Rəsulzadənin Stalini minbərdə gizlətdiyi yalanı
Bizi izləyin

Layihələr

Rəsulzadənin Stalini minbərdə gizlətdiyi yalanı

LAYİHƏ: GİZLİNLƏR RESPUBLİKASI

Biri var tarix, biri də var keçmiş... Tarix bizə danışılanlardır, keçmiş isə olanlar... Ya siyasət, ya rəyasət, ya da cəhalət səbəbindən insanlar tarixə inanır.

Və tarix yeganə elmdir ki, onun rəsmi forması var. Rəsmi tarix keçmişdən çox fərqlənir. Gizlinlər Respublikası isə tarixdən yox, keçmişdən bəhs edir.

Onda rəsmi tarixin donuqluğu yoxdur, keçmişin hərəkəti var. Onda həqiqət yoxdur, həqiqətlər var. Onda idillik yoxdur, gerçək var. Onda səhvsiz insan yoxdur, qanlı-canlı insan var. Və Gizlinlər Respublikasında heç kim ideallaşdırılmır və heç kim itirilmir...

23 aylıq Cümhuriyyətimiz, bizi biz edən respublikamız haqda “Gizlinlər Cümhuriyyəti” silsiləsi qaranlıqlara tuşlanan fənər olacaq.

Əvvəlki yazılar...

1.Rəsulzadənin ifşa olmuş dəhşətli sirri

2. Ona Məmməd Əminin kim olduğunu Atatürk başa salacaqdı...

3. Beriya necə müsavatçı idi?

4. Onun ölüm əmrini Rəsulzadə vermişdi? CÜMHURİYYƏT DÖVRÜNÜN SİYASİ CİNAYƏTİ

5. Rəsulzadədən və 24 yaşlı nazirindən xəbərsiz törədilən qətl ƏLİ BAYRAMOV CİNAYƏTİ

6. ““Himnimizi Əhməd Cavad yazmayıb” desələr...”

7. Beş foto ilə dünyanın ən ağrılı intiharının xəritəsi

Cümhuriyyət dedikdə heç şübhəsiz ki, yada Məmməd Əmin Rəsulzadə düşür.

Məmməd Əmin Rəsulzadə bioqrafiyasının ən məşhur məqamı onun Stalinlə xatirələridir.

Və hamıya tanış olan xatirə də Stalini Novxanıdakı Şah Hüseyn məscidinin minbərində gizlətməsi...

Bu, doğrudurmu?

Bu gün bu düyünü çözələyib, bu gizlini açacağıq.

Bu iddia ilk dəfə Nəsiman Yaqublunun 1991-ci ildə çap edilmiş “Məmməd Əmin Rəsulzadə” kitabında qaldırılıb.

Kitabın 20-ci səhifəsində oxuyuruq:

“Fəhlələr arasında inqilabi təbliğat apardığına görə dövlətlilər Stalini neft quyusuna atmaq istəmişdilər. Məmməd Əmin onu ölümdən xilas etmişdi. 1908-ci ilin martında Stalun həbs edilir. Həmin ilin sentyabrında onun gizli şəkildə həbsxanadan qaçırılmasını təşkil edənlərdən biri Məmməd Əmin olur.

Bir dəfə polislər Stalinin izinə düşmüşdülər. Həbs olunmaq təhlükəsi vardı. Novxanıya qaçıb gələn Stalini polislər burda da bərk axtarırdılar. Məmməd Əmin ondan öz köməyini əsirgəməmişdi. Evlərində neçə dəfə çörək kəsən bu adamı atasının axundluq etdiyi Novxanı məscidindəki minbərin altında gizlətmişdi”.

Əvvəlcə ondan başlayaq ki, Stalinin 1908-i ilin mart ayında həbs edilməsi doğru olsa da o, Bayıl həbsxanasından qaçmağı bacarmamışdı.

Son anda qaçışın üstü açılmış, məhkəmə qərarına əsasən, Stalin Voloqda quberniyasına sürgün edilmişdi.

Ancaq Məmməd Əminin Stalinin həbsxanadan qaçışına kömək etdiyi doğrudur.

Bunu Məmməd Əminin öz qələmindən, “Stalinlə ixtilal xatirələri”ndən oxuyuruq:

“Şərikimiz maliyyə komisyonu üzvlərindən Serebryakov mənə müraciət edir: Kobanı tanıyırsan, onu Bayıl həbsxanasından (Bakının Bayıl burnu deyilən xəlicində üç tərəfi su olan bir həbsxana qalası ki, bir zaman mən də bunun sakinlərindəndim) qaçırmaq istəyirik, deyir. Bağ gəzintisinin başarılı olduğu və yaxşı hasilat verəcəyi şübhəsizdir. Bizim hissəmizə düşəcək gəlir hesabına yoldaş Kobanın (yəni Stalinin) qaçırılmasını finansə etmək üzrə gəzintinin müdiri sifətilə 200 rubləlik bir avans versəniz, minnətdar olarıq”, - deyir. İşin təcili olmasını da Kobanın iki gün sonra gedəcək məhbuslar kəfiləsi ilə göndərmək zərurəti ilə izah edir:

“Hər ehtimala qarşı bəklədiyimiz nəticə aldığımız avansı qapamayacaq olsa, hissəmizə düşən açığı dərhal ödəməyi təəhhüd edirik”, deyə təminat verməyi də ihmal etmir. Məsələni yoldaşlara deyirəm: istənilən avansı verməkdə bir maneə görülmür”.

Söhbət Məmməd Əminin rəyasət heyətində olduğu Nicat Xeyriyyə Cəmiyyəti ilə bolşeviklərin şərikli xeyriyyə tədbirindən gedir.

Burdan göründüyü kimi, Məmməd Əmin xeyriyyə tədbirinin büdcəsindən Stalinin həbsdən azad edilməsi üçün pul ödəyir.

Qaçış isə mümkün olmur, əsas məsələ isə başqadır.

Məsələ bundadır ki, Saymon Sebaq Montefiorenin “Gənc Stalin” adlı irihəcmli bioqrafiyasında Stalinin Bakı fəaliyyəti haqqında geniş materiallar yer alıb.

Bu materiallarda Stalinin başına quldurları topladığı, mədən sahiblərini, neftxudaları və hətta Rotşildi, Nobeli belə xəraca bağladığı ətraflı şəkildə təsvir edilir.

Bu mənada Stalin kimi mafioz və odioz bir fiqurun quyuya atılacağını düşünmək ağlasığmazdır.

Və Rəsulzadə də şəxsən Stalinin kriminal inqilabi fəaliyyətindən bəhs edir.

“Stalinlə ixtilal xatirələri”ndə oxuyuruq:

“Sözü keçən dövrdə polisin acizliyini görən bəzi firmalar təhlükəsizliyini verdikləri dolğunca maaş müqabilində Bakının “qoçu” deyə məşhur olan qoçaqlarına əmanət etmişdilər. O cümlədən məşhur petrol şirkəti Nobel bu məqsədlə H.M.-yev deyilən birisilə bağlaşmışdı. Bu zat 1927-28-ci illərdə emiqrant ikən İstanbulda bir çoxlarına Bakıya aid xatirələri arasında şayani-diqqət bir hekayə danışmışdı: Bolşevik partiyasının təhdid qolundan adı keçən firmanın neft alan şöbəsinə bir məktub gəlir. Məktub 50 000 rublənin müəyyən gün və saatda gələcək yoldaşlara təslim edilmək üzrə hazırlanmasını tələb edir. Firmanın müdiri H.M.-i çağırır və ondan təyin olunan saatda terrorçularla qarşılanmasını tələb edir. H.M. bir neçə qoçusu ilə birlikdə gözləyir. Təyin olunan saatda iki yoldaşı ilə Koba (yəni Stalin) peyda olur. Qorxu təlqin edən sərt bir baxışla H.M.-i süzən Koba ona ismi ilə xitab edərək qandırıcı bir ifadə ilə: - H., deyir, biz adi bir oğru-quldur deyilik. Kapitalizmə qarşı vuruşan bir işçi partiyasıyıq. Hədəfimiz Rusiya çarlığıdır. Biz işçilər bu zülmün altındayıqsa, siz müsəlmanlar iki zülmün altındasınız. Başqasının xüsusi mənfəətini qorumaq üçün bizə qarşı silah çəkmək, canınızı mənasız yerə hədər etməkdir. Halbuki bizim aldığımız paralar hürriyyət üçün sərf olunur; bir millət olaraq sizin hürriyyətiniz də bunun içindədir. Bundan sonra H.M. bəyin müqaviməti qırılır və həmən arkadaşlarına dönərək: - Biz pas, deyir".

İndi bir anlıq təsəvvür edin, H.M. adlı bu qoçunun damarlarındakı preletariat atəşi coşduğu üçün Stalinlə razılaşmışdı? Axı o, Nobel şirkətindən maaş alırdı və onu qorumalı idi. Belə vəziyyətlərdə geri çəkilmək qoçu üçün ölümə bərabərdir. Amma can şirin şeydir. H.M. Stalinin necə bir şəxs olduğunu, nələrə arxalandığını çox dəqiq bilirdi. Ona görə də bu cür alçaldıcı təkliflə razılaşmağa məcbur qalmışdı.

Stalin öz dəstəsi ilə hətta Bakı donanmasının silah cəbbəxanasını qarət edərək ordan silahlar oğurlayacaq qədər güclü idi.

Bütün bu faktlar, dövrün tarixi mənzərəsi, Stalinin şəxsiyyəti onun yazıq və cılız obrazını yaradan hekayələrə qətiyyən uyğun gəlmir. Bəs minbər və quyu hekayəsinin mənbəyi nədir? Təəssüf ki, yuxarıda sitat gətirdiyimiz kitabda bu barədə heç nə deyilmir.

Və əsas arqumentimizə gələk. Stalinin həbsdən qaçırılması üçün verdiyi 200 manatı belə yazan Məmməd Əmin Rəsulzadə niyə Stalini quyuya atılmaqdan xilas etdiyini və Novxanı məscidində gizlətdiyini yazmır? Bu sualın məntiqli cavabı varmı? Var. Çünki belə bir hadisə heç zaman olmamışdı.

Qan Turalı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm