Neçə saat yatmaq uşağın inkişafına yaxşı təsir edir?
Bizi izləyin

Sağlamlıq

Neçə saat yatmaq uşağın inkişafına yaxşı təsir edir?

Təəssüf ki, yuxusuzluq bu gün həm böyüklər, həm də uşaqlar arasında çox rastlanan problemə çevrilib.

Pediatr Əkbər Quliyev Publika.az-a müsahibəsində bildirib ki, yuxu rejimi uşaqların yaş qrupuna görə dəyişir. Yuxusuzluq isə çox ciddi fəsadlara yol aça bilər.

Müsahibəni tqədim edirik:

- Doktor, uşaqları saat neçədə yatırmaq lazımdır və gün ərzində nə qədər yatmaq onların inkişafına müsbət təsir edir?

- Uşaqların yuxu saatı yaş qruplarına görə dəyişir, yeni doğulan uşaq gün ərzində 16-18 saat yatmalıdır. Böyüdükcə körpənin yuxu saatı qısalır. Məktəb dövrünə çatanda uşaq 8 saat stabil yuxu yatmalıdır. Yuxu saatları ailədən-ailəyə dəyişir. Əgər ailə gec yatmağa vərdiş edibsə, məcbur olaraq uşaqlar da valideynlərlə birlikdə aktivlik göstərir. Buna yol vermək olmaz. Ən geci uşaq saat 10-da yatmalıdır.

- Uşaqlarda yuxu probleminə ən çox hansı yaşda rast gəlinir?

- Yuxu problemi ən çox bir yaşına qədər və məktəb dövlərində rast gəlinir. Yeni doğulan uşaq gecə yeməyə oyanır və bu, onda artıq bir vərdiş halını alır. Bir aylıq uşaqda gecə yeməyi vacibdir, çünki uzun-uzadı yata bilməz, şəkərin düşməsi, çəki və digər problemlərlə qarşılaşa bilər. Odur ki, uşağı gecə əmizdirmək mütləqdir. 6-cı aydan sonra gecə yeməklərini kəsirik ki, yuxu pozğunluğuna girməsin. Bəzən ailələr şikayət edir ki, uşaq gecə yuxudan oyanıb yemək istəyir, verməyəndə ağlayır, buna görə gecə yeməyini tərgidə bilmirik. Nəticədə uşaq yuxu pozğunluğuna girir və bu, ailəni də narahat edir.

Məktəblilər arasında yuxu pozğunluğunun səbəbi odur ki, vaxtında yatmırlar. Yatmazdan öncə planşet və telefondan istifadə edirlər, məlumdur ki, ekran işıqları da bilavasitə yuxu pozğunluğuna səbəb olur. Valideynlərə məsləhət görürəm ki, xüsusilə yatmazdan öncə telefondan uşaqları sakitləşdirmək və fikrini yayındırmaq vasitəsi kimi istifadə etməsinlər.

- Azyaşlı övladı olan valideynlərdən tez-tez eşidirik ki, uşaq səhər saatlarında yuxuya gedir. Bu, normaldırmı, ümumiyyətlə, belə hallarla qarşılaşan valideyn nə etməlidir?

- Körpələr istər gündüz, istərsə də gecə yemək saatlarında oyanırlar və yeməklərini yeyib yenidən yatırlar. Bu, uşağın normal böyümə sirkusuna daxildir. Uşağın boy hormonu yuxuda daha çox ifraz olunduğu üçün çox yatmaları fizioloji baxımdan məsləhət görülür.

3 yaşından sonra uşaq hər gün 1-2 saat yatırsa, demək ki, disiplinli uşaqdır və normaldır. Əgər uşaqlar gecələr yatmırsa, ya da çox az yatırsa, bunu artıq araşdırmaq və ona uyğun müalicə aparmaq lazımdır.

- Ümumiyyətlə, yuxusuzluq hansı nəticələrə gətirib çıxara bilər?

- Gün ərzində aktvliyin azalması, xroniki yorğunluq, diqqət və davranış pozğunluğuna və s. əlamətlərə gətirib çıxara bilər. Əgər uşaq gün ərzində 8-9 saat yatmırsa, onda fizioloji pozğunluq özünü göstərməyə başlayır.

Nevroloji baxımdan fəsadı odur ki, uşaq hər şeyə qarşı qıcıq olur. Bu uşaq məktəblidirsə, fikrini dərsə və müəllimlərinə kökləyə bilmir.

- Qidalanma yuxunun kefiyyətini yaxşılaşdıra və pisləşdirə bilərmi?

- Yatmazdan bir neçə saat əvvəl nə böyüklərə, nə də uşaqlara yemək tövsiyə olunur. Çünki bədən yatmağa doğru hazırlaşır. Demək ki, həm həzm, həm düşünmə, həm də bütün proseslər bədəndə yavaşlayır.

- Bəs yatmazdan əvvəl süd içmək niyə tövsiyə olunur?

- Bunun ciddi bir elmi əsası yoxdur, sadəcə süd rahat mənimsənildiyi üçün axşam qidası kimi seçə bilərlər.

src="/storage/files/upload/c3777b88821d3582fae3e3083c1f7f985b8320f8.jpg" style="width: 300px;" class="fr-fic fr-dib">


Oxumağa davam et
Reklam
Reklam

Gündəm