Layihələr
İstintaqın İlkinə şərik axtarmaq cəhdləri - MƏTANƏT - VƏFADAR OYUNU
LAYİHƏ: QATİLLƏ QURBAN ARASINDA
Yazı silsiləsində ibtidai istintaq materialları, məhkəmə reportajları, şahid ifadələri və müşahidələr, təhlillər əsasında 11 yaşlı Nərminin qətlinin gizlinləri araşdırılır.
X yazı
Əvvəlki yazılar:
1. İlkin Nərmini niyə öldürdü? - İTTİHAM AKTINDA YAZILANLAR
2. İlkin Nərmini ata kimi öpürdü? - İTTİHAM AKTININ TƏHLİLİ
3. Nərmin harda saxlanılıb və necə öldürülüb? - İSTİNTAQ ÖZÜ-ÖZÜNÜ TƏKZİB EDİR
4. Nərminin qanı harda axdı və hardan çıxdı? EKSPERTİZA RƏYLƏRİ
5. İlkin Süleymanovun əleyhinə hansı sübutlar var?
6. İlkin Youtubedə Nərminə nələr göstərirdi? İTTİHAM AKTININ GİZLİNLƏRİ
7. Nərminin ailəsinin dəhşət və ibrət dolu “Sarı taksi” yalanı
8. Nərmının qara yubkası necə cıns şalvar olur? MÜTƏŞƏKKİL MÜƏMMALAR
9. Nərmin işində qəfil peyda olan cins şalvar iziylə... - SAXTAKARLIĞIN ANATOMİYASI
İşlə bağlı ən maraqlı məqamlardan biri də Mətanət-Vəfadar axtarışıdır. Vudi Allen filmlərini xatırladan bu axtarış Bakı İstintaq Təcridxanasının rəisinin Baş Prokurorluğun İstintaq İdarəsinə yazdığı məktubla başlayır. Həmin məktubda təcridxana rəisi İlkin Süleymanovun onunla eyni kamerada saxlanılan üç məhbusa “cinayətin motivi, necə və hansı səbəbə baş verdiyi ilə bağlı məlumat” verdiyini bildirilir. Həmin məhbusların adları da məktubda qeyd edilib:
- İsmayılov Rəvan
- Qəhrəmanov Baxşəli
- Həsənov Mehman
Məktub 2020-ilin dekabr ayının 7-sində göndərilib. İlkin Süleymanov isə həmin ilin yanvar ayında həbs edilmişdi. Məktubdan üç-dörd gün sonra hər üç şəxs dindirilir. Rəvan İsmayılov İlkin Süleymanovun ona cinayəti törətdiyini etiraf etdiyini bildirsə də, cinayətin detalları ilə bağlı heç bir şey demədiyini qeyd edir. Ancaq ən maraqlı məqam onun ifadəsindəki aşağıdakı hissədir:
“İlkin Süleymanov özü-özü ilə danışan zaman Mətanət və Vəfadar adlarını sayıqlayırdı. Mətanət barəsində “Verdiyin pullar başına dəysin" deyirdi. Vəfadara isə qarğış etdiyini və onun gününə düşməsini deyirdi. Həmin Mətanət və Vəfadarın kim olduğunu nə mənə, nə də kameradakı digər dustaqlara bildirməmişdi, onlar barədə bir söz demirdi. Ancaq özü deməsə də, mən İlkinin dediklərindən Vəfadarın onun həmkəndlisi olduğunu zənn edirəm, Mətanətin isə varlığı və harda yaşamasından xəbərim yoxdur”.
Şahidin dediklərinin qurama olduğu ilk baxışdan görünür. O, Vəfadarın kənd sakini olduğunu zənn edir, ancaq Mətanətdən xəbəri olmadığını elə deyir ki, sanki Dondar Quşçu kəndində əhalinin siyahıyaalınmasını şəxsən özü həyata keçirib. Vəfadarın kənd sakini olduğunu zənn etsə də, Mətanəti tanımadığını başqa necə izah etmək olar? Ancaq mövzumuz bu deyil.
Rəvan İsmayılovun “fayşəxana” (prokurorun orfoqrafik savadına qibtə edirik) saxladığı üçün həbs edildiyini qeyd etdiyi Baxşəli isə ifadəsində İlkinin cinayəti ona etiraf etdiyini, peşman olduğunu, şeytanın onu yoldan çıxartdığını, cinayəti qızın bir qohumu ilə birgə törətdiyini, ancaq qohumun adını ona demədiyini qeyd edir.
Ən maraqlısı isə üçüncü şahiddir: Mehman Həsənov. O, İlkinin öz işi ilə bağlı ona heç bir söz demədiyini bildirir. Belə olan halda təcridxana rəisi hansı əsasla onun adını prokurorluğa göndərilən məktuba salıb? Mehman Həsənov hətta İlkinin Baxşəliyə də bu barədə heç bir şey demədiyini bildirir. (Mehman Həsənov kamerada qısa müddət saxlanıldığı üçün digər şahid -Rəvan İsmayılovla rastlaşmayıb)
Bundan əlavə, 2020-ci ilin iyul ayında azadlığa buraxılan Mehman Həsənovun hadisə ilə bağlı məlumatlı olduğu barədə məktub prokurorluğa niyə dekabr ayında göndərilirdi? Bu suallar açıq suallardır...
Rəvanla Baxşəlinin ifadələri arasında ziddiyyət var. Rəvan ifadəsində İlkinin Şərif (Nərminin atası) haqqında pis, arvadı Aynurə (Nərminin anası) haqqında yaxşı danışdığını bildirərək, Aynurə ilə İlkin arasında münasibətin olduğunu güman etdiyini deyir. Ancaq Baxşəli İlkinin Aynurəni əxlaqsız qadın adlandırdığından bəhs edir.
Bəs Mətanətlə Vəfadar kimdir? İstintaq Mətanət Vəliyevadan, Dondar Quşçu kənd mətəbinin direktorundan ifadə alır. Mətanət xanım İlkinin bacılarının rəhbərlik etdiyi məktəbdə çalışdığını bildirsə də, İlkin Süleymanovla aralarında heç bir münasibətin olmadığını göstərir. Nəyə görəsə ona Vəfadarın kimliyi barədə sual verilmir. Mətanət xanım kənddə özündən başqa bir Mətanətin də olduğunu, həmin Mətanətin məktəbdə müəllimə işlədiyini bildirir. Ancaq ifadə ondan deyil, məktəbin digər müəllimi Məlahət Əliyevadan alınır. Və bu ifadə zamanı Vəfadarın kimliyi üzə çıxır. Kənd sakinlərinin Vəfadar adlandırdığı bu şəxsin əsl adı İlqardır və o, Mətanət Əliyevanın qaynıdır.
55 yaşlı Vəfadar Nərminin meyitinin tapıldığı günü belə nəql edir: “Həmin gün saat 8 radələrində fəhləlik etmək üçün Tovuz rayon mərkəzinə piyada getmişəm. Lakin həmin gün kimin həyətində işlədiyimi xatırlamıram Ancaq onu deyə bilərəm ki, işlədiyim evin həyətindən beton qırıntıları və zibil təmizləyirdim. İşimin müqabilində ev sahibi mənə 10 manat verdi. Həmin gün saat 19.00 radələrində yenə piyada çay qırağı ilə Dondar Quşçuya qayıtmışam”.
(Tovuz rayon mərkəzi ilə Dondar Quşçu kəndi arasındakı məsafə 9.6 kilometrdir)
Vəfadar İlkinlə bağlı suala belə cavab verir: “İlkini kənd sakini kimi tanımışam. Münasibətimiz “salam-sağol”la bitmişdir. Onun mənə niyə qarğış etdiyini xatırlamıram. Ona heç bir pisliyim dəyməmişdir”. Mətanət barədə isə bunları deyir: Bildirmək istəyirəm ki, yaşadığımız kənddə Mətanət adında bir qadın var. O, məktəbdə direktor işləyir. Başqa Mətanət tanımıram”.
Vəssalam...
İstintaq Mətanət və Vəfadarla bağlı heç bir xüsusi təhqiqata ehtiyac duymur. Misal üçün, digər Mətanəti dindirmir, hər iki Mətanətlə Vəfadar arasında və eləcə də onlarla İlkin arasında telefon əlaqəsi olub-olmadığını yoxlamır. Eləcə də Baxşəli və Rəvanın ifadələri arasındakı ziddiyyətləri ayırd etmir. Ancaq əlahiddə bir iş görmüş kimi “mötəbər” iki şəxsin adını məhkəmə iclasına çağırılmalı olan şahidlərin siyahısına daxil edir. Yeri gəlmişkən, Baxşəli barədə Rəvanın “fayşəxana” saxladığı fikri də tamamilə doğrudur. Çünki, Baxşəli CM-nin 244-cü maddəsi (əxlaqsızlıq yuvaları saxlama) ilə məhkum edilib. Rəvan haqqında hökm isə dələduzluq maddəsiylə çıxarılıb.
İttiham tərəfinin şahidi kimi məhkəməyə dəvət edilən Baxşəli və Rəvandan əlavə eyni kamerada saxlanılan iki şəxs müdafiə tərəfinin şahidləri kimi məhkəmədə ifadə vermişlər. Həmin şəxslər- Raqif Mirzəyev və Eyvaz Əliyev Baxşəli və Rəvanın dediklərini qətiyyətlə təkzib edərək, İlkin Süleymanovun nəinki etirafedici sözlər işlətdiyini, hətta təcridxanada olan hər kəsin İlkinin günahsızlığına əmin olduğunu bildiriblər.
Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 126-cı maddəsinin 3-cü hissəsində belə deyilir: "Şahidlərin cinayət prosesini həyata keçirən orqana özgənin sözlərindən verdiyi məlumatlar sübut kimi istifadə edilə bilməz".
Bu maddə də istintaqın hadisəyə münasibətini aydın şəkildə göstərir. Çünki, İlkin Süleymanovun kiməsə verdiyi məlumatlar (hətta verilsə belə) sübut kimi istifadə edilə bilməz.
Yazının sonunda on sualı da qoymaq gərəkdir.
- İyul ayında azadlığa buraxılan Mehman Həsənovun hadisədən məlumatlı olduğu barədə məktub niyə prokurorluğa dekabr ayında göndərilirdi?
- Təcridxana rəisi məktubda adını qeyd etdiyi üç şəxsin “cinayətin motivi, necə və hansı səbəbə baş verdiyi ilə bağlı” məlumatlı olduğu yazılsa da, niyə hər üç şahid cinayətin motivi, necə baş erməsi və səbəbi haqda ifadə verməmişdir?
- Mehman Həsənov hadisə ilə bağlı məlumatsız olduğunu bildirdiyi halda nəyə görə onun adı prokurorluğa göndərilən məktuba salınmışdı?
- Mehman Həsənovun adı niyə məhkəmə iclasına çağırılmalı olan şahidlərin siyahısına daxil edilməmişdi?
- İlkinin Baxşəli və Rəvana “etiraf”ını 2020-ci ilin yanvar ayında etdiyi halda rəhbərliyə bu haqda məlumat niyə 11 ay sonra verilmişdi?
- Sayıqlama nə vaxtdan sübuta çevrilib?
- İstintaq qrupunun üzvləri “Yuxu” filminə baxıbmı?
- Digər Mətanətdən niyə ifadə alınmayı?
- Mətanət-Vəfadar oyunu və Baxşəlinin dediyi “qızın qohumu” sözləri İlkinə şərik qoşmaq üçünmü idi?
- Nərminin qaçırılması və öldürülməsi cinayətinin bir şəxsin təkbaşına edə bilməyəcəyi prokurorluğun ağlına on bir ay sonramı gəlmişdi?
Təəssüf ki, bu suallar indi açıq qalır. Ancaq həqiqətlərin bir gün üzə çıxmaq xasiyyəti var.
Qan Turalı
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...