"Nənəmi görəndə düşündüm ki, mən bu qadınla evlənərəm" - Tolstoyun nəvəsi ilə MÜSAHİBƏ - ÖZƏL
Bizi izləyin

Xüsusi

"Nənəmi görəndə düşündüm ki, mən bu qadınla evlənərəm" - Tolstoyun nəvəsi ilə MÜSAHİBƏ - ÖZƏL

Publika.az-ın xüsusi müsahibi Fransanın məşhur rejissoru, Tolstoy və Stanislavski soyunun nümayəndəsi Maksim Marduxayevdir.

Müsahibənin I hissəsini BURADAN oxuya bilərsiniz.

- Nənə deyəndə gözümün önündə Zima nənəmin obrazı canlanırdı. Anamın anasının da şəkillərini görmüşdüm, amma həyatda rastlaşmamışdım axı... Odur ki, Parisdə qatardan enəndə bizi qarşılayan qadını görüb, dəhşətə gəldim. Təsəvvür edin, gözlərimə inanmadım.

Dikdaban parıltılı ayaqqabı, Koko Şaneldən zövqlü kostyum, zərif vücud, brilyant sırğalar, bir sözlə, olduqca eleqant ledi... Anam anasını görcək möhkəm qucaqlaşıb ağladılar. Mənə isə dedi ki, tanış ol, bu sənin nənəndir. Necə yəni nənə?! Düşündüm ki, bu qadınla evlənə bilərəm (Gülürük). Təbii ki, ilk görüşdə onu qucaqlamaq içimdən gəlmirdi. Əl verib görüşmək istədim. Əsl zadəganlara xas şəkildə əlini öpməyim üçün mənə doğru uzatdı. Elə o an anladım ki, tam başqa dünyaya addım atmışam. Təsəvvür edin, əsl sovet tərbiyəsi ilə böyümüş, kosmonavt olmağı xəyal edən pioner, aristokrat dairəyə düşür. Hələ üstəlik ilk məhəbbətim, dostlarım, bütöv həyatım SSRİ-də qalıb. Ən böyük arzum geri qayıtmaq idi.

- Bəlkə atanız da yanınızda olsaydı, yeni dünyanıza daha asan alışardınız...

- Atam 3 ildən sonra yanımıza gəldi, amma təəssüf ki, Paris həyatı onu qane etmədi. Özünə iş tapa bilmirdi. Sahəsi üzrə işləyə bilməyəcəyini görüb, bir neçə ildən sonra Moskvaya döndü.

Aucun texte alternatif disponible.

- Bəs zadəganların eşq dilini tez mənimsədiniz?

- Fransız dili zərifdir, incədir...Təbii ki, çətinliklərim vardı. Amma uşaqlar dili daha tez qavrayır. Məktəbi Parisdə bitirdim. Hətta təhsil aldığımız dövrdə qardaşımla doğma dilimizi unutmayaq deyə, anam yaxın rəfiqəsindən xahiş etdi ki, bizə rus dilindən özəl dərslər versin. Heç bilirsən, müəlliməm kim idi?

- Təsəvvürüm yoxdur, amma heyrətlənəcəyimdən əminəm.

- Banin...

- Bizim sevimli mühacir yazıçımız...

- Bəli. Baninlə keçirdiyim günlər həyatımın xəzinəsidir. Hər həftə bizə gəlirdi. O nəinki rus dilini unutmağıma izn vermirdi, ədəbiyyatı, sənəti sevdirirdi. Öncə Baninə nənəm kimi yanaşırdım. Zaman keçdikcə dostlaşdıq, doğmalaşdıq. Çox çılğın qadın idi. Özü haqda mənə maraqlı əhvalatlar danışmışdı. Bəlkə də bu haqda heç kim bilmir. Yaxınlarda onun haqda film çəkməyi də planlaşdırıram.

Картинки по запросу banine

- Yəqin ki, peşə seçiminizə böyük sənətkarların genetik mirası da təkan verdi?

- Yəqin ki... Uşaqlıqdan ya aktyor, ya da rejissor olmaq istəyirdim. Atamsa incəsənətə qeyri-ciddi yanaşırdı. Deyirdi, sən həkim olmalısan, özü də ginekoloq...

- Maraqlıdır.

- O, hesab edirdi ki, bu çox nüfuzlu ixtisasdır, kişi ginekoloqlar isə azdır. Mütləq uğur qazanacam. Bir neçə il bu sahə üzrə oxudum. Təbii ki, yarıda saxlayıb, hüquq fakültəsinə keçdim. Amma artıq hamı bilirdi ki, incəsənətlə məşğul olacam. Ali məktəbi bitirəndən sonra Amerikada yaşayan dostum məni Hollivuda çağırdı. Orada film çəkilişlərində iştirak edirdim. Rejissor köməkçisindən də aşağı vəzifəni tuturdum. Növbə ilə ikinci assistent, nəhayət birinci assisentədək yüksəldim. Öz filmimi çəkməyi planlaşdıranda isə sənədlərimin vaxtı bitdiyindən Parisə qayıtmalı oldum. Amma karyerama davam etdim. Bu günədək 60 sənədli, 30-a yaxın qısametrajlı bədii film çəkmişəm. Bu filmlər arasında Rusiyada və Azərbaycandə ərsəyə gələnlər də var. Özümü əsasən sənədli film rejissoru hesab edirəm. Özü də mən təbiəti, heyvanları deyil, insanların həyat hekayələrini işıqlandırıram. Daha çox siyası problemləri qabardıram.. Bu isə uzun zaman tələb edir. Sənə baxan gözləri aldatmaq vicdansızlıqdır. Vicdansızlıqdan isə sənət doğmur. Sovet İttifaqı dağılan ərəfədə hər kəsə azadlıq verilmişdi. Kim nə istəyirdi, onu da çəkirdi. Bu eybəcərlikdi. İnsanlarla işləyirsənsə, onların güvənini qazanmalısan.

- Elə Azərbaycanın məcburi köçkünlərinin həyatından bəhs edən filmləriniz də çox təsirlidir.

- Qarabağ savaşı başlayandan bəri məcburi köçkünlərin ağır həyatına çox üzülürəm. Onların çətin həyatından bəhs edən iki sənədli film çəkmişəm. Qarabağ haqda film hazırlayan ilk qərbli rejissor mən olmuşam.

- Həmçinin Kremldə çəkiliş hüququ qazanan yegənə rejissorsunuz...

- Bəli, Kremldə çəkiliş edən ilk rejissoram. Bəlkə də bunu BBC, yaxud CNN də külli miqdarda pul verib, edə bilərdi. Hətta bilirsən, bu məsələdə pul da işə yaramır. Dünyanın ən nəhəng şirkətləri çəkiliş etmək üçün il ərzində Kremlə azı iki məktub yollayırlar, amma istəklərini geri çevirirlər. İnsanların güvənini qazanmaq olduqca çətindir. Mən bu güvənə layiq oldum. 15 il fasilə ilə Kremldə iki film çəkən yeganə rejissor oldum.

- Düşünürəm ki, heç olmasa, bir dəfə öz filminin ssenarisini yazmayan rejissor yoxdur... Sizdə durum necədir?

- Hazırda Amerikanın məşhur bir şirkəti mənə su haqda sənədli filmin ssenarisini yazmağı təklif edib. Hələlik müqavilə imzalamamışıq, odur ki, dəqiq məlumat verə bilmərəm. Ancaq onu deyim ki, ssenari üzrə bizi kosmosadək uzaq səyahətlər gözləyir. Özüm çıxmasam belə kameram mütləq kosmosa qalxacaq. Bununla yanaşı, radio veriliş hazırlayacam. Hər həftə səfərə çıxıb, olduğum məkan haqda məlumat verəcəm. Maraqlı layihələr çoxdur.

- Məni bu qədər heyrətləndirdiyiniz bəs edər, yoxsa davam?

- Sən hələ mənim bişirdiyim xörəkləri dadsan, lap heyrətlənərsən.

- Demək davam...

- Bütün xalqların mətbəxinə marağım var. İstər Azərbaycan, istər fransız, rus yeməkləri, hamısını çox gözəl bişirirəm. Hətta bu yaxınlarda 1200 nəfərlik qonaqlıq üçün köməkçimlə birgə dadlı xörəklər hazırladım. Əsas odur ki, gördüyün hər işə eşq qatasan.

- Şəxsi həyatınızdan bəhs etmək istəyirsiniz?

- Niyə də yox?! Üç fərqli qadından 3 övladım var. 1 qızım, iki oğlum... Övladlarımın arasında çox isti münasibət var. Elə xanımlarımın da (Gülürük).

Hazırda sonuncu xanımım Nataşa ilə birgə yaşayırıq. O da rus əsilli fransızdır. Olduqca istedadlı müğənnidir.

L’image contient peut-être : une personne ou plus, herbe, lunettes et plein air

- Xəmiri sevgidən yoğrulan Maksim Marduxayev üçün sevgi nədir?

- Sevgi ancaq və ancaq xoşbəxtlikdir. Fransızca "xoşbəxtlik" sözünün tərcüməsi “bonheur” kimi tərcümə olunur. "Bon" gözəl, "heur" isə saat deməkdir. Yəni xoşbəxtlik gözəl saatlardan, anlardan ibarətdir. Sevgi əbədidir. Azərbaycan haqda yeni yazmağa başladığım bir ssenari var. Əsərin qəhrəmanları Qarabağ atı və yeniyetmə oğlandır. Savaş zamanı Xocalıdan olan bir ailə qaçıb canlarını qurtarmağa çalışırlar. Özlərilə birgə atı da aparırlar. At isə boğaz olur. Ailənin köçüb məskunlaşdığı kənddə balasını dünyaya gətirir. Özü isə ölür. Olduqca kasıb, gözdən uzaq, sınıq-sökük qəsəbədə ən böyük sevgi də, dostluq da balaca dayça ilə oğlanın arasındakı münasibət olur. At ölən müddətdə Şuşada xarıbülbül çiçək açır. Bax, bu çiçək mənim üçün məhəbbət rəmzidir. Həmin ssenarimi filmə çevirmək istəyirəm və dəstək gözləyirəm. Ən qısa zamanda “Leyli və Məcnun” operettasını da yeni quruluşda Fransada səhnələşdirmək istəyirəm. Axı bu da eşqlərin ən böyüyüdür.

- Çox təsirlidır. Dediniz sevgi əbədidir...

- Əlbəttə, əbədidir. Sevgi mənim övladlarımdır, həyatımdan gəlib keçən qadınlara olan alovlu eşqimdir. Nə qədər ki, yaşayırıq, bu hiss ölmür...

- Əminəm ki, övladlarınızla çox gözəl münasibətiniz var.

- Biz dostuq. Bir-birimizlə hər şeyi bölüşürük. İstənilən problemimizi çılpaq şəkildə həll edirik. Hətta uzaq səfərlərə gedəndə onları özümlə aparıram. Artıq babayam, amma gənclik ehtirasımı itirmirəm.

- Sizə hələ uzun illər günəş kimi parlaq, hərarətli qalmağı arzu edirəm.

- Çox sağ ol. Arzuların qarşılıqlıdır.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm