Əhməd Obalı: "ABŞ prezidenti azərbaycanlı görən kimi deyirdi ki..." - MÜSAHİBƏ
Bizi izləyin

Xüsusi

Əhməd Obalı: "ABŞ prezidenti azərbaycanlı görən kimi deyirdi ki..." - MÜSAHİBƏ

Publika.az-ın müsahibi uzun illər Amerikada yaşayan həmvətənimiz, Günaz TV-nin yaradıcısı Əhməd Obalıdır.

- Əhməd bəy, cəmi 14 ay fəaliyyət göstərəcəyini nəzərdə tutduğunuz Günaz TV-nin artıq 14 yaşı var. Bu böyük uğur münasibətilə sizi təbrik edirəm.

- Minnətdaram təbrikiniz üçün.

- Televiziyanın yaranma tarixi haqda kifayət qədər məlumatlıyam, amma öz dilinizdən eşitmək istərdim.

- 1997-ci ildən Dünya Azərbaycanlıları Konqresi yaradılan gündən o təşkilatda olmuşam. 1998-ci ildə Vaşınqtondakı ikinci qurultayın təşkilatçılığını etmişəm. Ondan sonra da İdarə Heyətinə seçilib, Beynəlxalq əlaqələr bölməsində məsul vəzifədə çalışmışam. BMT-nin İnsan Haqları qrupları ilə əməkdaşlıq etmişəm. Bir müddət sonra isə özüm qərar verdim ki, xalqımın, xüsusən də Güneydəki azərbaycanlılarımızın hüquqlarının qorunması üçün öncə millətimizi oyatmaq lazımdır. Bəli, BMT bizim lehimizə yazı yaza bilər, amma onun əlində elə bir mexanizm yoxdur ki, gedib hüquqlarımızı alıb, bizə versin. Onu yalnız özümüz edə bilərik. Bunun üçün də millətimiz oyanıb, haqqını tələb etməlidir. Məhz bu məsələlərə görə düşündüm ki, bizə müstəqil və yurdumuzun problemlərindən bəhs edən televiziya lazımdır. Azərbaycanda fəaliyyət göstərən televiziya kanalları bu yükü daşıya bilməzdilər. Çünki İranla Azərbaycan arasındakı münasibət kəskin həddə çatardı. Düşündüm ki, biz güneylilər yaramızı özümüz sarmalıyıq. Kanalın fəaliyyətini cəmi 14 ay üçün nəzərdə tutmuşduq. 7 ay tamam olanda pulumuz bitdi.

- Özü də bildiyim qədərilə kanalın fəaliyyətinə kifayət qədər böyük məbləğ qoyulmuşdu.

- Bəli, az pul deyildi. Öncədən hesaba almadığımız xərclər çıxdı ortaya. Canlı yayımda efirdə maliyyə dəstəyi istədim. Külli miqdarda kömək gəldi, həmin yardımların bir qismi hələ də davam edir. Və bu gün artıq dediyimiz kimi 14 yaşımız var. Günaz TV professional televiziya kanalı deyil. Sözün düzü, biz bunu istəmirik. Buna nə maddi gücümüz, nə də kadrımız var. Həm də, hazırda güneyli qardaşlarımızın buna ehtiyacı yoxdur. Biz aktivist kanal kimi fəaliyyət göstəririk.

- Əhməd bəy, əslində bu disaporumuz adına atılan çox sağlam addımdır.

- Bizim məqsədimiz güneyli qardaşlarımızın yanında olduğumuzu hiss etdirmək, onlarda milli dirçəliş ruhunu oyatmaqdır. Amerikanın demokratiyasına, müstəqilliyinə güvənərək, Birləşmiş Ştatların vətəndaşı kimi öz haqqıma sarılaraq bu fəaliyyəti davam etdirirəm.

- Əminəm ki, hətta Amerika kimi azad ölkədə missiyanız ucbatından az təqibə məruz qalmamısınız...

- Bu 14 il ərzində bizi təhdid də ediblər, tənqid də. Şantaj da olunmuşuq. Televiziyanı açanda artıq bu xoşagəlməz hallara hazır idik. Əslində kənardan baxsaq, bizim işimiz təzadlıdır. Həm asandır, həm də çətin. Təbii ki, bütün bu təhlükələrlə üz-üzə olmağımız çətindir, amma önəmsəməyib, işimizə davam edəndə çalışmaq da, amalımız uğrunda vuruşmaq da asanlaşır. Belə olan halda qarşı tərəf təngə gəlir.

- Maraqlıdır, bu ittihamlar nəticəsində Günaz TV fəaliyyətini sonlandırmaq təhlükəsi yaşayıbmı?

- Dəfələrlə olub. Özü də nəinki farslar, düşmənlərimiz ermənilər, PKK-çılar da bizə mane olmaq istəyiblər. Amma bunu edə bilməzlər, Amerikanın qanunlarına gücləri çatmaz. Amerika sağlam ölkədir, qanunlarla idarə olunur. Mənim gördüyüm işi elə ermənilərin özü də edə bilirlər. Bizi konstitusiya qoruyur. Qanunları çeynəmədiyimiz təqdirdə dövlət də arxamızdadır.

- Yəni heçmi məhdudiyyət qoyulmur?

- Heç bir məhdudiyyət yoxdur. Yetər ki, qeyri-qanuni işləməyək. İnsan haqqını tapdamayaq. İnsanlıqdan kənar işlər görməyək, vəssalam...

- Bəs Azərbaycan büronuzun neçə yaşı var?

- Azərbaycan büromuz 2007-ci ildən fəaliyyətə başlayıb. İndiki kimi yadımdadır, ilk binamız uşaqlar evinin həyətində yerləşirdi.

- Niyə məhz uşaqlar evinin həyətində?

- Düzü, başqa yer tapmadıq.

- Bəlkə də bu bir rəmz imiş...

- Bəlkə də. Tam yerinə düşüb. O qədər soyuq və köhnə bina idi ki, işçilərimiz xəstələnirdi. Sonra bir neçə məkan dəyişdik. İndiki binamız daha genişdir.

- Büronuz kifayət qədər də fəaldır və maraqlı verilişlərlə diqqəti cəlb edir.

- Bəli, buradakı həmkarlarımız sağ olsunlar. Yaxşı işləyirlər.

- Əhməd bəy, həyatının böyük hissəsini Amerika kimi nəhəng ölkədə yaşayan ziyalımız kimi necə düşünürsünüz, cəmiyyətimizdə çatışmayan cəhətlər hansılardır?

- Mən Məmməd Əmin Rəsulzadəni çox sevirəm. O dünyəvi şəxsiyyətdir. Vətənimiz üçün çox böyük işlər görüb. Bilirsiniz, onun yaxşı işi nə idi? 1918-ci ildə bəşəriyyətin arzu etdiyi dövlət islahatlarının əsasını qoyub. Cümhuriyyət, parlament sistemi, ədalət, azadlıq, demokratiya, qadın və kişi bərabərliyi, işçilərin hüququ... Baxın, bütün bunlara görə Rəsulzadə bizim ürəyimizdə elə kök salıb ki, onun etdiklərini əlimizdə bayraq edib, dünyaya səs sala bilərik, belə bir insanın nəvələriyik, yaratdığı cümhuriyyətin davamçılarıyıq. Biz bugünədək Rəsulzadənin şəxsi həyatı ilə maraqlanmamışıq. Onun qazandığı pul haqda heç danışan yoxdur. Araşdırmalarımdan bilirəm ki, kasıb olub. Onu bizim qəlbimizdə böyüdən vətən sevgisidir. Bir azərbaycanlı kimi arzu edərdim ki, Rəsulzadənin yolunu davam etdirək. Vilson kimi prezident, tarixi şəxsiyyət Paris Sülh Konfransındakı iştirakından sonra Amerikada hansı məclisdə iştirak edirmişsə, görüşdüyü nümayəndə heyətlərinin içərisində yalnız azərbaycanlıların adını çəkib, onlar haqda yüksək fikir söyləyirmiş. Vilsonun xatirələrində çox maraqlı məqam var. O, qeyd edir ki: ”Bu insanların haralı olduqlarını soruşanda bildirdilər ki, Azərbaycandan gəliblər. Mən çox utandım, çünki həmin ölkəni tanımırdım, amma bu məmləkətdən gələn insanlar mənim dilimdə danışırdılar. Amalları, məqsədləri demokratiya, insanlara azadlıq idi. Eynilə bizim kimi...”

Bir azərbaycanlı olaraq arzu edərəm ki, vətənimdə iqtisadi durum hamı üçün əla olsun. Amma uzaqda olduğuma görə deyə bilmərəm ki, hansı islahatlar aparılsın, hansı daha əlverişli ola bilər. Belə ciddi məsələlər haqda qəti fikir söyləmək üçün burada yaşamaq lazımdır. Mənsə uzun illərdir vətənimdən uzaqdayam. Digər bir tərəfdən Azərbaycan çox gənc dövlətdir. Biz istəyərik ki, ölkəmizdə günü bu gün hər şey ideal olsun. Amma reallıq da var. Proses getməlidir. Tələsməklə olmur, zaman lazımdır. Azərbaycan sıfırdan dövlətə çevrilib, müstəqillik qazanıb, bir yandan da savaş, müharibə... Ölkənin 1 milyon insanı məcburi köçkündür. Çox ağır vəziyyətdir. Bu durumu aşıb, Sovet sistemindən qalmış köhnə fikirli insanların düşüncələrini dəyişmək böyük güc tələb edir. Şəraiti nəzərə alsaq, yaxşı gəlmişik. Qüsurlar var, bunu iqtidar da, müxalifət də deyir. Ancaq biz qürbətdə yaşayanlar bu münaqişəyə qarışmamalıyıq. Əlimizdən gəldiyi qədər ölkəmizin inkişafına dəstək olmalıyıq.

- Əhməd Obalının uşaqlığı maraqlıdır mənə...

- Şahsevənəm, Obalıyam. Savalanın ətrafında böyümüşəm. 11-ci sinfə qədər Ərdəbilin Savalan ətrafı Mişgin bölgəsində böyümüşəm. 11-ci sinfdə siyasi görüşlərimə görə zindana düşmüşəm. 53 gün həbsdə qalmışam. Döyülmüşəm, işgəncə veriblər, amma bu cavanlığımın həyəcanlı xatirəsidir.

- Nə səbəbdən həbs olunmuşdunuz?

- O zaman əsas amalımız rejimə qarşı mübarizə idi. Sizə tam səmimi bir etiraf edim, mən Azərbaycanımı sevməyi, onun yolunda mübarizə aparmağı qürbətdə öyrənmişəm. Doğrudur, hələ İranda yaşadığım dövrdə “Azərbaycan” jurnalı alıb, oxuyurduq. Elə o vaxt kiril əlifbasını da öyrənmişdim. Amma azərbaycançılıq, vətən məhəbbəti, milli dirçəliş ruhu mənə gəncliyimin son illərində Amerikada yaşadığım dövrdə gəlib.

- Neçə ildir Amerikada yaşayırsınız?

- Artıq 33 ildir. Demək olar ki, qürbətdə böyümüşəm.

- Əhməd bəy, bu günlərdə sevimli şairimiz Məmmədhüseyn Şəhriyarın büstünü söküb, atdılar. Xalqımıza qarşı bu sayğısızlıq nə vaxta qədər davam edəcək?

- Bilirsiniz, bu ilk deyil, son da olmayacaq. Şəhriyarın, Səttarxanın heykəllərinə qarşı bugünədək dəfələrlə hörmətsizlik olunub və bu davam edəcək. Çünki orada bizi qoruyan dövlət yoxdur. Dövləti olmayan millətin də başına min müsibət gələr. Bu təbiidir. Bu məsələyə tək Şəhriyarın heykəli bucağından yox, ümumi baxmaq lazımdır. Baş verənlər millətimizə edilən təhqirin yalnız balaca bir hissəsidir. Necə ki, Xocalı soyqırımı xalqımızın başına gətirilən zülmlərin yalnız kiçik bir epizodudur. Şəhriyarın yeni büstünü yaratmaqla məsələ bitməyəcək. Problemi kökündən həll etmək lazımdır. Bunun üçün də dövlət quruculuğu, milli dirçəliş ruhu şərtdir.

- Bu gün həmçinin sosial şəbəkələrdə güneyli qardaşlarımızla bağlı kədərli fotolar, videolar izləyirik. Ana dilində danışmağa cəhd edənə işgəncə verirlər. Dilimizin tədrisi ixtisar olunur.

- Dilimizdə danışana yox, dilimizin tədrisini tələb edənlərə əziyyət verirlər. Məsələn, mən uşaqlıqdan evimizdə öz dilimdə danışmışam. Amma məktəbdə tədris farsca olduğu üçün məcbur olub, fars kəlimələrindən istifadə etmişik. Bir də dövlətin siyasətinə əsasən radioda səslənən azərbaycandilli verilişlərdə 100-də 60 faiz farsca danışılmalıdır. Necə ki, sovet dövründə insanlarımız rus dilində danışmağa məcbur edilmişdilər, İranda da bənzər vəziyyətdir. Ancaq dilimizdə danışmağa qadağa yoxdur, ola da bilməz. Heç bir məmləkətdə insanlara evində, doğmaları, dostları ilə doğma dilində danışmaq qadağası qoyula bilməz. Bunun yerinə təhsil qadağan olunur və ədəbi, yazılı dilimiz şifahi dilə dönür. Nəticədə isə kəlimələrimiz azalır. Getdikcə bir neçə sözlə kifayətlənəcəyik. Bu yolverilməzdir.

- Əhməd bəy, bəlkə də bu poetik bənzətmə olacaq, amma mənim üçün güneyli qardaşlarımız atılmış uşaq kimidirlər. Çünki kimsəsizlər evində böyüyən uşaqlar da valideynlərini xüsusi məhəbbətlə sevirlər. Məncə, güneyli qardaşlarımız vətənimizə, dilimizə bizdən daha çox bağlıdırlar.

- Bilirsiniz, qürbətdə, eləcə də Güneydə yaşayan, milli dövləti olmayan soydaşlarımızın vətən həsrəti bir başqa olur. Burada isə bizimdir deyib, bir az arxayınlaşırıq.

- Günaz TV-nin gələcək planlarında nələr var?

- İşimizə davam... Mümkün qədər yeni proqramlar, sənədli filmlər hazırlayacağıq. Arzularımız çoxdur, amma ayağımızı yorğanımıza görə uzatmalıyıq. Hətta ola bilər ki, 5 aydan sonra kanalımızın fəaliyyəti dayansın. Çünki, heç bir dövlət dəstəyi almırıq.

- Ömrünün 33 ilini Amerikada yaşamış biri kimi sizə qəlbən hansı millət daha yaxındır, amerikalılar, yoxsa azərbaycanlılar?

- Ümumiyyətlə, insan yaşadığı ərazidən təsirlənir. Bu təbiidir. Bir də uşaqlıqdan qanına, canına hopan adət-ənənələrin, milli dəyərlərin var ki, bu da vətən sevgisi formalaşdırır. Bu baxımdan mən daha çox azərbaycanlıyam və milli mənsubiyətimlə qürur duyuram. Mənim üçün Azərbaycan dünyanın ən yaxşı ölkəsidir. Hər kəs üçün onun vətənindən, doğma ölkəsindən üstün məmləkət yoxdur. Amma ümumi götürəndə ideal dövlət deyilən anlayış yoxdur. Ola da bilməz. Buna baxmayaraq Amerika da mənə çox əzizdir. Baxın, mən bu ölkədə vətənimdə gerçəkləşdirə bilməyəcəyim işləri həyata keçirirəm. Bu gün Ərdəbildə yaşamış olsaydım, eyni işləri görə bilməzdim. Amerika isə istənilən halda öz vətəndaşı üçün münbit şərait yaradır. Buna baxmayaraq, onun da ədalətsizliyi var.

- Təbii ki, istənilən cəmiyyətdə bu hal qaçınılmazdır. Maraqlıdır, bu cəhətə Amerikada harada rast gəlirsiniz?

- Bilirsiniz, kapitalizm özü ədalətsizlik deməkdir. Amma buna baxmayaraq, Amerikanı sistem idarə edir, fərdlər yox. Bu ölkənin sütunu güclüdür. Mən ana vətənimə xidmət etmək üçün Amerikadan güc alıram. Amerika fürsətlər ölkəsidir. Bacarığı olan yararlana bilir. Bu isə təbii ki, öz fikrimdir. Gözəl ölkədir, insanları arasında fərq qoymur.

- Fürsətlər ölkəsi oduğunu çox gözəl qeyd etdiniz. Kim düşünərdi ki, vaxt gələcək, Donald Tramp kimi şoumen dövlət idarə edəcək.

- Görürsünüzmü, tam demokratiyadır. Bu seçim azadlığı deməkdir.

- Əhməd Obalı üçün qadın kimdir?

- Qadın mənim anamdır, bacımdır, övladımın anasıdır, dostumdur, həmkarımdır. Mənimlə 100 faiz eyni hüquqa malik, məndən tam fərqli düşünmək imkanına sahib insandır. Qadın da, kişi də insandırlar. Onların bir-birindən üstünlüyü yoxdur. Onlar toplumumuzu ayaqda saxlayan iki ünsürdürlər. Qadın da, kişi də bərabərdirlər.

- Söhbətimizə bundan gözəl sonluq ola bilməzdi. Əhməd bəy, sizə dərin minnətdarlığımı bildirirəm. Növbəti səfərinizdə görüşmək ümidi ilə.

- Çox sağ olun. Təşəkkür edirəm.

Leyla Sarabi

Fotolar: Səfiyar Məcnun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm