Gələcəyə verilən səslər: Azərbaycan ətrafında oynanılan böyük oyunun DETALLARI
Bizi izləyin

Nida Təhlil

Gələcəyə verilən səslər: Azərbaycan ətrafında oynanılan böyük oyunun DETALLARI

Gələcəyə verilən səslər: Azərbaycan ətrafında oynanılan böyük oyunun DETALLARI

II Qarabağ savaşından sonra regionun və ölkəmizin statusu fərqlidir-Azərbaycanın qələbəsi regionun geosiyasi taleyini xeyli dərəcədə dəyişib. Amma bir qüvvələrin regiondan çəkilməsi, yeni oyunçuların söz sahibi olmaq, boşluğu doldurmaq cəhdləri ağrısız baş vermir. Regiondan gözləntilər də fərqlidir: Qərbin gözləntiləri və təzyiqləri daha çox Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlıdır, həm Qarabağda ermənilərin hansısa statusda qalmasına çalışır, həm də sülh müqaviləsinin elə şərtlərlə imzalanmasını sürətləndirməyə çalışrlar ki, bu, Qərbin hansısa formada regionda varlığını təsbit etmiş olsun.

İran Zəngəzur dəhlizi ətrafında manipulyasiyalarını, Şimal -Cənub dəhlizinin Azərbaycanın əleyhinə şaxələndirlməsi təşəbbüslərini (Ermənistan və Xəzər dənizi üzərindən) davam etdirir. Azərbaycanın münaqişədən yayınmaq üçün təklif etdiyi və faktiki inşasını həyata keçirdiyi “Araz yolu” layihəsi isə Qərbin açıq müqaviməti ilə rastlaşdı, ABŞ rəsmi səviyyədə yola qarşı olduğunu bəyan etdi.

Rusiyanın təklif və təşəbbüsləri antiterror əməliyyatından əvvəl xarici işlər naziri Sergey Lavrov, son günlər isə səfir Mixail Yevdokimov və XİN sözçüsü Mariya Zaxarova tərəfindən səsləndirilib.

Daxili siyasi gündəlik regionun gələcəyi ilə bağlı bu tələb və gözləntilərlə xeyli dərəcə səsləşirdi.

Xarici dairələrin qəribə hazırlıqları və hərəkətliliyi

Ötən ilin əvvəllərindən növbədənkənar parlament seçkiləri və ya referendum keçiriləcəyi haqda müzakirələr artmışdı. Bu, II Qarabağ savaşından sonra ölkə siyasətində artan gözləntilərlə izah olunur, ölkə siyasətinin yenidən formatlanması zərurətindən bəhs edilirdi. Prezidentin xüsusi nümayəndəliyi institutunun Qarabağ və Şərqi Zəngəzurdan sonra Naxçıvan Muxtar Respublikasında da tətbiq edilməsi, dövlət başçısının öz çıxışlarında bu inzibati idarəçilik formasının bütün ölkəni əhatə edə biləcəyi haqda anonsları da müzakirələrə təkan verirdi. İdarəçilikdə institusional dəyişikliklərin yalnız yerli icra hakmiyyətləri səviyyəsində olmayacağı, inzibati ərazi bölgüsündə, eləcə də digər strukturlarda, xüsusən bəzən paralel və deməli, büdcəyə yük olan sahələrdə dəyişikliyə gediləcəyi haqda ehtimallar səslənirdi. İlin sonlarına doğru həyata keçirilən antiterror əməliyyatı ilə keçmiş Dağlıq Qarabağ üzərində suverenliyin tam bərpa olunması, aparılan danışıqlarda hər hansı statusun istisna edilməsi, bələdiyyələrlə bağlı müəyyən güzəştlər ola biləcəyi haqda müzakirələr də müəyyən gözləntiləri artırırdı.

İstər ölkə daxilindəki siyasi qüvvələr, istərsə də ölkəmizdə maraqlı olan xarici dairələrin qəribə hazırlıqları və hərəkətliliyi də müşahidə edilməkdə idi.

Loyal və müxalif siyasi partiyalar daha çox referendum, proporsional seçki sisteminin bərpası və parlamentdə deputat yerlərinin artırılması, hətta ikipalatalı parlamentə və ya prezident üsuli-idarəsindən parlament üsuli-idarəsinə keçməklə bağlı söhbətlərdə həvəsli görünürdü. “Siyasi partiyalar haqqında” yeni qanunun qəbulu və ona uyğun partiyaların konfiqurasiyası da bu kontekstdə dəyərləndirilirdi.

Milli Məclisin deputatı Erkin Qədirli şəxsi Telegram kanalında paylaşdığı yazısında bildirmişdi ki, 2023-cü ildə referendumun, 2024-cü ildə isə həm parlament, həm də bələdiyyə seçkilərinin olması gözlənilir.

Türkiyə məcbur olmuşdu ki...

Müzakirə edilən mövzular arasında vilayətləşmə, mərkəzsizləşdirmə, yerli parlamentlər (məclislər), yerli referendumlar haqda məsələlər də yer alırdı. Bu, müəyyən qədər yuxarıda qeyd etdiyimiz kimi Prezidentin bəlli sərəncamlarından və açıqlamlarından qaynaqlansa da, bəzi hallarda avtonom gündəlik yaratmaq meyilləri də var idi. Amma “mərkəzsizləşdirmə, vilayətləşmə, yerli referendumlar, yerli parlamentlər, proporsional seçki , ikipalatalı parlament ideyalarının, üstəlik parlament üsuli-idarəsinin tətbiqi eyni zamanda mümkündürmü və lazımdırmı?” kimi suallar da ortaya çıxırdı. Ortada Türkiyənin 2000-ci illərdə üzləşdiyi xoşagəlməz nümunə (bələdiyyə separatizmi, Avropa yerli dillər xartiyasının bəzi bələdiyyələr tərəfindən sui-istismarı və s.) var. Fakt budur ki, yetərincə yerli idarəçilik və parlament ənənəsi olan Türkiyə belə sonda qarışıq sistemdən güclü prezident respublikası sisteminə keçidə məcbur olmuşdu.

Bu müzakirələrə paralel fərqli bir gündəlik də izlənirdi-Azərbaycanda “islam inqilabı”, “iranlaşma” perspektivi haqda həm ölkə daxilində, həm də xaricdə (kəriməçilər) müəyyən ehtimallar, əsaslandırmalar, təşəbbüslər artırdı. “Tərtər işi”ni beynəlxalq müstəviyə çıxarmış Leyla Yunus-Arif Yunus cütlüyü siyasiləşmiş dindarların həbsi ilə bağlı da fəallıq göstərir.

Hazırda ABŞ-da yaşayan digər mühacir fəal daha da irəli gedərək iddia edirdi ki, dindarları İrana casusluqda şərləməklə cəmiyyəti xofdan çıxmağa qoymurlar. O, məhkəmədə vəfat edən Səbuhi Səlimovu “Tərtər hadisələri”nin qurbanları ilə müqayisə edirdi. Mühacir politoloqun fikrincə, indi 1979-cu il İranında olduğu kimi Azərbaycanda islam inqilabı üçün şərait yetişib və buna görə hakimiyyət suçlanmalıdır. Təxminən eyni vaxtda Beyrutda analitiklərin beynəlxalq konfransında da İranın tanınmış politoloqu, ifrat azərbaycanofob Akef Kazemi S.Səlimov haqda çıxış edib, “antisionist hərəkatda iştirak etdiyi üçün qətl olunduğunu” iddia etmişdi. İrandakı “Ziyaü-s-salihin” radikal təşkilatı isə onun ölümünü “İslam inqilabı”nın başlanması üçün təkan olacaq hadisə kimi qiymətləndirirdi.

Müxalifətin yeni simalar ətrafında formatlanması cəhdləri

“İslam inqilabı” ideyası Qərb KİV-lərinin də diqqətini çəkir, bir neçə nəşrdə (İndependent, Eurasianet, BBC və s.) “Hüseyniyyun” terror qruplaşması haqda yazılar dərc edilir. “Middle East” saytı isə iddia edirdi ki, “Hüseyniyyun” təşkilatının Azərbaycanda 15 min üzvü var, dini deyil, etnik hərəkatdır: “Onların uzunmüddətli dəyişiklik ümidi əsassız olmaya bilər. Əliyev hazırda siyasi üstünlüyə malik olsa da... onun gələcək perspektivləri qeyri-müəyyəndir. 2020-ci il Qarabağ müharibəsi zamanı onun uğurlu rəhbərliyi ilə qələbə eyforiyası səngidikdən sonra müvəqqəti olaraq aradan qaldırılan legitimlik böhranı yenidən gündəliyə gələ bilər”.

Azərbaycanda ənənəvi müxalifətin yeni simalar ətrafında formatlanması cəhdləri də müşahidə olunurdu. Həm də əvvəlki illərdən fərqli olaraq bu müzakirələr ölkədən daha çox, xaricdən qaynaqlanırdı. Partiyasından tanınmış şəxslərin istefasından sonra Qubad İbadoğlu sosial narazı köçkünləri öz ətrafında birləşdirmək üçün yeni təşəbbüs qaldırır, köçkünlərin pay torpaqları, quruculuq bərpa işlərində nöqsanlar haqda spekulyativ verilişlər hazırlayır, çağırışlar edirdi. Azad olunmuş ərazilərdəki tikinti bərpa işlərində şəffaflıq tələbləri sinxron olaraq müəyyən xarici qurumlar tərəfindən də gündəliyə gətirilirdi.

Seçkinin nəticələri haqda son günlər xaricdən yayımlanan YouTube kanallarındakı müzakirələrdə də Q.İbadoğlu və ya Tofiq Yaqublunun real müxalif namizəd kimi, həm də ənənəvi müxalifətə rəğmən seçkiyə qatılmaq şanslarının olması haqda iddialar səslənir. Yəni belə anlaşılır ki, ənənəvi müxalifətin öz sıralarından çıxma şəxslər ətrafında yenidən formatlanması ehtimalları varmış və bu planların reallaşdırılması üçün prezident seçkiləri əsil fürsət kimi nəzərdən keçirilirmiş. İşin maraqlı tərəfi şanslı olduğu deyilən şəxsin xaricdə yaşaması, Qərb fondları və məhkəmə materiallarında iddia edildiyinə görə, həm də gülənçi camaatla əlaqələri idi.

Yeni müxalifət ideyası, təbii ki, onlarla məhdudlaşmırdı. Azərbaycanın ənənəvi müxalifətinin Qarabağ münaqişəsinə, Laçın yolunun ekofəallar tərəfindən bağlanmasına hakimiyyətlə eyni mövqedən yanaşması Qərb mediasında, xüsusən postsovet ölkələrindəki müxalifətlə işləyən “opendemocracy” saytında kəskin təndiq olunurdu. “Əlamətdar odur ki, Əliyev rejiminin illərdir repressiyalarına baxmayaraq, Azərbaycanın daxilində Qarabağ blokadasına qarşı müxalifət yoxdur. Beynəlxalq aləmdə Azərbaycan ərazisi kimi tanınan Dağlıq Qarabağ və ona bitişik ərazilər üzərində Bakının nəzarətinin qaytarılması perspektivi həm rejimi, həm də Azərbaycan cəmiyyətini çoxdan narahat edib”-deyə nəşr bildirirdi. Yazıda deyilirdi ki, “Dağlıq Qarabağ”ın blokadasını açıq şəkildə pisləyən yeganə siyasi qrup D18 (“Demokratiya 1918”) hərəkatıdır. Sözügedən qrupun aparıcı funksionerləri Azərbaycanı Ermənistana təcavüzdə ittiham edir, ölkədə etnik azlıqların mədəni hüquqlarının qorunmadığını bildirir, feminist hərəkatın cinsi azlıqların müdafiəçilərinə çevrilməsində rolları var. Eyni zamanda qrup güclü müxalif həmkarlar ittifaqı, sol hərəkat formalaşdırmağa çalışmışdı.

Erməni azlığı müxalifət kimi formalaşdırmaq planı

Daha bir yeni formatlanma nümunəsi ötən ilin sonlarında –prezident seçkiləri elan olunduğu gün təqdim edildi - III Respublika hərəkatı. Adı Azərbaycanda və Ermənistanda eyni zamanda müzakirə edilən “IV respublika“ ideyası ilə səsləşən hərəkatın qurucu üzvləri keçmiş Müsavat, Ümid, REAL və AXCP üzvlərindən idi, hərəkat elan olunmazdan qabaq onların Avropa səfərləri sıxlaşmışdı, ənənəvi müxalifətin millətçi-dövlətçi diskursundan imtina etməyi təklif edirlər və s. Yəni indiki müxalifətin bazasından yeni müxalifət formalaşdırmaq üçün edilmiş ciddi təşəbbüslərdən biridir.

Müxalifətə yeni qan vermək üçün fərqli bir istiqamət isə fəal siyasi mühacirlərdən Arif Yunusun BBC-yə şərhində göstərilmişdi- erməni azlıq müxalifətin güclənməsi üçün elektoral baza ola bilər. Başqa sözlə, Azərbaycan vətəndaşlığını qəbul edə biləcək erməni azlığı üçün bəri başdan ölkədə radikal müxalif düşərgə üçün sosial baza rolu nəzərdə tutulurdu.

Daha bir istiqamət isə Fransanın siyasi mühacirəti yeni qüvvəyə çevirmək üçün açıq fəaliyyətə keçməsi idi. Həm də bu, bir qədər də kobud şəkildə icra edilir: bir müddət bir neçə YouTube kanalında Fransanın açıq ermənipərəst addımları ya birbaşa müdafiə olunur, ya da əhəmiyyəti kiçildilir (məsələn, Ermənistan verilən silahların əhəmiyyətsiz olması, Azərbaycanın etirazlarının Fransanın Ermənistanı Rusiyanın orbitindən qoparmasına mane olması haqda tezislər), Azərbaycanın “Afrika işləri”nə - yəni Fransanın maraq zonasına müdaxilə etməsi tənqid olunur (YouTube kanallardan biri “Bakının Afrikada nə işi var?” şəklində sual qoyur, digəri isə Azərbaycanın neokolonializmə qarşı mübarizəsini “Bakı separatçıları müdafiə edir” kimi təqdim edir), mühacirət parlamenti formalaşdırmaq təşəbbüsləri qeydə alınır, nəhayət, yeni yaradılan mühacir qurum Fransa parlamenti və prezidentinə müraciət edərək qəbul olunmalarını xahiş edir, Azərbaycan hakimiyyətinə qarşı mübarizə aparmaq üçün öz xidmətlərini təklif edir.

Nələr dəyişdi, nələr gözlənilir?

Seçki ərəfəsində hakimiyyətə və həm də Azərbaycana daxildən və xaricdən belə bir gündəlik təklif olunurdu. Seçki sıralanmasının dəyişməsi ilə (prezident seçkilərinin irəli çəkilməsi) bu gündəlik dəyişildi.

Azərbaycanın xarici auditoriyaya verəcəyi daha mühüm mesaj var idi: ölkənin bütün ərazisinə tam nəzarət edildiyi, dövlət idarəçiliyinin ən mühüm elementi olan seçki təsisatının bütün ölkə ərazisində, yeni yaradılmış məntəqələrdə keçmiş məcburi köçkünlərin iştirakı ilə keçirilməsi haqda mesaj verilməli idi. Azərbaycan prezident üsul-idarəli respublika olduğundan ən əsas seçki prezident seçkiləridir.

ATƏT DTİHB-in təsbit etdiyi kimi, bu, Azərbaycan Respublikasının bütün beynəlxalq səviyyədə tanınmış ərazisində keçirilən ilk seçki idi.

Qeyd edildiyi kimi, seçki həm daxili, həm xarici (regional) gündəliyi dəyişib. Əvvəl regional səviyyəli gündəlik barədə.

Paşinyan bəyan edib ki, etimad yaradıcılığına gedir, bu məqsədlə mövcud konstitusiyaya da dəyişiklik ediləcəyi gözlənilir. BBC bunu ironiya ilə “könüllü denasifikasiya” adlandırır. Nə qədər ironiya edilsə də, Azərbaycanın faktiki öz riski hesabına belə nailiyyət əldə etməsi inanılmaz nəticədir. Azərbaycan Prezidentinin andiçmə mərasimindəki çıxışı göstərdi ki, bu, rəsmi Bakının etimad yaradıcılığı yolunda ən mühüm tələbidir. Azərbaycan revanşizmin hər hansı təzahürünü bəri başdan istisna etmək istəyir. Qərbdə bu tələb fərqli istiqamətlə yozulmağa çalışılsa da, Qərbin öz tarixi buna aid ibrətamiz nümunələr təqdim edir-bir zamanlar Finlandiya Sovet İttifaqının, Yaponiya ABŞ-ın, Qərbi Almaniya müttəfiqlərin tələbləri qarşısında bənzər addımlar atmışdı. Türkiyə isə keçmişdə Osmanlının idarə etdiyi ərazilərə iddiaları olmadığını göstərmək üçün misaqi-milli ilə yeni milli hüdudlarını bəlli etmiş, Osmanlı irsini andıran atributlardan da imtina etmişdi. Hərçənd bu könüllü, xoşməramlı addım müəyyən dairələr tərəfindən mübahisələndirilirdi.

Türk dünyası ilə bağlı mesaj

Loyal müxalifətin prezident seçkilərini “keçmiş haqda seçki” adlandırması, seçicilərin İlham Əliyevə vəfa borcunu qaytarması haqda dedikləri yarımçıq həqiqətdir. Zəfər elektoratı bu zəfərin tam, beynəlxalq legitimlik qazanması, bir daha mübahisələndirilməməsi üçün gərəkli addımlar atılmasını da zəfərin memarından gözləyir. Yəni seçkinin nəticələri keçmiş deyil, məhz gələcəyə yönəlmiş nəticələrdir. Prezident çıxışında məhz o gələcəyi təsvir edir: “Azərbaycan cəmiyyətində hökm sürən çox müsbət ab-hava bizi daha da gücləndirir. Güclü Azərbaycan bizim həmişə hədəfimiz olub”.

Seçki debatları zamanı yazdığımız yazıda bir neçə mühüm təsbit qeyd etmişdik- Geosiyasi qütblə bağlı çağırışların ağırlığı, yeni siyasi qüvvələrin meydana çıxma ehtimalının artması, siyasi azərbaycançılığın (əliyevçilyin) təntənəsi və debatların siyasi dialoq mədəniyyətinin yüksəlişinə nümunə olması. Seçkidən sonra o təsbitlər nə qədər real görünür?

-Prezident andiçmə mərasimindəki çıxışında Türk Dünyasının inteqrasiyası ilə bağlı mesajları geosiyasi qütb axtarışlarının aktullaşmasına verilən cavab kimi də qiymətləndirilə bilər: ”Biz hətta, cəmi üç ölkənin yerləşdiyi Cənubi Qafqazda bu gün bu ayrıcı xətləri açıq-aydın görürük. Belə olan halda, bizi haradasa qəbul etmək istəməyənlərə baş əyməliyikmi? Qətiyyən, bu olmayacaq! Bizim ailəmiz Türk dünyasıdır”. Çıxışı belə də oxumaq olar: Nə Brüssel, nə Moskva, o qütb axtarışları bizim agendamız deyil.

Daxili siyasi gündəlik barədə

-Prezident çıxışında azərbaycançılıq məfkurəsini Heydər Əliyevin mirası kimi qiymətləndirdi: “Biz - onun davamçıları isə bu müsbət meyilləri öz tərəfimizdən daha da gücləndiririk”.

-Yeni qüvvə yaranma ehtimalına gəlincə, bunu indi həm xarici fondların, siyasi mühacirətin təklif etdiyi yeni siyasi formatlanmaya qarşı hazırlıqlı olmaq; eləcə də, yeni böyük köçün (qayıdış), yeni inzibati -ərazi islahatlarının, dövlət aparatının optimallaşdırılmasının doğuracağı obyektiv narazılıqların qeyri-sağlam məcraya (yuxarıda qeyd etdiyimiz kimi xaricdən dəstəklənən siyasi islamçılığa, sol anarxizmə, radikal sağçılığa və s.) yönəlməsini önləmək zərurəti diktə edir. Bu, illah da yeni siyasi partiya elanını nəzərdə tutmur, söhbət seçkiqabağı müzakirələrdə, seçki debatlarında daha inandırıcı ola bilmiş qüvvələrin sosial baza ilə daha aktiv işləməsindən gedir.

-Siyasi dialoq prosesinin yaratdığı sağlam mühit bu təşəbbüslərin normal qarşılanmasına, ölkənin üzləşə biləcəyi çağırışlarla mübarizə üçün istifadə edilməsinə imkan verir.

-Nəhayət, Prezidentin dediyi “daha güclü Azərbaycan” anlayışı sadəcə hərbi qüdrətin artmasını ehtiva etmir, daha güclü Azərbaycan həm də cəmiyyətdə siyasi dialoq kursu ilə təmin edilmiş “çox müsbət ab-hava”nın davam etdirilməsi, vətəndaş cəmiyyətinin gücləndirilməsi, sosial rifahın yüksəlməsi, ümummilli hədəflər naminə “bütün cəmiyyətin həmrəyliyinin” qorunmasıdır. Dövlət başçısının qeyd etdiyi kimi, “Biz hazır olmalıyıq, səfərbər olmalıyıq, əlbəttə ki, cəmiyyət rahat yaşamalıdır”.

Cəmaləddin Quliyev, siyasi ekspert

Oxumağa davam et
Reklam
Reklam

Gündəm