Sosial ödənişlər niyə ARTIRILMIR? - Əsas SƏBƏBLƏR AÇIQLANDI
Bizi izləyin

Nida Təhlil

Sosial ödənişlər niyə ARTIRILMIR? - Əsas SƏBƏBLƏR AÇIQLANDI

Maliyyə Nazirliyinin 2023-cü ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında bir sıra zəruri məhsul və xidmətlərin qiymət artımının (inflyasiyanın) sosial təyinatlı tədbirlərə, büdcədən maliyyələşən və maliyyə yardımı alan təşkilatlara təsirinin qarşılanması nəzərdə tutulur.

Bu gün cəmiyyəti narahat edən məsələlərdən biri də, ölkədə qiymət artımının və inflyasiyanın yüksələn xətlə davam etməsidir. Bu məsələ təkcə əhalinin rifahına deyil, bir çox sahələrin inkişafına da mənfi təsir edir.

Bəs maddi yarımlar inflyasiyanın qarşılanmasında hansı rola malik olacaq?

Sualı cəvablandıran iqtisadçı-ekspert Natiq Cəfərli Publika.az-a açıqlamasında bildirdi ki, Maliyyə Nairliyinin bu planında inflyasiya ilə mübarizə ilə bağlı ümumi müddəalar yer alıb:

“Əgər sosial ödənişlərin artırılması ilə bağlı addımlar atılmasa, bu, inflyasiyanı sürətləndirən amillərdən birinə çevriləcək. Amma Maliyyə Nazirliyinin açıqladığı büdcə parametrlərində bu məsələnin həlli yolları göstərilməyib. Xərclər artdıqca, pul kütləsi də artır. Pul kütləsi artdıqca, inflyasiyanın, xüsusilə də ərzaq inflyasiyasının təzyiqləri çoxalır. Bunun qarşısını almaq üçün ölkədə mal və xidmətlərin bolluğu lazımdır. Bunun üçün yerli istehsal güclənməli, yeni istehsal sahələri yaradılmalı, idxala süni maneələr aradan qaldırılmalı və inhisarçılıqla mübarizə güclənməlidir. Hələlik bizdə bunların heç biri yoxdur. Bu səbəbdən sosial ödənişlər artdıqca, inflyasiya da yüksələcək. Bu vəziyyət neçə illərdir davam edir”.

Ekspertin fikrincə, sosial təminatın artırılması ilə yanaşı başqa addımlar da atılmalıdır:

“Maliyyə Nazirliyi və hökumət birlikdə sosial vəziyyətin yaxşılaşdırılması ilə bağlı müvafiq addımlar atmalı, sosial ödənişləri artırmalıdır. Ancaq bu sahəyə inflyasiya təzyiqini azaltmaq üçün vergilərin və gömrük rüsumlarının azaldılmasına ehtiyac var. Bununla bağlı hökumətə təkliflər vermişik, iki aydan çoxdur ki, müzakirələr aparılır. Əlavə Dəyər Vergisi (ƏDV) ərzaq məhsulları və dərman preparatlarında 18 faizdən 2 faizə qədər endirilməlidir. Əgər nəticə əldə edilərsə, bu, mal və məhsulların xeyli ucuzlaşmasına, əhalinin sosial təminatının yaxşılaşdırılmasına kömək edəcək. Bundan başqa, ölkədə istehsal olunmayan ərzaq məhsullarının və dərman preparatlarının gömrük rüsumları da sıfırlanmalıdır. Bunların inflyasiya ilə mübarizədə effekti tez əldə ediləcək”.

Bu mövzu ilə bağlı fikirlərini Publika.az-a açıqlayan digər iqtisadçı-ekspert Eyyub Kərimlinin sözlərinə görə, ölkədə inflyasiyanın cilovlanması dövlətimizin qarşısında duran prioritet məsələlərdəndir:

“Gələn il üçün inflaysiyanın 6-7 faiz həddinə salınması nəzərdə tutulub. Artıq ilkin addımlar atılır və ərzaq idxalından asılılığın azaldılması üçün müvafiq işlər görülür. Ölkədə kiçik və orta sahibkarlığın dəstəklənməsi, güzəştli kreditlərin verilməsi, vergi güzəştlərinin tətbiq olunması kimi islahatlar nəzərdə tutulub. Bu tədbirlər ölkədə inflyasiyanın azalmasında və bahalaşmanın qarşısının müəyyən qədər alınmasında böyük rol oynayacaq”.

Ölkədə sosial məsələlərin həllinə əlavə vəsaitlərin ayrılacağını söyləyən ekspert bildirdi ki, cari ildə əlavə 10 faizlik artım nəzərdə tutulub:

“Bu artım ilk növbədə əmək haqlarının, təqaüdlərin, pensiyaların və sosial müavinətlərin qaldırılmasına yönəldiləcək. Bunlar da həm inflyasiyanın təsirini azaldacaq, həm gəlirlərin bir qədər artmasına, həm də əhalinin sosial cəhətdən həssas təbəqəsinin rifahının yaxşılaşmasına müəyyən qədər təsir edəcək”.

Rövşən Ziya

Oxumağa davam et
Reklam
Reklam

Gündəm