Qarabağ
Politoloq - Regionda böyük perspektivlər açılır
Azərbaycan əraziləri 30 il işğal altında idi. Münaqişənin dinc yolla tənzimlənməsi üzrə ATƏT-in Minsk qrupu yaradılmışdı. Minsk qrupunun həmsədrləri danışıqlar prosesində Ermənistana təzyiq göstərmirdi, işğalçı ilə işğala məruz qalan dövlətlər arasında fərq qoymurdu. Bununla da demək olar ki, de-fakto işğalçının yanında dayanmışdılar. İşğalçıdan tələb etmirdilər ki, işğal etdiyi ərazilərdən çıxsın.
Bu sözləri Publika.az-a açıqlamasında professor, siyasi elmlər doktoru Ramiz Sevdimalıyev deyib. Politoloq qeyd edib ki, Ermənistan həmsədrlərin belə mövqelərini gördükcə ruhlanaraq daha sərt mövqedən çıxış edirdi:
“Əvvəllər Ermənistan deyirdi ki, ətraf 7 rayonu müvəqqəti işğal ediblər və azad etməyə razıdırlar. Lakin sonradan bu mövqedən də geri çəkildilər. Bir sözlə, Ermənistanın mövqeyi daha da sərtləşirdi, iştahı artırdı. Beynəlxalq aləmdə bir sıra təşkilatları və onların havadarları meydana gəlməyə başladı. Onlar Azərbaycanın maraqlarına uyğun olmayan və ya münaqişənin dinc yolla həll olunması təklifləri irəli sürürdülər. Sözsüz ki, Azərbaycan respublikasının Prezidenti bununla razılaşmadığını bildirir və vurğulayırdı ki, münaqişənin həllinin alternativi də var. Paralel olaraq ordumuz və iqtisadiyyat güclənirdi. Azərbaycan doğrudan da praktikada göstərdi ki, alternativ variant var. Alternativ variant rəşadətli Azərbaycan Ordusudur. Ordumuz öz gücü ilə torpaqlarımızı işğaldan azad etdi və işğalçı dövlət kapitulyasiya aktını imzalamağa məcbur oldu.
Artıq münaqişə dövrü başa çatıb. Ermənistanın işğalçı qüvvələri Kəlbəcər, Ağdam və Laçın ərazisindən çıxarılıb. Bununla da bölgədə yeni dövr başlayır. Bölgədə bütün sahələrdə əməkdaşlığın bərpa olunması, işğal olunmuş ərazilərin infrastrukturunun formalaşdırılması, məcburi köçkünlərin öz ərazilərinə qaytarılması və dirçəliş istiqamətində addımlar atılması yeni reallığın əsas leytmotividir. Lakin Ermənistanın öz aqressiv ritorikasından əl çəkməsi lazımdır. Bundan sonra Azərbaycan və Türkiyə ilə əməkdaşlığa meylli olmasını nümayiş etdirməlidir”.
Professorun sözlərinə görə, yeni reallıq bölgədə bütün sahələrdə inkişafa töhfə verəcək:
“Prezident öz çıxışında da qeyd etdi ki, bölgə üzərindən müxtəlif qlobal layihələr reallaşdırılır. Yeri gəlmişkən, Ermənistan da “Şimal-Cənub” layihəsinin üzvüdür. Amma Ermənistan dalana dirənib, bütün tərəflərdən izolyasiya olunub. Hazırkı vəziyyətində həmin layihəyə qoşulma imkanı yoxdur. “Şimal-Cənub” layihəsinin həyata keçirilməsi üçün Azərbaycan nəqliyyat dəhlizləri yenidən qurulub, İranla birləşdirilməsi üzərində işlər gedir, Rusiya nəqliyyat dəhlizləri infrastrukturuna birləşib. Amma Ermənistanın bu istiqamətdə heç bir imkanı yoxdur ki, bu dəhlizlərə qoşulsun. 10 noyabr bəyanatında da qeyd olunub ki, Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirən nəqliyyat dəhlizi açılır. Əgər Ermənistan Azərbaycanla dinc yaşamaq və əməkdaşlıq mövqeyi tutarsa, onda həmin nəqliyyat dəhlizi vasitəsilə birbaşa “Şimal-Cənub” dəhlizinə, hətta Türkiyə vasitəsi ilə digər layihələrə də qoşula bilər.
Ümumiyyətlə, Cənubi Qafqaz geniş imkanlar əldə edir. Sözsüz ki, bu imkanların mərkəzində Azərbaycan və onun cəlbediciliyi, təbii sərvətləri, həm siyasi, həm də demoqrafik imkanları böyük rol oynayır. Cənubi Qafqaz regionu bütövlükdə alternativ nəqliyyat dəhlizləri və imkanlardan istifadə edərək dünya iqtisadiyyatına inteqrasiya edərək əməkdaşlıq formasında inkişaf etmək imkanları əldə etmiş olur.
Azərbaycan işğaldan azad edilmiş ərazilərini dirçəltmək üçün yeni investisiyalar, layihələr həyata keçirəcək. Turizm və kənd təsərrüfatı sahəsində innovativ metodlardan istifadə etməklə yeni sənaye imkanları yaranacaq. Əsas odur ki, o torpaqlarda həyat tam ritmini tutandan sonra Azərbaycan iqtisadiyyatının inkişafına və büdcəsinə xeyli təsir edəcək. Eyni zamanda Azərbaycan vətəndaşları üçün yeni iş yerləri üçün şərait yaranır. Regionda böyük perspektivlər açılır, bundan yararlanmaq istəyən, obyektiv və xoş niyyət nümayiş etdirən istənilən beynəlxalq şirkətlər və dövlət şirkətləri bu layihələrdə Azərbaycanın xeyir-duası ilə iştirak edə bilər”.
Aytən Məftun
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz