Nida Təhlil
Azərbaycan səfirliklərinə hücum: Vyana Konvensiyası nəyi tələb edir? – FAKTLAR
Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi zəfərdən sonra xaricdəki radikal erməni ünsürlərinin, anti-Azərbaycan dairələrin rahatlığı əllərindən alıb. Onlar 30 ilə yaxın işğal altında saxladıqları, qırmızı şərab içib yallı getikləri torpaqların əldən çıxması ilə heç cür barışa bilmir, revanşist əhval-ruhiyyə, qisas hissi ilə alışıb yanır, hər dəfə fürsət düşdükcə ölkəmizə ziyan vurmağa, ona qara yaxmağa, ləkələməyə çalışırlar.
Publika.az xəbər verir ki, Azərbaycana qarşı belə hadisələr daha çox xarici ölkələrdə baş verir.
Radikal erməni ünsürləri xarici ölkələrdəki Azərbaycan dövlətinin təmsilçisi qismində çıxış edən səfirliklərimizi hədəfə almaqla həm öz cılızlıqlarını, həm də beynəlxalq hüququ saymadıqlarını nümayiş etdirirlər. Belə ki, diplomatik nümayəndəliklər 18 aprel 1961-ci ildə qəbul edilmiş “Diplomatik münasibətlər haqqında Vyana Konvensiyası” ilə qorunur və onlar diplomatik immunitetə malikdir.
Avqustun 4-də Böyük Britaniyanın paytaxtı Londondakı səfirliyimizə radikal dini qrup tərəfindən hücum edilmişdi. Onlar səfirliyin binasına daxil olaraq, vandalizm aktı törətmişdilər.
Sentyabr ayı ərzində ölkəmizin Gürcüstan, Livan və Fransadakı səfirliklərinə hücum olub.
Oktyabrın 10-dan 11-nə keçən gecə isə Azərbaycanın Vaşınqtondakı səfirliyinin xidməti avtomobilinə atəş açılıb. Birmənalı olaraq qeyd etmək mümükündür ki, bu hücumların hamısının arxasında erməni radikalları, lobbisi və ermənilərin himayədarları dayanır.
Vaşınqtondakı səfirliyimizin xidməti avtomobilinə atəş açılması ilə bağlı ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb, baş vermiş hadisə ilə bağlı rəsmi Bakının ciddi narahatlığı və narazılığı ifadə edilib və Azərbaycan diplomatik nümayəndəliyinin təhlükəsizliyinin təmin edilməsi tələbi qarşı tərəfin diqqətinə çatdırılıb.
Azərbaycan səfirliklərinə hücum: Etimad mühitinə zərbə
Maraqlı məqam budur ki, Azərbaycan XİN ilk hücumlardan sonra digər ölkələrə səfirliklərin mühafizəsinin gücləndirilməsi barədə xəbərdarlıq etmişdi. Amma son proseslər, o cümlədən Vaşinqtonda baş vermiş hadisə göstərir ki, bu xəbərdarlığa etinasız yanaşılıb. Bu, ikitərəfli münasibətlər müstəvisində dekonstruktiv xarakter daşıyan məqamdır. Nəzərə almaq lazımdır ki, beynəlxalq qanunvericiliyin tələblərinə görə baş vermiş cinayətin məsuliyyətini həm də həmin ölkələr daşıyırlar. Amma bu günə qədər Böyük Britaniyada, Livanda və Fransada diplomatik nümayəndəliklərimizə hücumlarla bağlı heç bir tədbir görülməyib. Cəzasızlıq mühiti isə gələcəkdə də oxşar hadisələrin baş verməsinə şərait yaradır.
Hazırda Azərbaycanla Ermənistan arasındakı münasibətlərdə həssas mərhələdir. Tərəflər arasında böyük sülh müqaviləsinin imzalanması gözlənilir. Əlbəttə, bunu istəməyən radikal qüvvələr var. Müxtəlif ölkələrdəki səfirliklərimizə hücum həm də etimad mühitinə zərbə vurulmasına xidmət edir. Səfirliklərimizin mühafizəsinin lazımi səviyyədə təmin edilməməsi belə rəy yaradır ki, həmin ölkələr də Cənubi Qafqazda suların durulmasında maraqlı deyillər. Dünya dövlətləri bu məsələni nəzərə almalıdır.
Səfirliklərə hücum köhnə erməni metodudur
“Azərbaycan diplomatik korpusuna qarşı bir neçə insidentlə biz erməni radikallarının istifadə etdiyi bədnam terror taktikasının geri qayıtdığını görürük”. Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev “Tvitter”də yazıb.
O qeyd edib ki, 1970-80-ci illərdə türkiyəli diplomatlara və 1988-94-cü illərdə azərbaycanlı mülki şəxslərə qarşı törədilən terror aktları qəti şəkildə pislənmədiyi üçün erməni radikallar cəzasızlıqdan istifadə edirlər.
Fərid Şəfiyevin xatırlatması yerinə düşür və tarixi gerçəkliyi əks etdirir. Erməni radikal qruplaşmaları türkiyəli diplomatlara da dəfələrlə terror törədib. Buna misal olaraq, 1975-ci ildə 3 erməni terrorçunun Türkiyənin Avstriyadakı səfiri Daniş Tunalıgili öldürməsini, 1978-ci ildə Türkiyənin İspaniyadakı səfiri Zəki Kuneralpın avtomobilinin gülləbaran edilməsini, 1979-cu ildə Türkiyənin Fransadakı turizm müşaviri Yılmaz Çolpanın öldürülməsini, 1981-ci ildə Ankaranın Fransadakı səfirliyinin Mədəniyyət məsələləri üzrə attaşesinin binasının ələ keçirilməsini və 56 diplomatın girov götürülməsini, nəhayət 1984-cü ildə Türkiyənin Avstriyadakı səfirliyinin attaşesi Ərdoğan Özenin öldürülməsini göstərmək olar.
Yuxarıda qeyd etdiyimiz kimi, əvvəllər də ayrı-ayrı vaxtlarda diplomatlarımıza qarşı hücumlar olmuşdu. Yəni bu, ermənilər üçün sınaqdan çıxarılmış köhnə metoddur. Onlar bu yolla radikal mövqelərini nümayiş etdirməklə yanaşı, həm də sülhə qarşı çıxdıqlarını göstərirlər. Bu gün Azərbaycanda müxtəlif dövlətlərin səfirliklərinin mühafizəsi ən yüksək səviyyədə həyata keçirilir. Təsadüfi deyil ki, indiyədək ölkəmizdə oxşar hallara, demək olar, rast gəlinməyib. Bu isə qarşılıqlı prinsiplərə əsasən digər dünya dövlətlərindəki diplomatik nümayəndəliklərimizin də mühafizəsinin gücləndirilməsini tələb edir. Son günlər baş vermiş hücumlar, habelə hələ 2020-ci ildə Avropa paytaxtlarında və Los-Anceles şəhərində Azərbaycan diplomatik nümayəndəliklərinə, həmçinin azərbaycanlı icma üzvlərinə qarşı edilən hücumlarla bağlı açılan cinayət işləri çərçivəsində heç bir təqsirkar məsuliyyətə cəlb edilməyib. Məhz bu cəzasızlıq radikal erməni qruplarını yeni təxribatlara əl atmağa cəsarətləndirir. Gələcəkdə analoji hadisələrin baş verməməsindən ötrü mütləq zəruri tədbirlər həyata keçirilməlidir: təxribatı törədənlər, bu işlərdə əli olanlar məsuliyyətə cəlb edilməli və səfirliklərimiz lazımi səviyyədə qorunmalıdır. Ən azı yuxarıda adını çəkdiyimiz 18 aprel 1961-ci ildə qəbul edilmiş “Diplomatik münasibətlər haqqında Vyana Konvensiyası” ilə bu, səfirlikləri qəbul edən dövlətin öhdəliyidir.
Səxavət Həmid
-
Dünya16:54
Türkiyəli müəllimdən Azərbaycanla bağlı təsirli addım: Bayrağımızı... - VİDEO
-
Rəsmi xronika16:22
Prezident bu nazirə ali xüsusi rütbə verdi
-
Hadisə16:18
Bu şəxs Azərbaycandan məcburi çıxarılacaq: görün nə edib
-
Hadisə15:47
Bakıda MTN-də işləmiş qadını aldadıb 15 min manat aldılar
-
Magazin115:06
"Ailəli qadınların etdiklərini eşidəndə..." - VİDEO
-
İdman14:14
Sürətli yolların ərəb gözəli: O, ABŞ-ın tarixinə necə düşüb?
-
Dünya13:30
Putindən ən yaxın dostuna sürpriz hədiyyə: Yük təyyarəsi ilə göndərdi - VİDEO
-
İqtisadi gündəm13:16
Dollarla bağlı SON MƏZƏNNƏ - İlk dəfə olaraq bu həddi ÖTDÜ