Akademik Ziyad Səmədzadə: "Çində gördüklərim məni heyrətə saldı" - MÜSAHİBƏ
Bizi izləyin

Xüsusi

Akademik Ziyad Səmədzadə: "Çində gördüklərim məni heyrətə saldı" - MÜSAHİBƏ

Publika.az Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə ilə müsahibəni təqdim edir:

- Ziyad müəllim, ümumiyyətlə, son illər Azərbaycanda aqrar sektorun dayanıqlı və davamlı inkişafı üçün bir çox layihələr həyata keçirilir. Kənd əməkçilərinə dəstək məqsədilə iqtisadi mexanizmlərdən istifadə edilir. Bununla belə, hələ də həllini gözləyən problemlər var. Sizcə, bu nə ilə əlaqəlidir?

- Azərbaycan dövlətinin kənd təsərrüfatına dəstəyi çox düzgün iqtisadi siyasətin nəticəsidir. Bu siyasət Azərbaycan kəndinin sosial-iqtisadi inkişafını daha sürətli etmək, dövlətin iqtisadi qüdrətinin artırılmasında onun rolunun bundan sonra da artmasını təmin etmək məqsədi daşıyır. Ulu öndər Heydər Əliyev Azərbaycanda çox unikal bir aqrar siyasət yeritmişdi. SSRİ dağıldıqdan sonra ölkədə ağır iqtisadi böhran hökm sürürdü, ərzaq məhsullarının istehsalı, kəndlinin torpağa bağlılığı xeyli dərəcədə azalmışdı. Bu da təbii ki, insanlara mənfi təsir göstərirdi. Ona görə də, kəndlini torpağa bağlayacaq güclü və düzgün islahatların aparılması yeganə çıxış yolu idi. Məhz buna görə aparılan islahatlar sayəsində tarixdə ilk dəfə olaraq əhaliyə pulsuz torpaq paylanıldı. Aqrar sektorda görülən işlər son dərəcə sürətləndirildi və kəndlərdə həyat səviyyəsinin yüksəldilməsi üçün ciddi addımlar atıldı. Bu tədbirlərdən biri də kənd təsərrüfatına ayrılan subsidiyalardı. Biz dünya ölkələrini təhlil edirik, bütün sahələrdə müqayisələr aparırıq. Əminliklə bunu deyə bilərik ki, bu gün ölkəmizdə aparılan aqrar islahatlar dövrün ən məsuliyyətli və uğurlu istiqamətlərindən biridir. Mən Çin iqtisadiyyatı ilə yaxından tanış olmuşam. Müasir dövrdə urbanizasiya məsələləri hər yerdə qalmaqdadır. Hələ 70-ci illərdə yazdığım kitablarda mən bu məsələləri geniş şərh etmişəm. Ölkələr iqtisadi cəhətdən inkişaf etdikcə, urbanizasiya məsələləri də sürətlənir. Çin kimi nəhəng ölkədə də, ən kiçik ölkələrdə də məskunlaşma, kənddən şəhərə axın problemləri yaranır. Azərbaycan əhalisinin 7% Abşeronun payına düşür. Çünki burada əlverişli imkanlar var. Son illərdə görülən işlər bütün bunları sübut edir. Regionların inkişafına dair proqram əsasında aqrar sektorun bütün sahələrində canlanma var. Amma əvvəlki illərlə müqayisədə artıq kəndlərdən şəhərlərə axın edən əhalinin sayında da ciddi fərq var. İştirak etdiyim bütün tədbirlərdə hər zaman ilk olaraq vurğuladığım bir fikir var, bizim əsas məqsədimiz, kəndlərdə qaynar həyatı bərpa etməkdir. 70-ci illərdə Azərbaycan kəndlərində kifayət qədər böyük uğurlar əldə olunub. Artıq dövlət başçımız tərəfindən ölkədə ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafını prioritet istiqamət kimi müəyyənləşdirib. Məsələn, pambıqçılıq. Son illərdə pambıqçılığın inkişafında əldə olunan nailiyyətlər kifayət qədər sevindiricidir. Bu sahədə məhsuldarlığın daha da artırılması üçün gələcək hədəflər də müəyyənləşdirilib. Pambıq becərən kəndlilərin maddi maraqlarının artırılması istiqamətində də motivasiya xarakterli dəstəklər verilir, əlavə tədbirlər görülür. İxtisaslaşmaya diqqət artırılır, yanacaqlarla, gübrələrlə əlaqədar olaraq verilən subsidiyalar, heç şübhəsiz ki, kəndlinin əməksevərliyini artırır və ona maddi stimul verir. Digər ənənəvi sahələrimizdən biri tərəvəzçilikdir. Bu istiqamətdə də çoxsaylı tədbirlər görülüb, istixanalar tikilib. Bu istixanalarda becərilən məhsullarımız artıq dünya bazarına çıxır. Cənab prezidentimiz regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı da bu barədə kifayət qədər geniş məlumat verib. Bu sahələrə çayçılıq, tütünçülük və s. əlavə etmək olar. Mən gənc yaşlarımda taxıl sahələrini, pambıq tarlalarını, çay, üzüm bağlarını gəzmişəm və Azərbaycanda bu sahənin ilkin mərhələləri haqqında arxiv sənədləri əsasında geniş yazılar yazmışam. Lakin təəssüf ki, müstəqilliyimizin ilk illərində bir çox müəssisələr, zavodlar dağıdılırdı, minlərlə avadanlıqlar maşın və mexanizimləri xaricə satılırdı. Bunun da nəticəsində əhalinin əksər hissəsi yoxsullaşdı, işsiz qaldı. Həmin illərdə iqtisadiyyatdan başı çıxmayan, qeyri-peşəkar şəxslərin səriştəsizliyi ucbatından kənd təsərrüfatında ağır vəziyyət yaranmışdı. Ulu Öndərin hakimiyyətə qayıdışı, sistemli tədbirlər görməsi nəticəsində istehsalın sabitləşməsi, yeni iqtisadi sistemin yaradılması təmin edildi. Ölkənin iqtisadi inkişaf strategiyasının məqsəd və vəzifələri müəyyənləşdirildi. Cəmiyyətdə, insanlarda gələcək barədə düşünməyə inam yarandı. Hazırda rəhbər sahələrdə daha peşəkar mütəxəssislər çalışır. Mövcud problemlər bir-bir aradan qaldırılır. Yarana biləcək hər hansı problemləri aradan qaldırmaq üçün isə öncədən tədbirlər görülür. Bu gün ölkədə çoxsaylı quşçuluq fabrikləri, böyük hektarlara malik olan taxıl plantasiyaları var. Həmçinin kəndlilərin işini asanlaşdırmaq məqsədilə zəruri texnika və suvarma sistemlərindən səmərəli istifadə edilir. Qeyri-neft sektorunun üstün inkişafı, regional, sosial, məşğulluq, təhsillə bağlı proqramların həyata keçirilməsi və mühüm işlərdə dövlət-özəl sektor əməkdaşlığı və s. onu göstərir ki, dövlət kənd təsərrüfatı sahələrinin inkişafına maddi, mənəvi dəstək verir”.

- "Vergilər, şəffaflıq, inkişaf" konfransında çıxışınız zamanı belə bir fikir səsləndirdiniz ki, Azərbaycanda əhalinin 35-36%-i kənd təsərrüfatı sahəsində çalışır. Biz də bu sahəni vergidən azad etmişik. İstərdim bu fikrinizi bir az izah edəsiniz.

- Mən çox təəssüf edirəm ki, bizim peşəkar jurnalistlərimizlə yanaşı, hələ də peşəkarlıqdan uzaq, səriştəsiz, elementar iqtisadi terminləri bilməyən qələm sahibləri özlərini “jurnalist” adlandırırlar. Hiss olunur ki, onlar problemin nə olduğunu dərk etmədən, səsləndirilən fikirlərin hansı istiqamətdə olduğunu bilmədən fikirləri təhrif edirlər. Son 15 ildə yazdığım əsərlərdə, kitablarda, iştirak etdiyim çoxsaylı beynəlxalq konfranslarda birmənalı şəkildə bəyan etmişəm ki, Azərbaycan dünyada nadir ölkələrdən sayılır ki, artıq 21 ildir düşünülmüş, çox səmərəli iqtisadi siyasət aparır. Azərbaycan dövlətinin apardığı iqtisadi siyasətin tərkib hissələrindən biri də məhz aqrar sektorda aparılan işlərdir. Siz bilirsiz ki, Azərbaycan dövləti kənd əməkçilərini torpaq vergisi istisna olmaqla digər bütün vergilərdən azad edib. Bu, kifayət qədər böyük və ciddi məsələ olub, dövlətin aqrar sektora dəstəyinin bariz nümunələrindən biridir. Bu layihəni isə Milli Məclisdə ilk dəfə mən təqdim etmişəm. Ona görə də, bu istiqamətdə söylədiyim fikirlərin təhrif edilməsi məndə çox böyük məyusluq doğurur. Azərbaycan iqtisadiyyatının inkişafında çox mühüm rol oynayan aqrar sektorun inkişafı ilə bağlı görülən tədbirlərə bu qədər məsuliyyətsiz yanaşmaq düzgün deyil. Azərbaycanda fermerlərə dövlət tərəfindən subsidiyalar və güzəştli kreditlər verilir, irimiqyaslı infrastruktur layihələri həyata keçirilir. Bütün bunlar da kənd təsərrüfatının sürətli inkişafını təmin etməyə və Azərbaycanın ərzaq təhlükəsizliyinin yaxşılaşdırılmasına yönəlib. Bu tədbirlərdən biri də uzun illər tətbiq edilən və bundan sonra da tətbiq ediləcək kənd təsərrüfatının vergilərdən (torpaq vergisi istisna olmaqla) azad edilməsidir. Mən bu fikirləri ilk dəfə səsləndirmirəm, amma çox təəssüf olsun ki, fikirlərimi bilərəkdən təhrif ediblər. Həmin şəxslərə deyirəm ki, siz düz yolda deyilsiniz, insanları çaşdırmağa çalışmayın, dövlətimizin aqrar siyasəti, vətən torpağımızın çiçəklənməsi üçün gördüyümüz işlər ildən-ilə daha böyük uğurlarla nəticələnəcəkdir.

- Ziyad müəllim, cari ilin büdcəsi, onun əsas parametrləri, daxili investisiyaların artımı, onlardan istifadə priorotetləri barədə nə deyə bilərisiniz?

- Artıq bir neçə ildir ki, qlobal risklərdən, onun ölkənin milli iqtisadiyyatına göstərəcəyi təsirdən, eləcə də bunlara qarşı öncədən görüləcək tədbirlər haqqında geniş müzakirələr aparırıq. Azərbaycan dövlətinin apardığı iqtisadi siyasət bir çox qlobal risklərin təsirlərini xeyli azaldıb. Buna ən gözəl sübut bir sıra dünya ölkələrinin qlobal böhranla mübarizə apardığı bir zamanda ölkəmizin sürətli inkişaf mərhələrinə keçməsidir. 2018-ci ildə davamlı inkişaf, sosial tərəqqi meyillərini gücləndirməyə əsas yaradan dövlət büdcəsi formalaşdırılıb. Birinci növbədə, dövlət büdcəsinin gəlirləri ötən ilə nisbətən 20 faiz, 2016-cı illə müqayisədə isə 15 faiz çoxdur. Bunlar olduqca yaxşı nəticədir. Bu siyasət davamlı, həm də uzunmüddətli keyfiyyətli inkişaf məqsədlərinə xidmət edəcək. Ölkədə müxtəlif fiskal risklər daim nəzərə alınır və müvafiq maliyyə ehtiyatları toplanır. Əsaslı xərclərin tərkib hissəsi olan dövlət əsaslı vəsait qoyuluşu (investisiya) xərcləri 62,5 faiz təşkil edəcək ki, bu da bir sıra strateji layihələrin vaxtında icrası üçün çox vacib nüanslardan biridir. Ümumilikdə gələn il əsas kapitala investisiya qoyuluşları 15,9 milyard manat, xarici investisiyaların 7,7 milyard manat, daxili investisiyaların 8,2 milyard manat olacağı proqnozlaşdırılır. Qeyri-neft sektoruna isə 9,5 milyard manat investisiya yatırılacağı gözlənilir. Dövlət davamlı iqtisadi inkişafa nail olmaq üçün qanunvericilik bazasını da təkmilləşdirir. Xüsusən də büdcədən regionların sosial-iqtisadi inkişafına yönəldilən vəsaitlərin artırılmasına diqqət ayrılır. Ümumiyyətlə, son illərdə respublikada regionların inkişafı ilə əlaqədar görülən işlərin miqyası kifayət qədər genişdir. Artıq təsərrüfatların, şirkətlərin istehsal etdikləri məhsulların daxili tələbatla yanaşı, ixraca da yönəldilməsinin şahidi oluruq, yeni assosiasiyalar yaranır.

- Neftin qiyməti ilə bağlı bir sıra beynəlxalq təşkilatlar pessimist proqnozlar verir. Xüsusilə ABŞ-ın Rusiaya qarşı yeni sanksiyalar dalğası fonunda bu proqnozlar nə qədər həqiqəti əks etdirir?

- Bu gün dünyada qlobal risklər artdıqca, bu tendensiyalar da davam edəcək. Neftin qiymətinin ucuzlaşması qeyri-neft sektorunun inkişafını sürətləndirdi, təkan verdi. Yeni biznes reallıqlarını ortaya qoydu. Bu gün neft qiymətləri ilə bağlı beynəlxalq təşkilatlar müxtəlf proqnozlar verə bilər, lakin əmin olun ki, hələ uzun müddət neft dünya iqtisadiyyatında öz liderliyini qoruyub saxlayacaq.

Xarici borclanma prosesinə də qeyri-professionallıqla yanaşanlar var. Onu da qeyd edim ki, dövlət başçısının tapşırığı ilə hazırda dövlətin borclanma strategiyası hazırlanır, xaricdən cəlb edilən vəsaitlərdən məqsədəuyğun formada istifadə edilməsi ön plana çəkilir, nəzarət sisteminin təkmilləşməsi istiqamətində tədbirlər görülür.

