Xüsusi
Özündən 12 yaş böyük qadınla EŞQ YAŞAYAN azərbaycanlı aktyor: “Qohumlar arasında dava düşür”
"Serial aralarında 12 yaş fərqi olan 2 insanın məhəbbət hekayəsindən danışır. Oynadığım qəhrəmanın adı Camaldır. Camalın atası yoxdur, ailəsini anası ilə birlikdə o saxlayır. Ailədə 2 bacını bu qardaş böyüdüb, onlara ata əvəzi olub. Bir gün Camal özündən 12 yaş böyük xanıma vurulur. Bütün hadisələr bu mövzunun ətrafında cərəyan etməyə başlayır. Daha sonra qohumlar arasında dava düşür və böyük mübahisələr yaranır. Qısası, qırğınlar olacaq..."
Bu sözləri reper və “Vicdan haqqı” serialının Vüsalı kimi tanınan, Rus dram Teatrının gənc aktyoru İbrahim Çingiz Publika.az-a verdiyi müsahibəsində deyib.
- Özünüzü Azərbaycanın tələb olunan aktyoru hesab edirsiniz?
- Razılaşsam, deyəcəklər ki, özündənrazıdır, razılaşmasam da başqa bir irad bildirəcəklər. Hər halda aktyorluq fəaliyyətinə başladığım üç il ərzində boş dayanmamışam. İki mövsüm “Vicdan haqqı” serialında çəkilmişəm, eləcə də Rus Dram Teatrında çalışıram. Teatrda “Təhminə və Zaur” tamaşası oynanıldı və baş rol mənə verildi. “Könül yarası” serialında əsas qəhrəman kimi çıxış edəcəyəm. Layihə sentyabrın 21-də ARB kanalında efirə gedəcək. Bütün bunlar göstərir ki, hazırda mənə tələbat var.
- Sizcə, hansı xüsusiyyətləri aktyora tələbat yaradır?
- İlk növbədə əlbəttə ki, istedadı. Əslində indiki dövrdə hər bir reytinq instaqrama bağlıdır. Rejissor yeni layihə üzərində çalışanda aktyorların instaqram səhifəsini nəzərə alır. Əgər aktyorun instaqramda izləyicisi çoxdursa, demək ki, insanlara maraqlıdır.
- İbrahim Çingizi izləyicilərə maraqlı edən nədir?
- Fərqli olmağa çalışmıram. Həmişə və hər yerdə olduğum kimi davranıram. Ola bilsin ki, görünüş baxımından məni fərqli göstərən döymələrimdir, bu, aktyorların çoxunda yoxdur.
- Bu qədər döymənin olması sizə problem yaratmır?
- Serial çəkilişlərində heç bir problem yaranmayıb. Teatr tamaşalarında uzunqol köynək geyinirəm ki, görünməsin. Qrim ustaları xüsusi kremlər vasitəsilə döyməni asanlıqla örtə bilir.
"Döymələrim həyatımın kitabıdır"
- Döymələrin həyatınızdakı yeri və mənası nədən ibarətdir?
- Döymələrim həyatımın kitabıdır. Həyatımda baş verən önəmli hadisələri bədənimdə həkk etdirirəm.
- Hər iki qolunuz döymələrlə yazılıdır. Demək ki, əlamətdar günləriniz çox olub.
- Bəli! Çalışıram ki, ömrümün hər günü əlamətdar keçsin.
- Valideynlər adətən istəyirlər ki, övladları onların yolunu davam etdirsin. Sizdə necə oldu? Atanız, tanınmış komediya aktyoru, Əməkdar artist Çingiz Əhmədov bu qərarınızı necə qarşıladı?
- Uşaqlıqda çox utancaq olmuşam. İstər kamera, istərsə də mikrofondan həmişə qaçırdım. Yaş artdıqca musiqiyə marağım yüksəldi, replə məşğul olmağa başladım, daha sonra Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsinə daxil oldum. Atam etiraz etmədi, bəxtim gətirib ki, valideynlərim anlayışlı insanlardır, seçimimə hörmətlə yanaşdılar. Universiteti bitirdikdən sonra Kiyevə köçdüm, iki il orada yaşadım.
- Çingiz Əhmədovdan daha güclü aktyor olduğunuz fikri ilə razısınız?
- Bəzən deyirlər ki, atamdan güclü aktyoram, bəzən deyirlər ki, atamın hesabına aktyor olmuşam, bəzən də rolları yaxşı oynamadığımı eşidirəm. Çingiz Əhmədov illərin aktyorudur, sözsüz ki, atamın səviyyəsinə çatmaq üçün böyük təcrübə qazanmalıyam. Lap tutaq ki, atamın hesabına aktyor olmuşam. Serialda özüm oynayıram axı, atam gəlib yerimə oynamır. Yaxud teatrda əvəzimə səhnəyə çıxmır.
- Kiyevdə nə işlə məşğul olurdunuz?
- Həm rep oxuyur, həm də klublarda aparıcılıq edirdim.
- Səfərlərdən qayıdanda bizdə müəyyən dəyişiklik baş verir. Hiss edirik ki, ya fikirlərimiz, ya da həyata baxışımız əvvəlki kimi deyil. Kiyev həyatı sizdə nələri dəyişdi?
- Sözsüz ki, müsbət dəyişikliklər oldu. Vətəndən kənarda yaşamaq çətindir. Çoxları adətən xaricə köçüb yaşamaq arzusunda olur. Elə bilirlər ki, başqa şəhərdə, ya ölkədə daha yaxşı yaşayacaqlar. Amma belə deyil... Bakının qoxusu üçün hər gün darıxırdım... Axşamlar öz-özümə deyirdim ki, kaş indi bulvarda gəzərdim, ya da dənizə baxardım.
Kiyevdə seriala dəvət almışdım, imtina etdim. Çünki o zaman özümü tamamilə repə bağlamışdım. Fikirləşirdim ki, serial mənə lazım deyil. Bakıya gələndə “Vicdan haqqı” serialından təklif aldım. Başa düşdüm ki, tez-tez serial təkliflərinin gəlməsi bir işarədir. Nəticədə razılaşıb özümü sınadım. Xoşbəxtəm ki, bu sınaqdan alnıaçıq çıxa bildim.
- Bizim ukraynalılardan nümunə götürməli olduğumuz keyfiyyətlər var?
- Ukraynalılar həmişə sərbəst və rahatdır. “Qohum-qonşu haqqımda nə deyər?” sualı onları düşündürmür. Sadəcə öz həyatlarını yaşayırlar, heç kimin şəxsi işinə qarışmırlar. İnsan birinci növbədə özü üçün yaşamağı bacarmalıdır ki, qocalanda gənclik illərini təəssüf hissi ilə yada salmasın.
- Söylədiniz ki, utancaq uşaq olmusunuz. Bu kompleksləri necə tərk edə bildiniz?
- 17 yaşımda çox pis xəstələnmişdim, bir neçə gün qızdırma içində yatdım. İnternetdə rep üçün minus tapmışdım, xəstə halda onu yazdım və özümü videoya çəkdim. Bu, davamlı hal aldı, beləliklə komplekslər yavaş-yavaş aradan qalxdı. Utancaqlığı özümdən uzaqlaşdırsam da, həyəcan hissi indiyədək qalıb. Yəqin ki, bütün aktyorlar tamaşa qabağı, ya da çıxış ərəfəsində böyük həyəcan yaşayır.
- Həm rus dram teatrında, həm də seriallarda oynamağa necə vaxt tapırsınız?
- Əslində iş qrafikim gərgindir. Teatr tamaşalarında rus dilində çıxış edirəm, serialda isə azərbaycanca danışıram. Bəzən dostlarımla söhbət edərkən olur ki, cümləni səhv qururam.
- “Könül yarası” gündəmdə olan seriallardan biridir. Baş rolda çəkilirsiniz. Bu barədə danışardınız...
- Serial aralarında 12 yaş fərqi olan 2 insanın məhəbbət hekayəsindən danışır. Oynadığım qəhrəmanın adı Camaldır. Camalın atası yoxdur, ailəsini anası ilə birlikdə o saxlayır. Ailədə 2 bacını bu qardaş böyüdüb, onlara ata əvəzi olub. Bir gün Camal özündən 12 yaş böyük xanıma vurulur. Bütün hadisələr bu mövzunun ətrafında cərəyan etməyə başlayır. Qohumlar arasında dava düşür və böyük mübahisələr yaranır. Qısası, qırğınlar olacaq...
Seriala baxmamış sosial şəbəkədə irad bildirirlər ki, əsas rol üçün məndən yaşca böyük xanım seçiblər. Amma o izləyicilər türk seriallarında, yaxud Hollivud filmlərində rol alan aktyorlara oyununa görə qiymət verirlər. Yeri gəlmişkən, tərəf müqabilim Fidan Axundovadır, tandemimiz gözəl alınır.
- Çəkilişlər necə gedir?
- Bir qədər ağırdır, buna baxmayaraq enerjimiz tükənmir. Birinci dəfədir ki, gündəlik serialda oynayıram. Bazarı çıxmaq şərti ilə hər gün çəkilişdəyik. Ümumiyyətlə, gündəlik serialda çəkilirsənsə, özünə vaxt qalmır.
"İki insan bir-birini həqiqətən sevirsə, yaş boş şeydir"
- Şablon olsa da, növbəti sualı verməliyəm. Əminəm ki, bu, hər bir oxucu üçün maraqlıdır. Həyatda özünüzdən yaşca böyük xanımla ailə qurardınız?
- Əgər iki insan bir-birini həqiqətən sevirsə, yaş boş şeydir.
- Adətən aktyorlar bir çox hallarda oynadıqları obrazlar qədər cəsarətli olmurlar...
- Əlbəttə ki, əvvəlcədən müəyyən proqnozlar vermək asandır. Heç birimiz bilmirik ki, sabah başımıza nə gələcək. Bunu həyat göstərər, dəqiq cavab verə bilmərəm.
- Özünü tapmaq və formalaşmış insan olmaq üçün uşaqlıqda valideynləriniz sizə yetəri qədər azadlıq veribmi?
- Uşaqlarımızın çoxu komplekslə böyüyür, sıxılırlar. Adi söz deməyə utanan insanlar var. Bu, güman ki, milli mentalitetlə bağlıdır. Valideynlər uşaqlarına sərbəstlik vermək istəmir, azadlığını maksimum əlindən almağa çalışır və bütün seçimlərinə qarışırlar. Hətta bəzi valideynlər 18 yaşından sonra da uşağın yerinə qərarlar verirlər. Hər halda valideynləri günahlandıra bilmərəm, çünki özləri də elə böyüyüb və ailələrində gördüyü tərbiyəni uşaqlarına ötürməyə çalışırlar.
Yeni nəsil daha sərbəstdir, öz fikrini düzgün şəkildə ifadə edə bilir. Amerika, türk və Avropa filmlərinə baxır və onlardan şey götürürük, odur ki, bu problem yavaş-yavaş aradan qalxır.
"Geniş kütlə repi dinləmir"
- Özünüzü reper, yoxsa aktyor kimi daha yaxşı ifadə edə bilirsiniz?
- Rep fəaliyyətim səngiyib, serial çəkilişləri imkan vermir ki, reper kimi öz miqyasımı genişləndirim. Bir ildən çoxdur ki, yeni rep oxumuram. Yazdıqlarımı studiyaya gedib səsləndirməyə vaxtım yoxdur.
Azərbaycanda rep janrı hələ öz layiqli yerini tapmayıb. Sözsüz ki, istedadlı reperlər çoxdur, təəssüf ki, geniş kütlə repi dinləmir.
- Replərinizin çoxu sevgi-məhəbbət mövzusundadır. Niyə digər mövzulara toxunmursunuz?
- Problemlərdən oxuyub insanları yormaq istəmirəm. İnsan ətrafına nə qədər sevgi, sevinc və pozitiv duyğular ötürsə, onun öz həyatı da şən olacaq. Sevgi həyatın ən ali hissidir. Hər kəs sevir, odur ki, sevgi lirikası ürəklərə daha yaxındır...
- Axı şair və yazıçılar sadəcə sevgi mövzusu ilə məhdudlaşmır. Şeirdə sosial mövzulara yer verilməsi bəzən hər hansı problemin həllində böyük rol oynaya bilir...
- Şairlər də, yazıçılar da, reperlər də gördüyünü və yaşadıqları yazır. Kiminsə həyatında problemlər varsa, problemlərdən yazacaq. Çalışıram ki, neqativləri görməyim və replərimlə dinləyicimə ancaq müsbət emosiyalar bəxş edim.
- İlham pəriniz varmı? O, mücərrəd varlıqdır, ya real insan?
- “Muza” olmasa, yaza bilməzsən. Kimsə deyə bilər ki, ilham pərisi görünməzdir, lakin yaradıcı insan üçün onun varlığı mütləqdir.
- Türkiyə kino sənayesinə qoşulmaq haqqında nə düşünürsünüz?
- Azərbaycanı Türkiyədə təmsil etmək istərdim. Kiyevdə klubda aparıcı işlədiyim müddətdə çalışmışam ki, Azərbaycanın gözəl tərəflərini təmsil edim. Türkiyəyə də sırf bu məqsədlə gedərəm. Azərbaycanda güclü aktyorlar var. Sadəcə bizdə elə böyük film layihələri yoxdur ki, dünyaya özümüzü göstərə bilək.
Kino sənayesinin inkişaf edəcəyinə inamım böyükdür. Əvvəllər serialların keyfiyyəti yaxşı deyildi, dialoqlar başa düşülmürdü. İnsanlar yerli seriallara baxmırdı. Amma indi çəkilən bütün serialların konkret öz tamaşaçısı var. Yaxın illərdə bizdə də sanballı layihələr çəkiləcək. Buna ürəkdən inanıram.
"Zarafatlar beldən aşağıdır"
- Sizcə, bu qədər komediya filmlərinə ehtiyac varmı və onlara baxanda ürəkdən gülə bilirsinizmi?
- Film istehsalının çox olması ona görə yaxşıdır ki, onların arasından pisi və yaxşını seçə bilək. Deyə bilmərəm ki, yerli komediyalarımıza baxıb ürəkdən gülürəm. Özümüz də bilirik ki, əksəriyyətində zarafatlar beldən aşağıdır.
- Hər bir yaradıcı şəxs gördüyü işlərlə insanlara nə isə çatdırmağa çalışır. Reper və ya bir aktyor kimi siz Azərbaycan tamaşaçısına nə demək istəyirsiniz?
- Başlıca missiyam odur ki, tamaşaçıya bol enerji ötürüm, onlarda özünə güvən hissini artırım! Əgər özünüzdə hansısa istedad, ya qabiliyyət hiss edirsinizsə, yerinizdə oturub qalmayın, iş görün, inkişaf edin. Ətrafımdakı insanları işə kökləyirəm ki, arzuladığı ideyaları həyata keçirə bilsinlər. Yaşayıb, yaradıb və bizə bir dəfə verilən bu həyatdan həzz almaq lazımdır.
Əvvəllər cəmi bir kanal var idi, ora çıxmaq hər adama qismət olmurdu. İndi gördüyün işi təqdim etmək üçün internet və sosial şəbəkələr var. İmkanın var ki, instaqram, feysbuk, tvitterin sayəsində tanınasan, özünü ifadə edə biləsən və özünə izləyici toplaya biləsən.
- İstər sənətdə, istərsə də, həyatda sizə qarşı edilən ən böyük haqsızlığı oxucularımızla bölüşə bilərsiniz?
- Həyat ədalətli deyil, bunu hamı bilir. Haqsızlıq həyatın amansız qanunudur. İnsanlar bütün tarix boyu müharibə, qəddarlıq, cinayət, ədalətsizlik, yoxsulluq, xəstəlik və sevdikləri adamların ölümü ilə sınağa çəkilir. Cinayətkarlığın, yoxsulluğun və ədalətsizliyin olmadığı cəmiyyət mövcud deyil. Nəfəs alırsansa, həyatdasansa, bir gün sevinəcəksən, o bir gün ürəyin ağrıyacaq.
Dolayısı ilə həyat mənə qarşı həmişə səxavətli davranmayıb. Əvvəllər çox adam istedadıma şübhə ilə yanaşırdı, gördüyüm işlərə inanmırdı. Bəziləri “Vicdan haqqı”nda çəkilməyimi qəbul edə bilmirdi. Yəqin ki, belə düşüncə və yanaşmalar özümə qarşı gördüyüm ən böyük haqsızlıqdır.
"Yeganə aktyor idi ki, cavan həmkarlarını sıxışdırmırdı"
- Üstəlik Rus Dram Teatrında “Təhminə və Zaur” tamaşasında əsas rolu sizə tapşırıblar. Hər halda bu rol hər aktyor nəsib olmur...
- Bəli, Zauru bu teatrda üç insan oynayıb: Fuad Poladov, Səfa Mirzəhəsənov və mən. İlyas Əfəndiyevin “Büllür Saray” tamaşasında Fuad Poladovla tərəf müqabili olmuşam. Onunla eyni səhnəni paylaşmaq mənə qismət olduğu üçün çox xoşbəxtəm. Heyfsilənirəm ki, bu tamaşa bir dəfə oynanıldı. Fuad bəy teatrdan uzaqlaşdığı üçün tamaşa repertuardan çıxarıldı. O, insanı çox istəyirdim... Fuad bəylə birlikdə çalışmaq təkrarolunmaz həzz idi. Allah ona rəhmət eləsin... Fuad Poladov öz həmyaşıdları arasında yeganə aktyor idi ki, cavan həmkarlarını sıxışdırmırdı, əksinə şərait yaradırdı ki, işimizi görək.
- Sizi sıxışdıran aktyorlar olub?
- Şübhəsiz... Belə məqamlar əsasən teatrda baş verir. O aktyorlar tanınmır, heç vaxt da tanınmayacaqlar. Bu, teatra təzə gəldiyim vaxtlarda baş vermişdi, mənsə görməzdən gəldim, sanki belə bir hadisə olmayıb.
- Belə anlarda nəzakətinizi necə qoruyub saxlaya bilirsiniz?
- Humanist adamam, kiminləsə davaya çıxmaq, kəskin mübahisə aparmaq mənlik deyil. Çalışıram ki, insanlar arasında məsafəni və münasibətləri pozmayım.
- Pul, yoxsa sevgi həyatınızda birinci yeri tutur?
- Əvvəlcə sevgi, sonra pul. İnsanın həyatı boşdursa, pul nəyə gərəkdir? Sevgi ilə bərabər pul da varsa, deməli, xoşbəxtsən.
- Həyatınızda bunlardan hansı çatışmır?
- İstəyirəm ki, həyatım maksimum gizli qalsın, çünki gördüyüm işlərlə gündəmə gəlməyə üstünlük verirəm.
"Yaxşı insanam"
- İbrahim Çingiz həyatda necə insandır?
- Seriallarda oynadığım rollarla, həyatım tamamilə fərqlidir. Xasiyyətcə qapalı və sərt olsam da, yaxşı insanam. Özümü ancaq yaxınlarımın yanında rahat hiss edirəm.
- Serialdan savayı tamaşaçıları bu il hansı layihələrlə sevindirməyi düşünürsünüz?
- Bir neçə film təklifləri var. Alınıb-alınmayacağını dəqiq bilmirəm, odur ki, əvvəlcədən bir söz deməyim. Çalışacağam ki, yaxın aylarda tamaşaçıları yeni rep və kliplə sevindirim.
- Özünüzə və istirahətinizə vaxt ayıra bilirsiniz?
- Yox, iş qrafiki gərgindir. Sözsüz ki, hər işin çətinliyi var. Lakin sevdiyin işlə məşğul olanda keçirdiyin yorğunluq özünə də xoş olur. İşimi sevirəm, əyləncələrə vaxtım yoxdur. İki il ərzində bir dəfə istirahətə yollandım, onda da əlimi sındırdım. Odur ki, “Könül yarası” serialının 2-3 həftəsinə gipslə çəkilməli oldum. Ssenari elə quruldu ki, guya kimləsə dava edərkən qolumu sındırmışam.
- Suallarım bu qədər. Bizə vaxt ayırdığınız üçün təşəkkür edir və bütün işlərinizdə bol şans arzulayıram.
- Çox sağ olun.
Aytən Məftun
-
Sosial14:55
Müdafiə Nazirliyində xidməti müşavirə keçirildi
-
ABŞ13:40
Qlobal maliyyə sistemi risk altındadır: dolların taleyi necə olacaq?
-
Sosial12:40
Əli Əsədov yeni qərar imzaladı
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır