Qarabağ
Nəbzi birliyində döyünən xalqın ZƏFƏRİ: DƏMİR YUMRUQ - VİDEO
Bu yaxınlarda televiziya kanallarını çevirərkən Real TV-nin efirində yayımlanan sənədli film diqqətimi çəkdi. Müəllifi Ali Baş Komandan İlham Əliyev, 126 minlik Azərbaycan Ordusu və dünyada 50 milyondan çox olan Azərbaycan xalqı olan bir film – “Dəmir yumruq”
Filmin girişi ulu öndər Heydər Əliyevin fikirləri ilə başlayır. Həmin fikrin ana qayəsi budur ki, min illərdir bu torpaqlarda yaşayan, müxtəlif millətlərdən olan və fərqli-fərqli dinlərə sitayiş edən insanlar bu dövlətin başlıca sərvətidir.
“Barmağın beşi də bir deyil” atalar sözünün burada “işləmədiyi”ni 44 günlük Vətən müharibəsində də gördük. Türkü, talışı, tatı, ləzgisi, avarı, rutulu, udini, albanı, kürdü, yəhudisi, rusu ilə bütövləşən və dəmir yumruğa çevrilən bir xalqın birliyi bu filmdə öz əksini tapır. Jurnalist Mirşahin Ağayevin çəkdiyi filmdə hər şey olduğu kimi verilir.
Qusarda yaşayan ləzgimizə, Astarada yaşayan talışımıza, Qəbələdə yaşayan udinimizə, Qubada yaşayan yəhudimizə, Zaqatalada yaşayan avarımıza, Cocuq Mərcanlıda yaşayan türkümüzə, İsmayıllıda yaşayan rusumuza hərbi komissarlıqlardan qəfil zəng gəlir – Vətən zəngi! Vətənimiz dinindən, dilindən, irqindən asılı olmayaraq, qoynunda böyütdüyü bu övladlarına içirdiyi bulaqlarının, uddurduğu havasının dili ilə deyir ki, dəmir yumruq olub mənim müdafiəmə qalxın...
... Hər biri anaları, ataları, dostları ilə sağollaşıb, hallalaşıb döyüşə yollanır. Biri “Qurani-Kərim”in, o biri İncilin, bir başqası Tövratın altından keçib Qarabağa – bir yumruq olmağa tələsir.
Filmdə qeyd olunur ki, hər bir Vətən oğlu silaha sarılaraq bir yumruğa dönür. 30 il bu xalqın başına od ələmək istəyən, torpaqlarını tapdağında saxlayan vəhşi, vandal sürüsünə qarşı əzmlə, mərdliklə döyüşürlər. Can alıb can verirlər.
Bu 44 günlük müharibə kimlər üçünsə İkinci Qarabağ savaşı, bir başqası üçün Azərbaycan tərəfinin qələbəsi kimi təqdim oluna bilər. Amma bizim üçün 44 günlük savaş bu torpaqda yaşayan bütün millətlərin dəmir yumruğa döndüyü müqəddəs və şanlı Vətən müharibəsi idi. Birinci Qarabağ müharibəsində də ləzgimiz, kürdümüz, avarımız, talışımız, türkümüz bir yumruğa dönərək müqəddəs Vətənin müdafiəsinə qalxmışdı.
Amma 30 il bundan əvvəlki dövrlə müqayisədə bu dəfə bu dəmir yumruğun önündə müzəffər Ali Baş Komandan, arxasında isə müzəffər Azərbaycan xalqı dayanırdı.
Mirşahin Ağayevin haqqında bəhs etdiyim filmində də bu nüans bütün film boyu əsas xətt kimi keçir. Filmdə də deyildiyi kimi, nə bu Vətən bir barmağından keçər, nə də bu millətlərdən biri öz Vətənindən... Yəni dilimiz, dinimiz fərqli olsa da, hamımızın ən çətin anda dövrəsində yumruq kimi birləşəcəyi bir Vətənimiz var. Hər bir fərdimiz böyük və bütöv Azərbaycandır. Şəhid olanda da qəbrimiz qədər Azərbaycan torpağı oluruq.
Torpaq üçün canından keçən oğullar düşmən üzərinə yüyürəndə Vətənin böyüklüyünü ayaqları, müqəddəs addımları ilə hiss edirlər. Bu 44 günlük müharibədə türk də, talış da, ləzgi də, gürcü də, avar da, tat da, yəhudi də döyüşdü. Qazilərimiz, şəhidlərimiz oldu. Amma hər bir ailədən bir müqəddəs alqış pərvazlandı: Təki Vətən sağ olsun! Elə bu xalqın da, dövlətin də, insanlarımızın da böyüklüyü, bütövlüyü məhz buradadır. Bu ifadədədir. Yəni yeri gələndə uğruna canımızdan keçə biləcək qədər böyük Vətənin böyük adamlarıyıq. Böyük Vətənin suyunu içib çörəyini yeyənlər də böyük olurlarmış...
Dəmir yumruqlardan biri Vətən müharibəsi qazisi Şıxseyid Nağıyev milliyyətcə ləzgi olsa da, milliyyətin heç bir önəm daşımadığını söyləyir. Həmişə bir olduğumuzu deyir. Onu da xüsusi vurğulayır ki, bir yumruq olmağın dadını təkcə xalqımız yox, o yumruğun ağrısını canında hiss edən düşmən də gördü.
Lerikdən olan şəhid atası Rəbbil Hüseynov da oğlu ilə qürur duyduğunu vurğulayır. Təki Vətən sağ olsun – deyir. 40 dəqiqə təkbaşına öz tankı ilə döyüşən və əsgərləri mühasirədən çıxaran mayor Amid Hüseynovlara borcludur bu Vətən!... Amma oğulları döyüşə atılarkən Vətəni yox, özlərini bu ölkəyə borclu bilib döyüşə atılıblar.
Filmdə bir məqam da diqqətimi çəkir. Bu torpaq uğrunda şəhid olan oğluna rus da, gürcü də, yəhudi də şəhid deyir. Çünki bütün müharibələrdə Vətənin nəbzi bir vurur. Hər kəs ürək kimi birgə döyünür. Elə Vətənin sıxdığı dəmir yumruq da bu Vətən üçün 44 gün ərzində bir vurdu, bir döyündü...
Avar xalqının nümayəndəsi olan bir zabitimiz isə Şuşada, Cıdır düzündə xidmət edərək Vətən müharibəsində qatqısı olduğu üçün qürur duyduğunu söyləyir. Elə bu Vətən də sizlərlə qürur duyur, Vətən oğlu! Yəhudi əsilli Daniel Zarbayılov da Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşməkdən qürur duyduğunu vurğulayır. Bütün döyüşənlər “Azərbaycan bizim evimizdir” şüarını əldə rəhbər tutublar. Bax, Vətən də budur.
“Dəmir yumruq” filminin əsas iki əhəmiyyəti var. Birincisi, adlı və adsız qəhrəmanlarımızı bizə, xalqımıza tanıdır. İkincisi, xalq dəmir yumruğun nəyə qadir olduğunu görür və bu birliyin əbədi olmasının labüdlüyünü anlayır. Əgər Şuşanın nəbzi Balakəndə, Lerikdə, Şəkidə, Qaxda, İsmayıllıda vurursa, deməli, Vətən şikəst deyil. Bu Vətən sözün bütün mənalarında bütövdür!
Filmin sonluğu da maraqlı kadrlarla bitir. Hazırda xidmətini davam etdirən Zaqataladan, Qaxdan, Lənkərandan, Qubadan, Lerikdən olan oğullarımız canları bahasına azad etdikləri Şuşada ağac əkirlər. Əkilən ağacların yerində isə mütləq və mütləq bir şey cücərəcək: illər boyu kəsilməyəcək, sınmayacaq palıd gövdəli, çinar ucalıqlı DƏMİR YUMRUQ!
Yumruğunun düyünü açılmasın, VƏTƏN! HƏR ZAMAN BİR VƏ BÜTÖV OL!
Bütün dinlərdə, hamı bir ağızla: - Amin!
Tural Turan
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var