Xüsusi
Şərif Ağayar: "On il sonra əllərimi öpəcəklər" - MÜSAHİBƏ
Ədəbiyyat çox insan üçün rahatlıq və hüzur mənbəyidir. Texnologiyanın inkişafı hər nə qədər kitabları sıxışdırmağa çalışsa da, bunu hələ tam bacarmayıb və görünür ki, bu dəfəki müsahibimiz kimi içində ədəbiyyat eşqi olan insanlar buna icazə verməyəcəklər.
Publika.az yazıçı Şərif Ağayarla müsahibəni təqdim edir.
- İnsanın özünə verdiyi suallardan ən çətin cavablandırdığı “necəsən”dir. Özünüzdən necə olduğunuzu soruşanda, nə cavab verirsiniz?
- Son illər bu suala cavabım pozitivdir. Çünki kitablarda rahatlıq tapıram. Bu, bir insan üçün böyük tapıntı, bir yazıçı üçün xoşbəxtlikdir.
- Öz yazdıqlarınız da sizə hüzur verir?
- Yazdıqlarımı bəzən çox böyük sevgi ilə oxuyuram, bəzənsə deyirəm, bu nədir yazmışam, belə də mətn olar? Ovqatdan asılıdır. Ümumilikdə yazdıqlarım da daha çox hüzur verir. Yaza bilmək səadətdir.
- Əvvəllər rahat deyildiniz?
- Yox. Çox narahat gəncliyim olub. Həbsxanalara düşməmişəmsə, taleyə minnətdar olmalıyam. Vurmaq, dağıtmaq, dava-dalaş... Civə kimi qaynamışam. İndi ruhani müvazinətini tapa bilməyən, tikan üstündə oturan, depressiv yaşayan gəncləri görəndə, o illərim yadıma düşür. İstəyirəm nə yolla olur-olsun, onlara izah edəm ki, kitaba dönün, rahatlıq tapın, yazın-yaradın. Kitabın yeganə çıxış yolu olduğunu nə qədər tez dərk eləsək, o qədər irəli düşərik. Təbii, çox zaman doğru anlaşılmıram. Görünür, "hər yaşın öz həqiqəti" elə-belə söhbət deyilmiş. Yazı adamının, içində nəğməsi olan adamın ruhani narahatlığına son qoyacaq çox ciddi iki amil var: mütaliə və yazmaq! O narahatlığın ədəbiyyata çevrilməsi üçün də bu iki amil vacibdir. Yəni həm hüzur tapırsan, həm də nəsə yaradırsan. Məni anlayıb, bu böyük həqiqəti dərk edənlər, on il sonra əllərimdən öpəcəklər. Kaş mənə bunu vaxtında başa salan olaydı. Tutaq ki, 25 yaşda... Çox şey qazanardım. Mən Folknerin dediyi “Ədəbiyyat cəmiyyəti yox, fərdləri xilas edir” həqiqətinə bir az gec vardım. Amma buna da şükür. Adam var, ömrünün sonunacan çata bilmir.
- Qəzetlərin, maddi problemlərin çox olduğu vaxtlarda, yazıçıların düz-əməlli qonorar almadığı dönəmlərdə ədəbi proses daha canlı idi. İndi bu sahədə irəliləyiş olmağına rəğmən, ədəbi proses çox sönük görünür. Sizcə, bunun səbəbi nədir?
- 2000-ci illərin əvvəllərində o canlanma Azad Yazarlar Ocağının sayəsində yaranmışdı. Zaman keçdikcə mətbuat sakitləşdi, rənglər eyniləşməyə başladı və AYO-nun fəaliyyəti zəiflədi. Canlanma nə vaxt baş verir? Ziddiyyət olanda. O zamanlar AYO idarə olunan ədəbiyyata qarşı mübarizə aparırdı. İndi AYO öz missiyasını başa vurub, müəlliflər fərdi şəkildə öz yaradıcılıqları ilə məşğuldurlar. Belə də olmalıydı. Mən bu prosesə təbii baxıram. Ədəbi proses də dəniz kimidir. Dalğa coşur, sahilə vurur, sonra sakitləşir, geri çəkiləndə sahildə balıqqulağı qalır.
- Yəni ədəbi əsərlər.
- Bəli!
- AYO-nun əksər üzvləri fərdi fəaliyyətə başlayandan sonra yaradıcılıqları çox zəif görünməyə başladı. İmzaların çoxu görünmür.
- Bu artıq fərdi hadisədir. Kim nə yaza bilər, hara qədər yaza bilər, necə yaza bilər, onu zaman göstərir. Hər təşkilata gələn böyük əsər yaradası deyil ki. Üç-dörd ciddi imza qaldısa, böyük işdir.
- Ədəbi tənqidin fəaliyyətini necə qiymətləndirirsiniz? Ədəbi tənqid o canlanmanı yenidən yarada bilməz?
- Təəssüf edirəm ki, bəzi güvəndiyimiz tənqidçilər maddi maraqlarına görə mədhiyyəyə meyilləndilər, vəzifəli və titullu yazıçıları tərifləməyi, onlara yarınmağı həyat tərzinə, yaradıcılıq istiqamətinə çevirdilər. Buna görə də ədəbi tənqidə çox da ümidlə baxmaq olmur. Ancaq əlbəttə, istisnalar həmişə var.
- Son romanınız, “Arzulardan sonrakı şəhər” necə qarşılandı? Sizi qane etdi reaksiyalar?
- Yaxşı qarşılandı. Azərbaycan reallığına görə, hətta çox yaxşı qarşılandı.
- Azərbaycan reallığı, yəni nə?
- Kitab industriyasının olmadığı yer. Ədəbiyyatımızın dünya səviyyəsinə çatması üçün bu industriyanın formalaşması çox vacibdir. Bunun üçün bütün aidiyyatı qurumlar birgə çalışmalıdır: Mədəniyyət və Turizm Nazirliyindən tutmuş, Elmlər Akademiyasına, Tərcümə Mərkəzinə, ayrı-ayrı qeyri-hökumət təşkilatlarınacan. Hətta ayrı-ayrı qələm adamlarına qədər... Bu ümummilli məsələ olmalıdır bizim üçün. Qarabağ problemi kimi. Sosial statusundan, siyasi mənsubiyyətindən asılı olmayaraq, hamı bu amal ətrafında birləşməlidir. Kitabsız cəmiyyət uzağa gedə bilməz.
- Şərif Ağayarın arzulardan sonrakı şəhəri haradır?
- Mənim arzulardan sonrakı şəhərim ədəbiyyatdır, yazmaqdır, yaradıcılıqdır. Hamımız bir illüziya yaradıb, ona doğru can atırıq. O olmasa belə. Onun olmadığını bilsək belə. Əsas ora yetişib-yetişməmək deyil, prosesin özüdür. Həyatın mənası budur; arzulardan sonrakı şəhərə, yəni arzuların çin olduğu ünvana yetişmək cəhdi.
- Son köşə yazılarınızdan birində Anarı “ortabab yazıçı” adlandırmısınız. Sizcə, həqiqətən “Dantenin yubileyi”, “Mən, sən, o və telefon”, “Beşmərtəbəli evin altıncı mərtəbəsi”, “Ağ liman” ortabab əsərlərdir?
- Anarın yaxşı əsərləri də var, ortabab əsərləri də. Mən onu “Ağ liman” haqqında demişəm. “Ağ liman” ortabab əsərdir. Bəlkə də yazıldığı illər üçün hadisə idi, amma bu gün o əsəri bizə nümunə göstərmək olmaz. Biz daha hazırlıqlıyıq. Mənim yazıçı Anarla heç bir problemim yoxdur, mənim problemim AYB sədri Anarla olub. Hansı ki, o Anar yazıçı Anarı bizim əlimizdən aldı.
- Yazıçı Anar haqqında daha nələr düşünürsünüz?
- Anar 20-30 il bundan əvvələ kimi yaxşı əsərlər yazırdı. Sonra vəzifə, intriqalar, özünü, atasını tənqid edənlərə qarşı bəslədiyi kin, ona biət etməyən gənclərə nifrət Anarı ədəbiyyatdan uzaqlaşdırıb yaşlı patriarxa çevirdi və yaradıcılıq bitdi. Son əsərlərini də elə bil kiminsə acığına yazır. Yəni görürsünüz, mən hələ də yazıram. Ədəbiyyat bu cür yersiz hikkəni sevmir.
- Sədr kimi Anardan nə istəyirsiniz?
- Bu məsələlərdən çox danışmışıq. Bir kəlmə deyə bilərəm ki, Anar və onun rəhbərlik etdiyi zamanını keçirmiş Azərbaycan Yazıçılar Birliyi Azərbaycanda mütərəqqi ədəbi mühitin yaranmasına mane olur.
- Bəs indiki imzalardan kimləri bəyənirsiniz?
- Məncə, şeirdə vəziyyət nəsrdən yaxşıdır.
- Mümkünsə ad çəkin.
- Lap gənc nəsli götürsək... Qismət, Şəhriyar del Gerani, Fərid Hüseyn, Aqşin Evrən, Fəridə Uğur, Seymur Su, Emin Piri, sən... Nəsr deyəndə, gərək bir az düşünüm. Şəhriyarın maraqlı hekayələrini oxumuşam. Kəramətin yaxşı qələmi var, kaş ciddi işlərə sərf edə. Ayxan Ayvazı xüsusi qeyd etmək istəyirəm. Ayxan nəsrin dalğasına çox rahat düşür. Poeziyada da, nəsrdə də gərək yaradıcı dalğaya düşəsən, yoxsa yazdığın ədəbiyyat olmayacaq.
- Yekun sualım: Sizcə, ədəbiyyatın gücü qalıb? Nəyəsə faydası var?
- İnsan bədən və ruhdan ibarətdir. Bədənimizi qidalandırdığımız kimi, ruhumuzu da qidalandırmalıyıq. Ruhun qidası isə kitabdır. İnsan nə qədər robota çevrilməyibsə, ədəbiyyat olacaq və nə qədər ədəbiyyat var, insan robota çevrilməyəcək.
Ulucay Akif
-
Dünya10:12
İsraili şoka salan taktika: İran bacarmadı, Hizbullah isə görün nələr etdi
-
ABŞ09:54
Tramp ilk dəfə açıqladı: “Putin mənə bu haqda danışırdı, amma əngəllədim”
-
MDB09:18
Rusiyada böhran: Rekord sayda insan müflis oldu
-
Elm və təhsil08:22
Tələbələrə şad xəbər: Bu tarixdən təqaüdlər artırılır - VİDEO
-
Sosial07:15
Ermənilər oğlunun cəsədini vermək üçün nə istəyiblər? - Şəhid anası DANIŞDI
-
Maraq dünyası05:45
Günəş sistemindəki ən böyük fırtına ilə bağlı təəccübləndirən kəşf
-
İKT03:35
“WhatsApp”da daha bir yenilik
-
Sosial02:19
Emin ev qazanan qazi ailəsinin yeni görüntülərini paylaşdı - VİDEO