Azərbaycan enerji təhlükəsizliyi sahəsində aparıcı söz sahibi olaraq mövqeyini qoruyub saxlayacaq. Ən əsası yeni müqavilədən sonra Azərbaycana gələcək gəlirlər ölkəmizin inkişafına böyük töhfələr verəcək. Bəzən deyirlər “Lənətlənmiş neft dollarları”, “Holland sindromu” Azərbaycan iqtisadiyyatına zərbə vurdu və s. Bu fikirləri yalnız qeyri-peşəkar şəxslər, ölkənin tarixi inkişaf xüsusiyyətlərini, reallığı obyektiv qiymətləndirməyənlər söyləyirlər. Neft olmasaydı, müstəqilliyimiz, dövlətimizin dünyanı heyran edən uğurları olmayacaqdı. Ona görə də bu məsələlərə barmaqarası yanaşmaq olmaz. Bu yaxınlarda dövlətimiz Azərbaycanda 2 milyard ton neftin çıxarılmasını böyük bayrma kimi qeyd etdi. SSRİ dağılana qədər Azərbaycanın 10 min ton nefti sərbəst satmağa imkanı yox idi. Bu gün ölkəmiz müstəqildir, öz sərvətlərinin sahibidir və ona görə də milli maraqlarımıza cavab verən siyasət yürüdülür. Dövlət büdcəsinin formalaşdırılmasında 1 barrel neftin qiymətinin nə qədər olması həmişə maraq doğurur, geniş müzakirələrə səbəb olur. Hökumət 2018-ci ilin dövlət büdcəsində 1 barrel neftin qiymətinin 45 dollar olmasını məqbul sayıb. Hesab edirik ki, bu rəqəm gözlənilməyən risklərin nəzərə alındığı göstəricidir. Əlbəttə, bu rəqəmi artırmaq və ya azaltmaq olar. İlk növbədə rəqəm artırılarsa, hökumət daha çox risklərə məruz qalar. İkinci halda isə iqtisadi, sosial inkişafdan geri qalıb, mühüm layihələrin reallaşdırılmasında ciddi çətinliklər yaşayardıq. Bir daha qeyd edim, hökumət belə hesab edir ki, 2018-ci il üçün neftin barrelinin 45 dollar müəyyən edilməsi qarşıya qoyulan hədəflərə nail olmağa rahat imkan verəcək.

- Ziyad müəllim, hazırda dünyanı narahat edən problemlərdən biri də maliyyə böhranıdır. Yaxın gələcəkdə manatın yenidən sürətlə bahalaşması və ya ucuzlaşması gözləniləndirmi? Devalvasiya ehtimalı nə qədər realdır?

- Ümumiyyətlə, devalvasiyanın bir sıra qaçılmaz səbəbləri oldu. Neftin dünya bazarında qiymətinin sürətlə aşağı düşməsi bizim büdcə gəlirlərimizi azaltdı və bir sıra ciddi çətinliklərin yaranmasına səbəb oldu. Ancaq bu gün manatın sabitliyinin qorunması istiqamətində bir sıra addımlar atılır. Milli valyutanın dönərliyinin qorunub saxlanılması hər bir ölkənin iqtisadi inkişafı və təhlükəsizliyi üçün vacib olan əsas amillərdən biridir. Ona görə də, dövlət başçısının bilavasitə təşəbbüsü ilə bu istiqamətdə çox böyük işlər görülür ki, bu da öz uğurlu nəticəsini verir. Bu yaxınlarda Mərkəzi Bankın bu mövzu ilə əlaqədar açıqlamasını müsbət qiymətləndirirəm. Eyni zamanda, Vergilər Nazirliyi tərəfindən keçirilən konfransda da çıxışımda qeyd etdim ki, biz çalışmalıyıq ki, ölkə daxilində pul qıtlığı olmasın, iqtisadiyyat canlansın. Biz həmişə inflyasiyanın, iqtisadi inkişafın dinamikasını, dövriyyədə olan pul kütləsinin ÜDM-ə nisbətinin sistemli təhlilini aparmalıyıq. Manatın yenidən devalvasiyası həqiqətlərə yaxın deyil. Hazırda milli valyutamızın dəyəri stabil olaraq qalıb. Təbii ki, onun dəyərini hər hansı bir sıçrayışla yüksəltmək də mümkün deyil. Lakin hər halda devalvasiya olub, ondan sonra stabilliyin qorunması və təkrar bu problemin yaşanmaması üçün biz idxal-ixrac strukturunu təkmilləşdirməli, tədiyyə balansında müsbət meyilləri nəinki qoruyub saxlamalı, həm də onları gücləndirməliyik. Sahibkarların maliyyə resurslarına çıxışını yaxşılaşdırmalıyıq, onlara regionlarda qeyri-neft sektorunda gördükləri işlərin canlandırılması üçün dəstək verməliyik.

- Dünyada 3500-dən çox azad iqtisadi zona var ki, bunlardan yalnız 150-si aktiv şəkildə istifadə edilir. Mən sizin 2001 və 2009-cu illərdə nəşr olunan “Dünya iqtisadiyyatı: Çin iqtisadi möcüzəsi”, “Çin qlobal dünya iqtisadiyyatında” kitablarınızla tanışam. Siz bu kitablarda Çinin iqtisadi yüksəlişində azad iqtisadi zonalar barədə fikirlərinizi açıqlamısınız. Azərbaycanda da Ələt azad iqtisadi zonası yaradılır. Bu, bizim ölkənin daxili iqtisadiyyatına nə kimi töhfə verəcək?

- 90-cı illərin əvvəllərində və sonralar bir neçə dəfə Çində səfərdə oldum. Orada fəaliyyət göstərən bir neçə azad iqtisadi zonalarla tanış olmuşam. İnanın ki, mən heyrətə gəldim. Şanxay şəhərinin kiçik bir bölgəsində Rusiyanın ixrac potensialı qədər məhsul istehsal olunurdu. Biz qabaqcıl dünya təcrübəsindən istifadə etməliyik. Ona görə də Azərbaycan dövlətinin başçısının Ələt iqtisadi zonasının yaradılması barədə sərəncamı tarixi bir aktdır. Birmənalı şəkildə qeyd etmək istəyirəm ki, zonanın fəaliyyət başlaması Azərbaycan xalqı, ölkə iqtisadiyyatı üçün çox böyük inkişaf amilidir. Ona görə ki, Azərbaycan bilavasitə qədim İpək Yolunun üzərində yerləşir. Qədim İpək Yolunun sistemli inkişafı üçün çoxsaylı işlər görülür. Azərbaycanda “Bakı-Tbilsi-Qars” dəmir yolu istifadəyə verildi. Bunun sayəsində iki qitə - Asiya və Avropa birləşdi. Bu yolun daha da təkmilləşdirilməsi üçün nə qədər böyük işlər görülür. Amma xarici investorlar da onu düşünür ki, ölkədə sərmayəni elə bir işə qoysun ki, oradan müəyyən etdiyi miqdarda mənfəət götürə bilsin. Marksın bir sözü var: “Kapital o yerə axır ki, orada mənfəət var”. Mənfəət götürmək üçün isə əlverişli mühit, əlverişli qanunvericilik bazası olmalı, vergilərdən azad olmalı və investor üçün hər bir şərait yaradılmalıdır. Ələt azad iqtisadi zonası barədə cənab prezidentin sərəncamı və müvafiq komissiyanın yaradılması, bu komissiyaya rəhbərliyin Valeh Ələsgərov kimi yüksək səviyyəli, professional mütəxəssisə həvalə olunması artıq öz müsbət nəticəsini verir. Yaxın vaxtlarda Milli Məclis qanun qəbul etmişdi. Güman edirəm ki, Ələt iqtisadi zonası haqqında qanun qəbul ediləcəkdir.

"Əhalisinin sayı Azərbaycan və Gürcüstan əhalisinin birlikdə sayından xeyli çox olan Şanxay şəhərinin 522 km-lik Pudonq adlanan ərazisində 1,5 milyon əhali yaşayır. Orada 1997-ci ildə ixrac olunan məhsulun miqdarı 3,7 milyard dollara çatmışdı. Buraya 60-dan çox ölkə kapital qoymuşdu. Hazırda dünyada məşhur transmilli şirkətlərdən 85-i Pudonqun 138 müəssisəsinə investisiya qoymuşdu". Ziyad Səmədzadənin 2001-ci ildə nəşr edilən “Çin qlobal dünya iqtisadiyyatında” kitabından çıxarış.

Könül Cəfərli

Foto: Səfiyar Məcnun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm