Danimarkalılardan Azərbaycan rəqsi şousu: Bakıdan tar, qaval aparıb... - VİDEO - FOTO
Bizi izləyin

Xüsusi

Danimarkalılardan Azərbaycan rəqsi şousu: Bakıdan tar, qaval aparıb... - VİDEO - FOTO

Publika.az-ın müsahibi Danimarka-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, danimarkalılar arasında milli musiqimizin təbliğatı sahəsində önəmli işlərə imza atan Kəmalə Hüseynovadır.

- Kəmalə xanım, bu günlərdə Danimarkada Azərbaycanla bağlı uğurlu tədbirə imza atdınız. Bu tədbir haqqında oxucularımıza məlumat vermənizi istəyərdik.

- Danimarkanın paytaxtı Kopenhagen şəhərinin əsas mərkəzi bölgəsində Azərbaycan musiqisi, mədəniyyəti danimarkalılara və şəhərə gələn qonaqlara təqdim olunub. Tədbir "İslands Brygge" adlanan bölgədə keçirildi. Tədbirdə xaricilərə Azərbaycan mədəniyyəti haqqında ətraflı məlumat verildi.

- Tədbirin keçirilməsi təklif olaraq haradan gəlmişdi?

- Təklifi bir neçə ay əvvəl Mette Svane adlı rəqqasədən almışdım. Onu da qeyd edim ki, Mette artıq Azərbaycanda olub və rəqslərimizi öyrənib. Danimarkada Azərbaycan rəqslərini təbliğ edir. Bir danimarkalının bu işdə belə həvəsli olması, təklifi özü irəli sürməsi azərbaycanlıları qürurlandırır.

- Mette Svanedən başqa, rəqslərimizi öyrənən danimarkalı varmı?

- Bəli,o indi tək deyil. Danimarkalı Kinn Basset bizim rəqsləri öyrənir. Kinni rəqsləri Mettedən və internetdən öyrənib. Bu gün birgə duet halında rəqs edirlər.

- Əsasən hansı rəqsləri ifa edirlər?

- Onların repertuarlarında “QavaL”,”İnnabı”,”Nəlbəki”,”Sarı Gəlin”,”Səbət” və başqa rəqslər var idi.

- Sizin tələbələrinizin əksəriyyət danimarkalılardan ibarətdir.

- Mən Hillerod musiqi məktəbində işləyirəm. Kiçik yaşlılarla bərabər 40 yaşdan yuxarı, hətta 60-65 yaşlı tələbələrim də var. Onlardan biri 40 yaşlı Anne Katrinə Birxdir. O, özü də musiqi müəllimidir. Çox gözəl səsi var. Səs yarışmalarını qalibi olub. Piano dərslərini məndən alır. Bizim musiqiyə çox həvəs göstərirdi. Mən də ona bizim “Buleyli” mahnımızı öyrətdim.

- Sizə soydaşlarımız dəstək verirlərmi?

- Danimarka Azərbaycan-Türk Qadınlar Birliyinin sədri Anaxanım Hüseynovanın həyat yoldaşı Xəlqani Hüseynov musiqiçı olmasa da, musiqini çox sevir. Zərb alətlərində gözəl ifa edir. Bakıdan nağara, qaval, tar gətizdirib. Birlikdə danimarkalılar arasında musiqilərimizi təbliğ etmək üçün bir neçə dəfə məşq etdik. 1 saatlıq proqram uğurla keçdi. Tədbirdə çoxlu xarici qonaqlar vardı.

- Onların marağı necə oldu?

- Musiqilərimizi, rəqslərimizi o qədər sevdilər ki, hətta sonunda “Aman Ovçu” mahnısının sədaları altında səhnəyə çoxlu danimarkalı atıldı. Bizim rəqsləri oynamağa başladılar. "İsland Brugge" Mədəniyyət Mərkəzinin işçiləri, təşkilatçıları maraqlı proqram üçün bizə təşəkkür etdilər. Gələn illərdə də belə proqramlarla bizi çıxış etməyə dəvət etdilər. Kopenhagenin ən məşhur yerində Azərbaycan bayrağı dalğalandıqca qürurlanır və sevinirdik.

Elnur Eltürk

Oxumağa davam et
Reklam
Reklam

Gündəm