Dünya kinosunun ŞEDEVRLƏRİ: siyahı azərbaycanlı məşhurları qane etdimi? - SORĞU
Bizi izləyin

Xüsusi

Dünya kinosunun ŞEDEVRLƏRİ: siyahı azərbaycanlı məşhurları qane etdimi? - SORĞU

BBC Mədəniyyət dünya kinosunun bu günə kimi ərsəyə gəlmiş, qeyri-ingilisdilli 100 ən yaxşı filmlərini müəyyən etmək üçün 43 ölkədən olan 209 film tənqidçisinə müraciət edib. Sorğuda iştirak edən tənqidçilərin hər birindən dünya kinosunda ən çox bəyəndikləri 10 filmi sadalamaqları istənilib. Siyahıda daha çox yer alan filmlər, ardıcıllığa görə ilk 100-lükdə yerini alıb.

Siyahıya yapon rejissoru Akira Kurosavanın 1954-cü ildə çəkdiyi "Yeddi Samuray" filmi başçılıq edib. Maraqlısı odur ki, dünyanın hər yerindən olan tənqidçilər bu filmi siyahısına daxil etsə də, altı yapon tənqidçisinin siyahısında Kurosavanın bir dənə də olsun filmi yer almayıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Publika.az məqalə ilə bağlı azərbaycanlı kino xadimləri arasında sorğu keçirib.

Tanınmış teletənqidçi, sənətşünaslıq üzrə elmlər doktoru Elçin Əlibəyli hesab edir ki, bu siyahı dünya kinosunun inciləri yox, şedevrləri sayıla bilər:

“Siyahıdan razı qaldım. Həqiqətən də orada adı çəkilən filmlərin hər biri ayrı-ayrılıqda dünya kinematoqrafiyasının inkişafında çox böyük rolu olub. Onların içində elə filmlər var ki, yeni cərəyanlara cığır açıb. Bu baxımdan siyahı çox möhtəşəmdir və ona heç bir şübhə ola bilməz. Təbii ki, öz üzərində işləyən peşəkar rejissorlar və peşəkar aktyorlar bu filmləri mütləq izləyirlər.

Filmin ərsəyə gəlməsində rejissorla bərabər operatorun da çox böyük rolu var, bu mənada siyahı onlar üçün əhəmiyyət kəsb edir. Çünki burada kadr-kompozisiya anlayışı var. Siyahıya daxil olan bir çox filmlərin operatoru Delli Kollidir. Həqiqətən operatorluq işini öyrənmək istəyənlər onun filmlərinə baxır.

Sergey Eyzenşteynin “Potemkin Zirehlisi” filmi dünya kinematoqrafiyasına məhz öz montaj effektinə görə daxil olub. Hər zaman öz yenilikçiliyi ilə seçilən Eyzenşteyn yeni montaj üsulunu ilk dəfə məhz bu filmdə göstərib. İstər Eyzenşteynin, istərsə də Tarkoviskinin filmlərinin hər biri dərslik rolunu oynayır. O cümlədən siyahıya daxil olan digər filmlər də nəinki baxılmalı, tədris olunmalıdır. Onlara dərs vəsaiti kimi baxmaq lazımdır. Sözsüz ki, siyahıda adı çəkilən filmlərin bədii yükü çox güclüdür. Eyni zamanda öyrənmək üçün bədii əsərdən dərslik kimi istifadə etmək lazımdır”.

Tənqidçi “Bu filmləri izləməyən rejissor güclü ekran işi çəkə bilərmi?” sualına belə cavab verib:

“Bu, 50 il əvvəl olsaydı, çəkə bilərdi. Çünki 50 il əvvəl dünya ictimaiyyəti və tamaşaçısı bunları görməmişdi və o vaxtı təbii və fitri istedadla çəkilən iş yenilik sayılırdı. Amma indi tamaşaçı kifayət qədər intellektuallaşıb və adları çəkilən filmlərin çoxuna baxıb. Odur ki, indiki dövrdə rejissorların üzərinə daha böyük yük düşüb. Bu filmləri izləməyən rejissor peşəkar və yüksək sənət əsərini meydana qoya bilməz, xüsusilə postmodernizm və nyupostmodernizm dövründə. Artıq zövqlər və tələblər dəyişib. Qoyulan tələblərə cavab verən istedadla bərabər, intellekt də olmalıdır. Əlbəttə ki, intellektin itiləşməsi üçün bu siyahının çox böyük önəmi var”.

Sonda E.Əlibəyli bildirib ki, siyahıya heç bir Azərbaycan filmini daxil etmək istəməzdi.

Tanınmış kinorejissor və kinoşünas, ssenarist, televiziya aparıcısı və kino redaktoru Ayaz Salayev isə siyahıdan 50 faiz razı qaldığını dilə gətirib:

Картинки по запросу ayaz salayev

“Bir çox sevimli filmlərimi siyahıda görə bilmədim. Nəinki mənim aləmimdə, ümumiyyətlə, dünya kinosu və dünya mədəniyyəti üçün böyük əhəmiyyəti olan bir sıra filmlər daxil edilməyib. Bu baxımdan bayağılıq nəzərə çarpır.

Dəfələrlə demişəm ki, dünya kinosunun bir çox tənqidçiləri, nəzəriyyəçiləri, tarixçilərinin hazırladığı - dünya kinosunun nəinki 100, 10 ən gözəl əsəri siyahısına hərdən Azərbaycan filmləri də düşür. 1936-cı ildə Boris Barnet və Səməd Mərdanozun çəkdiyi “Mavi dənizin sahilində” ekran işinin adını bir neçə dəfə dünya tənqidçilərinin və nəzəriyyəçilərinin tərtib etdiyi “Dünyanın 10 ən yaxşı əsəri” siyahısında görmüşəm.

Hesab edirəm ki, bizim rejissorlar və aktyorlar sadəcə kino tarixinə deyil, mədəniyyət tarixinə daha diqqətli olmalıdır. Çünki həm kinomuzda, həm də ədəbiyyatımızda elə insanlar tanıyıram ki, onlarda həqiqətən Allah vergisi sayılan güclü istedad var idi. Və bu istedad onlara gözəl əsər yaratmağa imkan verdi. Lakin dünya kino mədəniyyəti haqqında biliklərə sahib deyildilər. Dünya kino mədəniyyəti özünəməxsus bir aləmdir. Onlar bu aləmə mənsub olmadıqları üçün sonralar keyfiyyətli işlər görə bilmədi. Çünki dünya mədəniyyət konteksti çox mühümdür. Bu siyahının tərtib olunmasında iştirak edən insanlar da dünya mədəniyyət kontekstinə çox bələd deyillər”.

BBC Mədəniyyətin hazırladığı siyahıya daxil olan ekran işləri aktyor Kamran Ağabaleyevi qane edib:

Görüntünün olası içeriği: Kyamran Agabalaev, sakal

“Çox sevindim ki, rejissor Pak Çxan Ukun “Odlboy” filmi siyahıya daxil olub. Bu film bu vaxta qədər mənə təsir edən ən sevdiyim ekran işlərindəndir. Çox az adam bilir ki, o, əslində trilogiyadır. Kinematoqrafiya aləmində, çəkiliş meydançasında çayçıdan tutmuş, rejissora qədər hər kəs bu filmə baxmalıdır.

Aktyor hesab edir ki, dünya səviyyəli filmlərlə tanış olmayan rejissor güclü əsər yarata bilməz:

“Bu, heç bir halda mümkün deyil. Tarkoviskinin deməyə sözü var idi, dedi və getdi. Əgər ondan ibarət götürə bilmirsənsə, çəkmə. Sual qoyulmalıdır ki, bizim rejissorların bu gün ümumiyyətə deməyə sözü varmı? Deməyə sözləri olub-olmadığı filmlərdən aydın olur...

Rejissor Stiven Spilberqin öz qanunları var. O, öz siyahısındakı 100 filmi izləməyən insanı işə götürmür. Çox maraqlıdır ki, Karlos Reyqadasın adını görmədim. O, bu gün dünyada öz möhürünü vuran rejissorlardan biridir. İnanmıram ki, Rüfət Həsənov, Teymur Hacıyev, İsmayıl Səfərəli və Emil Adıgözəlovdan başqa bu gün Azərbaycanda hansısa rejissor Reyqadası tanısın. 10 nəfər adam tanıyıram ki, azad və ciddi kinematoqrafiya ilə məşğuldur, qalanları əsasən komediyalar çəkir. Əgər soruşsanız ki, bu filmlər bizi lazımdır? Birmənalı şəkildə "yox" deyərəm. Lakin adam qınaya da bilmir ki, bu insanlar necə yaşamalıdır...”

Aktyorlardan “Bu filmləri izləmisinizmi?” deyə soruşsanız, deyəcəklər ki, bütün türk seriallarına baxırıq. Peşəkar aktyorları nəzərdə tutmuram, onlar çox güclüdür. Lakin peşəkar aktyorlarla işləyə bilən rejissorlar da olmalıdır ki, onları düzgün istiqamətləndirsin”.

Kinorejissor və rəssam Teymur Daimi siyahıdan nisbətən razı qaldığı ifadə edib:

Картинки по запросу termur daimi

“Bu siyahı məni yalnız nisbi şəkildə qane edə bilər, çünki müəyyən mənada subyektiv xarakter daşıyır. Ola bilər ki, bir neçə ildən sonra siyahı dəyişilsin. Azərbaycanlı rejissorların hansı filmləri izlədiyini dəqiq deyə bilmərəm, amma şəxsən mən çalışıram ki, müxtəlif üslublarda və janrlarda çəkilən filmləri izləyim. Zənnimcə, müxtəlif filmlərə baxarkən nəinki uğurlu, eyni zamanda pis filmlərdən də nə isə öyrənmək və mənimsəmək olar.

Bu siyahıya rejissor Şamil Mahmudbəylinin 1969-cı ildə çəkdiyi "Şərikli çörək" filmini əlavə edərdim”.

Yazıçı, kino haqda silsilə məqalələrin və "Pərdələri çəkin" kitabının müəllifi Aytən Cavanşirin sözlərinə görə, kino sahəsindəki biliyi səthi olan tamaşaçı bu siyahını qarşısına qoyub oradakı filmləri birnəfəsə izləmək iqtidarında deyil, çünki orada yer alan bəzi filmlərdəki süjetsizlik, mükəmməllik və intellektual təzyiq asanlıqla qavranmaya bilər:

“Siyahıdakı filmlərin əksəriyyəti ilə tanışam. Təbii ki, burada sevdiyim rejissorların işləri də yer alıb. Kino sahəsinin nəhəngləri o filmlərdə ilk baxışdan adi gələn mövzuların fonunda dərin insan duyğularını, yaşantı və hisslərini mahircəsinə nümayiş etdirib.

Bu peşəkar rejissorlar ən amansız taleyə sahib qəhrəmanlarını film boyu bağırmağa sövq etmir, onlar ən ağır tale zərbəsini belə hansısa qəribə hüzur içində yaşayır. Savadlı tamaşaçı o cəhənnəm hüzurunda hər şeyi görür – həyatın “bəxşiş”i olan ağrını, əzabı, itkini və heç bir əlacı olmayan çarəsizliyi. O filmlər tamaşaçını düşünməyə, mülahizə aparmağa, bəzən baş rolun dilə gətirmədiklərini anlamağa və məhəbbətə zamanında dəyər verməyə imkan yaradır.

Sözsüz, mən o siyahiya Viskontinin daha bir neçə filmini, o cümlədən, Joze Covanninin “İki nəfər şəhərdə” və daha bir neçə mükəmməl ekran işini əlavə edərdim”,

“Sizcə, azərbaycanlı rejissorları bu filmlərlə tanışdırmı? Güclü film çəkmək üçün rejissor, ümumiyyətlə kino xadimlərinin tanınmış rejissorların ekran işlərini izləməsi nə dərəcədə vacibdir?” sualına isə yazıçının münasibəti belə olub:

“Şübhəsiz, rejissor olmağı qərarlaşdıran şəxs tanınmış rejissorların əsərlərini izləməlidir. Burada məsələ surət çıxarmaqda deyil. Bu, zövq formalaşdırmaq, təcrübə qazanmaq, yüksək – orta səviyyəli (o cümlədən, keyfiyyətsiz) kinonu bir-birindən ayırd etmək və nəticədə, öz yolunu müəyyən etmək üçün əvəzsiz vasitədir.

Müasir rejissorlar onları izləyibmi? Tez-tez premyeraları baş tutan və yerli TV kanalların nümayiş etdirdiyi (Festival filmləri istisna olmaqla) və əsasən, “Şən və hazırcavab oğlanlar” tipli klublardan yetişmiş aktyor və rejissorların ərsəyə gətirdiyi müasir filmlərə nəzər salsaq, nədənsə bununla bağlı böyük şübhəm yaranır. Məncə, izləməyiblər. İstedad öz yerində, amma yaradıcı sahənin insanı daim inkişafa, yeniliyə və mükəmməliyə can atmalıdır”.

Aytən Cavanşir sözügedən siyahıya 3 Azərbaycan filmini daxil etmək istədiyini bildirib. Bunlar “Güllələnmə təxirə salınır” (2003), “Yaramaz” (1989) və “Qızıl uçurum”dur (1980).

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm