Xüsusi
Svetlana Nəcəfova: "Bu elə peşədir ki, gərək özünü hər gün sübut edəsən" - MÜSAHİBƏ
İnsan seçdiyi peşəyə vurğundursa, ən yaxşı yönlərini görməyə başlayır. Amma düşünməyin ki, peşə sevgisi gözü kor edir. Əksinə könül gözünü də açır. Məsələn, xəbərin aynası olmağı - jurnalistikanı seçmisənsə, özünü, imzanı mükəmməlləşdirmək üçün daim axtarışda olursan. “Qələmimlə, düşüncəmlə özümə bir yol çizsəm kimə bənzəyərdim, kimi örnək alardım?” deyirsən. Mənə qərib baxmayın, amma bu gün peşəmizin metrləri barmaq sayı qədərdir. Onlara rast gəldinmi, demək hələ də dirçəliş üçün bir şansın var.
Publika.az-ın bu dəfəki qəhrəmanından danışacam sizə. Tədbirlərin birində tanış olduğum qocaman jurnalist Svetlana Nəcəfovadan... Qəribə xüsusiyyətim var. İnsanlarda ilk nəzərimə çarpan əlləridir. Düşünürəm ki, dil də, göz də yalan desə, əllər aldatmaz. Svetlana xanımla tanışlıqda da ilk baxdığım incə barmaqları oldu. Ömrün sazağından, şaxtasından qabar atmayan barmaqlardan neçə-neçə məqalələr, müsahibələr, tənqidi yazılar süzülüb. Təxminimdə yanılmamışdım. Bu xanımın əlləri səsindən, səsi gözlərindən, gözləri də qəlbindən işıq alır.
***
Svetlana Nəcəfova 1938-cidə Qərbi Azərbaycanda doğulub. Orta məktəbi də doğulduğu İrəvan şəhərində tamamlayıb, Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsinə daxil olub. 1960-cı ildə universiteti fərqlənmə diplomu ilə bitirib. “Pioner”, “Azərbaycan qadını”, “Respublika” kimi dövrünün tanınmış jurnal və qəzetlərində yüksək peşəkarlıqla çalışıb.
Svetlana xanımın yaradıcılığı bununla məhdudlaşmır. Onun yazıları təkcə respublika mətbuatında deyil, həmçinin vaxtilə Umumittifaq qəzet və jurnallarında da dərc olunub.
Əməkdar jurnalist həmçinin “Qızıl qələm”, “Dan Ulduzu”, “Humay” və onlarla digər mükafatların laureatıdır. Beş publisistik, bir bədii tərcümə kitabının müəllifidir.
Hazırda Jurnalistlər Birliyinin katibidir.
***
Səhhətindəki problemlərə rəğmən, müsahibə təklifimə razılıq verdi. Üstəlik evinə dəvət etdi.
Siz heç bir igidin ömrünü yaşayan eşqlərin günbəgün təzə gül kimi açdığının şahidi olmusunuz? Bu fövqəltəbii hadisəyə də şahidlik etdim. Qapıda məni həyat yoldaşı ilə birgə qarşıladı. Bir-birini bərk-bərk qucaqlayan barmaqlara baxdım. Ramiz bəy sanki əlində günəşi tutmuşdu, günəşə tutunmuşdu.
Söhbət zamanı da eşqləri qocalmayan bu qocaman cütlük hisslərimi titrətdilər. İki bədəndə bir can kimi bütövləşən sevgililərin sanki ürəkləri də eyni templə döyünür.
- Bəlkə də tanrı sizi bu dünyaya eyni ildə, eyni gündə gətirməyib. Amma bir-biriniz üçün yaradıb. Bəs necə tanış olmusunuz?
Ramiz bəy:
- Mən indiki Neft və Sənaye Universitetini bitirib, aspirantura imtahanına hazırlaşırdım. İngilis dilindən də imtahan verməli idim. O vaxtlar da xarici dillərin tədrisi indiki kimi yüksək səviyyədə deyildi. Mütləq hazırlıq kurslarına getmək lazım gəlirdi. Mən də kursa yazılmışdım. Hazırlığa gedirdim. Bir həftə sonra qrupda yeni qız gördüm. Soruşdum nəçisən? Dedi, jurnalist. Dedim, axı ingilis dili sənin nəyinə lazımdır? Get, ərəb, fars dili öyrən.
Svetlana xanım:
- Bir dəfə də rəfiqəmin həyat yoldaşının ad gününə getməli idim. Əlimdə gül dəstəsi ilə otağa girdim. Dedi, o gül dəstəsini kimə gətirmisən? Mənə? Cavab verdim ki, bunun sizə heç bir dəxli yoxdur. O da bu sözdən incidi. Küsəyən oğlandır. Amma sonra münasibətimiz düzəldi. Odur-budur artıq bir-birimizdən küsmürük (gülürük).
- Əsas məsələ, ingiliscə öyrəndiniz?
- Aspirantura təhsilinə yetəcək qədər öyrəndim.
- Svetlana xanım, eşqinizin neçə meyvəsi var?
- İki qızımız var. Qızlarım uşaq yaşlarından gərgin iş şəraitimə alışmışdılar. Tənqidi oçerklər yazmaqdan çəkinmirdim. Hər zaman haqq tərəfdarı olmuşam. Övladlarımı da bu ruhda böyütmüşəm. Heç unutmuram, qanlı yanvar hadisələrini... Kiçik qızım Bakı Musiqi Akademiyasında professordur. O qorxunc gecə bizim yaşadığımız binanın ətrafında baş verirdi. Qızım hönkürə-höknürə üstümə qaçdı ki, ana, biz bundan sonra necə yaşayacağıq? Gözlərində elə dəhşətli ağrı vardı ki, mən bir anlıq onun bundan sonra yaşayacağına şübhə etdim. Qızım təskinliyini xəstəxanada yaralılara qulluq etməkdə, onlara mənəvi dəstək göstərməkdə tapdı...
- Svetlana xanım, müsahibə təklifimi eşidəndə, dediniz ki, jurnalistlərə etiraz edə bilmirəm...
- Jurnalistlərə qarşı xüsusi sevgim var, qızım. Bu bizim peşənin bir parçasıdır. Ustadlarımızdan belə görmüşük. Bir-birimizə dəstək olmağı bacarmışıq.
- Bəs çağdaş jurnalistlərin fəaliyyəti sizi qane edir?
- Mən qəzetə üstünlük verirəm. Hazırkı jurnalistlər daha çox xəbər portallarında çalışırlar. Bütün saytlar bir xəbəri eyni mənbədən götürüb yayır. Axı jurnalistin yaradıcılığı, düşünmə bacarığı, araşdırmaçılıq qabiliyyəti olmalıdır. Bu sənətdə təkrarçılığa yol vermək olmaz. Çox istedadlıları da var. Sağlamlığım imkan verdikcə yazılarını oxuyuram. Amma etiraf edirəm, zəmanə ilə ayaqlaşa bilmirəm.
- Məşhur amerikalı jurnalist deyir ki, bu peşəni dünyanın nəbzini əlimdə hiss etmək üçün seçdim. 50 ilə yaxındır ki, dünyanın nəbzi əllərinizdə döyünür...
- 1960-cı ildə universiteti bitirdim. Birinci iş yerim “Pioner” jurnalı olub. Jurnalın baş redaktoru Zeynal Cabbarzadə çox gözəl insan idi. Sonra “Azərbaycan pioneri” qəzetində çalışmağa başladım. Ömrümün 13 ilini uşaq mətbuatına vermişəm. “Azərbaycan qadını” jurnalının şöbə müdiri vəzifəsində işləmişəm. “Respublika” qəzetində çalışmışam. Ümumiyyətlə, jurnalistikaya gələndə çox narahat idim. Bu elə peşədir ki, gərək özünü hər gün sübut edəsən. Yoxsa 100 diplomun olsun, yaza bilmirsənsə, bir işə yaramayacaq. Məsələn həkim diplom aldısa, demək fəaliyyətə hazırdır. Amma jurnalistin hadisələrə yanaşma bacarığı yoxdursa, ona heç nə kömək etməyəcək.
- Maraqlı məqama toxundunuz. Peşəkar jurnalist mütləq öz sahəsi üzrə təhsil almalıdır? Çünki dünya təcrübəsi də bunun əksini sübut edir.
- Bu sualı mənə əvvəl versəydin, deyərdim, əsas odur biliyi, istedadı olsun. Amma son vaxtlar bu peşəyə o qədər təsadüfi insanlar gəlib ki, məyus oluram. Sözümdən heç kim inciməsin, bu gün jurnalistikaya gələnlərin əksəriyyəti ən aşağı kateqoriyalı insanlardır. Çoxu özünə yer tapa bilməyən, istadadı kasad olanlardır. Özü də çox yaxşı yerləşirlər. Publisistik, tənqidi yazılar, oçerklər yazırdıq, aktual məsələləri müzakirəyə çıxarırdıq. Dediyimiz sözün arxasında dururduq. Yazdığımız mövzu ətrafında araşdırma aparmadan materialı oxucunun öhdəsinə buraxmırdıq. Bax, indi bu məsələlərdə problem yaşanır.
- Svetlana xanım, ölkəmizin aydın ziyalılarından olan, ulu öndərin ömür-gün yoldaşı Zərifə xanım Əliyeva ilə müsahibə edən jurnalistsiniz. O müsahibənin tarixçəsini bizimlə də bölüşün, lütfən...
- Bilirsiniz, özümə qarşı həmişə şübhəm vardı. Tez-tez özümə sual verirdim ki, görəsən mən həqiqətən yaxşı jurnalistəm. Sonra bir dəfə kiçik hekayə yazıb, Rusiyanın “Komsomolskaya Pravda” qəzetinə yolladım. Bir neçə aya yazımı dərc etdilər. Bu, məni yaradıcılığa daha çox sövq etdi. Hətta ümummilli lider Heydər Əliyev məni şəxsən tanıyırdı. Zərifə xanım Əliyevanın növbəti uğuru haqda yazı yazılmalı idi. O dövrdə də indiki kimi deyildi. Dövlət rəsmilərinin ailə həyatı daha qapalı saxlanılırdı. Həm də bu cür ciddi məsələlərdə baş redaktorlar daha ehtiyatlı davranırdılar. Zərifə xanımla görüşə məni göndərdilər. Təbii ki, belə gözəl alimə qarşı ölkədə böyük maraq və səmimi məhəbbət vardı. Respublikanın rəhbəri Heydər əliyevin xanımı olması isə bu sevgini daha da artırırdı. Bir çox jurnalist Zərifə xanımla görüşüb müsahibə etmək istəsələr də, onun razılığını almaq mümkün olmurdu. 1981-ci il idi. Azərbaycanın bir qrup aliminə “əməkdar elm xadimi” adı vermişdilər. Baş redaktor müavini kimi çalışdığım “Azərbaycan qadını” jurnalı nəhayət bu icazəni aldı. Baş redaktorumuz Xalidə xanım müsahibəyə mənim gedəcəyimə qərar verdi. Zərifə xanımla üç dəfə görüşdük. Sadə davranışlı, mülayim görkəmli bu xanım ətrafında çox səmimi əhval yaratsa da, həyəcanımı gizlədə bilmirdim. Hətta qadın qayğılarından danışdıq, ailə vəziyyətimlə maraqlandı.
Söhbətimiz olduqca səmimi şəkildə davam etsə də, qaydalara əsasən müsahibəni rəsmi formatda yazdım. Zərifə xanım çox sadə insan idi. Özü mənə zəng vurub təşəkkür etdi.
- Svetlana xanım, insan ömrünü necə xarakterizə edərsiniz?
- Mənim üçün həyat təbiətin bizə bəxş etdiyi əvəzsiz nemətdir. Bəlkə də biz onu günlərlə, aylarla, illərlə ölçməyə adət etmişik. Ancaq bu ölçü çox aldadıcıdır. Ömür var ki, qum dənələri kimi barmaqların arasından axıb tökülür. Heç bir iz qoymadan ötüb keçir. Səndən sonra gələnlər bu dünyada yaşadığına dair heç bir dəlil-sübut tapmırlar. İllərin axınına sənin adın heç nə artırıb əksiltmir. Ömür də var ki, özü başa çatsa da, izi, sorağı aylarda, illərdə qalır. xalqın tarixinə düşür, yetişdirdiyi, tərbiyə etdiyi adamların taleyinə çevrilir, onların həyatında yenidən yaşanır. Əsl insan ömrü də, xoşbəxtlik də mənim üçün budur.
Leyla Sarabi,
Fotolar: Səfiyar Məcnun
-
Magazin118:36
“DNT testi verib sübut edəcəyəm ki, uşağın atası mənəm” - FOTO
-
İdman18:24
Soyuqdan qorxan futbolçu görün hansı üsula əl atdı
-
Rəsmi xronika17:48
İlham Əliyev fərman imzaladı
-
MDB17:20
Putin Qazaxıstanda bu məsələni qaldıracaq: əgər hücum olarsa...
-
Rəsmi xronika16:10
Prezident onları təltif etdi
-
Rəsmi xronika15:30
İlham Əliyev onlara yüksək vəzifə verdi
-
Sosial14:55
Müdafiə Nazirliyində xidməti müşavirə keçirildi
-
ABŞ13:40
Qlobal maliyyə sistemi risk altındadır: dolların taleyi necə olacaq?