Xüsusi
"Xəzər-Lənkəran" meydana qayıdır? - AFFA ŞƏRTİNİ AÇIQLADI
12 illik fəaliyyəti dövründə 1 dəfə Azərbaycan çempionu, 3 dəfə Azərbaycan kubokunun sahibi, 1 dəfə isə Birlik Kubokunun qalibi olmuş, 2016-cı ildə fəaliyyətinə son qoyulan cənubun fırtınalı futbol klubu “Xəzər-Lənkəran”ın növbəti mövsümdən etibarən Azərbaycan Premyer Liqasında iştirak edəcəyi iddiaları səngimək bilmir.
Publika.az hələ ilk dəfə fevral ayında bu iddianı yayımlamış, mövzu ilə bağlı klubun mətbuatla əlaqələr üzrə nümayəndəsi Hüseyn Cəbrayıloğlunun fikirlərini təqdim etmişdi. H.Cəbrayıloğlu bildirmişdi ki, “Xəzər-Lənkəran” akademiyasının işi davam etməkdədir, əsas komandanın fəaliyyətə başlaması üçün bütün insfrastruktur qaydasındadır və “Xəzər-Lənkəran”ın liqaya qayıtması üçün 20 dəqiqə zaman belə yetərlidir.
“Dəniz piyadaları”nın 2018/2019 mövsümündə liqaya qayıtması haqqında növbəti iddia isə klubun vitse-prezidenti Rəvan Bəşirovun “Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimovla bu il ərzində ikinci dəfə görüşməsindən sonra ortaya çıxıb. Publika.az-ın klubun idarə heyətinə yaxın mənbələrdən əldə etdiyi məlumata görə, M.Mənsimov vitse-prezidenti Türkiyəyə dəvət edib və ona “Xəzər-Lənkəran”ı geri qaytaracağını deyib. Hətta klubun prezidentlik vəzifəsini Rəvan Bəşirova təklif edib. Onun tez-tez Türkiyəyə səfər etməsi iddiaların daha da alovlanmasına rəvac verib.
“Xəzər-Lənkəran”la bağlı yayılan iddiaları klub tərəfindən dəqiqləşdirməyə çalışsaq da, cəhdlərimiz boşa çıxdı. Bundan sonra məsələnin Premyer Liqa, yəni AFFA ilə bağlı tərəfini araşdırdıq. Çünki Premyer Liqaya gedən yol AFFA Lisenziyalaşdırma Komitəsindən keçir. “Xəzər-Lənkəran” da Mübariz Mənsimovun AFFA ilə bağlı qeyri-müsbət mövqeyinə baxmayaraq, Premyer Liqaya qayıtmaq üçün mütləq şəkildə AFFA-dan yolunu salmalıdır. Məlum olduğu kimi, ölkənin ən ali liqasında iştirak etmək üçün lisenziya almaq şərtdir. Bütün iddialara baxmayaraq, “Xəzər-Lənkəran” lisenziya üçün AFFA-ya müraciət etsəydi, bunun “qoxusu”, yəqin ki, haradansa və ya nə zamansa çıxardı.
AFFA Lisenziyalaşdırma Komitəsinin sədri Sərxan Hacıyev Publika.az-a bildirdi ki, klubların lisenziyalaşma prosesi hər ilin oktyabr ayından etibarən başlayır:
“2018/2019 mövsümü Premyer Liqada iştirak üçün lisenziyalaşma prosesi 5 oktyabr 2017-ci ilin tarixindən etibarən başlayıb. Klublarla komitə arasında görüş keçirilib və klublara lisenziyalaşdırma prosesinin başlanması və proseslə bağlı məlumat verilib. Lisenziya prosesində müxtəlif meyarlar üzrə sənədləşdirmə aparılır. Bu sənədlərin də hər birinin özünə uyğun təqdim olunma tarixi var. Məsələn, maliyyə meyarı ilə bağlı sənədlər 31 mart və ya 10 aprel tarixinə qədər təqdim edilməlidir. Yaxud idman meyarı üzrə aprelin əvvəlinə qədər sənədləri təqdim etmək tələb olunur. Yəni prosesin başlanma tarixi dəqiq olsa da, meyarlara görə sənədlərin təqdim edilməsi müxtəlif zamanlarda həyata keçir. Bir məqam da ondan ibarətdir ki, klub UEFA lisenziyasına görə müraciət edir, yoxsa Premyer Liqa. Yekun tarix isə 12 maydır. Həmin tarixdə komitənin iclası keçirilir və komissiyada hansı klublara lisenziya verilibsə, onlar təqdim edilir.
Hazırda Premyer Liqada iştirak etmək üçün 8 kluba lisenziya verilib. Bir də “Kəpəz”ə təqdim edilib. Lakin bu klub son yeri tutduğu üçün avtomatik şəkildə liqadan kənarlaşıb. Buna baxmayaraq, lisenziya qaydalarına uyğun Premyer Liqaya tam cavab verir”.
S.Hacıyev “Xəzər-Lənkəran”ın Premyer Liqada iştirak etməsi məsələsinə də aydınlıq gətirib:
“2018/2019 mövsümü ilə bağlı “Xəzər-Lənkəran” lisenziya üçün müraciət etməyib. Ondan sonrakı mövsüm üçün müraciət etmək niyyətləri varsa, bu ilin oktyabrında sənədləri təqdim etməlidirlər. Çünki növbəti mövsüm üçün lisenziyalaşma prosesi oktyabr ayının əvvəlindən start götürəcək. Bilirsiniz ki, Premyer Liqada çıxış edən hər bir komanda hər il həmin lisenziyanı almalıdır”.
AFFA Lisenziyalaşdırma Qrupunun rəhbərinin bu açıqlamasından çıxan nəticəyə görə, “Xəzər-Lənkəran”, onun azarkeşləri, hətta bütün cənub zonası istəsə belə, komanda bu mövsüm Premyer Liqada iştirak edə bilməz.
Beləliklə, cənubun “fırtına”sının əsməsi ilə bağlı iddiaların nəticəsini görmək 2019/2020 mövsümünə qismət olacaq.
Komandanın Premyer Liqada yenidən iştirakı məsələsinin tez-tez gündəmə gəlməsi onun qoyub getdiyi təəssürat, ənənə və futbol marağı ilə bağlıdır. Bu sözləri “Xəzər-Lənkəran”ın sonuncu baş məşqçisi, 2006-2011-ci illərdə komandada çalışan Ağasəlim Mircavadov da təsdiq edir:
“Ümumiyyətlə, cənub bölgəsi hələ SSRİ dövründən futbola maraqlı olub. Mən hətta “Neftçi”də işlədiyim zamanlarda da görürdüm. Bakıda oyun olanda birbaşa cənubdan toplaşıb gəlib oyunlara baxırdılar. Yəni onlarda futbol sevgisi həddən artıq yüksək olub. Heç kim stadiona elə-belə gəlmirdi. Oyundan öncə, məşqdə belə hamı stadiona gəlirdi, bizimlə, futbolçularla söhbət edirdi. Saatlarla stadionda zaman keçirirdilər. Oyunda stadionda on dörd min insan olurdu. Bütün oyunlarda anşlaq olurdu. Fərq etmirdi rəqib “Qarabağ”dır, ya “Neftçi”dir və ya başqa ortabab bir klubdur. Mən 60-70-ci illərdə “Neftçi”yə göstərilən sevgini “Xəzər-Lənkəran”da görmüşəm. O vaxt “Neftçi”nin azarkeşləri oyuna 4-5 gün qalmış yığışırdırlar Səməd Vurğun parkına. Oyunları müzakirə edib futbol haqqında danışırdılar. Həmin bu situasiyanı mən Lənkəranda da dəfələrlə görmüşəm.
“Xəzər-Lənkəran” Azərbaycan futboluna yenidən təkan verdi. Azarkeş baxımından, oyun baxımından. Liqada rəqabət yaratdı. Yadıma gəlir, “Neftçi” ilə oyuna gələndə Bakıda iyirmi beş min azarkeş olurdusa, onun yarısından çoxu cənubdan olurdu. Hər oyuna səkkiz-on avtobusla gedirdilər. Klub da azarkeşlərin qayğısına qalırdı. Onlar üçün şərait yaradırdı. Çünki istək var idi. Əminəm ki, “Xəzər-Lənkəran” qayıtsa, futbolumuzda rəqabət yenidən canlanacaq. Bu, ən vacib amildir. Digər əsas bir amil isə “Xəzər-Lənkəran”ın öz bazasının, stadionunun olması idi. Azarkeşlər orada özlərini evlərindəki kimi hiss edirdilər. Sevinə-sevinə oyuna gəlirdilər.
“Xəzər-Lənkəran”ın sahibi var idi. Necə ki, xarici ölkələrdə top-klubların idarəetməsi var, eləcə də “Xəzər-Lənkəran”da vardı. Ona görə də başqa heç bir qurum onun işinə müdaxilə edə bilmirdi, ixtiyarları da yox idi. “Xəzər-Lənkəran” özünəməxsus idi. Buna görə də inkişaf edirdi. Ümumiyyətlə, futbolda olan keçmiş sistemi geri qaytarmaq lazımdır. Necə ki, Bakı klublarının öz sahibi vardı, “Xəzər-Lənkaran”ınkı ayrı idi, “Qəbələ”ninki tamam ayrı. Liqada on klub da yaratsaq, bu bizim üçün böyük inkişaf, uğur olar”.
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI