Xüsusi
Habil Əliyevin həyatını dəyişdirdiyi YƏHUDİ MƏŞHUR: Bu, ömrümün ən unudulmaz... - MÜSAHİBƏ
Bir neçə il öncə sosial şəbəkələrdə bohem stilli gənc kamançada çılğın ifası ilə bütün diqqətləri öz üzərinə çəkdi. Onun melodiyası, ifa tərzi ən çox da bizə aid idi. Çünki Mark adlı sehrbaz böyük sənətkarımız Habil Əliyevdən ruhlanıb kamançanı əlinə aldığını etiraf edirdi. Mark Eliyahu İsrailin məşhur musiqiçisidir. Doğma kamançamızla dünyanın hər nöqtəsini gəzir, konsert proqramları ilə çıxış edir. Gərgin iş qrafikinə rəğmən suallarımı cavablandırmaqdan çəkinmədi. Növbəti geniş müsahibənin isə mart ayında mümkün olacağını bildirdi.
Beləliklə Publika.az-ın özəl qonağı İsrailin məşhur musiqiçisi Mark Eliyahudur.
- Mark, Azərbaycanın ölməz kamança ustası Habil Əliyevlə sizi nə bağlayır?
- O, mənim həyatımı büsbütün dəyişən insandır. İlk dəfə Habil Əliyevin ifasını dinləyəndə, öz ruhumu eşitməyə başladım. Bu, çox qəribə və heç vaxt yaşanmamış hiss idi, sanki ilk dəfə özümə toxundum. Atam Perets Eliyahu tanınmış musiqiçidir, eyni zamanda, bəstəkar və musiqişünasdır. Habil Əliyevlə yaxın dost idilər. Habil bəy ifasına marağımı görəndə kamançasını mənə hədiyyə etdi. Bu, həyatımın ən unudulmaz anlarındandır. Hədiyyəsini hələ də qoruyub saxlayıram. Daha sonra mən Ədalət Vəzirovdan kamança dərsləri almağa başladım. Hətta bir dəfə Habil Əliyev bizi müəllimimlə evinə dəvət etdi. O, böyük sənətkar olmaqla yanaşı, həm də çox mehriban, qonaqpərvər insan idi.
- Muğama böyük marağınız olduğunu bilirəm. Bu dərin fəlsəfəni bizim üçün aça bilərsiniz?
- Muğamın hər bir növü ayrıca dünyadır. Onları duymaq, ifa etmək həmin dünyaların qapısını açmaq deməkdir. Muğam minilliklər boyu ustaddan şagirdə, atandan oğula ötürülən ən zəngin irsdir. Hətta düşünürəm ki, sizi sələfinizə böyük sevgi bağlamırsa, onu mənimsəyə bilməyəcəksiniz. Muğam bir şəfa növüdür. Sanki həkimlər, astroloqlar, filosoflar, ümumilikdə dahilər onu birgə yaradıblar ki, insanlar həyatın zövqünü hiss etsinlər. Hətta pərdədən pərdəyə keçid belə möcüzədir. Muğamdakı səslər astronomik biliklər üzərində qurulub. Təbiətin, kosmosun qanunlarına hakim olmadan, belə mükəmməllik yaratmaq mümkün deyil. Muğam dünyəvi musiqidir. Hətta deyilənə görə, qədim zamanlarda məbədlərdə muğam ifa edən yəhudilər insanları mənəvi paklığa səsləyirmişlər. Düşünürəm ki, bütövlükdə musiqi başdan-başa saflıqdır.
- Bəs Mark Eliyahu musiqiyə necə çevrilib?
- İnsan təbiətin, sevgi və hisslərin vəhdətindən yaranır. Mən də istisna deyiləm. Atam Perets Eliyahu məşhur bəstəkardır. Həmçinin musiqişünas və ifaçıdır. Anam da pianoçudur. Özüm Dağıstanda doğulmuşam, indi İsraildə yaşayıram. Yəni israilliyəm. Görürsünüzmü mən bir neçə mədəniyyətin qovuşmasıyam. Musiqimdə də bu öz əksini tapır.
- Hər musiqiçinin bir uğur sirri var. Güman edirəm, siz də istisna deyilsiniz...
- Ümumiyyətlə, insanın ən böyük uğuru özü ilə ünsiyyətə nail olmasıdır. Yalnız bu zaman tam, bütöv olduğumuzu deyə bilərik. Mən də buna çalışıram. Ürəyimdə səslənən musiqini eşidə bilirəm. Üstəlik ifa edib ətrafıma da çatdırıramsa, bu ikiqat xoşbəxtlikdir. Uğurumun sirri budur.
- Qəlbinizin musiqisini hər kəsə sevdirmək istəyirsiniz? Yoxsa seçilmişlər özləri sizi tapır?
- Dünyanın hər nöqtəsində mənimlə bir musiqidən yoğrulan minlərlə insan var. Bizi bir-birimizə doğmalaşdıran da budur. Qürurlanıram ki, məni canlı dinləmək üçün məsafələr qət edən, konsertlərimi bəzəyən fanatlarım var. Gücümü onlardan alıram.
- Amma Mark adlı melodiya çox kədərlidir...
- Bu dünyada məni üzən çox şey var. Niyə eyni havanı udan insanlar milliyət fərqinə görə bir-birinə düşmən kəsilir, nifrət edir? Müharibələr, tökülən qan kimə fayda verir? Hər kəs öz peşəsi ilə dünyanı sülhə səsləməlidir. Mən müxtəlif millətlərin mədəniyyətini əks etdirən qlobal musiqini ifa edirəm. Bu yolla dünyaya öz mesajımı verirəm.
- Bəs ideal xoşbəxtlik sizin üçün nədir?
- Ritmdə olmaq, hərəkət etmək, irəliləmək. Bunlara sahibsinizsə, özünüzü xoşbəxt hiss edin.
- Xoş anlarınız hər anınıza bərabər olsun.
- Minnətdaram. Növbəti müsahibəmizdə canlı görüşmək ümidi ilə...
Leyla Sarabi
-
Sosial14:55
Müdafiə Nazirliyində xidməti müşavirə keçirildi
-
ABŞ13:40
Qlobal maliyyə sistemi risk altındadır: dolların taleyi necə olacaq?
-
Sosial12:40
Əli Əsədov yeni qərar imzaladı
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır