Vahid Əhmədovun biznesi, ortaqları və gerçək niyyəti
Bizi izləyin

Nida Təhlil

Vahid Əhmədovun biznesi, ortaqları və gerçək niyyəti

Milli Məclisin “aktiv deputatı” kimi tanınan Vahid Əhmədovun qəfil “qiyamçı deputata” çevrilməsi son günlər müzakirə edilən əsas mövzulardan biridir. İlk baxışdan, Vahid Əhmədovun “mövcud problemlərə” toxunduğu, “xalqı düşündüyü” görüntüsü yaranır, hərçənd, məlum müsahibəsində səsləndirdiyi iddiaların hər birini ayrı-ayrılıqda təftiş etmək də mümkündür. Amma burada əsas məqam Əhmədovun media üzərindən dövlət siyasətini, məmurları, idarəçilik sistemini bu formada, hətta deyərdik, ittiham altına qoyacaq səviyyədə tənqid etməsi, ümumilikdə onun hazırki ampulasının arxasındakı səbəblər maraqlıdır.

Və Vahid Əhmədovun siyasi keçmişinə, “ədalət uğrunda mübarizəsi”nin həmişə şəxsi maraqlara hesablandığı təcrübəsinə baxdıqda məsələnin sıradan tənqid olmadığı fikri ön plana çıxır. Misal üçün, vaxtilə Quba hadisələrinə səbəb olan icra başçısının “təhqir video”sunun əslində V.Əhmədov tərəfindən kontekstdən çıxarılmış formada hazırlandığı, buna səbəb onun rayonda torpaq satışını ələ almaq istəyinə imkan verməyən icra başçısının “oyundan kənar vəziyyətə” salınması olduğuna dair məlumatlar mediada mövcuddur. Halbuki, həmin hadisələrdə V.Əhmədov “qəhrəman” kimi təqdim olunurdu. Məlumatlar isə baş verənlərin deputatın sırf maddi maraq mübarizəsindən qaynaqlandığı yönündədir.

Bu təcrübə fonunda V.Əhmədovun məlum müsahibəsinin arxasında da müəyyən oyunun olması ehtimalı böyükdür. Tənqdin motivləri və hədəflərinə baxdıqda, V.Əhmədovun məqsədinin mandatına uyğun formada hansısa “problemi” qabartması yox, siyasi iddia sərgilədiyini görmək olur.

Və müəyyən suallar yaranır:

- Vahid Əhmədov iqtidara qarşı yeni cəbhənin qurulması planını yerinə yetirir?
- Bu planın sifarişçiləri onun biznes ortaqlarıdırmı?
- Yaxud vaxtilə hakim komandada təmsil olunan və bu gün də Əhmədovu himayə edənlər “qiyamçı deputat” fiquru ilə siyasi meydanda yeni “müxalifətmi” hazırlayırlar?

Əhmədovun müsahibəsi fonunda bu suallar açıq qalır və istisna deyil ki, proseslərin inkişafında cavablar bəlli olacaq.

Hərçənd, bir məsələ şübhəsizdir: “məmurun, deputatın biznesi ola bilməz” deyən Əhmədovun məmur olduğu dövrdə də biznesi olub, deputat mandatı daşıdığı indi də. Və bu biznesin mənbəyi həmişə dövlətin büdcədən ayırdığı pullar olub.

V.Əhmədov hələ 90-cı illərdə baş nazirin müavini olanda dövlət əmlakının xarici bazarlara çıxarılaraq, satılmasında iştirakçı və qazananlardan olub. Deputat olandan sonra da mandatından şəxsi biznesinin qurulmasında və qorunmasında istifadə edib.

Əhmədovun keçmiş müdafiə naziri Səfər Əbiyevlə qohum və ortaq olduğunu bilinən faktdır. Bu ortaqlıq ordunun pulları üzərində birgə biznesin qurulmasından ibarət olub. Belə ki, Əbiyev nazir olanda Müdafiə Nazirliyinin tenderləri yalnız Vahid Əhmədova verilirdi və nəticədə həm deputat, həm də nazir qazanırdı. Bu biznesin mənbəyi də məhz dövlət büdcəsindən Müdafiə Nazirliyinə - ordumuza ayrılan pullar olub.

V.Əhmədovun qardaşı Rasim Əhmədovun adına olan, nizamnamə kapitalı cəmi 10 manatdan ibarət “Arko Təmir Tikinti Şirkəti” dövlət büdcəsi hesabına maliyyələşən layihələrin tenderlərində də qalib gəlib. Misal üçün, ötən il “Azərsu” ASC-nin 5 milyonluq tenderinin qalibi Rasim Əhmədovun, əslində Vahid Əhmədovun şirkəti olub.

Qaradağ rayonunun prokuror olan Zəfər Əhmədov da bu vəzifəyə atası Vahid Əhmədovun imkanları hesabına nail olub.

“Məmurun, deputatın biznesi ola bilməz” deyən V.Əhmədovun gerçəkdə böyük biznes imperiyasına malik olduğu, mandatından da məhz bu məqsədlə geniş istifadə etdiyinə dair məlumatlar yetərincədir. Və belə bir şəxsin mediada bu cür danışması yumşaq desək, xalqı aldatmaq, insanları dolamaqdan başqa bir şey deyil.

Milli Məclisdə Vahid Əhmədova məlum müsahibəyə görə “mandatından imtina et” çağırışları edildi. Haqlı çağırışdır, çünki Vahid Əhmədovun etdiyi özünə məxsus olanları gizlədib, başqalarını bunda ittiham etməkdir. Amma və lakin gerçəkləri gizli saxlamaq həmişə mümkün olmur, Əhmədov da buna nail ola bilmədi. Yayılan məlumatlar onun niyyətini və gerçək simasını tam ifşa etdi. İndi növbə Əhmədovdadır: danışdığı qədər cəsarətlidirsə, deputat mandatından imtina etməlidir, bu addımı ən azı xalqı aldatmağa çalışdığı üçün atmalıdır.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm