Xüsusi
QİÇS xəstəsindən QANDONDURAN etiraflar: "Gözəl ailəm var idi..."
Bu gün ətrafımızdakı insanların xəstə və ya sağlam olduqlarını ilk baxışdan anlaya bilmirik. Hər kəs şanslı doğulmur. Hər insan bir roman olsa da, hər roman xoşbəxt sonluqla bitmir. Hər dəfə görüşdüyünüz, dərdləşdiyiniz insanlar bir gün ən qorxulu xəstəliklərdən dünyasını dəyişə bilər. Ya da yavaş-yavaş, addım-addım ölümə aparan zərərli vərdişlərin qurbanı olar.
Bəzən gənc yaşlarda, bəzən də ömrün qutaracağında həyatın ən ağır sınaqları ilə mübarizə aparmalı oluruq. Elə məhz budəfəki müsahibim kimi. O, QİÇS-dən əziyyət çəkir.
Publika.az əsrin bəlası olan İİV infeksiyasina (SPİD) tutulmuş Rəşad İmanovun (ad şərtidir) həyat hekayəsini təqdim edir:
“Rəşadı öldürdüyüm üçün peşmanam”
Müsahibim bir yandan danışmaq istəyirdi, bir yandan isə səsi çox çətinliklə eşidilirdi. Onu anlamaqda çətinlik çəksəm də, bunu büruzə verməməyə çalışırdım. Lakin mənə maraqlı olan bir məqamı dəqiqləşdirmək üçün ondan bu qədər zəif səslə danışmasının səbəbini soruşdum. Düşünürdüm ki, yorğun olduğundan, dərmanların təsiridən taqəti yoxdur. Amma Rəşad dedi ki, yaşadıqlarını təkrar-təkrar eşitməyə cəsarəti çatmır:
“35 yaşım var. Təhsil almamışam. Amma pis-yaxşı çörək pulumu qazanırdım. Oxumadığım üçün valideynlərim məni qınayırdı. Onlar istəyirdilər ki, mən oxuyum, yaxşı işim-gücüm olsun. Cəmiyyətdə özümə bir yer tutum. Mən də həmişə yüzlərlə başqa insanların da oxumadıqlarını deyərək, özümə bəraət qazandırırdım. Bir dəfə həyat məni bir insanla qarşılaşdırdı. Əvvəlcə, o da mənim kimi bir tikə çörək pulu qazanmaq üçün çabalayırdı. Sonra işlər pisləşdi. Qazanc əldə edə bilmirdik. O da yoruldum deyib, narkotik alverinə başladı. Sonra mənə də təklif elədi. 22 yaşımda onunla narkotik alverinə başladım. Bircə dəfə özüm də istifadə elədim. Elə ondan sonra bir də özümə qayıda bilmədim. Narkotik üstündə həbs olunmuşdum. Anam biləndə mənə qatil kimi baxırdı. Bir dəfə yanıma gəlmişdi. Mənə dedi ki, “sən mənim Rəşadımı öldürdün”. Heç nə edə bilmədim. Nə üzünə baxa bildim, nə də dilə gəlib bir kəlmə söz deyə bildim. Rəşadı öldürdüyüm üçün çox peşmanam…”
Müsahibim deyir ki, onun ətrafında kömək istəyəcək, düz yola çıxmağa yardım edəcək dost-tanışı olmayıb:
“Mən səhv etmişdim. Amma məni səhv yolumdan geri qaytaracaq ətrafım olmayıb. Narkomanlara kim yaxın durur ki? Hamı deyir “əşi, narkomandı da, salam verərəm məni də “ilişdirər”". Ətrafımdakı adamlar düzgün adamlar olmayıb. Çox istəmişəm bu yoldan qayıdam, amma alınmayıb...”
“Qızımdan üzr istəmək istəyərdim…”
Rəşad deyir ki, valideynləri onu bu yoldan qaytarmaq üçün evləndirmək qərarına gəlib. Bəlkə ailəsi, övladları olsa, zərərli vərdişlərindən uzaqlaşar deyə, düşünsələr də, heç nə gözlənildiyi kimi olmayıb:
“Mən evləndim. Çox gözəl həyat yoldaşım vardı. Bir qızım oldu. Amma nə qədər elədimsə, özümlə bacara bilmədim. Yenə narkotik maddələr qəbul edirdim. Bir dəfə bu halda bir qadınla əlaqədə oldum. Bir müddət onunla münasibətimiz oldu. Başım ağrıyırdı, qızdırmam olurdu. Qarnımda sancılar hiss edirdim. Amma ağlıma gəlməzdi deyə, həkimə müraciət etmirdim. Daha sonra QİÇS-ə yoluxduğumu öyrəndim. Heç kimə demək istəmirdim, amma başqa çıxış yolum yox idi. Ailəmdən bacardığım qədər uzaq durmağa çalışdım. İstəmirdim onlara xəstə kimi baxsınlar. Mən onları çox istəyirəm, amma nə edim ki, acizəm. Mən xəstə olduğumu öyrənəndə çox gec idi. QİÇS-in 4-cü mərhələsinə çatmağıma az qalmışdı. Fürsətim olsaydı, qızımdan üzr istəyərdim…O indi başa düşməz, amma gələcəkdə istəmədən ona miras qoyacağım problemlərə görə məni bağışlasın…”
"Ölmək yox, yaşamaq istəyirəm"
Rəşad deyir ki, bütün insanlar kimi narkomanlar da sonlarının ölüm olmasını istəmirlər, ancaq bundan əl çəkə də bilmirlər:
“Xəstəliyimi çox gec bildiyim üçün, müalicəm də çətinləşib. Xəstəliyi bilməyənə qədər “kaş ölərdim” demək asan gəlir. Amma kim ölmək istəyər ki? Narkotikin aldadıcı həzzi məni məhv elədi. İndi bəlkə də ölümün astanasındayam. Uçurumun kənarında dayanıb, ayağımın altındakı sonuncu daş parçasının nə zaman düşəcəyini gözləyirəm. İnsan burdan həyata baxanda ölmək yox, sağalmaq, yenidən yaşamaq istəyir. Yüz dəfə, min dəfə özümə söz versəm də, sonumu dəyişə bilmədim. Ailəmin, yaxınlarımın gözündən düşdüm. Anam cəmiyyətdə yer tutmağımı istəyirdi, mən isə tək özümü deyil, onları da cəmiyyət içində rüsvay elədim. Bəzən yerimdən qalxıb oturmağa taqətim olmur. Tapdığımı müalicəyə, dərmanlara verirəm. Hərdən ailəm üçün darıxıram… Etiraf edim ki, qızım balacadı, amma istəyərdim bircə dəfə kimsə mənə zəng etsin, halımı soruşsun…”
Sonda Rəşad üzünü göstərməməyi xahiş etdi. Çox zəif, xırıltılı bir səslə onunla söhbət etdiyimiz üçün təşəkkür etdi. Deyir ki, bu sizin üçün heç nə ifadə etməyə bilər, amma bizim üçün bir ümiddir…
Qeyd edək ki, Dünya Səhiyyə Təşkilatının statistikasına görə, dünyada İİV-ə yoluxmuş 42 milyon insan yaşayır və hər gün həmin rəqəm 14-15 min nəfər artır. onların əksəriyyəti 30 yaşınadək gənclərdir. Son 25 il ərzində təxminən 25 milyon nəfər QİÇS xəstəliyindən vəfat edib.
Könül Cəfərli
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...