• USD 1,7000 0,00% EUR 1,8816 0,00%
    • GBP 2,0788 0,00% RUB 0,0259 0,00%

SSRİ-ni dağıdan RƏHBƏR - Səkinə Əliyeva - VİDEO/FOTO

SSRİ-ni dağıdan RƏHBƏR - Səkinə Əliyeva

Onu yaşlı nəsil çox yaxşı tanıyır. Qadın olmasına baxmayaraq, dəyanəti, cəsurluğu, iradəsi ilə sovet hökumətinə meydan oxuyub desək, o qədər də şişirtmiş olmarıq. Pioner baş dəstə rəhbərliyindən işə başlayıb Naxçıvan Ali Sovetinin Rəyasət Heyətinin sədri vəzifəsinə qədər yüksəlməsi əslində onun haqqında çox şey deyir. O, ermənilərin torpaqlarımıza xain hücumları başlayan ərəfədə bir qadın olaraq meydanda tək qalmasına, habelə SSRİ-nin basqılarına rəğmən Naxçıvanı yağı düşmənlərdən qorumaq üçün öz mətanəti ilə cəsur addımlar atdı. Barəsində ABŞ-da “SSRİ-ni dağıdan prezident Səkina xanım” sərlövhəli yazının dərc edilməsi də təsadüfi deyildi. Çünki o, əməlləri ilə buna yol açmışdı. Söhbət Naxçıvanın tanınmış dövlət xadimi Səkinə Əliyevadan gedir.

Publika.az “Dahi ömrü” layihəsinin bu dəfə ki, yazısını məhz Səkinə xanıma həsr edib. Lakin bu yazımız bir qədər fərqlidir. Çünki onun haqqında biz deyil, Səkinə xanımla görüşərək, barəsində film çəkən Tahir Tahiroviç (Tahir Əliyev) yazıb. Başqa cür desək, Tahir müəllimin qələmə aldığı tarixi təəssüratları diqqətinizə çatdıracağıq.

“Onun bizi sevdiyi qədər onu sevə bilmədik”

2010-cu ilin dekabr ayı idi. “Salnamə” kinostudiyasının əməkdaşları İqbal Məmmədəliyev, Sərdar Vəliyev və Elşən Həsənoğlu ilə birgə Naxçıvana ezam olunmuşduq. Naxçıvan teatrının aktrisası Sofiya Hüseynova haqqında film çəkmək üçün. Filmi çəkib yekunlaşdırdıq. Axşamçağı hoteldə dördümüz çay süfrəsində söhbət ediridik. Həmkarlarımdan xahiş etdim ki, Səkinə Əliyeva haqqında film çəkək. İqbal dedi ki, soruş gör Naxçıvandadırsa, vaxtı itirməyək. Zəng vurdum. Özümü təqdim etdim və hətta qohum olduğumu söylədim. Bilirdim ki, razılıq verməyəcək. Odur ki, qohumluq əlaqəsindən istifadə etdim. Saatın əqrəbləri 23:00-ı göstərirdi.

Təbii ki, bizim üçün ən əsas Səkinə xanımın 1990-cı ilin yanvarındakı tarixi qərarının sirlərini açmaq idi. Müsahibəsi boyu elə müəmmalı tarixi faktara işıq saldı ki, təbii biz gələcəkdə montaj edəcəyimiz filmdə öz-özümüzə senzura etməli olduq.

Filmi təxminən bir il sonra montaj edə bildik. Və filmi bitirib Səkinə xanıma göndərdik. Zəng vurub titrək səslə “Tahir, oğlum mən sənə borclu” ... Bu sözləri deyəndən bir ay sonra dünyasını dəyişən Səkinə xanıma əksinə biz borclu qaldıq. Çünki onun bizi sevdiyi qədər onu sevə bilmədik.

“Mən insanları sevirəm”

Səkinə Əliyevanın mübarizəsi, möhkəm iradəsi bir növ Cəfər Cabbarlının məşhur qadın obrazlarını xatırladır. Düzdür, Cabbarlının qadın obrazları daha sərt, mühafizəkarlığın, qadın azadlığını, onun təhsil hüququnu tanımayan mühitdə böyüyüb mübarizə aparırdılar. Onda şərtlər də bir az başqa idi. Amma bununla belə o dövrlə Səkinə xanımın böyüdüyü, təhsil aldığı dövr arasında elə də böyük zaman məsafəsi yox idi. O mənada ki, cəmiyyət hələ də qadına, onun toplumda tam hüquqlu yer almasına tam hazır deyildi.

Müsahibəsində qarşılaşdığı çətinlikləri qeyd edən Səkinə xanımın bu səbəbdən pioner baş dəstə rəhbərliyindən Ali Sovetin Rəyasət Heyətinin sədri vəzifəsinə kimi yüksəlməsi asan, hamar gəlməsin.

Səkinə xanım çoxundan fərqli olaraq vəzifəyə can atmayıb. Naxçıvanın Maarif naziri, daha sonra muxtar respublikanın Ali Sovetin Rəyasət Heyətinin sədri təyin olunması belə onun üçün gözlənlməz, sürpriz olub. Səkinə xanımın uğurunun daha ciddi səbəbi vardı. Bu, onun insanlara olan sevgisi, mərhəməti, humanizmi idi. Və filmin sonunda o içdən gələn səmimiyyətlə, saflıqla deyir: “Mən insanları sevirəm”.

“Qorbaçov irad tutur”

Onun həyatının ən dramatik məqamlarından biri 1990-cı illərdə Naxçıvan Ali Sovetinin sədri olanda tək başına çətinliklərlə, təhlükə ilə üz-üzə qalması idi. Həmin dövrdə bütün SSRİ çalxalanırdı, Bakıda vəziyyət kritik idi, Naxçıvana isə erməni hücumu gözlənilirdi. Onda Səkinə xanım yenidən iradəsini ortaya qoyur. Bakıda hakimiyyət Moskvadan qorxub xaqla əməkdaşlıqdan imtina edəndə, Səkinə xanım əksinə, xalqın içinə gedir, onlarla məsləhətləşir. Respublikanı qorumaq üçün Qars müqaviləsinə əsaslanaraq Türkiyə hökumətinə müdafiə üçün müraciət edir. Bununla da Səkinə xanım həyatında ən mühüm, ən həlledici addımını atır, hələ tam dağılmayan Sovet Hakimiyyətini təmsil etməsinə rəğmən, bəlkə də çox kişinin cəsarət edə bilməyəcəyi bir şeyi həyata keçirir. Hətta sonradan bunu ona Qorbaçov da irad tutur. Amerika jurnalında “SSRİ-ni dağıdan prezident Səkinə xanım” başlıqlı məqalə isə hər adama qismət olmayıb və olmayacaq da. Həmin anda partiya mənsubiyyətini nəzərə almadan, nəyin bahasına olursa-olsun, yuvasını qorumaq üçün qadın, ana instinkti ön plana keçir.

“Salnamə”nin salnaməsi

Nə yaxşı ki, mən və dostlarım cəsarət göstərib Səkinə Əlievanı vaxtında lentə ala bildik. Bunun iki səbəbi var idi. Çünki biz ilk növbədə sözün əsl mənasına “Salnamə”də işləyirdik, ikinci Səkinə xanım kimi cəsarətli qadını çəkməyə gedirdik. Ən sonda Səkinə xanımın mənə dediyi sözləri və tarixi epizodları kameramızın yaddaşından sildik, amma və lakin öz hafizəmizdən silmədik...

Tahir Tahiroviç

Xəbər lenti

DAHA ÇOX XƏBƏR