Xüsusi
90-cı illərin məşhur xanım aparıcısı AzTV ilə bağlı SİRLƏRİ AÇDI: "Onu məhv etmək olmaz"
Şübhəsiz ki, "qadın" sözü özü gözəllikdir. Amma gəlin, etiraf edək, zərifliyi, gözəlliyi, səs tembri, dünyagörüşü bir-birini tamamlayan xanımlar barmaq sayı qədərdir. Həmsöhbətim kimi…
Publika.az-ın müsahibi Azərbaycan Dövlət Televiziyasının sevilən aparıcısı Dilarə Səlimdir.
- Dilarə xanım, izləyici zövqümüzü formalaşdıran aparıcılarımızdan biri də sizsiniz. Televiziyaya gəlişinizdən danışaq?
- Etiraf edim ki, bu sahəyə xüsusi marağım yox idi. Azərbaycan Dillər Universitetində alman dili üzrə tərcüməçilik fakültəsi yenicə açılmışdı. Həmin ixtisasın ilk məzunlarından biri də mənəm. Ən böyük arzum Almaniyaya oxumağa getmək idi. Sovet dövründə bu proses müsabiqə yolu ilə keçirilirdi. Artıq Moskvada baş tutan müsabiqədən keçmişdim, amma atam getməyimə icazə vermədi. Bilirsiniz də, bizim valideynlərimiz daha konservativ və mühafizəkardırlar. Valideynlərimdən heç vaxt küsməmişəm, amma bir az incidim. Həmin vaxt da yeganə televiziya kanalı AzTV idi. Ən ümidsiz məqamımda diktorluq müsabiqəsi elan olundu. Atam həvəsləndirdi ki, bəlkə gedib iştirak edəsən. Getdim, amma həvəssiz... Qəbul olunacağımı düşünmürdüm. Bəlkə 200-dən çox gənc seçimə qatılmışdı. Sıralarında o qədər gözəl qızlar vardı ki, növbəti mərhələyə keçməyəcəyimdən əmin oldum. O vaxt düşünürdüm ki, əsas faktor gözəllikdir. Amma iştirakdan imtina etmədim. 3 seçim turu var idi, 12 nəfər də münsiflər heyəti… Təsəvvür edin, Rafiq Hüseynov, Roza Tağıyeva kimi nəhənglərin qarşısında danışmalısan. Çox həyəcanlı idim. Birinci turda mikrofondan səsi yoxlayırdılar. Özüm haqda yazdığım bütün məlumatı soruşurdular. Çox qəribə gəlirdi ki, artıq yazdığım şeyləri niyə soruşurlar. Sonradan anladım ki, səsimi yoxlayırlar. İkinci turda kamera qarşısında, 3-cü-də isə qısa süjetlə çıxış etdim. Bilmirəm qismət, yaxud taleyin hökmü idi, amma məni diktor kimi işə qəbul etdilər.
- Bəzən arzulamadan atdığımız addımlar həyat yolumuzun məcrasını müəyyən edir….
- Əslində, uşaqlıqdan jurnalistiikaya həvəsim vardı. Amma atam həmin ixtisası seçməyimə də icazə verməmişdi. Hətta demişdi ki, əlində mikrofon, bütün gün yollara düşəcəksən. Bu qadın peşəsi deyil. İstəyirsən, get həkim ol. Mən də seçim qarşısında qalıb, alman dilini seçdim. Amma sonradan özü də etiraf etdi ki, həqiqətən, niyyətin hara, mənzilin də ora. Hətta peşmançılıq da çəkirdi ki, vaxtında icazə versəydi, bu sənətə daha tez gələrdim. Sonra Almaniyaya gedib, jurnalistika təhsili də aldım. Amma 4-5 ilimi itirdim.
- Zahirən də almanlara çox bənzəyirsiniz.
- (gülür) Onu mənə çox adam deyir. Televiziyaya gələndə ilk vaxtlar ustadım Rafiq müəllim idi. Sonradan bizi bölüşdürdü ki, qızlarla xanım diktorlar məşğul olsun. Amma bu yola Rafiq müəllimlə başlamışıq. Bu günədək onu ən böyük ustadımız sayırıq. Ümumiyyətlə, 90 faiz televiziya diktorlarının müəllimi Rafiq Hüseynov olub. Rafiq müəllim həmişə deyirdi ki, görünüşcə də almanlara bənzəyirsən, yəqin dilə həvəsin də oradan yaranıb. Bilmirəm, bəlkə də o ixtisası seçəndən sonra almanlara bənzəməyə başladım. Bir də dilimdəki kobudluğu xüsusi vurğulayırdı. Mən bunu rus bölməsini bitirməyimlə əlaqələndirirdim. Deyirdi yox, bu alman dili ilə bağlı olan haldır. Saitləri kobud tələffüz edirsən, amma mən bu qüsuru sındıracam. Həqiqətən də dediyini etdi.
- Dilarə xanım, Rafiq Hüseynovla bağlı bəlkə də heç yerdə səsləndirmədiyiniz xatirələrinizi bölüşməyinizi istəyirəm.
- Rafiq müəllim çox tələbkar və məsuliyyətli insan idi. Bu cəhətləri bizə də öyrətmişdi. Bəzən deyirlər insanın daxilində məsuliyyət hissi yoxdursa, sonradan qazana bilməz. Təbii ki, o qığılcım olmalıdır, amma inkişaf etdirmək ustaddan asılıdır. O vaxtlar cəmi bir kanal vardı. Həmişə deyirdi ki, diktor efirdən əlçatmaz görünür. Çalışın, bu cəhəti gündəlik həyatınızda itirməyəsiniz. Hətta mağazadan çörək almağa gedəndə, səliqə-səhmanınız yerində olsun. Peşəmizin ali olduğunu aşılayırdı.
- Özü də son günlərinədək həyat prinsipinə əməl etdi.
- Heç vaxt səs tonunu yüksətməzdi. Amma ondan çox çəkinərdik. İradlarını sakit şəkildə elə bildirərdi ki, uzun müddət bizə bəs edərdi. Hər dəfə efirdən sonra studiyadan dəhliz boyu diktor otağına gedirdik. Efirdən sonra dəhlizin başında Rafiq müəllimi görürdüksə, ürəyimiz əsirdi ki, nəyisə yanlış etmişik. Görməyəndə, rahat olurduq ki, demək iradı yoxdur. Hətta masa arxasında doğru oturmaq, klassik diktor mədəniyyətini gözləmək məcburiyyətində idik. Bəlkə də indi gənc aparıcılara bu qəribə gələ bilər, amma hər veriliş formatının öz tələbləri var. Bu qaydalara mütləq riayət olunmalıdır. Təbii ki, sərbəstlik gözəldir, amma yerində və miqdarında olmalıdır.
- Söz düşmüşkən, bəs siz gənc diktorların, aparıcıların yetişməsində əmək sərf edirsiniz?
- İstər mən olum, istər Nərgiz Cəlilova, Rafiq Həşimov, yaxud digər həmkarlarım təbii ki, gənc diktorlara tövsiyə veririk, efirə hazırlaşmaqda yardım edirik. Təəssüf ki, bizim də çatdırmağımız gərəkən verilişlər var. Yəqin xəbəriniz var ki, televiziyamızda akademiya fəaliyyət göstərir. Doğrudur, indiyədək fəal deyildi, amma artıq mütəxəssislər cəlb olunub. Gənc televiziya kadrları yetişdiriləcək. Bu gün istedadlı gənclərimiz çoxdur, amma əsaslı məktəb, yönləndirmə sistemi yox səviyyəsindədir.
- 90-cı illərin diktor dueti dəbi vardı. Məsələn, biz Dilarə Səlimlə Rafiq Həşimovu bir-birindən ayrı təsəvvür etmirdik. Kifayət qədər də yaraşırdınız…
- Biz televiziyaya Rafiqlə bir vaxtda gəlmişik. Müsabiqədən də bir vaxtda keçmişik. Doğrudur, həmin vaxtlar Rafiq televiziyanın montaj sahəsində çalışırdı. Elə işlədiyi müddətdə özünü diktor kimi sınamağa qərar verdi. Eyni vaxtda da gəldiyimiz üçün tədbirlərdə, konsertlərdə birgə çıxış edirdik.
- Uğurlu tandem idi...
- Bəlkə də redaktorlarımız gördülər ki, birgə daha uğurlu çıxış edirik, ona görə də duetimiz uzun müddət davam etdi. Birgə çox rahat idik, çünki eyni məktəbin, televiziyanın davamçısıyıq. Əsas da budur. Tamaşaçılar bəyənirsə, demək nəyəsə nail olmuşuq. Əslində o vaxtlar çox yaxşı ənənə vardı ki, xəbərlər duet şəklində təqdim olunurdu. Təəssüf ki, artıq bu yoxdur. Bu gün istər BBC, istər CNN olsun, xəbər sahəsində dünya lideri olan kanallarda bu ənənə davam edir. Çünki tək aparıcı xəbəri nə qədər peşəkar və maraqlı təqdim etsə də, bir müddət sonra səs diapazonu tamaşaçını yorur. Xəbəri təqdim edən şəxsin də öz cizgiləri var ki, bu insanlar üçün adiləşməməlidir. Odur ki, duet xəbər aparıcılığı ənənəsi geri qayıtsa, düşünürəm ki, tamaşaçılar da məmnun qalar. Elə bizim tandemimiz də xəbərlərdə formalaşmışdı.
- Yəni ikiniz birgə brendə çevrilmişdiniz..
- (gülürük) Demək olar.
- Sənətinə dəyər verdiyim bir rejissor belə fikir səsləndirmişdi: Xəbər aparıcısı qadındırsa, çatdırdığı hadisələrin ağırlığını, məna yükünü dərk etmək üçün mütləq təcrübəli ana olmalıdır.
- Təbii ki, analıq qadının ilahi missiyasıdır. Bütün qadınlarımıza ana olmaq şərəfini arzulayıram. Bəli, dünyagörüşü, yaş təcrübəsi mütləqdir. Amma bu fikrin bir hissəsi ilə razıyam. Yaş təcrübəsi xəbəri qüsursuz çatdırmaq baxımından vacibdir. Elə dünya təcrübəsinə də nəzər salsaq, eyni məqamla rastlaşacağıq. Düşünürəm ki, xəbər aparıcısının yaşı ən az 30 olmalıdır ki, çatdırdığı informasiyanı tam dərk etsin. Bu gün yaşlı aparıcılardan qat-qat təcrübəli olan istedadlı gənclərimiz də var. Amma bu hal istisnadır. Çünki informasiyanı qəbul edən insanların yaş həddi 30-dan yuxarı olur. Onlar da öz yaşıdlarının təqdim etdikləri informasiyaya daha çox güvənirlər. Bu, qəbul olunmuş faktdır. Ümumiyyətlə, televiziya böyük bir elmdir. Bu elmin də təcrübi əsəsları var. Bu baxımdan, bəli, tamaşaçı həyat təcrübəsi daha böyük olan aparıcıya inanır. Amma bunun üçün valideyn olmaq əsas şərt deyil. Sizə bir misal çəkmək istəyirəm. Hardasa 80-ci illərdə Amerika telekanallarında qəribə tendensiya formalaşmışdı ki, xəbərləri gənc, gözəl qızlar və oğlanlar təqdim etməlidir. Hətta bu məqsədlə gözəllik müsabiqələrində iştirak etmiş gənclər televiziyalara dəvət olundu ki, istənilən verilişə baxan insan estetikadan zövq alsın. Amma bu layihə, təbii ki, özünü doğrultmadı. Çünki xəbəri təqdim edən insan zahirən gözəl olmaya bilər. Əsas odur ki, onu dinləyəni inandırmaq bacarığı olsun. Bunun üçün də təcrübə şərtdir.
- Qadın gözəlliyi hardan qaynaqlanır?
- Bayağı səslənə bilər, amma qadının gözəlliyi daxili işığından aydınlanır. Bu gün estetik əməliyyat adlı çox pis tendensiya ilə üz-üzə qalmışıq. Bəzən gülünc, bir-birinə bənzəyən kuklalarla rastlaşırıq. Bəli, müəyyən yaş dövrünə çatanda, qadın əvvəlki təravətini qoruyub saxlamaq istəyir. Amma qorumaq xatirinə üzünü tamam yeniləyib, fərqli şəkilə salmaq, başqa simaya dönmək doğru deyil. Elm, tibb inkişaf edir. Təbii ki, yeniliklərdən faydalanmalıyıq, amma eyni simaya çevrilməmək şərtilə. Dəfələrlə plastik cərrahlar verilişlərimdə qonaq olublar. Onlara da irad bildirmişəm ki, fərqlilik olmalıdır. Hər bir insan şəxsiyyətdir. O şəxsiyyəti məhv etmək olmaz, çünki insan üz cizgilərini, ifadələrini itirdikcə fərdi xüsusiyyətləri də yox olur. Bunları məhv edib, robotlar yaratmaq olmaz. Sualınıza qayıdım, qadının gözəlliyi daxili enerjisindən qaynaqlanır. Səhv etmirəmsə, Koko Şanel deyib ki, 30 yaşadək qadının siması Tanrının verdiyi, 50 yaşadək özünün yaratdığıdır. 50-dən sonra isə layiq olduğu simaya sahib olur. Ona görə elə yaşamaq lazımdır ki, 50 yaşdan sonra üzünə baxmağa heç kim qorxmasın (gülürük). Bunu tək qadınlarımıza yox hər kəsə arzu edirəm.
- Bəs o daxili işığı sönməyə qoymayan nədir?
- Ümumiyyətlə, insan özünü sevib dəyərləndirməlidir ki, ətrafındakıları da sevə bilsin. Şəxsiyyət olaraq hadisələrə münasibət tərzi, əqidəsinə sədaqəti, ailəsinə, şəhərinə, evinə, vətəninə sevgisi zəncirvari əlaqəlidir. Bu duyğular tükənmədikcə, işığımız da itmir, enerji yox yolmur. Amma çox çətindir. Çünki qadın özü ilə barışıqçı olmalıdır.
- Amma yaşadığımız cəmiyyət biz qadınlara özümüzlə barışmaq şansını çox az tanıyır. Ümumiyyətlə, feministsiniz?
- Bəlkə də səsləndirəcəyim fikirlər müasirliyə yaddır, amma mən düşünürəm ki, ailə münasibətlərində həlledici rol kişiyə məxsus olmalıdır. Feminist yanaşma tərzi çox radikaldır. İstənilən halda kişi sözü daha güclü ifadədir. Doğrudur, hər bir güclü kişinin arxasında güclü qadın dayanır. Kişi başdırsa, qadın boyundur. Bu həyatda əl-ələ addımlamaq lazımdır. Bəlkə də mental dəyərlərimizə bağlılığımdan irəli gəlir, hesab edirəm ki, son sözü evin kişisi deməlidir. Bu baxımdan feminist deyiləm və onların aqressiv yanaşma tərzlərindən xoşum gəlmir. Hətta Almaniyada təhsil alanda feministlərin jurnalının redaksiyasına qonaq dəvət olunmuşduq. Hələ o vaxt hiss etdim ki, feminizmi özlərinə həyat yolu seçən qadınlar vaxt ötdükcə kişilərə bənzəməyə başlayırlar. Məsələn, Azərbaycan qadınlarının siması bu qədər kəskin şəkildə dəyişmir. İstər görünüş, istərsə də davranışda o zəriflik itir. Onlarla söhbət etdikcə, əmin olurdum ki, həyat tarazlığı ilə daha gözəldir. Ailə münasibətlərində də, işdə, yaxud yaradıcılıqda da qızıl ortanı gözləmək lazımdır.
- Ən çox istifadə etdiyiniz aksessuar hansıdır?
- Uzun illər saatsız evdən çıxmırdım. Son 2-3 ildir ki, saat istifadə etmirəm. Broşlardan istifadə edirəm.
- Üzərinizdə gördüyüm üçün soruşdum.
- Bəs özünüzdə dəyişmək istədiyiniz cəhət var?
- (gülür) O qədərdir ki… Bilmirəm hansından başlayım. Amma hövsələsizliyim və başladığım işi sonlandırmamaq kimi pis xüsusiyyətim var. Bilirəm ki, çox pis cəhətdir. Divarı yarıb keçə bilməyəndə, ruhdan düşürəm.
- Bəs bu durumda sizi kim motivasiya edir?
- Sağ olsunlar, anam, həyat yoldaşım və qızlarım məni çox ruhlandırırlar. Yoxsa indiyədək bu sənətdə qalmazdım. Hobbi olaraq rəssamlıqla məşğul oluram. Yəqin ki, rəssamlığın arxasınca gedərdim.
- Görürsünüzmü illər boyu tanıdığımız sevimli aparıcımızın daha bir bacarığı üzə çıxdı. Dilarə xanım, son günlər dövlət televiziyasında baş vermiş dəyişikliklər, yeni rəhbərin gəlişi, işlərinizə necə təsir edib?
- Yəqin özünüz də görürsünüz ki, dəyişikliklər yalnız müsbət yöndədir. Televiziya yenilənib, gəncləşib. Studiya dizaynları, verilişlərin mahiyyəti, təqdim olunma tərzi daha mükəmməl olub. Televiziyamızda maraqlı verilişlər, layihələr çox olacaq. Gözləyin!
Leyla Sarabi
Foto: Pərviz Həşimi
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var