Xüsusi
Kəramət Böyükçöl: "Oğlumla qızımı hələ görüşdürməmişəm" - MÜSAHİBƏ
Publika.az Kəramət Böyükçöllə müsahibəni təqdim edir.
- Kəramət, adamlarla yola getmirsən, bilirəm. Bəs özünlə necə, yola gedirsənmi?
- Yox! Ən böyük düşmənim elə özüməm. Çünki özümə də inanmıram, özümə də etibarım yoxdur. Hər dəfə yalan danışıram! Və hər dəfə eyni səhvləri eləyirəm. Heç kimlə dostluq eləyə bilmirəm, tez yoruluram!
- Niyə beləsən?
- Xaraktercə nizam-intizamsız adamam! Məncə, səbəb budur. Görünür, bir az da məmur tipin olmalıdır.
- Deyirsən ki, xaraktercə nizam-intizamsız adamam! Maraqlıdır, nizamsız olub nə etmisən? Mitinqə getmisən, yoxsa həbs olunmusan? Uzaq başı nizamsızlığın məişət həyatınla bağlıdır, onun da heç bir ictimai əhəmiyyəti yoxdur.
- Elə sual verirsən, adam qalır qırıla-qırıla. Guya öz aləmində mənə cəsarətli sual verirsən. Bu isə cəsarət deyil. Sadəcə, mənim qorxaq bir insan olduğumu bilirsən və bundan çox arxayınsan. Düşün, birdən mənə qəribə güc gəldi, sənin sualına səmimi və cəsarətli cavab verdim, mənimlə söhbətə axıra kimi gedəcəksənmi? Hünərin çatmaz! Ona görə də kiminsə acizliyindən sui-istifadə eləyib belə suallar vermə! Bununla özünü oxucuların və cəmiyyətin gözündə qəhrəman kimi göstərməyə çalışırsan. Sən gedən yolları mən qayıdıram.
- Təkcə dostlarını yox, iş yerini də tez-tez dəyişirsən. Bəs bu nə ilə bağlıdır? Niyə bir yerdə dayana bilmirsən?
- Dedim axı, çünki darıxıram! Narahat adamam. Bəzən adamlar elə bilir mən hansısa bir narazılıq ucbatından bir saytdan başqa bir sayta keçirəm. Xeyir! Ümumiyyətlə, çalışmışam ki, yaxşı maaş verən sayt rəhbərləri ilə münasibətlərimi normal saxlayım. Çünki sabah yenə darıxa bilərəm!
- Təzədən eyni mövzuya qayıdırıq. Darıxırsansa, narahat adamsansa və həyatı doğrudan da, nizam-intizamsız yaşayırsansa, bəs niyə ancaq hökumətyönümlü saytlarda işləyirsən? Bu nizamsızlıq səni niyə müxalif media orqanlarına aparıb çıxarmır?
- Məncə, səbəb madiyyatla bağlıdır. Hansısa müxalifət saytı mənə hazırda aldığım maaşı verərmi? İnanmıram.
- Yenə səmimi cavab vermədin...
- Bu jurnalist etikası deyil. Sən sual verirsən, mən də cavablandırıram. Nə bilirsən qeyri-səmimiyəm?
- Madiyyatdan danışdın! Doğrudanmı səni yalnız pul düşündürür? Axı yazılarında özünü tamamilə mənəviyyat adamı kimi təqdim edirsən.
- Əzizim, mən ruhən mübariz adam olsam da, etiraf edirəm, əslində, əməldə çox qorxağam. Bu da təbiidir. Qorxduğunu boynuna almaq da elə-belə şey deyil, bu da bir cəsarətdir. Mənim cəsarətim isə bundan o yana keçə bilmir. Anlamırsanmı?
- Yadındadırsa, AzTV-də bir çıxış etmişdin. Və buna görə “Paytaxt sakini” adına layiq görülmüşdün!
- Axı niyə mənə qəsdən belə suallar verirsən və məni alçaltmağa çalışırsan? “Paytaxt sakini” nə demkdir? Bu barədə dəfələrlə danışmışam, o çıxış ikinci kursda oxuyanda olub və təcrübəsiz vaxtlarım idi...
- Guya indi təcrübəlisən? İndi necə danışardın ki? Elgizin verilişindəki kimi?
- Elgizin verilişində dediyim o şeir də mənim səhvim idi. Bu qədər hekayələr, yazılar yazmışam, hamı məni Elgizin o axmaq verilişi ilə tanıyır. Həmin verilişə başdan ayağa baxsaydın, görərdin ki, bəlkə də o şeirin yeri idi. Sadəcə, internetdə yayılan video kontekstdən çıxarılıb deyə, adamlar elə bilir ki, mən o şeiri yersiz demişəm.
- Sən həm də Bakı Dövlət Universitetinin Mətbuat və informasiya şöbəsində işləyirsən, “Bakı Universiteti” qəzetinin muxbirisən. Universitetdəki maaşın qane edirmi?
- Əlbəttə, qane eləmir. Ancaq çox kömək edir. Maaşımın demək olar ki, yarısını aliment verirəm. Qızımla görüşəndə isə maaşın o biri yarısı gedir. Halal xoşu olsun! Saytlarda yazdığım yazılarla da öz başımı dolandırıram.
- Qızım demişkən... Sosial şəbəkələrdə övladlarının şəklini tez-tez paylaşırsan. Ancaq bir şəkil qızınla, o biri şəkil isə oğlunla olur. Onların bir yerdə şəkilləri yoxdurmu?
- Yoxdur. Çünki qızım ayrı bir evdə yaşayır, oğlum mənimlə qalır. Bu günə kimi onları görüşdürməmişəm. Əlisəmid Kürün bir misrasını tez-tez xatırlayıram: "Elə bir haldayam ki, oğlum qızıma vurula bilər bu şəhərdə".
- İnanıram ki, qızına qarşı sevgidə doğrudan da səmimisən...
- Hə! O, mənim həyatımın böyük bir hissəsidir. Ürəyimin tən ortasında ona geniş bir otaq düzəltmişəm. Hər gün sinəmdə tullanıb-düşür. İçimdə onun addım səslərini eşidirəm, necə yeriyir, necə oturub-durur, hamısını duyuram...
- Qızını oğlundan da çox istəyirsən?
- Əlbəttə! Çünki oğlumdan arxayınam. Fərasətli uşaqdır. Bilirəm ki, o, mənsiz də bu həyatda özünə yer tapacaq. Amma qızıma görə çox narahatam. Oğlum daha səmimidir, mehribandır. Qızım isə eqoistdir. Və bilirəm ki, bu eqoistlik ona həyatda çox çətinliklər yaradacaq. Buna görə istəmirəm onu tək qoyum.
- Kəramət, necə düşünürsən, sənə yazıçı demək olarmı?
- Bu nə sualdır? Bayaq da dedim, iki roman yazmışam. Hələ çap olunmamış bir romanım da var. Bir hekayələr kitabım isə demək olar ki, hazırdır. On ildir mətbuatda bədii-publisistik yazılar yazıram. Yazıçı deyiləm, bəs nəyəm?
- Amma səni heç əsgər kimi, döyüşçü kimi təsəvvür eləmək mümkün deyil. Mənə elə gəlir ki, sən müharibəyə getməzsən, fərari olmağı qəhrəman olmaqdan üstün tutarsan.
- Qəti yanılmırsan! Qulaq as! Bunu dəfələrlə demişəm, insan nə üçün şəhid olur? Çünki vətənini sevir. Bəs fərari nə üçün fərari olur? Çünki həyatı sevir. Həyat böyük anlayışdır, yoxsa vətən? Əlbəttə, həyat! Söhbət vətəni satmaqdan getmir, biz yaşamaq sevgisindən danışırıq!
- Ümumiyyətlə, sənin prinsiplərin nədir?
- Bir az qəribə sual oldu. Deyəcəm ki, vicdanla, ləyaqətlə yaşamaq! Bu, mümkündürmü? Çox çətin məsələdir. İnsan bir ömrü başdan ayağa necə ləyaqətlə, şərəflə yaşa bilər? Özü də Şərqdə ümumiyyətlə, mümkün deyil. Ona görə də heç bir prinsipim yoxdur. Bu gün səni sevərəm, sabah sevməyə bilərəm. O biri gün isə təzədən sevərəm və s.
- Şərəf, ləyaqət dedin... Nədənsə, bu ifadələri yazılarında tez-tez işlədirsən. Özündən narahatsan?
- Mən şərəfsiz, ləyaqətsiz ömür yaşamaqdan qorxuram. Bəli, içimdə dəhşətli bir narahatçılıq var. Kəramət şərəfsizdir, Kəramət ləyaqətsizdir! Görəsən, nə vaxtsa mənim də haqqımda bu sözü işlədəcəklərmi? Bu sual məni çox düşündürür. Sırf yazıçı Kəramətdən söhbət gedir. Susmuş, qorxaq, ehtiyatlı, yazıq, müti bir yazıçı olmaqdansa, ölsəm, daha yaxşıdır...
- Sənə elə gəlmirmi ki, susmuş, qorxaq, ehtiyatlı, yazıq, mütisən?
- Başqa sualın varmı?
- İnanırsan ki, nə vaxtsa “Nobel” mükafatı ala bilərsən?
- İndi mənim “Nobel”dən danışmağım gülməli çıxar. Və bilirəm ki, belə sualları məni ələ salmaq üçün verirsən. Amma inan, içi mən qarışıq bizdə elə yazıçılar var ki, onlar potensial nobelçilərdir. Bunun üçün yaradıcılıqla ciddi məşğul olmaq lazımdır. Qarabağın Çempionlar Liqasında oynamağı iki-üç il bundan qabaq hamımıza xəyal kimi görünürdü. İndi isə xəyal deyil. Avroviziyada Eldarın qalib olması da yuxu kimi gəlirdi. İndi isə yuxu deyil. Fiziki cəhətdən arıq, saçlarımın uzun olmağına baxmayın, aradan illər keçər, bir də görərsiniz ki, səsim İsveç Elmlər Akademiyasından gəlir. (gülür)
- Mövludu görürsənmi?
- Görmürəm. Çünki o, yoxdur. Yəqin gözləyirdin ki, sualına poetik cavab verim, deyim ki, hər gün Mövludu görürəm. Yox! Mövlud sadəcə, xatirlərdə yaşayır. Amma bu yaxınlarda onun bir neçə hekayəsini oxudum, mətnlər mənə o qədər kamil, o qədər bitkin göründü ki... Mövlud həyatda olsaydı, bəlkə də çoxlu nöqsanlar tapıb çıxaracaqdım, üzünə vuracaqdım. Doğrudan da, mətn, yazı insanın canından çıxanda heç vaxt o bədənlə əlaqələrini kəsmir, arada həmişə rabitə olur. Şəxsiyyət bütöv olanda mətn daha da gözəlləşir. Şəxsiyyət əskik olanda mətn zəifləyir. Mövlud doğrudan da, kamil insanmış! Biz isə bunu bilməmişik!
- Yadıma gəlir, həyat yoldaşının doğum gününü sosial şəbəkədə təbrik eləmişdin. Səncə, kişinin öz xanımını hamının gözü qarşısında təbrik etməsi, xoş sözlər deməsi düşüklük deyilmi? Bir damın altında yaşamırsınız? Sözlərini elə özünə deyə bilmirsənmi? Özünü kimə göstərirsən?
- Mənə qarşı niyə bu qədər qəzəbli olduğunu düzü, anlamıram. Mən sənə nə etmişəm ki? İkincisi, öz həyat yoldaşını sosial şəbəkədə təbrik eləmək niyə düşüklük sayılsın ki? Mən klassik bir kişi deyiləm və bu məsələlərdə çox rahatam. Məsələn, Vaqif Səmədoğlunun öz yubileyində, hamının gözü qarşısında xanımına dediyi sözlər də düşüklükdürmü? Mən asanlıqla özümə “əclaf” deyə bilən adamam. Belə şeylərdən niyə kompleks keçirməliyəm, niyə narahat olmalıyam ki? Ürəyim istəyir, həyat yoldaşımı hamının gözü qarşısında təbrik edirəm. Kimin ürəyi istəmir, etməsin!
- Əksər yazıçılar bir neçə dəfə evlənib. Sən də iki dəfə ailə qurmusan. Bəlkə sənə də elə gəlir ki, çox arvad almaq dahilikdir?
- Dünyada bütün yazıçıların həm də qəribə və maraqlı taleləri olur. Bizdə isə yazıçılar özlərinə süni tale yaradırlar. Guya bunlar keşməkeşli, məşəqqətli həyat yaşayırlar, heç kəs onu anlamır, başa düşmür və s. Belə şeylərin o zaman yazıçılığa dəxli olur ki, sənin bunlara adekvat yaradıcılığın da olur. Yaradıcılıq yoxdursa, neçə dəfə evlənirsən evlən, nə qədər içirsən iç, xeyri yoxdur, bunları taleyə çevirə bilməyəcəksən!
- Sevgidən, qadın gözəlliyindən çox yazmısan. Sənin anlamında qadın gözəlliyi nədir?
- Söhbət qadından gedirsə, mənim üçün daxili gözəllik boş şeydir, əsas xarici gözəllikdir. Mən inanmıram ki, hansısa bir kişi qadının daxili aləminə vurulsun, onun daxili aləmini sevsin. Qadın birmənalı şəkildə gözəl olmalıdır və bu gözəlliyi daim yenilənməlidir...
- Xarici gözəllikdən elə ürəklə danışdın ki, istər-istəməz sual yaranır. Səncə, sən yaraşıqlı oğlansan?
- Bu barədə qəti fikir söyləyə bilmərəm. Dəqiq bildiyim isə odur ki, eybəcər deyiləm. (gülür)
- Ən çox nə qədər pulu bir yerdə görmüsən?
- On min manatı bir yerdə görmüşəm. Şahidim də var. Dostum Emin Piri ilə oturub kasıb bir süfrə düzəltmişdik. Bina tikən, bu işin biznesi ilə məşğul olan bir adam bir həftə qabaq “Çöl” romanımı oxuyub mənə zəng eləmişdi, görüşmüşdük. Hesab nömrəmi almışdı. Aradan müəyyən vaxt keçdi, hər gün kartımı bankomatda yoxlayırdım. Pul gəlmirdi. Artıq ümidimi də üzmüşdüm. Birdən isə Eminin yanında mənə zəng gəldi. Həyəcanla “Tarqovı”dakı yanaşı bankomatların yanına qaçdıq. Baxdım ki, pul gəlib, on min manat! Necədir? (gülür)
- Niyə bu qədər görməmişsən?
- Xahiş edirəm, təhqir etməyin!
- Kəramət, bəs atanı, valideynini seçmək imkanın olsaydı, kimin oğlu olmaq istərdin? Sən atanın canı, səmimi cavab ver.
- Bir dəfə Aynur Camalqızı mənə dedi ki, Kəramət, dünya necə ədalətsizdir. Soruşdum ki, niyə? Dedi, görəsən, sən niyə mənim oğlum olmamısan? Özü də tamamilə ciddi idi. Yəni üz-gözündə zarafatdan əsər-əlamət belə yox idi. Təzədən soruşdum ki, sənin oğlun olsaydım, nə olacaqdı ki? Mən elə şeylər saydı, elə şeylər saydı... İndi sən bu sualı verən kimi düşündüm ki, Aynur Camalqızının oğlu olmaq istəyərdim. (gülür)
- Son sualım... Səncə, bayaqdan danışan özün idinmi? Yəni səmimi ola bildinmi?
- Alınmır!
Kəramət Böyükçöl
-
Sosial12:42
Təyyarə qəzasında sağ qalanların sayı artdı - Ən son məlumat
-
Hadisə12:21
Təyyarə qəzasına quş sürüsü səbəb olub? - Ekspert detalları açıqladı
-
Hadisə11:55
Qəza zamanı təyyarədə olan sərnişinlərin adları - SİYAHI
-
Hadisə11:28
Bakıdan Qroznıya uçan təyyarə istiqamətini niyə dəyişib? - ŞOK TƏFƏRRÜATLAR
-
Hadisə11:14
AZAL-ın qəzaya düşən təyyarəsinin görüntüləri - VİDEO
-
Sağlamlıq10:56
Ehtiyatlı olun: Yeni il süfrəsində təhlükə saçan qidalar - SİYAHI
-
Sosial10:18
Prezident təsdiqlədi: Sosial yardım nə qədər artacaq?
-
Yaxın Şərq10:00
Suriyadan Xameneyiyə cavab: Əsədi devirənlər İranı məhkəməyə verir