Məşhur psixoloqdan qadını xəyanət edənlərə İNANILMAZ MƏSLƏHƏT: “Yaxşı kişi pozğun arvadı...” - MÜSAHİBƏ
Bizi izləyin

Xüsusi

Məşhur psixoloqdan qadını xəyanət edənlərə İNANILMAZ MƏSLƏHƏT: “Yaxşı kişi pozğun arvadı...” - MÜSAHİBƏ

Tanınmış psixoterapevt və psixoloq Elmir Əkbər Publika.az-a son dövrlərdə dəbdə olan tükənmişlik sindromu haqqında danışıb:

- Tükənmişlik sindromu nədir?

- Tükənmişlik sindromunun müxtəlif adları var. Ona bəzən emosional yanma, yanma sindromu və ya peşə yanması deyirlər. Eyni işi təkrar-təkrar görən insanlarda bir müddət sonra müxtəlif psixoloji əlamətlər yaranır. Həvəssizlik, könülsüzlük, depressiv əhval-ruhiyyə özünü göstərir, işləmək istəyi sönür, işə nifrət yaranır, yuxu pozulur, bütün gün əsnəyə-əsnəyə gəzir, gecə yata bilmir, həyatın mənasını itirir, doğmalarına qarşı sevgi hissi azalmağa başlayır, həyatdan zövq ala bilmir, qaçıb kimsəsiz bir adaya getmək istəyir və s. bu kimi hallar baş verir.

Tükənməzlik bir gecədə baş vermir, bu, tədricən yaranan və dörd mərhələdən ibarət olan bir prosesdir. Birinci mərhələdə şəxs ağır iş yükü, həddindən artıq stress və ağır şərtlərlə mübarizə aparmağa çalışır. Bir müddət sonra, işi şəxsi ehtiyaclarını üstələyir. İkinci mərhələdə fiziki və emosional tükənmə başlayır. Yorğunluq xroniki hal alır və müntəzəm yerinə yetirilən işləri aradan qaldırmaq üçün daha çox enerji sərf edir. Nəticədə yuxusuzluq, baş ağrısı və digər fiziki şikayətlər əmələ gəlir. Üçüncü mərhələdə işə qarşı laqeydlik, apatiya və işə qarşı mənfi münasibət inkişaf edir, həmçinin insanlara qarşı mənfi münasibət və işdə məhsudlarlığın azalması nəzərə çarpır. Dördüncü və son mərhələdə acizlik və nifrət hissləri ön plana çıxır. Şəxsdə özünə və başqalarına nifrət hissi baş qaldırır. Yorğunluq ağırlaşır, hətta kiçik bir iş belə gözündə böyüyür. Əzələ ağrıları, başgicəllənmə, yuxu problemləri və baş ağrıları artır.

- Elmir bəy, insanı tükədən səbəblər nədir?

- Əvvəllər indiki peşələr yox idi. Müasir iş rejimi əvvəlki illərlə müqayisədə daha ağırdır. Sovet dövründə həkim işə saat 10-da gəlib, saat 2-də gedirdi. Onda əhali həyatını başqa cür yaşayırdı, özünə kifayət qədər vaxt ayıra bilirdi. Digər səbəbi odur ki, indiki həyat tərzi kəskin şəkildə dəyişib. Bu, da insanları ruh düşkünlüyünə sürükləyir.

Bu, son dövrlərin xəstəliyi deyil. “Tükənmişlik sindromu ilk dəfə 1974-cü ildə aşkar olunub. Əslində tükənmişlik sindromu xəstəlik deyil, sindrom olduğundan tibdə heç bir diaqnozu qoyulmayıb. Sadəcə əvvəllər insanlar arasında bu sindroma az-az rast gəlinirdi.

- İşdəki gərgin mühit tükənmişlik sindromu ilə nəticələnə bilərmi?

- Sözsüz ki, bəli. İntensiv iş rejimində çalışan insanın enerjisi bir müddət sonra istər fiziki, istərsə də, mənəvi baxımdan çökür. Nəticədə emosional tükənmişlik üzə çıxır. Elə həkimlərimiz var ki, acgözlüyündən masanın başında yıxılıb qalır. Qazancın əvəzini bununla ödəyirlər.

- Tükənmə sindromu kimlərdə daha çox rast gəlinir?

- Araşdırmalar göstərir ki, evdar qadınlar da daxil olmaqla bir çox işçi tükənmişlik sindromu ilə qarşılaşa bilər. Ancaq işlə şəxsi həyat arasındakı sağlam tarazlıq qurmayan, hər kəsin problemlərini həll etməyə çalışan, monoton peşə sahibləri daha çox risk altındadır. Bu, müəyyən peşə sahələrinə daha çox aiddir. Məsələn, səhiyyə və təhsil sahəsində çalışan, o cümlədən psixoloqlar və sənət adamlarında daha çox rast gəlinir.

- Tükənmişlik sindromu ilə mübarizə üsulları haqqında nə deyə bilərsiniz?

- Nəbadə dərman atıb özünüzü onlara aludə edəsiniz! Bu dərmanlar insanda narkotik asılılıq yaradacaq. Simptomların səbəbi psixoloji faktorlardır. Onunla ancaq psixoterapiya və psixoanaliz seansları müstəvisində mübarizə aparmaq olar.

Bəzi hallarda bir qrup dərmandan istifadə etmək mümkündür, amma adəti üzrə burada 90 faiz iş psixoterapevtin üzərinə düşür. Əgər müalicə edilməzsə, immun sisteminin həddən artıq zəifləməsi, xəstəliklərə qarşı müqavimətin aşağı düşməsi nəticəsində yaranan ciddi problemlərə gətirib çıxara, hətta əlillik dərəcəsinə səbəb ola bilər. Ailə münasibətlərinin korlanması kimi acınacaqlı vəziyyətlərə də səbəb olma ehtimalı yüksəkdir.

- Tükənmə sindromunun öhdəsindən necə gələ bilərik?

- Həyatınızın prioritetlərini nəzərdən keçirin və onlara riayət edin. Sizin üçün ən vacib nədir? Ailə, sağlamlıq və ya karyera uğurları? Əgər sizin üçün ailə ön planda gəlirsə, çox çalışmaq, evə gec gəlmək, özünü yorğun hiss etmək və ailənizə zaman ayıra bilməmək bir müddət sonra əsəb yaradacaq və sizi işinizdən soyudacaq.

“Nədən və niyə tükənə bilərəm?” sualının cavablarını tapmağa çalışın. İşin çox olması, iş saatları, ətrafınızdakı insanlar ilə qarşıdurmalar və ya dəstəyin olmaması? Problemin qaynağını ortaya çıxardıqdan sonra mümkün çıxış yolu tapmaq üçün müdiriniz və ya həmkarlarınızla danışın. Hisslərinizi onlarla paylaşın və dəstək istəyin. Ağır iş tempinin və çətin şərtlərin sağlamlığınızı pozmasına icazə verməyin.

Ətrafınızdakı insanlardan dəstək alın, sevdikləriniz, ailəniz və dostlarınıza vaxt ayırın. Elmi tədqiqatlar göstərib ki, aktiv sosial həyat neqativ duyğuların sizə təsir etməsinə imkan vermir. Odur ki, sosiallaşmağa qeyri-ciddi yanaşmayın.

- Bu yaxınlarda Fəxrəddin Manafov mətbuatda çalışdığı teatr barədə şikayət məktubu ilə çıxış etmişdi. Necə düşünürsünüz, yaradıcı insan keyfiyyətli iş ortaya qoymaq və ya hər hansı sənət əsəri yaratması üçün şərtlər və imkanlar yüksək səviyyədə olmalıdır? Yoxsa, heç nədən də əsər yaratmaq mümkündür?

- Keyfiyyətli film çəkmək üçün sizin ən azı keyfiyyətli texnikanız və maddi bazanız olmalıdır ki, dəyərli aktyorları cəlb edə biləsiniz. Telefonla da maraqlı görüntülər çəkmək olar, amma bu, baxır sizin gördüyünüz işin miqyasına.

Sözsüz ki, yaş təcrübəsinin rolu var. Gənc aktyor nəyəsə nail olmaq üçün məhdud imkanlarla kifayətlənib bir iş təqdim edir. Amma Fəxrəddin Manafov kimi peşəkar aktyor hansısa video çəkib yutubda yerləşdirməklə məşhurlaşa bilməz. Ona tələb etdiyi şərait verilməlidir. Mədəniyyət Nazirliyi və teatrların borcudur ki, ona o şəraiti yaratsın.

- Son günlərdə Azərbaycan mətbuatında xəyanət iddiası ilə əri tərəfindən zorakılığa və şiddətə məruz qalan qadınlarla bağlı xəbərlər daha tez-tez qarşımıza çıxır. Bu baxımdan məsləyə peşəkar yanaşmasını öyrənmək istərdik. Xəyanətə görə həyat yoldaşının başını qırxıb bütün ölkəyə yaymağın özü insanlığa xəyanət deyilmi? Ümumiyyətlə, niyə bizdə boşanma mədəniyyəti yoxdur?

- Həyat yoldaşının xəyanətindən şübhələnən insanlarla konsultasiya zamanı bəlli olur ki, 99 faiz hallarda bu, onların təxəyyülünün məhsuludur. Paranoyal düşüncələr, sayrışan fikirlər, yüksək qiymətli ideyalar insanın beyninə düşür. Beynin psixofiziologiyasında qarşı tərəfin sizə xəyanət etməsi ilə bağlı zəmin yaranır. Daha sonra onlar buna sübutlar axtarmağa başlayır. Bir var ki, səbəbdən nəticə yaranır, bir də var ki, əvvəlcə nəticə yaranır, sonra isə biz ona səbəblər axtarmağa çalışırıq. İnsanlar bilməlidir ki, başqası haqqında bilərəkdən və ya bilməyərəkdən yanlış fikirdə olmaq psixoloji diaqnozlardır. İlk növbədə şübhələrinin həqiqətən də əsası olub-olmadığını müəyyənləşdirmək lazımdır. Amma əsası yoxdursa, paranormal fikirləri və sayrışan halları varsa, həmin şəxs müalicə almalı və konsultasiya keçməlidir. Bu, mənim peşəkar yanaşmam idi.

İkinci də Elmir olaraq öz sözümü demək istəyirəm. Həqiqət olsa belə kişi həyat yoldaşının xəyanətini camaata elan etməzdən əvvəl oturub güzgüdə özünə baxmalıdır. Yaxşı kişi pozğunu özünə arvad seçməz, əgər gələndə yaxşı olubsa və ər evində pozulubsa, deməli, problem onun kişiliyindədir. Deməli, sənin mühitin onu pozğun yetişdirib, ya da instinktin düzgün seçim etməyib. Qadının qüsuru varsa, səbəbi kişi ilk növbədə özündə axtarmalıdır. Həyat yoldaşı kişiyə xəyanət edibsə, o, bir daş altda, bir daş üstə deyib başından rədd eləməlidir. Belə hallarda münasibətləri sakitcə bitirməlisən ki, öz nüfuzuna xələl gəlməsin. Pozğun pozğundur, ona ləkə yapışmır. Kişi başa düşmür ki, onu aldadan həyat yoldaşını cəmiyyət içində biabır etməklə öz ad-sanını aşağı salır.

Yeri gəlmişkən, ailə həyatının gələcəkdə uğurlu olmasını istəyən cütlüklər evlənməzdən əvvəl psixoloq konsultasiyasından keçir. Bu, qərb ölkələrində geniş yayılmış ənənədir.

- Sizcə, psixoloqa getmək ənənəsi Azərbaycanda nə zaman formalaşacaq?

- Əvvəllər müraciətlər az idisə, indi dəfələrlə çoxalıb. Ciddi problemləri olmayan insanlar da gəlib özünü yoxlayır, psixoanaliz seansından keçməyi prestij kimi qiymətləndirənlər var. Bu, artıq müsbət tendensiyadır, insanlar üçün psixoloji sağlamlığı maraqlıdır. Teatr və ya opera tamaşası milyonlar üçün təşkil olunmuş işdirsə, psixoterapiya seansı tək sizə ünvanlanmış zövqdür.

Bu gün konsultasiyaya gələnlərin əksəriyyətini zövqü və yüksək intellekti olan insanlar təşkil edir. Boz kütlə konsultasiyaya gəlmir. Amma konsultasiyaya hər kəsin ehtiyacı var, sadəcə ziyalı təbəqəsinin deyil.

- Qarşıdan Yeni İl gəlir, istərdim ki, növbəti sualımı müsbət sonluqla yekunlaşdıraq. 2019-cu ildə uğur qazanmaq və qazandığımız uğurların daimi olması üçün nə etməliyik?

- Psixoloji təlimlərin içində məhz uğur qazanmağın sirrini açıqlayan təlimlər var. Onun haqqında qısa danışmaq mümkün deyil. Mərhələləri çoxdur. Ümumilikdə bu gün pozitiv yanaşma və yoqa terapiyası uğur qazanmaq yolunda atılan ən effektli addımlardır. “Niyyətin hara, mənzilin ora” məsəli burada yerinə düşər. İnsan bir mövzu haqqında nə qədər düşünsə, sonda ona doğru gedib çıxır. Nə qədər müsbət fikirləşsən və düzgün plan qursan, məqsədlərinə bir o qədər tez çatacaqsan. Qeybətlə gün keçirmək, başqaları haqqında yanlış fikir bildirmək neqativi maqnit kimi özünə çəkir. Və sənə heç bir uğur vəd etmir...

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm