Nida Təhlil
Qazaxıstan alternativ nəql marşrutu axtarır
Qazaxlar heç vaxt təzyiq vasitəsi olmayan BTC-nin üzərində dayanır.
Azərbaycanın enerji təhlükəsizliyi ilə bağlı irəli sürdüyü təşəbbüslər və bu sahədə həyata keçirdiyi layihələr indi dünyada və regionda baş verən geosiyasi proseslər fonunda daha çox diqqəti cəlb etməyə başlayıb. Əsas maraqlı tərəf kimi Avropa İttifaqı çıxış edir və onun son illərdə artan fəallığının təməlində duran əsas amil Rusiyadan neft-qaz asılılığından xilas olmaqdır. Problemlə üzləşən yalnız Avropa ölkələri deyil, regionda enerji resurslarının böyük ixracatçısı kimi tanınan Mərkəzi Asiya ölkələri – Qazaxıstan və Türkmənistan da eyni aqibəti yaşayır. İxrac imkanlarının bir mənbədən asılı olması indi bu ölkələr üçün əsl başağrısına çevrilib. Rusiya-Ukrayna hərbi əməliyyatlarından sonra yaranan vəziyyət isə problemə həm rəsmi Nur-Sultan, həm də Aşqabad tərəfindən təcili və köklü müdaxiləni tələb edir.
Azərbaycanın ixrac marşrutları ilə bağlı problemi yoxdur. Hələ 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan (BTC), daha sonra Bakı-Tbilisi-Ərzurum, TANAP, TAP və Cənub Qaz Dəhlizi kimi mühüm neft-qaz kəmərlərini tikən Azərbaycan şaxələndirilmiş neft-qaz infrastrukturu yaradaraq qlobal enerji bazarının aparıcı qüvvəsinə çevrilib. Bu layihələr isə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına yönəlib. 2006-cı ildə Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində Anlaşma Memorandumu, 2011-ci ildə Cənub Qaz Dəhlizi ilə bağlı birgə bəyanat imzalanıb. Bununla da Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırıla bilən və çox etibarlı əməkdaşlıq mühiti yaranıb. Ötən ay isə Bakıda Prezident İlham Əliyevlə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin imzaladığı Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu son 15 ildə yaranan səmərəli enerji dialoqunun daha bir nümunəsi, eyni zamanda, Azərbaycan-Avropa İttifaqı əlaqələrinin strateji xarakterini müəyyən edən tarixi sənəddir.
Göründüyü kimi, Avropa İttifaqı bütün resurslarını işə salaraq üzv ölkələrin Rusiyanın siyasi və iqtisadi təhdidlərinə məruz qalmasına son qoymaq istəyir. Əgər işlər Avropa İttifaqının istədiyi kimi getsə Rusiyanın qazı regionda xarici siyasət alətinə çevirməsi planları da baş tutmayacaq. Bakıda imzalanan son enerji sazişinin əhəmiyyətini artıran mühüm amillərdən biri də gələcəkdə Mərkəzi Asiya Respublikalarının layihəyə qoşulmasında Avropa İttifaqının maraqlı olmasıdır. Çünki həmin ölkələr şaxələndirmə imkanlarından məhrumdur. Bu problemlə daha çox Türkmənistan və Qazaxıstan üzləşib. Onların neft-qazı ixrac edən infrastrukturu demək olar ki, yoxdur, olanlar da yalnız bir mənbədən asılıdır. Həmin mənbə isə onlara müstəqil şəkildə xarici bazarlara çıxmağa imkan vermir. İndi Rusiyanın enerji resurslarına alternativ marşrutlar axtaran Avropa İttifaqının diqqət mərkəzində daha çox Xəzər dənizinin nəql kəmərləridir. Bu mənada BTC Qazaxıstan və Türkmənistan neftinin Qərbə ixracında ən etibarlı marşrutdur.
Son vaxtlar Qazaxıstan tərəfindən BTC-yə maraq artıb. Baxmayaraq ki, Qazaxıstan 2008-ci ildən bu kəmərlə öz neftini daşıyır, lakin söhbət kiçik həcmdən gedir. Hazırda BTC ilə nəql olunan gündəlik 650 min barel neftin təxminən 120 min barelini Türkmənistan və Qazaxıstan nefti təşkil edir. 2006-cı ildə dövlət başçılarının Almatıda imzaladıqları anlaşma memorandumuna əsasən Qazaxıstan öz ərazisində Atıraudan Kurık terminalına qədər 700 kilometrlik magistral neft kəməri çəkməli, tankerlərlə Bakıya daşınan neft BTC ilə dünya bazarlarına çıxarılmalı idi. Lakin Qazaxıstan o vaxt artan neft gəlirləri müqabilində şaxələndirməyə o qədər də maraq göstərmədi və enerji məhsullarının əhəmiyyətli hissəsinin ixracını Rusiyadan asılı vəziyyətdə saxlamaqda davam etdi. İndi vəziyyət dəyişib. Dəyişən təkcə regional reallıqlar deyil, həm də Qazaxıstanın neft nəqlində alternativ marşrutları dəyərləndirməsi və daha çox BTC-nin üzərində dayanmasıdır.
Bir müddət əvvəl “Reuters” agentliyi adını açıqlamadığı mənbələrə istinadən sentyabr ayından Qazaxıstanın xam neftin bir hissəsini BTC ilə daşıyacağına dair xəbər vermişdi. Vəziyyəti bu həddə gətirən əsas səbəb isə ötən aylarda Qazaxıstan neftinin daşındığı marşrutun bağlanması və bundan sonra davamlı təhdidlərin meydana çıxmasıdır. Artıq 20 ildir ki, Qazaxıstan öz neftini CPC kəməri ilə Rusiyanın Novorossiysk limanına, oradan da dünya bazarına çıxır. Hələ ki, qazaxlar neftin BTC ilə daşınmasına dair konkret açıqlamalar verməyib. Görünür, onlar Rusiyanın iqtisadi-siyasi təzyiqləri fonunda BTC faktorunu gizlətməyə çalışırlar. Lakin Qazaxıstanın energetika naziri Bolat Akçulakov bir neçə ildən sonra alternativ neft kəmərləri axtaracaqlarını etiraf edir. Bunun da əsas səbəblərindən biri Qazaxıstanın neft hasilatını artırmaq planlarıdır. Hökumət iki ildən sonra hazırkı 85 milyon ton səviyyəsini 100 milyon tona çatdırmağı hədəfləyir. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “mən Bakıya xüsusi missiya ilə gəlmişəm” deyəndə çox güman ki, həm də bu məsələni nəzərdə tuturdu. Söhbət əlbəttə ki, şaxələndirilmiş neft-qaz marşrutlarına sahib olan Azərbaycanın imkanlarından yararlanmaqdan gedir ki, növbəti dövrdə iki ölkə arasında əməkdaşlığın yeni parametrlərini görmək mümkün olacaq.
Tərəflər həmçinin, ticarətin həcmini bir milyard dollara çatdırmaq haqqında da düşünürlər və ölkələrimiz arasında imzalanan 20-dən çox sənəd münasibətlərin geniş hüquqi bazasını yaratmaqla nəzərdə tutulan planlar üçün də yaxşı baza rolunu oynayacaq. Ümumiyyətlə, Qazaxıstan Prezidentinin Azərbaycana səfəri və səfər çərçivəsində aparılan danışıqlar ikitərəfli münasibətlərin strateji xarakter daşıdığını, müttəfiqlik əlaqələrinə əsaslandığını göstərdi. Bunun ən bariz nümunəsi dövlət başçılarının imzaladığı Azərbaycanla Qazaxıstan arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə idi ki, bu sənəd də əməkdaşlığın miqyası baxımından xüsusi əhəmiyyəti ilə seçilir.
Beləliklə, Avropanın enerji resurslarına olan tələbatının ödənilməsində əsas faktorlardan olan Azərbaycanın bu sahədəki tranzit imkanları getdikcə daha çox diqqəti cəlb edir. Çünki Azərbaycan hər zaman enerjiyə həm özünün, həm də tərəfdaşlarının milli təhlükəsizlik məsələsi kimi baxıb, onu heç vaxt təzyiq vasitəsinə çevirməyib. Tərəfdaşların maraqlarının qorunması isə qarşılıqlı etimad mühitinə əsaslanıb.
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar