Elza Seyidcahandan ŞOK SÖZLƏR: "Doğuram, doğuluram və doğdururam"
Bizi izləyin

Xüsusi

Elza Seyidcahandan ŞOK SÖZLƏR: "Doğuram, doğuluram və doğdururam"

Xəbər verdiyimiz kimi, Əməkdar artist, bəstəkar və müğənni Elza Seyidacahan bir neçə gün əvvəl Heydər Əliyev Sarayında “Sənə bənzər” adlı möhtəşəm solo konsert proqramı ilə çıxış edib.

Bənzərsiz ifalar, möhtəşəm rəqslər və səhnəciklərlə yadda qalan konserti Elza Seyidcahan tanınmış Azərbaycan şairi və filosofu İmadəddin Nəsimiyə ithaf edib.

İfaçı konsert təəssüratlarını Publika.az-a bölüşüb.

- Elza xanım, konsert təəssüratlarınız necədir?

- Həmişəki kimi, özümü tamaşaçıların həqiqi, səmimi, heyrətamiz, gözəl, möcüzəli sevgi və alqış yağışına qərq olunmuş və yenidən doğulmuş hiss edirəm. Sanki bir simurq quşu kimi səmanın ənginliklərində süzürəm. Səmanın ənginlikləri isə uçmağı bacaranlar üçündür.

- Bu layihə istədiyiniz kimi reallaşdı?

- Tamaşaçılar üçün hazırladığım musiqi ziyafəti istədiyimdən də artıq reallaşdı. Müğənni kimi istədiyimin və planlaşdırdığımın 10 faizi reallaşdı.

- Bildiyim qədərilə konsertin xərclərini özünüz çəkmisiniz və borclarınız qalıb. Sizcə, bu qurbanı etməyə dəyərdimi?

- Bu, həmişə belə olub. Yəqin ki, çox toylara getməliyəm ki, konsertimizin borclarını ödəyə bilim. Konsertdən demirəm. Ona görə ki, konsertdən pul qazanmaq bizdə mümkün deyil. Borclar məni qorxutmur. Əsas odur ki, mən “Sənə bənzər” adlı konserti dövlət başçımızın elan etdiyi "Nəsimi ili"nə ithaf etdim. Bir sənətçi kimi Azərbaycan mədəniyyətinə öz layiqli töhfəmi təqdim etdim.

- Elza Seyidcan yaradıcılığını ölkəmizdə anlayan və ona qiymət verən yetəri qədər tamaşaçı var?

- Əlbəttə ki, var. Hətta deyərdim ki, yetərindən artıqdır. Əsas kəmiyyət deyil, keyfiyyətdir. Sevildiyimi həmişə hiss etmişəm.

- Elza xanım, rəqs qruplarının səhnə tamaşaları xüsusilə yadda qaldı. Rəqqasların xoreoqrafiyası ilə kim məşğul olmuşdu? Səhnəciklərin ssenarisini siz tərtib etmişdiniz?

- Əslində, təklif və ideyalar mənə aiddir. Ssenari peşəkar xoreoqraflarla Emin müəllim, Abid müəllimin rəhbərliyi ilə geniş müzakirədən sonra yazıldı.

- Azərbaycanda nə vaxtsa belə konsert layihəsi olubmu?

- Təvazökarlıqdan uzaq olsa da, belə konsert heç dünyada olmayıb. Azərbaycanda sənəti və konsert layihələrini aşağı səviyyədə təqdim etməsələr bəsimizdir, qaldırmaqlarına ehtiyac yoxdur. Bu məqamda, əlbəttə ki, Azərbaycan musiqisini məhv edib onu unutdurmağa çalışan sənətə təsadüfi gələnləri nəzərdə tuturam.

- Maraqlıdır ki, necə belə fərqli ola bilirsiniz? Bu enerji və ilhamı haradan alırsınız?

- Bu, sizin yeddinci sualınızdır. Məhz belə sual yerinə düşdü. 07.07 tarixində doğulmuşam. 7 rəqəmi müqəddəslik rəmzidir.

- Elza xanım, qadın sevgisiz yaşaya və yarada bilməz deyirlər. Bununla razılaşırsınız?

- Əsas odur ki, seviləsən. Sevmək yox, sevilmək qadını daha çox xoşbəxt edir.

- Səhnədə çox cəsarətlisiniz, bəs həyatda da cəsarətli insansınız? Yoxsa həyatda daha mühafizəkarsınız?

- Deyərdim ki, həyatda Allahın qüdrətinə sığınıb qorunuram.

- İncəsənət həmişə yaradıcı insanın özü ilə həyat arasındakı xətti pozmağa çalışır və sərhədləri aşır. Ümumiyyətlə, izləyicini öz aləminə daxil etmək hər bir musiqiçinin arzusudur. Bəs bu proses sizə necə təsir edir?

- Musiqi ehtirası məni göylərə qaldırsa da, ayaqlarımı torpağa bərk dirəyib dayanmağı bacaran bir xanımam. Həm göyə, həm yerə işıq yaymaq... Məncə, yeri və göyü öz nurunla qidalandırmaq daha gözəldir.

- Hər bəstəniz necə yaranır və artıq hazır olanda hansı hisslərə qapılırsınız?

- İlham pərisi bir anda gəlir və bəstələr heç gözləmədiyin anda yazılır. Yaradanın izni ilə doğuram, doğuluram və doğdururam.

- Sizcə, bu konsert uğurunuzu qısqanan həmkarlarınız olacaq? Onların qısqanclığına necə reaksiya verirsiniz?

- Qısqanclıq yoxdursa, bu, o deməkdir ki, sənin işin uğurlu alınmayıb. Bir adamı heç vaxt hamı sevə bilməz. Xoşbəxt insanam ki, məni sevənlər çoxdur. Allah onları qorusun.

- Ümumiyyətlə, qısqanclıq və paxıllıq hissinə həmişə sevgi ilə cavab vermək lazımdır?

- Qısqanclıq neqativ duyğudur. Neqativ bir hissə 99 faiz hallarda sevgi ilə cavab vermək qeyri-mümkündür. Sevgi ilə deməzdim, normal yanaşmaq lazımdır.

- Son günlərdə bir neçə məşhurun şəxsi həyatı gündəm olub. Tanınmış sənət nümayəndələri haqqında bizi şoka salan xəbərlər eşidirik. Sizcə, sənət adamına şəxsi həyatı və insanlığına görə qiymət verməliyik?

- Hamısının ucu böyük günaha bağlanır, Allah o insanların özlərini faş edib rüsvay edəcək.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm