Bu dəmir yolu xətti region ölkələrinə iqtisadi dividendlər vəd edir - ŞƏRH
Bizi izləyin

Nida Təhlil

Bu dəmir yolu xətti region ölkələrinə iqtisadi dividendlər vəd edir - ŞƏRH

“10 noyabr 2020-ci il üçtərəfli razılaşmasına əsasən, Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirəcək bütün kommunikasiya xətləri, dəmir yolu və avtomobil yolları xətləri açılmalıdır. Bu, ilk növbədə Mincevan qəsəbəsindən Naxçıvanı birləşdirəcək Mehri koridoru üzərindən dəmir yoludur. Bu yol açılacağı təqdirdə Naxçıvan üzərindən Türkiyəyə dəmir yolu xətti çəkilir. Təməli qoyulan Horadiz-Zəngilan-Ağbənd dəmir yolu xətti təhlükəsizlik və iqtisadi baxımdan, eyni zamanda alternativ yolların olması və bu yolların şəbəkələnməsi çox böyük əhəmiyyət kəsb edir”.

Bu sözləri Publika.az-a açıqlamasında siyasi elmlər doktoru, professor Ramiz Sevdimalıyev deyib.

Professor bildirib ki, bu yolun açılması ilk növbədə Azərbaycan olmaqla həm Cənubi Qafqaz ölkələri üçün, həm də regionun böyük dövlətləri olan Türkiyə, Rusiya və İran üçün böyük iqtisadi dividendlər vəd edir: “Belə ki, Türkiyə Naxçıvan və Ermənistandan keçməklə Azərbaycan üzərindən Rusiyaya birləşə bilən dəmiryolu xətti əldə edir, Türkiyə ilə Rusiya arasında yük və sərnişin daşımaları həyata keçirilir. Bu, böyük üstünlükdür. Rusiya üçün əhəmiyyəti ondan ibarətdir ki, bu xətt açılacağı təqdirdə Rusiya quru yolu ilə Azərbaycan üzərindən Ermənistana çıxış əldə edir. Bu, müxtəlif çeşidli yükdaşımaları baxımından Rusiya üçün xüsusi əhəmiyyət kəsb edir. Bundan əlavə, Rusiyanın İran körfəzində bir çox limanları var və bu limanlarla yükdaşımaları İranın ərazisindən Naxçıvan vasitəsilə yenə də Azərbaycan üzərindən aparılır. Eyni zamanda Rusiya və İran vaxtilə Şimal-Cənub Nəqliyyat Dəhlizi layihəsinin təşəbbüskarı kimi çıxış ediblər. Azərbaycan və Ermənistan da bu layihəyə qoşulub. Faktiki olaraq bu layihə işə düşür və yükdaşımalar başlayır. Bunun Ermənistan üçün də böyük əhəmiyyəti var. Ermənistan blokada şəraitindədir və heç bir halda bu layihəyə qoşula bilməzdi. Amma Mehri dəhlizi vasitəsilə Naxçıvana çıxış əldə edəndən sonra Ermənistan özü də real olaraq Şimal-Cənub dəhlizinə qoşulur”.

R.Sevdimalıyev qeyd edib ki, İran da Naxçıvan üzərindən həmin dəmiryolu xəttinə qoşula bilər və bununla həm Rusiya və Azərbaycana xətt açılır, həm də Ermənistanla əlaqələrə çıxış yolu əldə edirlər: “İlk olaraq burada iqtisadi baxımdan bütün iştirakçı dövlətlər dividendlər əldə edirlər. İkincisi, təhlükəsizlik baxımından bu layihə reallaşdıqda, Cənubi Qafqaz regionunda 3+3 əməkdaşlıq platforması işə düşdükdə, bu, təhlükəsizlik baxımından böyük əhəmiyyət kəsb edən layihəyə çevrilir ki, bütün iştirakçı tərəflər regionun təhlükəsizliyinin təmin olunmasında maraqlı olacaqlar. Çünki öz iqtisadi dividendlərini qoruyub saxlaya biləcəklər. Yəni, çox böyük əhəmiyyətə malik nəticələr əldə etmək olar. Bütün bunlardan əlavə, Azərbaycan burada özünü həm etibarlı tərəfdaş kimi göstərəcək, həm də böyük bir nəqliyyat şəbəkəsinin habına çevrilmiş bir dövlətə çevriləcək. Bu nəqliyyat dəhlizi işə düşəcəyi təqdirdə, önəmli məsələlərdən biri də TRASEKA (Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi) xəttidir ki, bu, Şərq-Qərq üzərindən uzanan nəqliyyat dəhlizidir, burada da son dövrlər Çin dövləti “Bir kəmər, bir yol” layihəsini işə salıb. Bu layihə çərçivəsində Çinin layihəsinin reallaşması çox məqbul görünür və bu istiqamətdə maraqlar da böyükdür”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm