Nida Təhlil
Heydər Əliyevin reallaşan arzusu: İpək Yolundan TRASEKA-ya, BRİ-dən Zəngəzur dəhlizinə...
25 il öncə - 1998-ci ilin 7-8 sentyabr tarixində Bakıda bu gün bütöv Avrasiyanın siyasi və iqtisadi xəritəsini müəyyən edən, bu xəritədə Azərbaycanı əsas qovşağa çevirən addım atdıldı: Azərbaycan, Türkiyə, Gürcüstan, Ukrayna, Moldova, Rumıniya, Bolqarıstan, Özbəkistan və Qırğızıstanın dövlət başçıları, 13 beynəlxalq təşkilat və 32 dövlətin nümayəndə heyətinin iştirakı ilə tarixi İpək Yolunun bərpasına həsr olunmuş beynəlxalq konfrans keçirildi, yekunda TRASEKA proqramı əsasında “Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş” imzalandı və Bakı Bəyannaməsi qəbul edildi;
Bu, ümumilli lider Heydər Əliyevin təşəbbüsü idi və günümüzün mövcud şərtlərinə baxdıqda ulu öndərin strategiyasının nəhəngliyi daha aydın görünür.
1998-ci ildə Bakıda imzalanan “Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş”in üç əhəmiyyətli nəticəsi oldu:
1. TRASEKA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin Bakı şəhərində yerləşdirilməsi qərara alındı və 2001-ci il fevralın 21-də rəsmi açılışı oldu;
2. Azərbaycan paytaxtı 1993-cü ildə Avropa İttifaqı tərəfindən irəli sürülən və Brüssel konfransında qəbul olunan TRASEKA (Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi) layihəsinin mərkəzinə çevrildi;
3. Azərbaycanın Qədim İpək Yolunun bərpa edilməsində iştirakçılığı və strateji önəmi gücləndi;
Geosiyasi müstəvidə Qədim İpək Yolunun yenidən canlandırılması təşəbbüsləri 90-cı illərdə müşahidə olunurdu və bu, həm də XXI əsrin yeni dünya nizamının bir hissəsi olacaqdı. Ümumilli lider Heydər Əliyev yeni əsrin dünyasını doğru oxuyur, Qədim İpək Yolunda Azərbaycanın əsrlər öncə oynadığı rolu yenidən qaytarmaq, ölkəmizi Avrasiyanın nəqliyyat şəbəkəsinin habına – qovşağına çevirmək istiqamətində strateji həmlələr edirdi. TRASEKA bu strategiyada əsas həmlələrdən biri idi. Ulu öndərin strategiyasını davam etdirən Prezident İlham Əliyev tərəfindən təməli atılmış Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu layihəsi Azərbaycanı İpək Yolu layihəsində dəyişməz yerini gücləndirdi. BTQ artıq Çin və Avropa arasındakı yük daşımalarında əhəmiyyətli yol oynayır və əlverişliliyi baxımından ən vacib marşruta çevrilib. Bu, Heydər Əliyevin Azərbaycanı İpək Yolu layihəsinin mərkəzinə çevirmək strategiyasının nəticəsidir. Təsadüfi deyil ki, beynəlxalq ekspertlər BTQ-nin məhz Heydər Əliyevin siyasi iradəsinin nəticəsi olaraq qiymətləndirir.
Ümummilli lider Heydər Əliyevin arzusu Azərbaycanı Avrasiyanın nəqliyyat şəbəkəsində əsas qovşağa çevirmək, Yeni İpək Yolunun mərkəzi – birləşdirici mərkəz etmək idi. Respublikada dəmir yollarının bərpası və yeni xətlərin inkişafı ilə yanaşı, regional və qlobal layihələrdə iştirak istiqamətində atdığı addımlar da buna hesablanmışdı. Ulu öndərin təşəbbüsü ilə Azərbaycanın TRASEKA-da mərkəz ölkə rolunu üzərinə götürməsi ölkəmizi Şərqlə Qərbi birləşdirən körpüyə çevirdi. Avropanı Çinlə birləşdirən nməqliyyat xətləri Azərbaycanda keçir. Burada ən önəmli addımlardan biri də Azərbaycanın Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizində iştirakıdır. Ulu öndər Heydər Əliyevin strategiyası Azərbaycanın bu nəqliyyat dəhlizinə 2005-ci ildə qoşulması ilə nəticələndi. Dəhliz Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirən və Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradan layihədir. Bununla Qərbdən Şərqə və Şimaldan Cənuba gedən nəqliyyat dəhlizləri Azərbaycan üzərində birləşir və ölkəmizi təkcə regionun yox, qlobal nəqliyyatı şəbəkəsinin qovşağına çevrir.
Bu, Azərbaycana təkcə regional ticarətdə üstünlük qazandırmadı, həm də Avrasiyada 4 milyard əhalini birləşdirən, 70-ə qədər ölkənin iştirak etdiyi və dünyanın gələcək 50 illik iqtisadiyyatını müəyyən edəcəyi proqnozlaşdırılan “Bir kəmər bir yol” (BRİ- Belt and Road Initiative) – Yeni İpək Yolu layihəsində açar ölkə olmaq imkanı yaratdı. 2013-cü ildə Çin lideri Si Cinpin tərəfindən Qazaxıstana səfəri zamanı elan edilən BRİ layihəsinin dəniz və quru olmaqla iki istiqamətdə dəhlizləri özündə birləşdirir.
Azərbaycanın da yer aldığı quru dəhlizləri üç hissədən ibarətdir:
Şimal dəhlizi: Çin-Monqolustan-Rusiya;
Cənub dəhlizi: Çin-Tacikistan-Türkmənistan-İran;
Orta dəhliz: Çin-Qazaxıstan-Xəzər dənizi-Azərbaycan-Gürcüstan-Türkiyə;
BRİ təkcə Avrasiyanın gələcəyini müəyyən edən yox, həm də yeni dünya nizamının formalaşdıran layihə olaraq qiymətləndirilir. Nəqliyyat dəhlizləri uğrunda gedən mübarizə də bundan qaynaqlanır və bu mübarizənin əsas tərəfləri ABŞ və Çin olsa da, layihəyə daxil olan dəhlizlərin keçdiyi ölkələr də üstünlük qazanmaq istiqamətində çalışırlar. Bu baxımdan, Rusiya üzərindən keçən Şimal dəhlizin, İran özünün yerləşdiyi Cənub dəhlizinin ön plana çıxmasında maraqlıdır. Lakin BRİ-nin Orta dəhlizinin daha aktualdır və həm Avropa, həm Çin bu dəhlizə xüsusi önəm verir. Bunun birdən çox səbəbi mövcuddur:
Birincisi, bu dəhlizin keçdiyi ölkələr arasında silahlı münaqişələr, yaxud belə bir perspektiv yoxdur;
İkincisi, bu ölkələri bir-birinə bağlayan millət və din faktoru marşrutun davamlılığını poza biləcək gərgin münasibətlər ehtimalını sıradan çıxarır;
Üçüncüsü, Azərbaycan faktoru burada önəmli rol oynayır: Bakı-Tbilisi-Qars dəmir yolu xətti, enerji layihələri və s;
Rusiya üzərindən keçən Şimal, İran üzərindən keçən Cənub dəhlizlərində isə risklər var, xüsusilə Qərblə qarşıdurmalar, tətbiq edilən sanksiyalar bu istiqamətlərdə daşımalarda problemlər yarada bilər. Ümumilli lider Heydər Əliyevin dərin strategiyası burada daha aydın görünür və Prezident İlham Əliyevin bu strategiyaya əsaslanan siyasəti nəticəsində Azərbaycan Avrasiyanın nəqliyyat şəbəkəsində açar ölkəyə, yeni dünya nizamında isə həlledici oyunçuya çevrilir. Bu kontekstdə Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizində iştirakı xüsusi önəmə sahibdir və Orta dəhlizin ön plana çıxmasının əsas səbəbləri arasında yer alır.
BRİ layihəsi təkcə bir marşrutu yox, Avrasiyanın bütün marşrutlarını əhatə edir, o baxımdan, Azərbaycanın yerləşdiyi Orta dəhliz aktual marşrut olaraq qəbul edilsə də, Rusiya və İran üzərindən daşımalarda problemlərin yaranması perspektivinə baxmayaraq, Şimal və Cənub dəhlizləri də kənara qoyulmur. Mümkün çıxış yolu BRİ-nin quru dəhlizlərinin bir habda birləşdirilməsi görünürdü. Və bu hab-qovşaq məhz Azərbaycan seçildi.
- TRASEKA layihəsi – Şərq-Qərb dəhlizi Azərbaycandan keçir;
- Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi ilə Rusiya və İran marşrutuna da çıxışı var;
Beləliklə, Yeni İpək Yolu layihəsində Şimal və Cənub dəhlizləri Şimal-Cənub nəqliyyat dəhlizi vasitəsilə Azərbaycanda Orta dəhlizə birləşdirilir, daşımalar buradan həyata keçirilir. Heydər Əliyev tərəfindən əsası qoyulan, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən strategiya Azərbaycana bu imkanı yaratdı.
Lakin burada iki problemli məsələ var idi:
- Qarabağ münaqişəsinin mövcud olması Orta dəhlizin təhükəsizliyini təhdid edirdi;
- Azərbaycanın Avropa bazarına çıxış qapısı olan Gürcüstanda ABŞ-ın təsir imkanları Vaşinqton-Pekin mübarizəsi fonunda Orta dəhlizə maneələr yarada bilər;
Prezident İlham Əliyev geosiyasi prosesləri doğru oxudu və Vətən müharibəsində torpaqlarımızın azad edilməsi ilə həm ərazi bütövlüyümüzü bərpa etdi, həm də Orta dəhliz üzərindəki “münaqişə ocağını” sıradan çıxardı. Beləliklə, birinci problem aradan qaldırıldı. Və ikinci problemə alternativ marşrut planı ortaya çıxdı. Bu, Zəngəzur dəhlizidir. 44 günlük müharibədə böyük Zəfər qazandıqdan sonra Prezident İlham Əliyev Ermənistanın kapitulyasiya aktında Azərbaycanın Naxçıvana “maneəsiz keçid”inin təmin edilməsi öhdəliyini daxil etməklə Zəngəzur dəhlizinin təməlini qoydu.
Bu baxımdan, Zəngəzur dəhlizi layihəsi tarixi-strateji əhəmiyyətə malikdir:
- Bu dəhliz türk dünyasının coğrafi parçalanmasını aradan qaldırır;
- Bütün region ölkələri arasında kommunikasiyanı bərpa edir;
- Orta dəhlizin Cənubi Qafqazdan çıxışı üçün alternativ marşrut yaradılır: Gürcüstan marşrutu aktual olaraq qalır, lakin mümkün risklərə qarşı alternativ marşrut – Zəngəzur dəhlizi irəli sürülür;
Burada həm də Prezident İlham Əliyevin geosiyasi prosesləri öz maraqları istiqamətinə yönəldə bilməsi də ayrıca diqqət çəkir. Və ümumilli lider Heydər Əliyevin arzusunun reallaşması amilini ön plana çıxarır.
1920-ci ildə Zəngəzurun Ermənistana verilməsi qərarı ilə Azərbaycanın Naxçıvanla quru əlaqəsi kəsildi. Bu, Azərbaycan torpaqlarında erməni dövlətinin yaradılması ilə yanaşı, həm də türk dünyasının coğrafi parçalanmasına da səbəb oldu. Sonrakı illərdə ermənilərin Azərbaycan torpaqları hesabına genişlənməsi siyasəti davam etdi, bir çox ərazilərimiz otlaq və əkin sahəsi adı ilə “pay” olaraq Ermənistana birləşdirildi. Təxminən 50 il sonra – 1970-80-ci illərdə Heydər Əliyev Siyasi Bürosunun üzvü olan zaman bu gün Zəngəzur dəhlizi adlandırdığımız layihənin icrasına çalışırdı: Mehridən keçən Naxçıvan-Bakı avtomobil yolunun inşasına başlandı, lakin Ermənistan KP MK-nın katibi Dəmirçiyanın etirazı, Moskvaya ünvanladığı məktublar bu işin sona çatdırılmasına mane oldu. Naxçıvana birbaşa quru yolunu açmaq istəyən Heydər Əliyev bununla tarixi yanlışın düzəldilməsinin təməlini formalaşdırmaq da istəyirdi. Azərbaycanda hakimiyyətə yenidən qayıdandan sonra ulu öndər Heydər Əliyevin yürütdüyü siyasət torpaqlarımızın azad edilməsinin, türk dünyasının coğrafi parçalanmasının aradan qaldırılmasının, Zəngəzura qayıdış yolumuzun açılmasının təməlini qoydu. Və ən əsası Azərbaycanı Avrasiyanın nəqliyyat şəbəkəsində açar ölkəyə çevirdi.
Hazırda Azərbaycan Zəngəzur dəhlizinin açılması istiqamətində siyasi və praktiki müstəvidə addımlar atır.
- Ermənistan kapitulyasiya aktında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyə məcbur edilir, danışıqlar prosesində rəsmi Bakının əsas tələblərindən biri budur.
- Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsinin inşası sürətlə həyata keçirilir. “Azərbaycan Dəmir Yolları” QSC uzunluğu 110,4 kilometr olan Horadiz-Ağbənd dəmir yolu xəttinin inşasını sürətlə həyata keçirilir. Artıq 90 faizinin inşa edildiyi deyilən layihə 2024-cü ildə tam hazır olacaq. Bu dəmir yolu Azərbaycanı Naxçıvana birləşdirəcək, türk dünyasının coğrafi parçalanmasını aradan qaldıracaq və ölkəmizi Avrasiyada əhəmiyyətli qovşağa çevirəcək.
Ulu öndər Heydər Əliyevin arzusu reallaşır...
Asif Nərimanlı
Yazı “Azərbaycan Dəmir Yolları” QSC və Azərbaycan Mətbuat Şurasının Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında keçirdiyi müsabiqəyə təqdim olunur.
-
Sosial00:26
Bu şəxslər əsgər aparılacaq - Qanunda dəyişiklik
-
İdman3 Oktyabr 23:40
Qurban Qurbanov: "Qorxacaq, çəkinəcək bir şey yoxdur"
-
Nida Xəbər 3 Oktyabr 18:51
Azərbaycanda hərbi qulluqçuların təhsili ilə bağlı normalar dəyişdirilir
-
Rəsmi xronika3 Oktyabr 18:32
İlham Əliyev Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında
-
Enerji3 Oktyabr 17:19
Neft qiymətləri ilə bağlı qeyri-müəyyənlik: Hərbi-siyasi gərginlik olduqca...
-
Sosial3 Oktyabr 16:16
Allahşükür Paşazadənin, Ramil Usubovun evində işləmiş qadın: "Haqqımı halal etmirəm"
-
Hadisə3 Oktyabr 15:47
Bakı metrosunda qatar yoluna düşən sərnişin vəfat etdi - VİDEO
-
Rəsmi xronika3 Oktyabr 15:30
İlham Əliyev Zəngilana getdi - YENİLƏNDİ