Xoşqədəm Hidayətqızı, Faina Hənifəyeva, Rövşanə Bektaşi metroda "linç" edilən qız haqqında - "ŞOKA DÜŞDÜM" - - VİDEO
Bizi izləyin

Xüsusi

Xoşqədəm Hidayətqızı, Faina Hənifəyeva, Rövşanə Bektaşi metroda "linç" edilən qız haqqında - "ŞOKA DÜŞDÜM" - - VİDEO

Bir neçə gün öncə Bakı Metropolitenində gənc qızın geyimə görə bir oğlan və yaşlı qadın tərəfindən təhqir edilməsi mediada və sosial şəbəkələrdə geniş müzakirə olunur. Bəziləri gənc qızı müdafiə etsə də, onu az qala linç edən oğlanın və qadının müdafiəsinə qalxanlar da tapılır.

Publika.az cəmiyyətin birmənalı qarşılamadığı bu hadisəyə xanım ziyalıların münasibətini öyrəndi.

Teleaparıcı, publisist Xoşqədəm Hidayətqızı təhqir edilən gəncin müdafiəsinə qalxdı və qadınlarla bağlı gündəmdən olan digər məsələlərə də kəskin münasibət bildirdi:

“Hadisənin görüntülərini izlədim. Çox üzücüdür. Bir insanın üzərinə bu şəkildə getmək olmaz. Geyim insanın şəxsi seçimidir. Bir insan istədiyi şəkildə geyinibsə, onun bizə heç bir aidiyyəti yoxdur. Biz o tərz geyimi bəyənmiriksə və geyimin qıza yaraşmadığını düşünürksə, hətta onu dilimizə gətirəndə belə düşünməliyik. İrad bildirmək istəsək belə, elə üsul seçməliyik ki, onu kənardakılar eşitməsin. Ümumiyyətlə, bir insanın geyiminə, düşüncəsinə görə bu qədər aqressiv münasibət yolverilməzdir. Ola bilər ki, biz o geyim tərzini bəyənməyək. Ancaq bu bizə qışqırmağa, danlamağa, bağırmağa əsas vermir.

Təəssüf ki, indi bizim üçün önəmli olan dəyərlərə bəziləri əhəmiyyət vermir. Kimisə geyiminə, puluna görə qarşılayırıq. Ancaq mən heç vaxt insanları xarici görünüşünə, geyiminə görə tənqid etməyin tərəfdarı olmamışam. İnsanı yaradan Allahdır. Geyim isə bizim zövqlərimizə, seçimlərimizə bağlıdır. Hər kəsin öz zövqü var və bu, müzakirə obyekti ola bilməz. İnsanlar özünə yaraşanı bizdən daha yaxşı bilir.

Ümumiyyətlə, son günlərdə ortaya çıxan qadınlara qarşı zorakılıq halları insanı dəhşətə salır. Elə bu gün 13 yaşlı bir qızın zorlanaraq hamilə qalması xəbəri, dünən on altı yaşlı qızın nişanlısının xəyanətinə görə intihar etməsi və yaxud gənc bir qızın geyiminə görə linç edilməsi xəbəri tüklərimi ürpərdir. Cəmiyyət sadəcə sosial şəbəkələrdə, mətbuatda yayılan xəbərləri izləyir. Mən isə gündə onlarla, yüzlərlə belə hadisələrin olduğu məktub, zəng qəbul edirəm. O taleləri oxuduqca, həyatdan küsürəm, heç kimlə danışmaq istəmirəm. Qadınlara qarşı belə münasibəti görəndə çox pis oluram. Elə az öncə bir qadının videosunu izlədim. Ona qarşı böyük təzyiqlər var. Bir nəfər qadını incidir və o da videosunu çəkib göndərib. Deyir ki, artıq dözə bilmirəm, intihar edəcəm. Mən onu sakitləşdirmək üçün qırx dəqiqə söhbət etmişəm. Onu özünü öldürməkdən çəkindirməyə çalışmışam ki, övladları var. Bu şeylər az qala hər gün təkrarlanır.

16 yaşlı bir qızın universitet, karyera haqqında düşünməli olduğu bir vaxtda sevdiyi oğlan haqqında xəyallar qurması, düşünməsi, hətta nişanlısının xəyanətinə görə intihar etməsi faicədir. Buna hansı adı qoymaq olar, bilmirəm. Axı niyə o yaşda bir qız məktəb haqqında deyil, ər haqqında düşünür? Hansı mühit, hansı çevrə onu o həddə gətirib çatdırıb? Valideynlər hara baxır? Niyə uşaqlarını neqativ hallardan qorumur, niyə onunla maraqlanmırlar?

O ki qaldı, metroda baş verən hadisənin səbəblərinə. Evində qadını, qızı, körpəsi olan bir kişi öz övladına necə yanaşırsa, öz övladına nəyi rəva görmürsə, onu başqasına da rəva görməməlidir. Bu 13 yaşında zorlanan qıza da aiddir. Axı on üç yaşlı qız nə bilir hamiləlik nədir? Bu biabırçılıqdır. Hələ bu qədər ictimailəşdiririk, müzakirə edirik, ictimai qınağa səbəb olur, yenə də belə hadisələr azalmaq əvəzinə, getdikcə artır. Belə hadisələrlə çox ciddi mübarizə aparılmalıdır. Tənqid edilməlidir.

Son olaraq bildirmək istəyirəm ki, istər nişanlısına görə intihar edənin, istər metroda geyimə görə kiməsə hücum eləyənlərin düşüncəsi ilə bir yerə varmaq olmaz”.

Tanınmış jurnalist Faina Hənifəyeva isə bildirdi ki, bu tip hadisələrə zaman-zaman rast gəlinir. Yeganə çıxış yolu isə maarifləndirmə və ictimai təbliğatdır:

“Bu hadisə məni şoka saldı. O mənada ki, Bakı paytaxt şəhərdir, müasir yerdir. Mən elə zənn edirdim ki, artıq belə məsələlər ötən əsrlərdə qalıb. Biz başqalarının geyimlərinə, onların şəxsi azadlıqlarına tolerant yanaşırıq. Cəmiyyətimizi bu cür təsəvvür edirdim. Ancaq biz hələ də metroda gənc bir qızın geyiminə görə "linç" edilməsi hadisəsi ilə qarşılaşırıq. Qızın yanında əyləşənlərin onu müdafiə etməməsi, hücum çəkən qaragüruhlara qarşı reaksiya verməməsi də şok yaşatdı. Yadınıza gəlirsə, bir müddət əvvəl Türkiyədə də bənzər hadisə baş vermişdi. Orada dərhal ictimailəşdirilmiş, hətta xarici mətbuat da hadisə ilə yaxından maraqlanmışdı. Hücuma məruz qalan qız isə məhkəməyə müraciət etmişdi. Başa salındı ki, bu, insanların şəxsi seçimidir. Ona müdaxilə etmək olmaz. Azərbaycan cəmiyyətində belə hadisənin təkrarlanması həddən artıq təəssüf doğurur. Şərhlər verilir ki, belə hadisələr ölkənin turizm sektoruna da mənfi təsir göstərir. Bəlli məsələdir ki, hər turist başqa yerlərə öz ölkəsinin mədəniyyəti, özünün şəxsi seçimləri və arzuları ilə səyahət edir. Bunun içində geyim məsələsi də var.

Belə neqativ halların qarşısının alınması üçün yalnız və yalnız maarifləndirmə işləri aparılmalıdır. Fəal zümrə hərəkətə keçməlidir. Təzyiqə məruz qalan qadınlar müdafiə edilməlidir. İctimai təbliğat aparılmalıdır. İnsanlara başa salmaq lazımdır ki, hər kəsin azad seçim hüququ var, bunlara qarışmaq cinayət məsuliyyəti daşımaq deməkdir. Kimin xoşuna gəlmirsə, metroya minməsin, cəmiyyət içinə çıxmasın. Biz dövlətin daxilində yaşayırıq. Dövlət isə insanların könüllü şəkildə birlikdə yaşadığı, cəmiyyətin prinsiplərini qəbul etdiyi qurumdur. Kim bəyənmirsə, çıxıb getmək azadlığı da var. Ancaq cəmiyyət içində yaşayırıqsa, rəngarəngliyə, müxtəlifliyə tolerant yanaşmaq məcburiyyətindəyik”.

Teleaparıcı Rövşanə Bektaşi isə cəmiyyətin aqressivliyinin və bu aqressivlikdən doğan neqativ hadisələrin gənclərə təsirindən söz açdı:

“Hər kəs öz geyimində azaddır. Kiminsə geyiminə müdaxilə etməyə haqqımız, ixtiyarımız yoxdur. Hər kəs öz qeyrətinə cavabdehdir. Mən o qadının geyimini çox normal qəbul edirəm. Bu gün biz hər mənada Avropaya inteqrasiya etməkdən danışırıq. Düşüncəmiz, təfəkkürümüz, mədəniyyətimiz avropalaşır. Amma yay ayında qısa paltar geyinən cavan bir qıza bu qədər aqressiv münasibət göstəririk. Mənə elə gəlir ki, insanların içində bir aqressiya var və onun düzgün ünvanını tapa bilmirlər. O aqressiyanı hara boşaltmaq, hansı istiqamətə yönəltmək lazımdır, bilmirlər. Buna görə də gənclərin üstünə düşürlər. Ümumiyyətlə, kökündən yanlış bir davranışdır. Cavan qızdır, özü bilər, valideynləri bilər, həyatındakı insan bilər. Müstəqil insandır və bu, onun seçimidir. Niyə yaşlı nəsil gənclərin geyiminə, davranışlarına bu qədər aqressiv yanaşır? Bu gün elə məsələlər var ki, insanlar öz aqressiyasını da, enerjisini də oraya yönəltməlidirlər, nəinki gənclərə. Ola bilsin, fikirlərimi qınayacaqlar, amma yaşlı nəslin bu davranış qaydası da doğru deyil. Çünki dövr dəyişib, dünya ovcumuzun içindədir, əlimizin altında sosial şəbəkələr var. Bütün dünyaya rahat şəkildə çıxa bilirik. Necə olur ki, xaricdə qısa şortlu qadınların, kişilərin içində gəzə, özümüz xaricdə qısa şort alıb geyinə bilirik, ancaq öz ölkəmizdə bunu edə bilmirik? Yəni biz bu qədər geridə qalmışıq?

Ümumiyyətlə, geyim ilə əxlaq, davranış tərzini müəyyənləşdirmək kökündən yanlışdır”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm