Professordan HƏYATINIZI QURTARACAQ BİLGİLƏR: "Ölən adamların böyrəyini Moskvadan Bakıya gətirib..."
Bizi izləyin

Xüsusi

Professordan HƏYATINIZI QURTARACAQ BİLGİLƏR: "Ölən adamların böyrəyini Moskvadan Bakıya gətirib..."

Son dövrlərdə Xroniki Böyrək Çatışmazlığı xəstəliyindən əziyyət çəkən insanların sayı artıb. Bu xəstəlik bəzən özünü çox gec büruzə verir və bu zaman xəstənin sağlamlığına qovuşmaq şansı kifayət qədər aşağı düşür. Bəs görəsən bu cavanlaşan xəstəliyin əsas səbəbləri nələrdir? Niyə bu xəstəliyin qarşısını almaq mümkün deyil? Öncədən dəqiq diaqnoz qoyulmadığı təqdirdə, ölüm riski nə qədərdir?

Publika.az olaraq bütün bu suallara cavab tapmaq üçün tibb elmləri doktoru, professor, Əməkdar həkim, ölkəmizin baş nefroloqu Mehman Ağayevlə söhbətləşdik.

- Mehman müəllim, istərdim əvvəlcə böyrək xəstəliklərinin əsas səbəblərindən danışasınız.

- Böyrək xəstəliklərindən danışanda biz insan orqanizmində yarana biləcək bütün xəstəlikləri nəzərdə tuturuq, çünki bu xəstəliyin inkişafına təkan verə biləcək nüanslar çoxdur. Böyrək xəstəlikləri üç qrupa bölünür. Böyrəyin birincilik xəstəlikləri, yəni böyrəyin özünə aid xəstəliklər, ikincisi, hər hansı başqa xəstəlik nəticəsində böyrəyin zədələnməsi, üçüncüsü isə anadangəlmə irsi xəstəliklər. Son illər ölkədə böyrəklərin xroniki xəstəliyi, yəni böyrəklərin zədələnməsi çox artıb. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, dünya əhalisinin 10-12 faizi böyrək xəstəliklərindən əziyyət çəkir. Son illərdə xroniki böyrək çatışmazlığı diaqnozu ilə müraciət edənlərin sayının artması isə bilavasitə böyrək zədələnmələri ilə bağlıdır. Böyrəklərin zədələnməsi iki cür baş verir: Birincisi böyrək funksiyalarının pozulmasına gətirən birincili, yəni böyrəklərin özünün xəstəlikləri (Qlomerulonefritlər, Böyrəklərin polikistozu, Hemolitikuremik sindrom, Pielonefrit və s) ilə bağlıdır. Digər səbəb isə böyrəklərin ikincili zədələnməsidir. Yəni müxtəlif xəstəliklərin təsiri ilə (qan təzyiqi, şəkərli diabet, revmatoid artriti, birləşdirici toxumların sistem xəstəliklərindən olan qırmızıqurd eşənəyi və s). böyrəklər zədələnir və funksiyası pozulur. Bu gün ikincili böyrək xəstəliklərinə səbəb olan məqamlardan ən çox yayılanı şəkərli diabetdir. Şəkər xəstələrinin əksəriyyətində bu gün böyrəklərin ciddi zədələnmələri müşahidə olunur. Bizə müraciət edən xəstələrin 40 fazi şəkərli diabetdən əziyyət çəkir.

- Bəs əhali arasında hansı növ böyrək xəstəlikləri daha çox yayılıb? Bu xəstəliyə hansı yaş qrupunda daha çox rast gəlinir?

- Ümumilikdə böyrək xəstəliklərinin simptomları bir çox digər xəstəliklərin simptomları ilə bənzərlik təşkil edir. Biz praktikamızda bu kimi hallarla çox rastlaşırıq. Məhz bu səbəbdən bəzi hallarda xəstələr uzun müddət özlərini narahat hiss edirlər və yanlış həkimlərə müraciət etdikləri üçün yanlış istiqamətdə müalicə alırlar. Təbii, ola bilər ki, müəyyən mənada insanın digər orqanlarında problem olsun və müalicə nəticəsində bu aradan qalxsın. Amma burda çox ciddi bir məqam var. Məsələn, şəkər xəstəsi problemin böyrəkdən qaynaqlandığını bilmədən sırf şəkərin normada saxlanılması üçün endokrinoloqa müraciət edir. Lakin, bəzən xəstənin birbaşa yüksək təzyiq və şəkərdən əziyyət çəkdiyi göz önündə tutulur və digər simptomlara baxılmır. Bu zaman həkim şəkərli diabetdən əziyyət çəkən xəstənin vəziyyətinin normallaşmasına kömək edir. Şəkərin miqdarı normaya düşür, lakin bu eyni zamanda ona görədir ki, böyrəklər öz funksiyalarını yeritnə yetirə biməyib sıradan çıxır. Yalnız müalicə uğursuz olduqda, nəhayət ki, lazım olan mütəxəssisə müraciət edilir. Bu zaman isə artıq xəstəliyin 4-5-ci mərhələsi başlayır ki, bu zaman da xəstənin vəziyyətini stabilləşdirmək çətinləşir. Xüsusilə qeyd ediləcək məqamlardan bir neçəsini demək lazım gələrsə, burada şəkərli diabet, arterial hipertenziya, soyuqdəymələr, insanın immun sisteminin zəifləməsi, revmatik xəstəliklər, piylənmə kimi problemlər böyrək xəstəliyinin yaranmasına təkan verən əsas amillərdir.

- İnsanlar böyrək xəstəliklərini müəyyən etmək üçün ilk növbədə hansı müayinələrə getməlidirlər?

- Orqanizmdə böyrək funksiyalarının fəaliyyətini müəyyən etmək üçün bir çox müayinə üsulları mövcuddur. Ümumi qan analizində, qan zərdabında böyrəklərin fəaliyyətinin göstəricisi kreatindir. Kreatinin normadan yüksək olması böyrəklərdə baş verən preoseslərdən xəbər verir. Bundan başqa, sidiyin ümumi analizi və USM. Bu 3 sadə müayinə ilə böyrək xəstəlikləri zamanında aşkar edilir və düzgün müayinə üsulları tətbiq edilir.

- Böyrək xəstəlikləri əsasən hansı yaş qruplarında daha çox rast gəlinir?

- Daha çox 40-60 yaş arasında özünü büruzə verir. Lakin müəyyən kənar faktorlardan, xüsusilə genetik amillərdən asılı olaraq daha gənc yaşlarda 7-12, bəzən də 72 yaşdan sonra müşahidə edildiyi qeydə alınıb. Bu tip xəstəliklərdə yaş qrupunu dəqiq demək qeyri-mümkün olur. Təəssüf ki, bu gün birinciliyə nisbətən ikincili böyrək xəstəliklərinin sayı çoxluq təşkil edir. Bu da həkimə vaxtından gec müraciətin, bəzən də qeyri-peşəkar müalicənin nəticəsidir.

Xüsusilə, qadınlara nisbətən kişilərdə böyrək xəstəlikləri daha çox müşahidə edilir. Kişilərdə prostat ademoniyası zamanı, eləcə də hipertenziya nəticəsində böyrəklərdə daha çox problemlər olur. Bu gün hər 10 nəfərdən birində böyrək xəstəlikləri var. Onlardan isə hər 5-i kişi və 4-ü qadınların payına düşür. Qadınlarda əsasən sidik yollarının iltihabi xəstəlikləri, piylənmə, hamiləlik öncəsi, hamiləlik zamanı və hamiləlikdən sonra üzə çıxan problemlər müşahidə edilir.

- Böyrək çatışmazlığının ilkin əlamətləri hansılardı?

- Böyrəklərdə gedən hər hansı bir dəyişiklikdən xəbər tutmaq üçün mütləq peşəkar mütəxəssis müayinəsindən keçmək lazımdır. Amma müəyyən mənada xəstəlik haqqında fikir formalaşdıracaq bir neçə məqam var: insanlarda səbəbsiz yorğunluq, diqqətin cəmləşdirilməsində yaranan çətinliklər, iştahsızlıq, gün ərzində tez-tez sidiyə getmək, sidiyin qanlı olması, hətta sidiyə çıxa bilməmək, ödəmlər, bədən çəkisinin artması, arterial təzyiqin yüksək olması, güclü baş ağrıları, baş gicəllənməsi, ürək nahiyəsində ağrılar, bel ağrıları, görmənin zəifləməsi, iş qabiliyyətinin nəzərə çarpacaq dərəcədə aşağı düşməsi, dəri qaşınması, iştahasızlıq, ağızda quruluq və pis dad, susuzluq, nəfəsdən pis qoxunun gəlməsi (ammonyak iyi - sidik iyi) və s. Bütün bunlar böyrək xəstəliklərinə işarədir.

- Xroniki böyrək çatışmazlığı özünü neçə mərhələdə göstərir?

- Ümumiyyətlə, xroniki böyrək çatışmazlığı deyilən xəstəlik 5 mərhələyə bölünür. Xəstələr isə əksər zamanlarda həkimə 4-cü mərhələdən sonra müraciət edirlər. Xəstəliyin 5-ci mərhələsində isə artıq hemodializ aparılmalıdır. Yəni böyrək əvəzedici terapiyanın tətbiqinə hemodializ deyilir. Bununla yanaşı, həm də böyrək transplantasiyası tətbiq edilir. Bəzən xəstələr yalnız bu mərhələdə müraciət etdiyi üçün həkimlər zəruri tədbirləri görsə belə, orqanizm artıq mübarizə gücünü itirmiş olur. Bilirsiz insanlar öz orqanizmləri barədə ilkin məlumatlara belə malik deyillər. Məsələn, insanlar böyrəklərin orqanizmdə hansı funksiyaları yerinə yetirdiklərini bilmirlər. Böyrəklər insan orqanizminin çox mühüm orqanıdır. Xroniki böyrək çatışmazlığı simptom-kompleks olub, birinci və ikinci xroniki böyrək xəstəlikləri zamanı nefronların tədricən məhvi və böyrək parenximasının sklerozu nəticəsində meydana çıxır. Nefronların sayı 25 faizdən aşağı düşdükdə böyrəklərin yerinə yetirdiyi funksiyalar tədricən pozulmağa başlayır və xroniki böyrək çatışmazlığı yaranır. Bu dəyişiklik getdikcə artır və normal böyrəklərin kompleks requləedici, ekskretor, sintezedici, endokrin, metabolik funksiyaları yavaş-yavaş məhv olur.

- Əvəzedici böyrək terapiyasına nələr aiddir?

- Bayaq da qeyd etdiyimiz kimi, əvəzedici böyrək terapiyası 3 cür aparılır: Hemoton, hemodializ və böyrək transplantasiyası. Bunlar hər biri xəstənin müalicəsində, onun vəziyyətinin yaxşılaşdırılımasına xidmət edir. Belə demək mümkünsə, onlar bir-biri ilə vəhdət təşkil edir. Bəzən elə xəstələrimiz müraciət edir ki, onlarda eyni anda hər iki böyrəkdə funskiya pozuntusu müəyyən edilir. Belə olan halda onların həyatı hemodializlə, yəni süni böyrək cihazı ilə təmin olunur. Böyrək transplantasiyasından sonra isə xəstələr normal həyata davam edə bilirlər.

- Bu əməliyyatların ortalama qiyməti nə qədərdir? Prosesdən sonrakı vəziyyətdə ölüm riski nə qədər olur?

- Bu əməliyyatların ortalama qiyməti 15-20 min arasında dəyişir. Böyrək xəstəliyinə vaxtında diaqnoz qoyularsa, düzgün müalicə başlandığı təqdirdə 100-də 90 faiz hallarda xəstələr tamamilə sağala bilir. 5-10 faiz ölüm riski var. Bu o qədər də çox deyil. Onu deyim ki, orqan transplantasiyası sadə əməliyyat deyil. Qədim zamanlarda xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstələr maksimum 2 həftə sağ qala bilirdi. Bəzən olur ki, xəstəlik ilkin mərhələlərdə aşkarlanır, düzgün malicə götürülür, transplantasiya keçirilir, lakin orqanizm yeni böyrəyi qəbul etmir. Orqanizm onu yad cisim olaraq qəbul edir. Təəssüf ki, biz onu sadəcə, ləngidə, simptomatik müalicə edə bilirik. Amma belə olan hallarda nəticə qaçınılmazdır.

- İl ərzində Respublikada nə qədər böyrək transplantasiyası əməliyyatı keçirilir?

- Respublikada bu əməliyyatlar 3 yerdə aparılır. Mirməhəmməd Cavadzadə adına Respublika Uroloji Klinikasında, Mərkəzi Neftçilər Xəstəxanası və Azərbaycan Tibb Universitetində. Ölkədə hər il demək olar ki, təxminən 100-150 böyrək transplantasiyası əməliyyatı icra olunur.

- Bəs transplantasiya üçün əsas şərtlər nədir? Yəni hansı şəxslər donor ola bilir?

- Çox gözəl sualdır. Bu məqam bəzən insanların ölümünə səbəb olur. Böyrək transplantasiyası üçün ilk növbədə birincili dərəcədən yaxın qohumlar - ana, ata, bacı, qardaş yoxlanılır. Daha sonra digər qohumlar. Donor 18 və daha yuxarı yaşlarda olan şəxslər ola bilər. Azyaşlılardan transplantasiya məqsədilə orqan və və ya toxumaların götürülməsi qadağandır. Sağlamlığı üçün təhlükə törədən xəstəliyi olan şəxslərdən orqan və ya toxumalar götürülmür. Gizli inkişaf edən xəstəlikləri olan, şəkərli dabet xəstələri, idarəolunmaz yüksək təzyiq, ürək çatışmazlığı olanlar, şiş xəstəliklərindən əziyyət çəkənlər, kimyəvi terapiya alanlar, hepatit B, C, İİV və irsi, yoluxucu xəstəliklərdən əziyyət çəkən şəxslər də donor ola bilməz. Bir sözlə, bütün patalogiyaları inkar etməliyik. Yalnız bundan sonra deyə bilərik ki, xəstə donor ola bilər, ya yox.

- Professor, bəs ölən şəxsin orqanları transplantasiya üçün yararlı olurmu?

- Sadalanan standartlara cavab verdiyi halda bəli, mümkündür. Ümumiyyətlə, donorluq üçün həm cəsarət, həm də iradə lazımdır. Dünya təcrübəsində belədir ki, ölən şəxslərin ailəsi onun orqanlarını ölkədə fəaliyyət göstərən Orqan Bankına verir. Bu isə böyük fədakarlıqdır. Amma bizdə elə deyil.

Azərbaycanda yalnız qohum donorlardan böyrək götürülərək transplantasiya olunur. Meyitdən orqan götürülməsi təcrübəsi hələ bizdə inkişaf etməyib. Bizim ölkədə heç kimin vəfat edən xəstəsinin artıq ona heç bir xeyri olmayacaq, amma bir başqa insana həyat bəxş edəcək sağlam orqanlarını götürmək olmaz. İnsanlarımız bir az maariflənməlidir. Hazırda bu istiqamətdə bəzi qanun layihələri işlənir. Mümkündür ki, gələcəkdə həyatını itirmiş insanlardan orqan köçürülməsi məsələsi bu qanunla tənzimlənəcək.

Azərbaycanda ilk böyrək transplantasiyası 1971-ci ildə mərhum akademik Mirməhəmməd Cavadzadənin rəhbərliyi ilə aparılıb. İlk transplantasiya əməliyyatında iştirak edən həkimlər arasında mən də olmuşam. Həmin əməliyyatda biz avtomobil qəzasına düşən və həlak olan şəxsin böyrəyini xəstəyə köçürməklə onun həyatını 10 ilə qədər uzatdıq.

90-cı illərdə Moskvada ölən adamların böyrəyini oradan gətirib, ehtiyacı olan pasiyentlərə köçürmüşük. Təxminən 20 meyitdən götürülən orqanlarla bir çox insanın həyatını xilas etmişik.

- Donor tapılması kifayət qədər zaman alır. Bu müddət ərzində xəstələrin vəziyyəti dializlə tənzimlənir. Bunu maksimum nə qədər davam etdirmək olur?

- Donor tapılana qədər biz xəstələrin vəziyyətini hemodializ vasitəsilə stabil saxlamağa çalışırıq. Lakin, bu heç də böyrəklərin itirilmiş funksiyasını bərpa etmir. Bu səbəbdən də, donorun mümkün mərtəbə tez tapılması və böyrək transplantasiyasının zamanında həyata keçirilməsi ölüm riskini də kifayət qədər azaldır. 3 ildən 5 ilə qədər xəstələri hemodializdə saxlamaq mümkündür. Əməliyyatdan sonra isə maksimum 50 il yaşayan pasiyentimiz də olub.

- Dediniz qadınlara nisbətən kişilərdə böyrək çatışmazlığına daha çox rast gəlinir. Bəs hamiləlik zamanı aşkarlanan böyrək xəstəlikləri zamanı nə kimi risklər olur? Hamiləliyin sonlandırılması gərəkirmi? Ana və uşağın vəziyyəti ilə əlaqədar nə kimi risklər mövcud olur?

- Hamilə qadının müayinəsindən sonra vəziyyətin çıxılmaz olduğu aydınlaşarsa, əməliyyat aparılır. Qadınlarda böyrək xəstəlikləri hamiləlikdən əvvəl və hamiləlikdən sonra da aşkarlana bilir. Elə olan halda bəzi qadınlara vəziyyətdən asılı olaraq doğuma icazə verilir, bəzilərinə isə yox. Ölüm riski isə bu vəziyyətdə ən yüksək həddə olur. Hər il Ümumdünya Böyrək Gününə həsr olunmuş konfrans keçirilir. Konfranların fərqli mövzuları olur. Builki konfransın şüarı isə “Sağlam böyrək, sağlam qadın” seçilib. Pielonefrit qadınlarda daha çox rast gəlinir. Bunun nəticəsində qadınların xüsusi çəkisi artır. Bəzən hamiləlik zamanı uşaq ana bətnində tələf olur. Keçən ay bizə 2 xəstə müraciət etmişdi və düzgün müalicə nəticəsində hər iki xəstəni vəziyyətdən çıxardıq. Amma normalda bu cür hallar 80% ölümlə nəticələnir.

Hamiləlik zamanı aşkarlanan böyrək xəstəliklərini hamiləlikdən öncə müəyyənləşdirmək mümkün deyil. Burada xəstəliyin ana bətnində körpəyə ötürülməsi olduqca az rast gəlinən haldır. Bu yalnız qohum nikahlarında, irsi xəstəliklər mövcud olarsa, yaşanır. Qohum nikahları məni bir həkim kimi, insan kimi həddən artıq narahat edir. Hemodializ müalicəsi alan qadınların ana olmaq şansı əlbəttə ki, var. Lakin bu həm həkimdən, həm də ana olmaq istəyən hemodializ alan qadından çox böyük zəhmət tələb edəcək.

- Hər iki böyrəyin sıradan çıxması zamanı transplantasiya kömək edirmi?

- Əlbəttə, edir. Xəstələr transplantasiyadan sonra ən az 15-20 il yaşayır. Sadəcə o vaxt qeyd etdiyim kimi biz ölən insanların böyrəklərindən istifadə edirdik və orqanizm köçürülməyə müsbət reaksiya vermədikdə bir o qədər məyus olmurduq. Niyə? Çünki, ən azında götürülən orqan sahibi artıq vəfat edib. Amma indi icazə verilmədiyi üçün sağlam adamlardan böyrək götürülür və köçürülür. Orqanizm böyrəyi qəbul etmədiyi təqdirdə isə hər iki pasiyent yarımcan qalır. Bu çox acınacaqlı haldır. Ciddi problemdir.

- Bu gün insanlar tez-tez böyrək daşı xəstəliyindən də gileylənirlər. Bunu yaradan əsas faktorlar nədir? Problemin həlli üçün ilkin mərhələdə nələr zəruridir? Hərdən belə məlumatlar oxuyuruq ki, xalq təbabətində istifadə etməklə böyrək daşının bədəndan xaric edilməsi mümkündür. Bu üsulla böyrək daşının müalicəsi sağlamlığa zərər vermir ki?

- Azərbaycan böyrək daşı xəstəliyinin endemik ocağıdır. Bunun tam olaraq səbəbləri də məlum deyil. Əslində bir çox faktor sadalamaq mümkündür: isti iqlim, insanların gündəlik həyatda istifadə etdikləri içməli su və milli mətbəximizdə yer alan yeməklər. Deyərdim ki, hətta bu sadaladıqlarım içərisində birinci yerdə su gəlir. İçməli suyun tərkibi çox çirklidir. İnanın mənə, bu suyu eyni qabda hər gün doldurub günaşırı boşaldsanız, qabın dibinə çökən maddələri görəcəksiniz. Vallah, bu suyu içən insanları Allah özü saxlayır. Əslində, Allah ölkəmizə çox xeyirli, möcüzəvi mineral sular bəxş edib. Çox faydalıdırlar. Normal qaydalara uyğun olaraq insan gün ərzində minimum 2 litrə yaxın su istehlak etməlidir. Bu mədən sularının lazımi miqdarda qəbulu böyrək daşı xəstəliyinin profilaktikası üçün olduqca faydalıdır. Böyrək daşının tərkibinə uyğun olaraq müvafiq pəhrizin saxlanması da vacib şərtlərdən biridir.

Bəli, bəzən insanlar xalq təbabətindən istifadə edərək böyrək daşlarını düşürməyə çalışırlar. Buna fitoterapiya deyilir. Böyrək daşı diatezlərində və xəstəliyində bitkilərin köməyi ilə sidiyi artırıb, bu daşları salmaq olur. Bunun üçün müxtəlif bitkilərdən - quşbuğdası, qatırquyruğu, nanə, cəfəri - həm toxumu, həm özü, həm də kökündən istifadə olunur. Əgər daşın diametri 8 millimetrdən azdırsa, xalq təbabəti ilə onu sidik yollarından xaric etmək mümkündür. Daşlar həmin ölçüdən böyükdürsə, bunu ancaq həkimlər endoskopik əməliyyatla, daşın zərbə dalğası ilə dağıdılması, yaxud açıq cərrahi əməliyyat yolu ilə bədəndən xaric edə bilərlər. Bütün istifadə olunan fitoterapevtik tədbirlər həkim nəzarəti altında olsa, daha yaxşıdır.

- Sadalanan bitkilərə allergiyası olan şəxslər necə etsinlər?

- Bu çox nadir hallarda yaşanır. O zaman da orqanizmə uyğun müəyyən tədbirlər həyata keçirilir.

- Son olaraq insanlarımıza nə tövsiyə edərdiz?

- Birinci, sağlamlıqlarının qeydinə qalsınlar. İtirilən sağlamlıq bir daha geri qaytarılmır. İkinci, ailə qurarkən qəti şəkildə qohum evliliyinə razı olmasınlar. Bu gələcək nəsilin faciəsidir. Çox ciddi problemdir. Üçüncü, qida rasionu və gündəlik həyat tərzi çox önəmlidir. Bu gün cəmiyyətin 70 faizi gərgin iş rejimində çalışır. Lakin bütün bu çətinliklərə baxmayaraq, insan sağlamlığını mütləq qorumalıdır.

Könül Cəfərli

FOTO: Səfiyar Məcnun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm