Nida Təhlil
Özbəkistan səfərinin strateji nəticələri: İlham Əliyev vahid güc vizyonu qurur
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatdı. Səfərin ikitərəfli münasibətlər, türk dünyası və Mərkəzi Asiya-Cənubi Qafqaz oxunda oynadığı rol, xüsusilə geosiyasi proseslər fonundakı əhəmiyyəti hələ də müzakirə edilir. Səbəbsiz deyil, çünki Azərbaycan liderinin bu səfərini Avrasiyanın siyasi-iqtisadi vizyonunun formalaşmasında rol oynayacaq hadisə hesab etmək olar.
Azərbaycan-Özbəkistan münasibətləri milli respublikaların qurulmasından sonra normal məcrada davam edib, lakin əsas yüksəliş xətti 2016-cı ildən – Şavkat Mirziyoyevin prezidentliyi dövründə başladı. Buna qədər Mirziyoyevin sələfinin qapalı siyasəti Özbəkistanı xarici əlaqələrdə daha passiv vəziyyətdə saxlayırdı. Mirziyoyevin hakimiyyətə gəlişi ilə rəsmi Daşkənd aktiv xarici siyasət kursuna keçid etdi: Özbəkistanın Türk Birliyinə inteqrasiyası da bu dövrdən başlayır;
Daşkəndin bu siyasəti Bakının həm ikitərəfli münasibətlərə, həm Mərkəzi Asiya regionuna, həm də türk dünyasına yanaşmasına uyğundur. Azərbaycan-Özbəkistan münasibətlərinin strateji müttəfiqlik səviyyəsinə yüksəlməsi bu yanaşmanın nəticəsi hesab oluna bilər. Prezident İlham Əliyevlə Prezident Şavkat Mirziyoyevin şəxsi dostluğu, hər iki liderin milli maraqlara uyğun siyasəti Bakı-Daşkənd xəttində müttəfiqliyi ön plana çıxardı: “Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə” və “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” ikitərəfli münasibətlərin yeni mərhələsinin rəsmiləşməsi idi.
İki ölkə liderinin Daşkənddə imzaladığı “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə” münasibətlərə yeni məzmun qazandırdı. Bu müqavilə Azərbaycan-Özbəkistan müttəfiqliyini əbədi dostluğa çevirərək, qardaşlıq irsini gələcək nəsillərə ötürməklə yanaşı, həm ikitərəfli, həm regional siyasətdə mühüm istiqamətləri müəyyənləşdirir.
1. İki ölkə tarixi və mənəvi bağları ədəbiləşdirərək, uzunmüddətli müttəfiqliyimizin təmələni möhkəmləndirir;
2. Qarşılıqlı öhdəliklərlə dostluq münasibətlərini əbədiləşdirir, eyni zamanda, Mərkəzi Asiya və Cənubi Qafqaz xəttində yeni təhlükəsizlik arxitekturasını formalaşdırır;
3. Regional əhəmiyyətli layihələri - energetika, nəqliyyat və logistika, rəqəmsal inkişaf, kənd təsərrüfatı, “yaşıl” və rəqəmsal iqtisadiyyat, elektron ticarət, informasiya-kommunikasiya və kosmik texnologiyalar və s. birlikdə həyata keçirməklə Cənubi Qafqaz-Mərkəzi Asiya xəttində Bakı və Daşkəndin rolunu ön plana çıxarır;
4. İki ölkə nəqliyyat-logistika sahəsində potensiallarını birləşdirir. Ki, bu Avrasiyanın nəqliyyat şəbəkəsində iştirakçılıq payının artması, təsir imkanlarının genişlənməsi və geosiyasi rəqabətdə milli maraqların təmin edilməsi baxımından strateji gedişdir.
Burada Orta dəhliz layihəsi və bu marşrut üzərindəki geosiyasi rəqabət ön plana çıxır. Çindən Avropaya uzanan Orta dəhlizin üç əsas qovşağı var: Mərkəzi Asiya, Cənubi Qafqaz – Azərbaycan, Türkiyə - Avropaya çıxış;
Bu üç strateji nöqtə arasında xətlərin birləşməsi – marşrutun keçdiyi coğrafiyadakı siyasi proseslər, münasibətlər və hadisələrin inkişafı Orta dəhlizin perspektivlərini müəyyənləşdirir. Prezident İlham Əliyevin həyata keçirdiyi strategiya da məhz Orta dəhliz coğrafiyasında Türk Birliyinin həlledici rola malik olmasıdır.
- Zəngəzur dəhlizi layihəsi ilə Türk dünyasının coğrafi parçalanması aradan qaldırılır;
- Türk Dövlətləri Təşkilatında inteqrasiyanın dərinləşməsi istiqamətində addımlar atılır: Bakı-Ankara xəttindəki strateji müttəfiqlik modelinin digər türk dövlətləri ilə münasibətlərə tətbiqi ən mühüm addımlardandır;
- Cənubi Qafqaz-Mərkəzi Asiya xəttində əlaqələr gücləndirilir;
- Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə “C6” formatında qurduğu münasibətlər Prezident İlham Əliyevin də dediyi kimi, “vahid geosiyasi region”u formalaşdırır;
İlham Əliyevin Özbəkistana dövlət səfəri bu strategiyanın tərkib hissəsidir. Səfərin nəticələrinə və perspektivlərə nəzər yetirdikdə, geosiyasi vizyonu ortaya çıxır. Özbəkistan Mərkəzi Asiyanın – Orta dəhlizin ilk keçidindəki qovşağın əsas mərkəzlərindəndir, Azərbaycan isə marşrutun təkcə Cənubi Qafqazdakı yox, həm də Asiya və Avropa xəttindəki açar qovşaqdır. İki ölkənin müttəfiqliyi və əbədi dostluq müqaviləsi regionları – qovşaqları birləşdirir. Və ən mühüm məqamlardan biri bu birləşmənin Azərbaycan-Özbəkistan tarixi bağları ilə möhkəmləndirilməsidir.
Bununla iki strateji nəticə əldə olunur.
Birincisi, Orta dəhlizin Mərkəzi Asiya-Cənubi Qafqaz xəttində Bakı və Daşkənd dayaq nöqtəsinə çevrilir;
İkincisi, Özbəkistanla tarixi-mənəvi bağların güclənməsi ilə türk dünyasının birliyi möhkəmləndirilir;
Hər iki nəticə yekun olaraq, Prezident İlham Əliyevin daha öncə bəyan etdiyi kimi, türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsinə zəmin yaradır. Bu, geosiyasi rəqabətdə taleyüklü məsələdir. Çünki Orta dəhliz üzərindəki rəqabət türk dövlətlərinin önündə iki seçim qoyur: ya fərdi siyasətlə rəqabət burulğanında təklənəcək və geosiyasi cəbhələrin maraqlarının “piyadasına” çevriləcəklər; ya da vahid güc mərkəzi kimi çıxış etməklə, Orta dəhliz üzərindəki geosiyasi rəqabətin həlledici faktoruna çevriləcəklər;
Birinci seçim heç bir türk dövlətinin milli maraqlarına və Türk Birliyinə uyğun deyil, ikinci seçim geosiyasi rəqabət burulğanından təkcə “sağ çıxmaq” yox, həm də güclü çıxmağın yeganə yoludur. Geosiyasi reallıqları doğru oxuyan Azərbaycan lideri məhz bu strategiyanı irəli sürür və praktiki icrası istiqamətində işləyir. Bu kontekstdə Prezident İlham Əliyevin Özbəkistan səfəri və nəticələri vahid güc vizyonunun qurulması strategiyasında mühüm gedişlərdən biri kimi qiymətləndirilməlidir.
Asif Nərimanlı
-
MDB09:32Rusiyada gecə kabusu: 400-dən çox PUA... - 16 region hədəfdə
-
Dünya08:00Bu ölkədə kütləvi adam oğurlu - 47 ölü, 50-dən çox girov var
-
İdman07:47Sabiq hücumçu həbs edilə bilər
-
Magazin206:16“Mələk” nişan xəbərindən sonra bikinidə poza verdi - FOTO
-
ABŞ05:45Rubio xarici həmkarlarına İrana hücumla bağlı bu sözləri deyib
-
Cənubi Qafqaz04:44Məhkəmə Koçaryanın oğlu ilə bağlı belə qərar verdi
-
Dünya04:14Günəş sistemində doqquzuncu planet - Yerdən 10 qat ağırdır
-
Mətbəx02:42Əti əsla sərtləşdirməyən marinad texnikası




































.jpg)
.jpg)

.jpg)