• USD 1,7000 0,00% EUR 2,0567 -0,75%
    • GBP 2,3990 -0,51% RUB 0,0236 -0,42%

İzzət Bağırov onu sərt tənqid edən məşhur yazara CAVAB VERDİ: “O yazıçını...”

  • Xüsusi
  • 5 Sentyabr 2018 16:37
  • 7 396 Baxış
İzzət Bağırov onu sərt tənqid edən məşhur yazara CAVAB VERDİ: “O yazıçını...”

Xəbər verdiyimiz kimi, müğənni İzzət Bağırovun ssenari müəllifi və prodüseri olduğu “Ümidlər puç olanda” adlı filmi böyük müzakirələrə səbəb olub. Yazıçı Qan Turalı film haqqında tənqidi fikirlər səsləndirib.

İfaçı Publika.az-a müsahibəsində ünvanına deyilən bütün ittihamlara cavab verib.

- İzzət bəy, filminiz ekranlara çıxmamış səs-küyə səbəb olub. Sizcə, bu, yaxşıdır, ya pis?

- O yazıçını (Qan Turalını nəzərdə tutur – red.) tanımıram, hər halda baxıb tənqid etməyi daha doğru olardı. Tənqidin olması əlbəttə ki, normal haldır, əcəb edirlər, onlarla dava edəsi deyiləm. Hamı məni bəyənə bilməz ki... Kimsə irad bildirsə, hörmətlə yanaşaram. Lakin anlaya bilmirəm ki, tənqidçi görmədiyi layihə haqqında hansı məntiqə əsaslanaraq fikir yürüdür? Sizcə, bu normaldır?

- Qan Turalı əvvəllər filmlərə Anar, Elçin Əfəndiyev, İsmayıl Şıxlı kimi yazıçıların ssenari yazdığını bildirib və daha sonra əlavə edib ki, sizin yüksək səviyyəli iş ortaya qoya biləcəyinizə inanmır...

- Adları çəkilən yazıçılar Azərbaycanın görkəmli şəxsiyyətləridir. Bunu vurğulamağa ehtiyac yoxdur. Mən ki, özümü onlarla müqayisə etmirəm. Kim dedi ki, yazıçı olduğumu iddia etmişəm? Anar və Elçin Əfəndiyevin əsərlərini sevə-sevə oxumuşam, hər biri bəyəndiyim yazıçıdır. Lakin bu, o demək deyil ki, yaradıcı insan kimi öz hisslərimi ssenari şəklində yaza bilmərəm. Yaradıcılığa olan eşqim sövq etdi ki, film çəkim.

Köhnə filmlərimizi əzbər bilirəm, sənətdən bixəbər insan deyiləm. Kimin hansı filmi çəkdiyi və hansı ssenarini yazdığını gözəl bilirəm. Yəni kino sənətinə dəyər verən insanam, özüm də aktyorluq fakültəsini bitirmişəm. Yaşar Nuriyev və Şəfiqə Məmmədova kimi dahi sənətkarların tələbəsi olmuşam, onlardan dərs almışam.

Səhv etmirəmsə, yazıçı “Hər yerindən duran film çəkir” deyə irad bildirib. 42 yaşım var, ömrümün 28 ilini sənətə fəda etmişəm. 1991-ci ildən bu günə qədər səhnədəyəm, dövlət televiziyasında oxuyuram, dəfələrlə filmlərdə rol almışam. 80-dan çox klipim var, dəfələrlə böyük konsert proqramı ilə çıxış etmişəm. Çox maraqlıdır ki, Özcan Dəniz, Əmrah kimi sənətçilərin ssenari yazması Türkiyədə mübahisə doğurmur, amma Azərbaycanda hansısa müğənni bir iş görən kimi onu baltalamağa, əzməyə çalışırlar.

- Layihənin həm də baş prodüserisiniz. Aktyor seçimləri sizə aiddir?

- Ssenarini bir ilə yazıb tamamlamışam. Yazmağa başlayanda artıq obrazları oynayacaq aktyorlar bir-bir gözümün önündə canlanırdı. Kazım Abdullayev, Mehriban Xanlarova və Natavan Həbibi ilə 10 il əvvəl baş rolda çəkildiyim “Ayrılıq imiş” filmində birgə çalışmışdıq. Aktyorlar ssenari ilə tanışlıqdan sonra öz rollarını bəyəndiklərini vurğuladılar. Dəvət etdiyim heç bir aktyor imtina etmədi.

Kinoda Əməkdar artist Xalidə Quliyeva, aktrisa Asya Atakişiyeva və başqa tanınmışlar da yer alıb. Vüqar Muradova kiçik rol vermişdim. O, müğənni olsa da, öz oyunun öhdəsindən məharətlə gəlib.

Dram janrında olan filmdə konkret olaraq baş qəhrəman yoxdur, hər biri əvvəldən axıra qədər baş roldadır, sadəcə bir neçə epizodik rollar əlavə olunub. Yeri gəlmişkən, epizodik rolların birinə oğlum Rzanı çəkmişəm.

- Qan Turalı layihənin rejissoru Samir Qulamov haqqında tənqidi fikirlər də bildirib...

- Samir uşaqlıq dostumdur, universitetdə də tələbə yoldaşı olmuşuq və uzun illər əməkdaşlıq etmişik. Bir çox kliplərin müəllifidir. Ssenarini birinci rejissora oxumuşdum. Film çəkmək asan iş deyil, onun istedadına inanmasaydım, etibar etməzdim. Əvvəlcə filmə başlamağa tərəddüd edirdim, sağ olsun ki, Samir mənə çox dəstək verdi.

- Hansı çətinliklərlə üzləşdiniz?

- Çəkilişlərimiz bir ilə tamamlanıb. Bir saat 35 dəqiqəlik tammetrajlı bədii filmdir, əlbəttə ki, çətinliklər oldu. Adi bir klip çəkilişlərində də müəyyən problem yaranır. Şükürlər olsun ki, dövlətimizin göstərdiyi qayğı nəticəsində onları aradan qaldıra bildik. Xüsusilə Bakı Şəhər Polis İdarəsinə təşəkkür edirəm ki, bizə hər cür şərait yaratdılar.

Filmin çəkildiyi məkanlar çoxdur, bütün bunlar sadəcə pulla həll olunan işlər deyildi. Restoranı və ya villanı pulla kirayələmək olur. Həbsxanada çəkiliş aparmaq üçün dəstək lazım idi və biz bu dəstəyi gördük. Ssenaridə yazdıqlarımı həyata keçirə bildim, gördüyüm dəstək sayəsində silmək məcburiyyətində qaldığımız səhnələrimiz olmadı.

Öncəki filmimdə emalatxananın yanma səhnələrinin inandırıcı alınması üçün onu əvvəlcədən tikdirmişdik. Demək istədiyim odur ki, bir kino min bir əziyyətlə başa gəlir. Bu səbəbdən də filmə baxılmadan tənqid olunması, zəhmətimin puç edilməsi insana pis təsir göstərir.

- Sizcə, layihə gəlir gətirə biləcək?

- Nə ssenarini yazmağa başlayanda, nə də çəkilişlərə start verəndə, qazanc düşünmüşəm. Sadəcə çalışıram ki, böyük layihələrə imza atım. Özümü ssenari müəllifi kimi sınamaq istədim. 28 ildir sənətdə külüng döyürəm, dünənki müğənni deyiləm. Hər zaman çalışmışam ki, sənətimlə gündəmdə olum.

Aytən

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR