Sovet hökümətinin məşhurlara “Çernobıl hədiyyəsi”...
Bizi izləyin

Sovet sirləri

Sovet hökümətinin məşhurlara “Çernobıl hədiyyəsi”...

1986-cı ilin 26 aprel tarixində əsrin ən dəhşətli qəzalarından biri baş verdi. Çernobil AES-da baş verən qəza on minlərlə insanın həyatını iflic etdi – minlərlə insan həlak oldu, şikəst oldu, sonsuz qaldı. Qəzadan təxminən 30 il keçsə də, qəzanın fəsadları bu gün də özünü göstərməkdədir, Çernobıl qəzası dünyada baş verən ən dəhşətli atom qəzası idi...

Qəza baş vermişdi, ancaq sovet höküməti bacardıqca bu məsələni ört-basdır ertməyə səy göstərir, bununla da, vaxt udmağa çalışırdı: “Ciddi bir şey baş verməyib. Kiçik partlayış, yanğın söndürülüb, fəsadlar aradan qaldırılır”. Fəqət bu “qeyri-ciddi” məsələnin üstü tez bir zamanda açılır, özü də necə açılır?...

Mixail Qorbaçov həyat yoldaşı Raisa ilə birgə Çernobıla yalnız üç ildən sonra təşrif buyursa da, sovet höküməti öz mədəniyyət işçilərini illərə saxlamaq niyyətində deyildi...

Beləliklə, Çernobılın məşhur qurbanları...

Artıq 1986-cı ilin yayında Çernobilda mütəmadi olaraq konsertlər təşkil olunurdu.
Çernobil faciəsi o zamankı ifaçılar üçün əsl sınağa çevrildi. Onlar bu faciədən əziyyət çəkən insanlara mənəvi dəstək olmalı idilər. Sözügedən qəzadan bir neçə ay keçdikdən sonra burada müxtəlif ifaçıların konsertləri təşkil olunmağa başladı.

Payız fəslinin əvvəllərində mənəvi dəstək missiyasını Rusiyanın məşhur müğənnisi Alla Puqaçova öz üzərinə götürür. 1986-cı ilin sentyabr ayının 8-də Puqaçova burada ilk konsertini verir: "Səfər öncəsi mənə bir neçə məsləhət verilmişdi: Pərəstişkarlardan gül almamalısan, elə paltar geyinməlisən ki, sonradan yandırmağa heyfin gəlməsin. Heç nə yeməməli, yalnız viski, araq və ya qırmızı şərab içməlisən. Çatanda bizi əllərində gül dəstələri olan fanatlar qarşıladı. Onlardan qaçmalı olduq!".

Primadonnanın üç saat davam edən çıxışını on minlərlə Çernobil əhalisi dinləyirdi. Üç dəfə onu səhnədən geri qaytardılar. “Mən bura şən mahnılar oxumağa gəlmişəm, yas verməyə yox! – Puqaçova konsert zamanı tamaşaçılara ruh yüksəkliyi bəxş etmək xatirinə tez-tez təkrara edirdi.
Pərdə arxasında müğənni qırmızı şərab içirdi, ona təqdim olunan gülləri isə götürməkdən çəkinirdi.

Sonralar müğənni bu təhlükəli addımı məcburiyyət qarşısında atdığını etiraf edir: “Mənə dedilər ki, Çernobıl əhalisi indi çətin anlarını yaşayır. Onlar portağal və ... Puqaçovanı istəyirlər. Orada üç gün olduq. Gül götürmürdük, otun üstündə gəzmirdik. O qədər də çox şüa almamışdım, ancaq endokrin sistemim pozuldu. Səfərə kefimdən razılaşmamışdım, KQB-dən xahiş etdilər! Andropovun birinci müavini xahiş etdi və mən , sadəcə, etiraz edə bilmədim!”.

Şahidlər xatırlayır ki, Alla üç saatlıq konsert verdikdən və üç dəfə “Arlekino” mahnısını ifa etdikdən sonra ona süfrə açırlar. Süfrəyə əl uzatmayan primadonna zarafat edir:
- Bəs təmiz heç nəyiniz yoxdur?
- Necə yoxdur? Var! Təmiz spirt!
Alla qorxmadı və içdi. Bu, unikal qadındır...

İosif Kobzon Çernobila gələn ilk insanlardan biri idi. O, Çernobıl atom elektrik stansiyasında baş verən qəzadan iki ay sonra bura gəlmişdi. Kobzon radiasiyanın ən yüksək olduğu sahədə konsert verirdi. Pripyatda müğənni uzun müddət yerli əhali ilə ünsiyyətdə oldu. Bu gün həkimlər müğənninin uzun illərdir mübarizə apardığı xərçəng xəstəliyinin səbəbi kimi məhz Çernobıla səfərini göstərirlər.

Kobzon sonralar bu barədə deyirdi: “Mən uşaqlıqdan üzərimə ağır yük götürməyə öyrəşmişəm. Əfqanıstanda müharibədirsə, ilk mənən, Çernobılda qəzadırsa, yenə ilk mənən. Ona görə yox ki, cəsur olduğumu söyləsinlər, xeyr, sadəcə, çətin məqamda insanların yanında olmağa öyrəşmişəm...”

Qəzadan üç ay sonra başqa bir ifaçı, Valeriy Leontyev bura gəldi. Lakin iş burasındadır ki, müğənni səfər qabağı təlimatlandırılmamışdı. Məhz buna görə, o, yerli əhalidən sakitcə gül dəstələrini aldı, yerli sakinlərlə saatlarla söhbət etdi. Nəticə də özünü çox gözlətmədi. Buranı tərk etdikdən sonra Leontyevin saçında radiasiyanın miqdarının iki dəfə artıq olduğu müəyyən olundu. Müğənnini dərhal yaxınlıqdakı xəstəxanaya yerləşdirdilər... (Burada onun saçlarını yumağa heç şampun da tapılmamışdı...)

Sovet futbolçusu Vladimir Bessonov isə Çernobıl barədə bunları danışır:

“Çernobıl qəzası haqqında “Spartak”la oyundan sonra avtobusda öyrəndim. Valeriy Lobanovskinin söylədiklərini xatırlayıram: “Çernobıl stansiyasında reaktor partlayıb. Ciddi bir şey deyil. Yanğını söndürüblər. Düzdür, iki nəfər həlak olub”. Hadisənin necə ciddi olduğunu heç kim ağlına gətirmirdi. Həmin ilin may ayında biz qəzadan əziyyət çəkmiş insanların qarşısında futbol oynadıq”.

Sovet futbolunun veteran futbolçusu Qennadiy Loqofet o dövrü belə xatırlayır:

“Bəli, bu dəhşətli oyun idi. Çernobıla getməmişdən əvvəl bizə bərk-bərk tapşırdılar: heç nə yeməyin, su içməyin. Şəhəri gəzməyin, maçdan sonra forma və ayaqqabılarınızı çıxarıb atın və dərhal təyyarəyə minin.
Biz futbol oynayırdıq, azarkeşlər isə sanki yasda oturmuşdular. Bu maçdan illər sonra Streltsovda xərçəng xəstəliyi aşkar olundu. Streltsovla yanaşı, digər futbolçuların səhhətində də problemlər yarandı.
Oyundan sonra yerli əhali elə meydançada bizə süfrə açmışdı. Ancaq yeməyə toxunmurduq. Bizim sıxıldığımızı görən azarkeşlərdən birinin sözünü indiyə qədər xatırlayıram: “Fikir eləməyin, uşaqlar, biz hər şeyi başa düşürük”...

Rostov sirki “Şapito”nun taleyi də faciəli oldu. Çernobıla qəza günü – 26 aprel tarixində gələn sirki işləməyə məcbur etdilər: “İşləyin, sizinlə heç nə olmayacaq” – partiyadan belə göstəriş gəldi. Neyləmək olardı ki? Bir neçə il sonra sirkin üzvləri dalbadal vəfat etdi: əvvəlcə sirkin ayısı, sonra kloun, daha sonra aşpaz...

Aleksandr Barıkin burada verdiyi konsertdən sonra əməliyyat olunur və nəhayət, səsini itirir. “Mən Çernobıldan sonra nəinki oxuya, heç danışa da bilmirdim. Niyə getmişdim? Ailəmi dolandırmalı idim, yaxşı pul söz vermişdilər”.

Aytən Cavanşir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm