. Xalq hərəkatının nəticəsi olaraq ölkənin ən ali postuna gələn Elçibəy ona qədər heç bir müəssisəyə rəhbərlik etməmiş, heç bir vəzifə tutmamışdı. 1976-cı ilin dekabrından 1992-ci ilə - prezident olduğu dövrə qədər Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda əvvəlcə kiçik elmi işçi, sonra böyük elmi işçi, şöbə müdiri, nəhayət aparıcı elmi işçi olub. Elmi işçinin bir anın içində ölkəni idarə edən ali vəzifəyə yüksəlməsi tezliklə acı nəticələrini göstərdi və onun zəifliyi, iradəsizliyi belə nəticələrin ortaya çıxmasında başlıca səbəb idi. Elçibəyin 1993-cü il mayın 25-də Prezident Aparatında hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə məmurlara ünvanladığı “Rüşvət alanda milyonlarla dollar alırsınız, alırsan, heç olmasa 100 minlərlə al...Yarım milyonunu alırsan, sonra da deyirsən ki, təqsiri yoxdur, buraxırsan, çıxır gedir” sözləri AXC-Müsavat hakimiyyətinin korrupsiya bataqlığına batmasının sübutu olmaqla yanaşı, həm də onun bir prezident kimi zəifliyinin nümayişi idi. Məhz zəif prezidentdən istifadə edən nazirlər, məmurlar ölkəni çapıb-talamaqla məşğul idilər.
Baş nazir – “aldım qoz, satdım qoz”: Bu postu tutan Pənah Hüseynin bütün iqtisadi fəaliyyətini məhz bu ifadə ilə müqayisə etmək olar. Ölkənin Baş naziri postuna qədər P.Hüseynin ən böyük uğuru elmi işçi olması idi, hərçənd, heç bir dissertasiya müdafiə edə bilməyən elmi işçi. Onun əsas işi isə hər mövsümdə qarpız alveri ilə məşğul olmaq idi, elə buna görə ölkənin baş naziri adı və tutduğu postdan daha çox “Qarpız” ləqəbi ilə tanınırdı. Ən yaddaqalan işi “otkat” sözünü lüğətimizə daxil etmək və tramvay xətlərinə qədər “dişə dəyən” bütün metalları sökdürərək, İranla biznes işinə girişmək oldu.
Parlamentin sədri: Düz 11 il aspiranturada təhsil alan, bir dissertasiyanı belə müdafiə edən bilməyən İsa Qəmbər qanunverici orqanın rəhbəri oldu. Onun üçün bu göydən düşmə idi. O dövrü xatırlayanlar, yaxud kadrlarda görənlər bilirlər ki, parlament həmin vaxt sözün əsl mənasında teatra bənzəyirdi. Ağız deyəni qulaq eşitmir, bir o birinə hücum edir, o biri digərinə yumruq sallayır, başqa birisi... Yüksək kürsüsündə əyləşdiyi zalda adi sakitliyi belə bərpa edə bilməyən şəxs ölkənin idarəçiliyində necə təmsil oluna bilərdi.
Dövlət katibi, yaxud flüger: Bu gün Xalq Cəbhəsinə rəhbərlik etməyə çalışan Əli Kərimli AXC-Müsavat hakimiyyətində dövlət katibi kimi mühüm postda təmsil olunurdu. Onun tərcümeyi-halı qara ləkələrlə doludur: öz hərəkat yoldaşlarını “KQB”-yə satdı; Elçibəyi Mütəllibov hakimiyyətinə satdı; dövlət katibi olanda AXC-də “Yurd” təşkilatı yaradaraq, “liderim” dediyi adama qarşı kampaniyaya başladı; Əbülfəz Elçibəyin milli xətt siyasətini qonşu ölkələrin xüsusi xidmət orqanlarına satdı; müxalifətə keçəndən sonra yol yoldaşlarını biznes maraqlarına dəyişdi; AXC-nin rəhbəri Elçibəy Kələkidə olarkən onun əleyhinə ən ağır təhir kampaniyaları apardı; Və ölümü dörd gözlə gözləyirdi.
Elçibəyin xəstə yatağında olduğu vaxtlar “onun qadınla münasibətdə olduğu üçün prostat xərçənginə yoluxduğu” iddiasını da Kərimlinin mirzələri ortaya atmışdı. Və bu qəbildən olan təhqiramiz iddiaların sayı-hesabı yox idi.
Elçibəyin mətbuat xidmətinin rəhbəri Ədalət Tahirzadə danışır ki, “Elçibəy dünyasını dəyişdiyi günə qədər onu təhqir edənlər məhz “Yurd”un təsir dairəsində olan qəzetlər idi. Ən ağrılı nöqtələrinə məhz “Yurd”un təsir dairəsindəki qəzetlər sancırdılar”.
“Yurd”un fəallarından olmuş Mahir Səmədov isə qeyd edir ki, “Əli Kərimli Elçibəyin başının altına yastıq, ayağının altına qumbara qoyanlardandır… Onun dəstəsi Elçibəyin ünvanına müxtəlif imzalarla 100-lərlə məqalələr yazdırıb”.
Bunlar tarixi faktlardır və tarix Elçibəy dünyasını dəyişəndə Əli Kərimlinin “qol götürüb oynadığını” da unutmayıb. Onun məqsədi əvvəldən partiyanı ələ keçirmək idi. Belə ki, AXC hakimiyyətdən gedəndən sonra Ə.Kərimli partiyanı ələ keçirmək üçün “yurdçu” fəaliyyətini genişləndirdi. Elçibəy Kələkidə olarkən o, bir tərəfdən AXC sədrinə qarşı sifarişli yazılar yazdırır, digər tərəfdən, sədrinin birinci müavini olaraq “de-fakto” partiyaya rəhbərlik edirdi. Elçibəy Bakıya qayıdandan və AXC-yə real sədrliyə başlayandan sonra Kərimlinin planları təxirə salındı. Lakin o, bütün cəhdlərlə müxalifətdaxili birləşməni pozur və “liderlik” ehtiraslarını asudə yaşamaq üçün Elçibəyin ölümünü gözləyirdi. Elçibəyin vəfatı flügerin yolunu açdı.
Prezident İlham Əliyevin bu sözləri tarixi faktlardır: “Əbülfəz Elçibəy xəstələnəndə ən çox sevinən elə o idi. Mən bunu dəqiq bilirəm, bu məlumat var. Sevinirdi ki, xəstələnib öləcəkdir, bu da keçəcəkdir onun yerinə”.
Dövlət başçısı son hadisələrə də işarə edərək, qeyd edir ki, “İndi son hadisələr də göstərdi ki, o, hansı hünərə sahibdir. Yəni, bu isterika, bu paranoya, bu qorxaqlıq, - özünü lider sayan hansı adam özünə rəva bilər ki, bunu nümayiş etdirsin və ondan sonra bütün millətə bəyan etsin ki, mənə qarşı zor tətbiq ediblər. Bu, yalandır. Özünə hörmət edən, ləyaqəti üstün tutan hansı adam belə söz deyər. Bax, bu adam prezidentlik iddiasında olub və bu gün vaxtilə xalq hərəkatı tərəfindən yaradılmış Xalq Cəbhəsinə rəhbərlik etməyə çalışır”.
Cəmiyyət Əli Kərimlinin 19 oktyabrda çıxardığı şəbihi və başı sarğılı gəzməsini unutmayıb. Heç kim onun bu “hünəri”nin məqsədini də unutmayıb. Onu da unutmamışıq ki, “Şuşa getsə, başıma güllə çaxacam” deyənlər bu ölkənin 20 faiz torpağının düşmən tapdağında qalmasının brinci baiskarlarıdır.
Müdafiə naziri – güllənin hələ də axtardığı baş: ixtisasca riyaziyyat müəllimi olan Rəhim Qazıyev kimi bir adamın müharibənin getdiyi bir vaxtda orduya rəhbərlik etməsi torpaqlarımızın işğalı ilə nəticələndi. “Şuşa getsə, başıma güllə vuracam” deyən müdafiə naziri ilk güllə atılanda Şuşadan qaçdı. O, bu sözləri dediyi mitinqdə yanında dayanmış prezident Elçibəyi “hakimiyyəti götürməklə” hədələyirdi. Şuşa getdi, Rəhim Qazıyev isə sanki belə bir söz deməmiş kimi hələ də xalqa “gələcək vədlər” verməklə məşğuldur. Cəbhədə müharibə gedəndə onun rəhbərlik etdiyi orduda müxtəlif nazirlərin silahlı dəstələri Bakıda vəzifə davasında iştirak edirdi. Müdafiə naziri isə yığdığı pulları Moskvaya daşıyırdı. Dövlətə xəyanətinə görə həbs olundu, 2004-cü ildə Prezident İlham Əliyev humanistlik nümayiş etdirərək, onu əfv etdi. Amma hələ də “o küçə sənin, bu küçə mənim” deyib, özünü “qəhrəman” kimi sırımağa cəhd edir. Şuşanın işğalından sonra qaçdığı güllə hələ də onun başını axtarır. Daxili işlər naziri olmuş İsgəndər Həmidov da Rəhim Qazıyev kimi keçmişinin yadan çıxdığını hesab edir, lakin tarix heç nəyi unutmur.
“Ondan sonra Daxili işlər naziri, nə ilə seçilirdi? Vəzifə sahibi kimi gedib canlı efirdə jurnalisti döymüşdü. Sən bir adi adam kimi əgər kiməsə qarşı nəsə eləsəydin, tutaq ki, sənə toxunublar, mən deyərdim ki, ola bilər, ləyaqətinə toxunub, emosiyalarını cilovlaya bilmir. Vəzifə sahibi ola-ola mühafizəçilərlə gəlib, jurnalisti döyüb və bununla da fərəhlənirdi. Sən gedib doğma rayonunu müdafiə edərdin. Doğulduğun Kəlbəcər əldən gedəndə, işğal altına düşəndə sən nazir idin. Qaçmısan, siçan kimi gizlənməyə deşik axtarmısan. O vaxt Naxçıvana desant göndərirdi və demişdi ki, Heydər Əliyevin başına güllə vuracağam. Naxçıvanlılar ona elə cavab verdilər ki, qorxusundan bilmirdi hara getsin. Oraya desant da getmədi. Ümumiyyətlə, o vaxt orada çevriliş cəhdi olmuşdu. İndi yenə meydanda sülənir, elə bilir ki, hamının yadından çıxıb”.
Prezident İlham Əliyevin bu sözləri tarixin unutmadıqlarını yenidən yada salır.
Daxili işlər naziri: 1992-ci ilin mayın 16-dan 1993-cü ilin 16 aprel tarixinə qədər bu postu tutan İsgəndər Həmidovun törətdikləri həmin vaxt onunla eyni hökumətdə təmsil olunanların dilindən dəfələrlə səsləndirilib. Həmidov - “Sındırılmış adam”: Qadınların boyunbağısına, sırğasına qədər zorla alıb; DİN-nin kollegiyasında nazirlik əməkdaşına butulka atıb; Kənd Təsərrüfatı Nazirliyinin ünvanına göndərilmiş 260 ədəd “Jiquli” markalı avtomaşını mənimsəyib; Həmin dövrdə jurnalist işləyən Zərdüşt Əlizadəni maşının yük yerinə zorla salaraq həbs edib - Həmidov Z. Əlizadəyə qarşı etdiklərini xatırlayanda açıq şəkildə bildirir ki, “kaş onu döyməyəydim, öldürərdim!”; Qoçu dəstələri ilə paytax küçələrində at oynadan Həmidov Naxçıvana – Heydər Əliyevin üzərinə desant göndərirdi, ilk cavabda qaçıb gizləndi; 1993-cü ilin 17 iyulunda parlamentdə isə Heydər Əliyevin qarşısında “Heydər bəy, hamı mənə deyir ki, mən Sizin bacınız oğluyam. Elə Siz də olun mənim dayım” deyirdi; Onun canlı efirə hücum çəkərək, jurnalisti döyməsi isə məşhur hadisədir;
Baş prokuror – bir şillə ilə prezidentə qarşı çıxan adam: AXC-Müsavat hakimiyyəti dövründə baş prokuror olan İxtiyar Şirinin Gəncədə Sürət Hüseynov dəsətəsi tərəfindən girov götürüləndə baş verənlər də məşhur hadisədir. O dövrün şahidləri danışır ki, İ.Şirin Sürət Hüseynovun bir şilləsindən sonra prezident Əbülfəz Elçibəyin həbs əmrini vermişdi. Tarixin ironiyası budur. Bir başqa ironik hal isə heç bir xarici dil bilməyən xarici işlər nazirinin diplomatik fəaliyyətlə məşğul olması idi. Xarici işlər nazirinin ən böyük iş təcrübəsi Fizika İnstitutunun elmi işçisi olması idi, elə buna görə də “Çinə bayraq sancmaq” kimi qeyri-peşəkar diplomatiya Azərbaycanın xarici siyasətini alt-üst etmişdi.
Bu cür komandanın idarə etdiyi ölkədə baş verənlər o qədər də təəccüblü deyil. Dövlət əmlakının açıq-aşkar mənimsənilməsi, qeyri-qanuni yolla xaricə satılması, bir sözlə dövlət əmlakının talan edilməsi adi hala çevrilmişdi. Ölkədə özəlləşdirilmə prosesi getmədiyi halda 3 mindən çox xidməti maşını məmurlar şəxsi istifadə üçün mənimsəmişdilər. Ehtiyat mənzil fondu AXC hakimiyyətinin ilk aylarında satılıb mənimsənilmiş, bir çox hallarda yeni “bəylər” tərəfindən məşuqələrinə ərməğan edilmişdi. Heç bir hüquqi əsası olmadan yaradılmış “ekologiya polisi”, “bələdiyyə polisi” kimi qeyri-qanuni qurumlar faktiki olaraq daxili işlər nazirinin varlanması naminə dövlət səviyyəsində “reket” fəaliyyətlə məşğul idilər. Kriminal düşüncəli adamlar dövlət başına vəzifəyə gətirildi, ölkədə mənəviyyatsızlıq hökm sürürdü. AXC üzvləri bir-birinə qarşı mübarizə aparır, siyasi kulislərdə əsl müharibə gedirdi. Hakimiyyət daxilində Müsavat, Yurd, “Boz qurd”, “boz pencəklilər” və s. kiçik qruplaşmalar yaranmışdı. Bu qruplar arasında birincilik mübarizə gedirdi. Daxili işlər naziri və parlament sədri prezidentlik iddialarını açıq şəkildə dilə gətirir, nəzarətlərində olan media quruluşlarında prezident əleyhinə sərt kampaniya aparırdılar. Dövlət postunu tutan Əli Kərimlinin nəzarətində olan media qurumları baş nazir və spikeri ələ salırdı, prezidentin özünə yaxın AXC İcraiyyə Komitəsi rəsmi bəyanatla nazirləri, parlament sədrini dövlətə və ya hakimiyyətə xəyanətdə ittiham edirdi. Prezident ölkədə real vəziyyətdən, cəbhədəki durumdan bixəbər idi. Ali Baş komandan olduğunu unutmuş bu şəxs nazirlərin fəaliyyətinə nəzarət etməyi lazım bilmirdi. Belə daxili didişmələr eyni zamanda, xalq tərəfindən onlara olan inamsızlıq nəticəsində cəmi 1 il hakimiyyətdə qala bildilər. Lakin bu dövr Azərbaycanlın yeni tarixinin ən faciəli dövrü idi və nəticədə ölkədə anarxiya, xaos, özbaşınalığın tüğyan etməsi, iqtisadiyyatın çökməsi, əhalinin sosial durumunun son dərəcə ağırlaşması, torpaqların işğalı ilə nəticələndi.
Məhz bu tarixin təkrarlanmaması üçün o dövrü unutmamaq zərurəti var. Prezidentin dediyi kimi: “Biz bu tarixi yaddan çıxarmamalıyıq və gənclər bu tarixi bilməlidirlər. Bugünkü reallıqları düzgün təhlil etmək, bu reallıqlara düzgün qiymət vermək üçün biz bu acı dövrü yaddan çıxarmamalıyıq. Elə etməliyik ki, gənclər də bunu bilsinlər, hesab etməsinlər ki, bugünkü inkişaf, bugünkü tərəqqi göydən düşüb. Bilsinlər ki, biz buna qanımız, canımız bahasına nail olmuşuq. Biz tariximizin ən rüsvayçı səhifələrini də vərəqləməliyik. Ona görə ki, o rüsvayçı dövr təkrarlanmasın”.
Asif Nərimanlı
-
MDB20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü