Nida Təhlil
Üçmərhələli hədəf: Azərbaycanın güclü ordu fenomeni...

Yaranmasının 107-ci ilini qeyd edən Azərbaycan Silahlı Qüvvələri bu gün Cənubi Qafqazın ən peşəkar, dünyanın hərbi nəzəriyyələrini yenidən yazan və son 80 illik tarixin yeganə qalib ordusudur. 107 il öncə qurulan ordumuzun inkişaf perspektivlərinə nəzər saldıqda bu tarixin 1993-cü ildən sonra başlandığı aydın görünür.
Birinci Qarabağ müharibəsi xalqımız kimi, ordumuz üçün də çətin sınaq idi. Çünki nizami ordu faktiki olaraq mövcud deyildi, Silahlı Qüvvələrdə vahid komandanlıq pozulmuşdu. Həmin dövrün siyasi rəhbərliyi cəbhədə döyüşən əsgəri özlərinin siyasi intriqalarının alətinə çevirmişdi. Nəticədə xalqımız Birinci Qarabağ müharibəsində qəhrəmancasına döyüşməsinə rəğmən, məğlub oldu.
Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə yenidən qayıdışından – 1993-cü ildən sonra Azərbaycan üçün hər şey yenidən başladı. Dağılmış ordu, parçalanmaq təhlükəsi ilə üzləşən ölkə. Dağıntılar altında qalan Azərbaycanı yenidən dirçəltmək istiqamətində fəaliyyətə başlayan Heydər Əliyevin prioritetlərindən biri məhz ordu quruculuğu idi. Ulu öndər hər şeydən öncə ordunu vahid komandanlıq altında birləşdirdi, nizami birliklərin qurulması, hərbçilərin bütün təchizatının təmin edilməsi, cəbhədə mövqelərin gücləndirilməsi, silah arsenalının yenidən formalaşdırılması istiqamətində mühüm addımlar atdı.
1993-cü ildən sonrakı dövrdə ordu quruculuğunu üç mərhələyə ayıra bilərik.
Birinci mərhələ: Heydər Əliye dağılmış ordunu hərbi nizamnamədən tutmuş təchizata qədər hər şeyi yenidən qurdu, nizami ordu yaratdı.
İkinci mərhələ: Prezident İlham Əliyev 2003-cü ildən başlayaraq, ordunun müasir silahlarla təchizatını həyata keçirdi. Bununla yanaşı, 2005-ci ildə Müdafiə Sənayesi Nazirliyinin yaradılması Silahlı Qüvvələrin hərbi arsenalının müəyyən qismini daxili istehsal hesabına təmin edilməsi gedişi idi və sonrakı dövrdə hərbi sənayedə əldə olunan uğurlar bu addımın strateji əhəmiyyətini sübut edir. Ordunu müasir silahlarla təchiz edən Ali Baş Komandan 2013-cü ildən etibarən yeni mərhələyə start verdi.
Üçüncü mərhələ: Prezident İlham Əliyev 2013-cü ildə Silahlı Qüvvlərimizdə mühüm islahatlar həyata keçirdi. Ordunun peşəkarlaşması, yenidən silahlanması, hərbiçilərin sosial müdafiəsinin təmin edilməsi və digər hədəflərlə bağlı mühüm addımlar atıldı.
Hədəf Birinci Qarabağ müharibəsindəki məğlubiyyəti qələbəyə çevirmək, işğal altındakı torpaqlarımızı azad etmək idi. 2020-ci il Vətən müharibəsinə qədər ordumu aprel döyüşləri və Günnüt əməliyyatı kimi mühüm uğurlar əldə etdi. Bu nəticələr Azərbaycanın güclü orduya sahib olduğunu və işğalla barışmayacağının mesajı idi.
- “Aprel döyüşləri”: 2016-cı ilin aprelində erməni təxribatının qarşısını alan ordumuz ildırımsürətli əks hücumla düşmən ordusunu darmadağın etdi. Əməliyyatlar nəticəsində Lələ Təpə yüksəkliyi, Talış və ətrafdakı bütün yüksəkliklər daxil olmaqla 2000 hektar ərazi işğaldan azad olundu.
Lələ Təpə strateji yüksəkliyinin azad olunması ilə ordumuz Araz boyu istiqamətdə 10 kilometrlərlə məsafəni nəzarətdə saxlamaq, Füzulinin Horadiz və Cəbrayıl rayonunun Cocuq Mərcanlı yaşayış məntəqəsində mülki əhalinin təhlükəsizliyini təmin etmək kimi mühüm uğura imza atdı. Talış və ətraf yüksəkliklərin azad edilməsi ilə Goranboy və Naftalan şəhərinə yarana biləcək təhlükə aradan qaldırıldı. Məcburi köçkünlərin Cocuq Mərcanlı kəndinə qayıdışı ilə Qarabağa qayıdışın əsası qoyuldu.- Günnüt əməliyyatı: 2018-ci ilin 2 may tarixində erməni hərbi birləşmələrinin Naxçıvan istiqamətində təxribat hücumuna cavab olaraq Əlahiddə Ümumqoşun Ordusunun əks-həmlə əməliyyatı nəticəsində Şərur rayonunun Günnüt kəndi, “Ağbulaq” yüksəkliyi, Qızılqaya dağı, Qaraqata dağı azad edildi, Dərəlyəz mahalının Arpa kəndi ordumuzun nəzarəti altına keçdi. Ümumilikdə 11000 hektar ərazinin azad olunduğu bu əməliyyat nəticəsində Azərbaycan Ordusu İrəvan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna da nəzarət etmək imkanı əldə etdi.
Artıq Birinci Qarabağ müharibəsindəki məğlubiyyət psixologiyasını sındıran, müasir silahlarla tam təchiz olunmuş peşəkar ordu formalaşmışdı. Ali Baş Komandan İlham Əliyevin həlledici hədəfi işğal altındakı torpaqların tamamilə azad edilməsi idi.
2020-ci ilin 27 sentyabr tarixində başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycan Ordusunun peşəkarlığının şah əsəri idi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz Ermənistanın 4 ilə işğal etdiyi əraziləri dağlıq relyef, keçilməz meşəlik və mina istehkamlarına rəğmən, cəmi 44 günə azad etdi və işğalçı ölkəni kapitulyasiya imzalamağa məcbur etdi. Ordumuzun unikal əməliyyatları dünyanın hərbi nəzəriyyələrini də dəyişdirdi və bir çox ölkəni hərbi strategiyalarına yenidən baxmaq reallığı ilə üz-üzə qoydu.
Şuşa əməliyyatı dünya hərb tarixində tamamilə yeni cığır açan hadisə kimi qiymətləndirilir.
İsrailli jurnalist Pyotr Lyukimson yazırdı: “İsrail ordusu indiyə qədər bu əməliyyatın təfərrüatını bilmir. İsrail Müdafiə Nazirliyindəki yüksək rütbəli mənbə mənə belə dedi: “Şuşa aşağıdan yuxarıya doğru azad olundu və bu, müasir hərb elminin bütün prinsiplərinə ziddir”.
Əməliyyatdan sonra yayılan informasiyalardan döyüşlərin necə aparıldığına dair təsəvvürlər formalaşır:
- Azərbaycan ordusu Şuşaya yeganə olan girişdən yox, sıldırım qayalıqlardan daxil olub;
- Döyüş ancaq yüngül silahlarla - bıçaq, tapança, avtomat - aparılıb, bir çox hallarda əlbəyaxa döyüş gedib;
- Yaralılar və şəhidlər arxada buraxılmayıb, əsgər, döyüş yoldaşı çiynində sıldırım qayalarla şəhərə qalxıb;
- Şəhərə daxil olana qədər günlərlə döyüş olub;
Şuşa əməliyyatında Aypara taktikasından istifadə edilib. Malazgirt və Mohaç döyüşlərində, eləcə də Nadir Şah Əfşarın Çar Rusiyasına qarşı müharibəsində istifadə etdiyi bu taktikaya əsasən, hücum planı iki mərhələdən ibarət olur: saxta gediş və pusqu. Ordunun bir hissəsi düşmənin gözlədiyi yerdə hücum görüntüsü yaradır, digər qrupu gizli şəkildə düşmənin arxasına keçərək, pusqu qurur. Ordumuz Şuşada məhz bu çətin taktikanıı tətbiq edib.
- erməni qoşunları hücumun əsas və yeganə girişdən olacağını gözlədiyi üçün bütün qüvvələri bu istiqamətdə toplamışdı və Azərbaycan əsgəri sıldırım qayalara dırmaşaraq, döyüş tapşırığını uğurla icra etdi;
- şəhərə səssiz sızma əməliyyatı həyata keçirildiyi üçün daşına bilən kiçikçaplı silahlardan istifadə edilirdi;
- əməliyyatda ağır artilleriyadan istifadə olunmayıb, şəhərə heç bir mərmi atılmayıb, çünki Ali Baş Komandanın əmri vadı: “Şuşanın mədəniyyət mərkəzi olduğu nəzərə alınmalı, şəhər dağıdılmadan, tarixi görkəmi qalmaq şərti ilə azad olunmalıdır”.
44 günlük müharibədə ordumuzun həyata keçirdiyi dron döyüşləri də dünya ölkələrini hərbi taktikalara yenidən baxmağa vadar edib. Müharibədə PUA-ların uğurla tətbiqi ağır hərbi texnikaların artıq o qədər də effektiv olmadığı reallığını yaratdı. Təsadüfi deyil ki, Amerikalı mütəxəssislər “Birləşmiş Ştatlar ordusu Qarabağ müharibəsindən nə öyrənə bilər” istiqamətində araşdırmalar aparıb. Derek Valtonun (Derek Walton – ABŞ ordusunun aviasiya zabiti, C-UAS strategiyasının müəllifi), Kendall Qomberin (Kendall Gomber – ABŞ ordusunun kəşfiyyat zabiti), Metyu Ceymson (Matthew Jamison – ABŞ Hərbi Hava Qüvvələrinin zabiti) və Nikol Tomasın (Nicole Thomas – ABŞ ordusunun mülki əməkdaşı, PUA-lara qarşı mübarizə idarəsində strategiya və siyasət şöbəsinin rəhbəri) Azərbaycan ordusunun 44 günlük müharibə təcrübəsinə əsaslanaraq, ABŞ ordusu üçün hazırladıqları strategiyası bu kontekstdə xüsusilə əhəmiyyətlidir.
Almaniya ordusu (Bundesver) da Azərbaycan ordusunun müharibə təcrübəsini öyrənib. Almaniyanın Hərbi və Strateji Araşdırmalar İnstitutunun müasir müharibə və yeni texnologiyalar üzrə mütəxəssisi polkovnik-leytenant Mixael Karl bildirirdi ki, Bundesver hazırda Azərbaycanın Qarabağda tətbiq etdiyi əməliyyat üsulları qarşısında müdafiəsiz vəziyyətdə qala bilər. Buna görə o, Almaniya ordusunun gələcək strategiyasını bu təcrübəyə əsasən müəyyən etməsini tövsiyə edib.
Ordumuzun dünyanı heyrətə salan taktikalarından biri də AN-2 təyyarələrindən - “Kukruznik” – necə istifadə etməsi idi. Naviqasiya sistemləri ilə təchiz edilmiş və pilotsuz təyyarəyə çevirmiş “Kukruznik”lər aşağı hündürlükdə uçur, onları vuran Ermənistan hava hücumundan müdafiə sistemləri yerlərini bəlli edir və PUA-larla məhv edilirdilər. Müharibədən sonra məlum oldu ki, “Kukruznik” taktikası 2013-cü ildə hazırlanıb, 7 il məxfi saxlanılan bu taktika nəticəsində müharibənin ilk günündə Ermənistanın HHM vasitələrinin 60 faizi məhv edilib. Amerikalı mütəxəssislər bu taktikanı Vyetnam müharibəsində istifadə olunan “Yırtıcı Veals” (Wild Weasel) və ya “Ovçu-Qatil” (Hunter-Killer) konsepsiyalarına bənzədirlər.
Dünyanın hərb elminin və döyüş strategiyalarının gedişini dəyişdirən Azərbaycan mütləq və tam qələbə ilə müharibə tarixini də yenidən yazdı. II Dünya müharibəsində kapitulyasiyaya məcbur olan nasistlərdən sonra Ermənistan tam təslimçi akta imza atan ilk ölkə, Azərbaycan da tam qələbə qazanan yeganə ölkə oldu. Bu, son 80 illik tarixdə yeni səhifənin açılması demək idi.
II Dünya müharibəsindən sonra əsas münaqişə ocağı Vyetnam idi. 1955-1975-ci ilərdə ABŞ və SSRİ-nin dəstəklədiyi qüvvələr 20 il müharibə apardılar. Soyuq müharibə faktiki olaraq Vyetnamda isti mərhələyə keçmişdi. Lakin 20 il davam edən müharibənin mütləq qalibi olmadı. Daha sonra eyni qüvvələr – SSRİ və ABŞ Əfqanıstanda üz-üzə gəldilər. 10 il (1979-1989-cu illər) davam edən müharibə də nəticəsiz qaldı. Əfqanıstan çölləri bir də 2001-ci ildə ABŞ-ın hücumu ilə yenidən aktiv müharibəyə “ev sahibliyi” etdi və nə az, nə çox, düz 20 il sonra – 2021-ci ildə ABŞ ordusunun biabırçı qaçışı ilə nəticələndi. 2003-cü ildə başlanan İraq müharibəsi, 2010-cu ildə “ərəb baharı” ilə Yaxın Şərqin müharibə meydanına çevrilməsi, onilliklərlə davam edən toqquşmalar, bütün bunların heç birində “mütləq və tam qalib” olmayıb.
Azərbaycanın tam qalib gəldiyi Vətən müharibəsindən sonra başlanmış Rusiya-Ukrayna və İsrail-Həmas müharibəsi də nəticəsiz davam edir. İyunun 13-də başlayan və 12 gün çəkən İran-İsrail müharibəsində də heç bir tərəf tam qalib gəlmədi.
II Dünya müharibəsindən sonra dünyada tam qələbə qazanmış yeganə ordu olan Azərbaycan Silahlı Qüvvələri 2023-cü ilin 20 sentyabrında keçirdiyi anti-terror əməliyyatı ilə da tarix yazdı. Azərbaycanın suverenliyini bərpa etdiyi 24 saatlıq antiterror əməliyyatının da müasir hərb tarixində müstəsna yeri var.
Birincisi, hərbi strategiyanın mükəmməlliyi idi.
İldırımsürətli taktikadan istifadə edən ordumuz erməni silahlı dəstələrinin ağır hərbi texnikasını dəqiq zərbələrlə məhv etdi, elit bölmələrimiz isə terrorçuların gizləndiyi yerlərə qədər sızaraq, “təmizləmə” işləri apardı. Cəmi 24 saata 90-dan artıq döyüş mövqeyi və strateji əhəmiyyətli mövqelər nəzarətə götürüldü, yüzlərlə hərbi texnika sıradan çıxarıldı. Həmçinin, 7 hərbi nəqliyyat vasitəsi, 4 minaatan, 1 tank, 2 piyadaların döyüş maşını (PDM) və xeyli sayda silah-sursatı qənimət olaraq ələ keçirildi.
İkincisi, humanizm prinsiplərinə tam əməl edilməsi idi.
Əsas hədəf olan hərbi obyektlər 24 saat ərzində dəqiq zərbələrlə məhv edildi, mülki əhali və infrastruktur isə heç bir zərər görmədi. Beynəlxalq təcrübədə dünyanın ən güclü ordularının belə hərbi müstəvidə keçirdiyi əməliyyatlar zamanı mülki əhali arasında da zərər görənlər olur. Mülki insanlar ya hərbçilərin yanlış atəşindən, ya qeyri-dəqiq zərbələrdən zərər çəkir. Antiterror əməliyyatı zamanı mülki insanların zərər görməməsi və onların təhlükəsizliyinin təmin edilməsi istiqamətində atılan addımlarla ordumuz yüksək peşəkarlıq nümayiş etdirdi, eyni zamanda, bu, növbəti beynəlxalq müstəvidə humanizm prinsiplərinin qorunmasında presedent rolunu oynadı.
44+1 formulu ilə ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa edən Prezident İlham Əliyevin ordu quruculuğuna müstəsna diqqət ayırır. Çünki qalib ölkə olsaq da, geosiyasi müstəvidə mövcud şərtlər, xüsusilə beynəlxalq hüququn işləməməsi, güclünün “haqlı tərəf” kimi qəbul edilməsi və bütün bunların regionumuza təsiri güclü ordu fenomeninin nə qədər əhəmiyyətli olduğunu göstərir.
Ali Baş Komandan güclü ordu strategiyasını 44 günlük müharibədən sonra da davam etdirib.
- Ordumuz yeni şərtlərə uyğun yenidən formalaşdırılır, xüsusi birliklərin sayı artırılır;
- Hərbi arsenalın təchizatına xüsusi diqqət ayrılır;
- Milli müdafiə sənayesinin inkifaşı ilə Azərbaycan həm öz hərbi ehtiyaclarını təmin edir, həm də beynəlxalq silah bazarında iştirak payını artırır;
- Hərbçilərin sosial təminatı dövlətin diqqət mərkəzindədir;
Bu gün Azərbaycanın Müzəffər Ordusu təkcə ölkəmizijn təhlükəsizliyinin təminatçısı kimi yox, regional sabitliyin təməl sütunlarından biri kimi çıxış edir.
Asif Nərimanlı
-
İdman04:30
“Ferrari”də gərginlik artır: Hemilton görün nə tələb edir
-
Qoroskop00:15
Günün ulduz falı: Sezgiləriniz sizə bələdçi olacaq
-
ABŞ15 Oktyabr 23:07
Heqsetin təyyarəsi məcburi eniş etdi - Ön şüşəsi çatlayıb...
-
ABŞ15 Oktyabr 21:55
Uitkoff siyasətdən gedəcəyi ilə bağlı şayiələrə cavab verdi
-
Kriminal15 Oktyabr 20:48
19 yaşlı oğlan 10 manata görə qətlə yetirildi - Xırdalanda
-
İdman15 Oktyabr 19:30
“Atletik” - “Qarabağ” matçının hakimi açıqlandı
-
Nida Xəbər 15 Oktyabr 19:20
Ramil Həsənin deputatlığına xitam verildi - Yeniləndi
-
ABŞ15 Oktyabr 19:00
ABŞ-ın müharibə naziri Rusiyanı hədələdi