Nərmin işində qəfil peyda olan cins şalvar iziylə... - SAXTAKARLIĞIN ANATOMİYASI
Bizi izləyin

Xüsusi

Nərmin işində qəfil peyda olan cins şalvar iziylə... - SAXTAKARLIĞIN ANATOMİYASI

QATİLLƏ QURBAN ARASINDA

Yazı silsiləsində ibtidai istintaq materialları, məhkəmə reportajları, şahid ifadələri və müşahidələr, təhlillər əsasında 11 yaşlı Nərminin qətlinin gizlinləri araşdırılır.

IX yazı

Əvvəlki yazılar:

1. İlkin Nərmini niyə öldürdü? - İTTİHAM AKTINDA YAZILANLAR

2. İlkin Nərmini ata kimi öpürdü? - İTTİHAM AKTININ TƏHLİLİ

3. Nərmin harda saxlanılıb və necə öldürülüb? - İSTİNTAQ ÖZÜ-ÖZÜNÜ TƏKZİB EDİR

4. Nərminin qanı harda axdı və hardan çıxdı? EKSPERTİZA RƏYLƏRİ

5. İlkin Süleymanovun əleyhinə hansı sübutlar var?

6. İlkin Youtubedə Nərminə nələr göstərirdi? İTTİHAM AKTININ GİZLİNLƏRİ

7. Nərminin ailəsinin dəhşət və ibrət dolu “Sarı taksi” yalanı

8. Nərmının qara yubkası neci cıns çalvar olur? MÜTƏŞƏKKİL MÜƏMMALAR

Keçən yazımız belə bitirdi: “Ancaq bu, hekayənin proloqudur. Hekayə davam edir...”. Həmin yazının əsas məqamlarını xatırladıb hekayəmizə davam edək:

“Nərminin atası Şərif Quliyev qızı itkin düşən gün polis rəisinə yazdığı ərizədə qızının cins şalvar geyindiyini bildirsə də, sabahısı gün izahatında Nərminin evdən çıxarkən əynində qara yubka olduğunu qeyd edir. Nərminin bacısı Şəbnəm Quliyeva, anası Aynurə İsmayılova isə 30 noyabrda prokurorluğun müstəntiqlərinə verdikləri ifadədə Nərminin qara yubka geyindiyini göstərir. İbtidai istintaqa verdiyi ifadədə Nərmini ayaqüstü görən və geyimi haqqında heç bir kəlmə deməyən əmisi Arif Quliyev isə məhkəmədə onun geyimlərini birbəbir sayır, ancaq vəkillərin sualına cavab olaraq o gün bir neçə saat birlikdə olduğu qardaşının geyimini xatırlamır. Onun həyat yoldaşı Nailə Quliyeva isə ifadəsində Nərmini görmədiyini desə də məhkəmədə onun geyimlərini təfərrüatlı şəkildə təsvir edir. Həm Arif, həm də Nailə Nərminin həmin gün yaşıl cins şalvar geyindiyini deyirlər. Sarı taksi kimi mütəşəkkil bir yalan mexanizminin işə düşdüyü gün kimi aydındır”. (Təfərrüatlar üçün yuxarıdakı linkə baxa bilərsiniz)

Keçən yazıya əlavə kimi İlkin Süleymanovun yanvarın 11-də verdiyi və daha sonra işgəncə altında verildiyini əsas gəyirərək imtina etdiyi etirafedici ifadələrdə də Nərminin geyimi mübahisələndirilən məqam belə vurğulanır: “Açıq rəngli qalın şalvar”.

Meyitin üstündə hansı paltarlar vardı?

İndi isə Nərminin meyitinin tapıldığı gündən bir gün sonra, yanvarın 7-də tərtib edilmiş bir sənədə nəzər salaq. Söhbət meyitə baxış keçirilməsi ilə bağlı “06789” qeydiyyat nömrəli protokoldan gedir. Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqinin tərtib etdiyi protokola görə, baxışda həmin idarənin kriminalistika şöbəsinin prokuroru və baş məsləhətçisindən əlavə Səhiyyə Nazirliyi "Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya” birliyinin tibbi-kriminalistika şöbəsinin baş məsləhətçisi və həmin birliyin Tovuz, Ağstafa və Qazax rayon şöbələrinin məhkəmə tibbi ekspertləri, üç prokurorluq, dörd tibbi ekspert olmaqla yeddi nəfər iştirak etmişdir. Həmin səlahiyyətli şəxslərin hər biri meyitə baxış protokolunu imzalamışdır.

Protokolda oxuyuruq: Meyitin əynində kəskin termik (İstilik-Q.T.) təsirə məruz qalmış geyim əşyaları və digər yanmış hissəciklər var. Qeyd edilən geyim və digər əşyalar ehtiyatla götürüldü. Meyitin üzərində olan kəskin termik təsirə məruz qalmış geyim əşyaları aşağıdakılardır:

Qırmızı rəngli zəncirbənd (Xalq dilində sep-Q.T.), qırmızı rəngli jaketin yuxarı hissəsinin fraqmenti (Parçası, hissəsi-Q.T.), ağ rəngli köynəyin fraqmenti, çəhrayi rəngli saç bağı, sağ ayağında yaşıl rəngli ayaqqabı, yaşıl rəngli gül naxışları olan kalqotka.

Kim haqlıdır?

Göründüyü kimi, Nərminin meyitinə keçirilən baxış zamanı onun əynində qırmızı gödəkcə, qırmızı jaket, ağ köynək, yaşıl ayaqqabı və gül naxışlı kalqotka olduğu müəyyən edilib. Nərminin bacısı Şəbnəmin ifadəsində oxuyuruq: “Bacım evdən çıxan zaman onun əynində yaşıl rəngli ayaqqabılar, qara yubka (ətək), ətəyin altında isə güllü naxışları olan kalqotka vardı”. Anası da anoloji ifadəni verir: “Həmin vaxt qızım Nərmin ağ rəngli kalqotka, qara rəngli yubka, qırmızı rəngli gödəkçə geymişdi”.

Bu məqamda bir haşiyə üçün zərurət yaranır. Nərminin itkin düşdüyü gün əynindəki paltarlarla meyitin üstündə olan paltarların eyni, ya da fərqli olması prinsip etibarı ilə heç nə demir. Çünki, söhbət 47 günlük müddətdən gedir ki, bu müddət ərzində onun paltarı dəyişdirilə də bilərdi. Diqqəti başqa bir məqama çəkmək istərdik. Doğrudur, meyit üzərində nə cins şalvar aşkarlanıb, nə də qara yubka. Ağ rəngli kalqotka barədə ifadə verən ana və bacının dedikləri doğru çıxdığına görə Nərminin əynində qara yubka olduğunu asanlıqla yəqin etmək mümkündür. Nərmin məktəb paltarında olmuşdur, soyuq noyabrda qara yubkanın ağ kalqotka ilə geyinilməsi tamamilə məqsədyönlü və başa düşüləndir. Cins şalvardan isə əsər-əlamət yoxdur. Ancaq biz cins şalvarla yenidən qarşılacağıq. Problemin ən mürəkkəb cəhəti də burdadır. Bu barədə bir az sonra...

Münəvvər momenti...

Türkiyədə son illərin ən dəhşətli cinayətlərindən biri olan Münəvvər Karabulut cinayəti ilə bağlı bir məqami xatırlatmaq istərdik. 18 yaşlı Münəvvər sevgilisi Cem Garipoğlu tərəfindən vəhşicəsinə öldürülmüş, polis cəmi bir neçə saat ərzində cinayətin üstünü açmışdı. Ancaq qatili yaxalamaq üçün 107 gün lazım oldu. Bu müddət ərzində güclü ictimai təzyiq altında axtarışlara davam edən polis heç bir nəticə əldə edə bilmədi. Ancaq və ancaq 107 gün sonra Cem vəkili vasitəsi ilə təslim oldu. Onun Suriyada gizləndiyi deyilirdi. Üstündəki paltarlar isə Münəvvərin öldürüldüyü gün əynində olan paltarlar idi. Bununla da o və vəkilləri Cemin bu 107 gün ərzində sanki heç kimdən kömək almayaraq gizləndiyi təəssüratını yaratmaq istəyirdilər. Buna baxmayaraq, anası və əmisi həbs cəzasına məhkum edildi.

Nərmin məsələsinə gəldikdə... Bu ifadələr nəyin naminə dəyişdirilir? Niyə ata, əmi, hətta məhkəmədə ana meyitin tapılanda əynində olan paltarları qeyd edirlər? Meyitin Nərminə aid olduğunu təsdiq etmək üçün. Diqqətli oxucular cümlədəki ziddiyyəti dərhal anlayacaq. Məsələ bundadır ki, onların ifadələrinin ziddinə olaraq, Nərminin əynində cins şalvar yox idi. Amma... Yazının ən dramatik yeri də buradır.

Cins dövrünün uşaqları

Yuxarıda qeyd edildiyi kimi, 7 yanvar tarixində meyitə baxış keçirilmiş, 10 yanvarda isə Nərminin üzərindən götürülmüş geyim əşyalarının ekspertizası təyin edilmişdir. Ədliyyə Nazirlıyinin Məhkəmə Tibbi Ekspertizasının rəyi isə 17 fevralda imzalanmışdır. Rəyin tədqiqat obyektlərinin göndərilmə şəklinə dair məlumat hissəsində oxuyuruq: “Tünd göy rəngli, bel hissəsi rezin əlavəli (manjet) cins parçadan tikilmiş şalvar”...

Axı meyitin üstündə aşkarlanan geyimlərin içində şalvar yox idi...

Nərmin Quliyevanın meyitinin aşkarlandığı yerə keçirilən baxış meyitin tapıldığının səhəri günü - 7 yanvarda baş tutmuşdur. Cinayət işi materiallarına əlavə edilən baxış protokolunda hadisə yerindən tapılan geyim və əşyaların qablaşdırılaraq götürülməsindən bəhs edilir. Burda da cins şalvardan söhbət getmir. Ancaq maraqlıdır ki, ittiham aktında hadisə yerindən götürülmüş “yanmaya məruz qalmış şalvarın qalıqları”ndan bəhs edilir. İstinad isə 7 yanvardakı hadisə yerinə baxış protokoludur. Qırıq link, saxta sitat...

Səhlənkarlıqla izah edə bilməyəcəyimiz saxtakarlıqdan söhbət gedir. Bəs bu saxtakarlıq nəyin naminə edilir? Ən əhəmiyyətli məqam da elə bundan ibarətdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm